Xarici ölkələrin Azərbaycandakı diplomatik
nümayəndələri və beynəlxalq təşkilatların
Bakıdakı nümayəndəliklərinin rəhbərləri
Cocuq Mərcanlıda olublar
Xarici ölkələrin Azərbaycanda
akkreditə olunmuş
diplomatik nümayəndələri
və beynəlxalq təşkilatların Bakıdakı
nümayəndəliklərinin rəhbərləri Cəbrayıl
rayonunun işğaldan
azad edilmiş Cocuq Mərcanlı kəndində səfərdə
olublar.
AZƏRTAC xəbər
verir ki, 60-a yaxın nümayəndə
Cocuq Mərcanlıda həyata keçirilən
yenidənqurma və tikinti işləri ilə yaxından tanış olub.
Baş nazirin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri Əli Həsənov bu səfərin Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığına
əsasən təşkil
edildiyini bildirib.
Diplomatlara məlumat verilib ki, Cocuq Mərcanlı
Cəbrayıl rayonunun
işğaldan azad olunmuş yeganə kəndidir. Bu kənd
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən
Horadiz əməliyyatı
zamanı işğaldan
azad edilib. Lakin bu kəndə qayıtmaq mümkün deyildi. Çünki yaxınlıqdakı Lələtəpə adlanan
ərazi işğal altında idi və o yüksəklikdən
bu kənd daim Ermənistan ordusu tərəfindən atəşə tutulurdu.
Ötən ilin aprel əməliyyatı zamanı
Talış və Lələtəpə yüksəklikləri
işğaldan azad edildi. Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi,
tariximizin şanlı
səhifəsi oldu.
Lələtəpənin işğaldan azad
edilməsindən sonra
Azərbaycan Prezidenti kəndin bərpası ilə bağlı Sərəncam imzaladı.
İlkin
olaraq 50 mənzilin və bir məktəbin
inşası üçün
vəsait ayrıldı.
Ümumilikdə bu il bu kənddə 200 evdən ibarət qəsəbənin
salınmasına başlanılacaq.
Baş nazirin müavini işğal altında qaldığı müddətdə
ermənilərin Cocuq
Mərcanlıda törətdikləri
vəhşiliklər barədə
də danışıb. Qeyd edib ki, bu
kənd cəmi bir neçə ay erməni işğalı
altında qalmasına
baxmayaraq, yerlə-yeksan
edilib: “Biz bilirik ki, işğal altında olan bütün rayonlarımız
erməni işğalçıları
tərəfindən yerlə-yeksan
edilib. İndi siz də öz gözlərinizlə
erməni vandalizminin şahidi olursunuz. Görürsünüz ki, dörd-beş
ay ərzində kənd
necə dağıdılıb.
Bu kəndin əvvəlki
sakinlərindən biri
olan Oqtay Həziyev cəmi beş ay məcburi
köçkünlük həyatı
yaşayıb. Kənd işğaldan
azad olunan kimi Oqtay Həziyev
öz ailəsi ilə birlikdə buraya köçüb.
Baxmayaraq
ki, kənd daim erməni ordusu tərəfindən atəş altında saxlanılırdı”.
Əli Həsənov Cocuq Mərcanlıya bu cür səfərlərin
təşkilinə görə
dövlətimizin başçısı
İlham Əliyevə
minnətdarlığını bildirib.
Sonra nümayəndə heyətinə
ANAMA tərəfindən aparılan
minatəmizləmə əməliyyatı
barədə məlumat
verilib.
Baş nazirin müavini qeyd edib ki,
bu gündən artıq kənddə bərpa işlərinə
başlanılıb. İşğaldan əvvəl kənddə
290 ailə yaşayıb.
Təbii
artım hesabına kəndin ailəsinin sayı indi 400-ə çatıb və onlar respublikanın müxtəlif regionlarında
məskunlaşıblar. Artıq 250 ailə öz ərizəsi ilə kəndə qayıtmaqla bağlı müraciət
edib.
Cocuq Mərcanlıdan məcburi
köçkün düşmüş
Atakişi Atakişiyev
doğma kəndlərinin
bərpasına görə
Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Dünyada sülhün, əmin-amanlığın
bərqərar olmasını
arzuladığını deyən
məcburi köçkün
Ermənistan tərəfindən
Azərbaycan torpaqlarının
işğalının bəşəri
cinayət olduğunu vurğulayıb.
Sonra nümayəndə heyəti
Oqtay Həziyevin evində qonaq olub. Ev
sahibi məcburi köçkünlük həyatı,
Cocuq Mərcanlıya qayıdışı, buradakı
kənd təsərrüfatı
fəaliyyəti ilə
bağlı ətraflı
məlumat verib.
Azərbaycan.- 2017.-16 fevral.- S.2.