İSMAYILLI: yeni layihələr yeni uğurlara
hesablanır
Dünyanın neft bazarında müşahidə edilən gərgin vəziyyət Azərbaycan üçün də təsirsiz ötüşməyib. Neft gəlirlərinin azalması bir sıra layihələrin müvəqqəti dondurulmasına, bəzi hallarda isə icra vaxtının uzanmasına səbəb olur.
Buna baxmayaraq Prezident İlham Əliyevin iqtisadi sahədə atdığı məqsədyönlü addımlar, yürütdüyü çevik siyasət səmərəsiz qalmır. Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyir ki, 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları Nazirlər Kabinetinin iclasında müzakirə olunarkən Prezident İlham Əliyev bütün bunların mükəmməl təhlilini verdi və qarşıda duran vəzifələrdən danışdı: “Bizi yaxın gələcəkdə böyük yeniliklər gözləyir. Əsas yenilik isə 2017-ci il və ondan sonrakı dövrdə Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığını azaltmaq üçün görülən və görüləcək tədbirlərdir. Bu istiqamətdə Prezident İlham Əliyevin keçən il təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” böyük əhəmiyyətə malikdir. İqtisadiyyatın əsas sektorları üzrə qəbul olunan yol xəritələri ölkəmizin gələcəkdə inkişaf konsepsiyasını özündə ehtiva edir”. M.Sadıqov onu da qeyd etdi ki, regionlarda iqtisadiyyat əsasən kənd təsərrüfatı hesabına inkişaf edir. Sənaye müəssisələrinin böyük hissəsi Bakıda, Abşeron iqtisadi zonasında yerləşdiyindən büdcə gəlirlərinin üçdə iki hissəsindən çoxu da bu regionun payına düşür. Odur ki, regionlarda sənaye parklarının yaradılması strateji inkişaf xəttinin əsas istiqaməti kimi qəbul olunmalıdır. Sumqayıt, Gəncə, Neftçala, Masallı və digər bölgələrdə yeni sənaye parklarının yaradılması artıq gerçəkləşən faktdır.
Həmsöhbətim sözünə davam edərək dedi: “2017-ci il İsmayıllı rayonu üçün tamamilə fərqli bir il olacaq. Bu ildən başlayaraq rayon büdcəsi özünümaliyyələşdirməyə keçir, yəni mərkəz büdcədən dotasiya almayacaq. Büdcənin icrası tamamilə yerli gəlirlərdən asılı olduğundan əsas məsuliyyət yığımı təmin edən vergi orqanlarının üzərinə düşür. Bunun üçün də əsas vəzifə əlavə gəlir mənbələrinin yaradılmasıdır. Sual oluna bilər ki, bəs yeni mənbələr yaradılanadək İsmayıllının büdcəsi haradan formalaşdırılmalıdır? Bunun üçün ilk növbədə rayon iqtisadiyyatının əsas sahələrindən daxilolmalar yerli büdcəyə köçürülməlidir. Bu baxımdan sözügedən məsələ ayrıca müzakirə olunmalıdır”. RİH başçısı onu da qeyd etdi ki, rayon iqtisadiyyatının 60-70 faizi aqrar sektorun payına düşür: “İsmayıllıda 2016-cı ildə 81 milyon manatlıqdan çox kənd təsərrüfatı məhsulları istehsal edilib. Üstəlik yeni sənaye sahələrinin yaradılması da büdcə daxilolmalarına şərait yaradıb. Yeri gəlmişkən qeyd edək ki, keçən il rayonda yerli daxilolmalar üzrə büdcə gəlirləri 105 faiz təmin olunub. Bu da təxminən 5 milyon manata yaxın vəsait deməkdir. Büdcəni artırmaq üçün isə daha böyük işlər görmək lazımdır. Ona görə də rayonda yeni sənaye sahələrinin yaradılmasına ciddi fikir verilir.
Ümumilikdə keçən ili İsmayıllı rayonu üçün uğurlu saymaq olar. 2016-cı il xüsusən tikinti və abadlıq işləri ilə daha çox yadda qalıb. Sumağallı kəndində Göyçay çayı üzərində “İsmayıllı-2” su-elektrik stansiyasının, Diyallı kəndində velosiped zavodunun, şəhərin Təbriz küçəsində yerləşən 140 yerlik uşaq bağçasının tikintisi, rayonun sosial-iqtisadi inkişafına birbaşa təsir göstərən Qaraməryəm-İsmayıllı yolunun, İsmayıllı Olimpiya İdman Kompleksinin əsaslı təmiri və yenidən qurulması ötən il başa çatdırılıb. Bu obyektlərin açılışında Prezident İlham Əliyev iştirak edərək xeyir-dua verib. Dövlət başçısının Girdimançay üzərində 10 meqavatlıq kiçik SES-in tikilməsi ilə bağlı tapşırığı reallaşandan sonra həm rayonun elektrik enerjisinə tələbatı tam ödəniləcək, həm də ətraf rayonların enerji təchizatı yaxşılaşdırılacaq.
İsmayıllıda gəlir gətirən sahələrdən biri də turizmdir. Rayon ərazisində 233 tarix və mədəniyyət abidəsi var. Onların 160-ı dövlət qeydiyyatına alınıb. Abidələrdən 1-i (Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu) dünya, 32-si ölkə, 127-si yerli əhəmiyyətlidir. 73 abidə yeni aşkar edilib. Abidələr haqqında məlumatlar, fotolar, disklər hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinə təqdim olunub.
Turizmin inkişafı ilə bağlı müxtəlif layihələrin icrasına başlanıb və bu istiqamətdə müəyyən işlər də görülüb. Hazırda rayon ərazisində 23 istirahət mərkəzi fəaliyyət göstərir. İstirahət mərkəzlərində 1143-dən çox yataq yeri var. Son illər İsmayıllıya gələn turistlərin sayı da xeyli artıb. Başqa sözlə, 2014-cü ildə bu rəqəm 96 min, 2015-ci ildə 99,5 min nəfər idisə, 2016-cı ildə 101,7 min nəfər olub. Şəhərin mərkəzi meydanında Turist bazarı tikilib istifadəyə verilib. Bununla belə, turizmi gəlir gətirən sahəyə çevirmək üçün hələ çox iş görülməlidir. Yeni turizm marşrutları yaradılmalı, mövcud potensial inkişaf etdirilməlidir. Hazırda rayon mərkəzində beşmərtəbəli hotel tikilir. Bundan əlavə, digər istirahət mərkəzləri yaradılır və mövcud olanları yenidən qurulur. Velosiped, hava şarı, dağ turizmi və digər istiqamətlər üzrə tədbirlər planlaşdırılır.
İsmayıllı şəhərinin daha da abadlaşdırılması daim diqqətdə saxlanılır. Keçən il şəhərin 12 küçə və məhəlləsində asfaltlaşdırma, 3 küçəsində abadlıq işləri aparılıb. Şəhərin mərkəzində, bazar yaxınlığında Saat meydanı inşa olunub. Su və kanalizasiya sistemlərinin yenidən qurulması və təmizləyici qurğunun tikintisi yekunlaşıb. “Azərxalça” ASC-nin, Mərkəzi xəstəxananın yaxınlığında aptek binasının, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə 8 yaşayış evinin tikintisinə başlanıb.
2016-cı ildə rayonda ümumi məhsul istehsalı 171,3 milyon manatlıq olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,1 milyon manatlıq çoxdur. Ötən il hava şəraitinin əlverişsiz keçməsi ilə əlaqədar kənd təsərrüfatında məhsul istehsalı 2,2 faiz azalsa da, sənayedə 17,5, tikinti-quraşdırma işlərində 7,7, nəqliyyatda 4,9, informasiya və rabitədə 4, ticarətdə 12,7 faiz artım olub. Rayonda əsas kapitala investisiya qoyuluşu 32,9 milyon manatı ötüb. Bu da əvvəlki illə müqayisədə 2,2 milyon manat çoxdur. Həmçinin 5,5 milyon manat dəyərində əsas fondlar istifadəyə verilib.
Pərakəndə əmtəə dövriyyəsi 16,7 faiz yüksələrək 160 milyon manatdan çox olub. Bu isə keçən ilin eyni dövrünə nisbətən 23 milyon manat artım deməkdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə əvvəlki illə müqayisədə 1,7 milyon manat artaraq 23,9 milyon manat təşkil edib.
Rayonda 2016-cı ildə sosial məsələlərə də ciddi yanaşılaraq 1032 daimi yeni iş yeri açılıb. Ümumilikdə rayon Məşğulluq Mərkəzində 353 idarə, müəssisə, təşkilat və sahibkar qeydiyyatdadır ki, onların da hazırda 253-ü fəaliyyət göstərir. Keçən il işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə rayon üzrə ayrılmış 368 iş yerinə Məşğulluq Mərkəzi tərəfindən göndəriş verilib və onlar işlə təmin olunublar.
İsmayıllı şəhərində, Təzəkənd, Topçu, Xanagah, Qurbanəfəndi və Talıstan kəndlərində elektrik enerjisi şəbəkəsinin yenidən qurulması davam etdirilib. Ümumilikdə 25,9 kilometr SİP kabel xətti çəkilib. Rayon ərazisində 21 yeni transformator məntəqəsi quraşdırılıb, digər transformator məntəqələri əsaslı və cari təmir edilib. İndiyədək rayon mərkəzi də daxil olmaqla 108 yaşayış məntəqəsindən 38-i qazlaşdırılıb. Hazırda İsmayıllı Qaz Xidmət Sahəsi 15 min 544 abonentə xidmət göstərir ki, bunun da 15 min 383-ü əhali, 161-i qeyri-əhali qruplarıdır. Hesabat dövründə abonentlərə 33 milyon kubmetr qaz verilib. İl ərzində 1318 əhali abonenti yeni qeydiyyata alınıb. Bu sahədən söz düşmüşkən onu da bildirək ki, keçən il Sumağallı və Qurbanəfəndi kəndləri qazlaşdırılıb. Bu yaşayış məntəqələrində 589 məişət qaz sayğacı quraşdırılıb. Amma rayonda qazlaşdırılmamış iri yaşayış məntəqələri hələ çoxdur. “Azəriqaz” İstehsalat Birliyinin tədbirlər planına əsasən, 2017-ci ildə Lahıc qəsəbəsinin, Qalagah, Soltankənd və Uştal kəndlərinin qazlaşdırılması nəzərdə tutulub.
Əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün 2016-cı ildə Xəlilli, Külüllü, Hapıtlı, Qalagah, Mollaisaqlı, Topçu və Qalınçaq kəndlərinin hər birində subartezian quyusu qazılıb. Quyular yaxın vaxtlarda istismara veriləcək. Kürdmaşı kəndində isə subartezian quyusu bərpa edilib.
Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahəyə gəldikdə, 2016-cı ilin məhsulu üçün 29 min 416 hektar sahədə payızlıq taxıl, 2996 hektar sahədə yazlıq bitkilər olmaqla cəmi 33 min 252 hektar sahədə əkin aparılıb ki, bu da 2015-ci illə müqayisədə 450 hektar çoxdur. Keçən mövsüm taxılçı fermerlər 29 min 886 hektar sahədən 102 min 303 ton məhsul əldə etməklə hər hektarda orta hesabla 34,2 sentner məhsuldarlığa nail olublar. Bu, respublika üzrə məhsul istehsalına görə səkkizinci, məhsuldarlığa görə beşinci, dəmyə şəraitdə taxıl yetişdirməyə görə isə birinci göstəricidir. Onu da qeyd edək ki, 2015-ci ildə rayon üzrə daha yüksək - 35,7 sentner məhsuldarlıq əldə edilmişdir. 2016-cı ildə məhsuldarlığın aşağı düşməsinin əsas səbəbi iyun ayında yağan leysanlar nəticəsində baş vermiş daşqının 160 hektar taxıl sahəsini yararsız hala salması, 933 hektar sahəyə isə həmin səbəbdən ziyan dəyməsidir.
Ənənəvi sahələrdən tütün əkini və baramaçılığın inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. Qurbanəfəndi, Topçu, Qalınçaq və Təzəkənd kəndlərində 5 hektar sahədə tütün əkilib. Nəticədə 3348 kiloqram qurudulmuş tütün Şəki şəhərində fəaliyyət göstərən “İlham M” MMC-yə təhvil verilib. Vaxtilə İsmayıllıda geniş yayılmış baramaçılığın bərpası istiqamətində də ilk addımlar atılıb. Belə ki, ötən ilin may ayında “Şəki İpək” ASC-dən 760 qram barama gətirilərək kümçülərə paylanılıb və bu sahə ilə məşğul olan 30 ailə 897 kiloqram barama təhvil verərək onların hər biri 7200 manat gəlir əldə edib. Diyallı, Talıstan, Topçu, Cülyan, Sumağallı kənd və İsmayıllı şəhər nümayəndəlikləri bu kampaniyada fərqləniblər.
Rayon üzrə 2016-cı ildə 894 hektarda kartof, 809 hektarda tərəvəz əkilib. Fermerlər 2015-ci illə müqayisədə 2016-cı ildə 2880 ton çox kartof və 180 ton artıq tərəvəz məhsulları istehsalına nail olublar.
İlk dəfə olaraq Talıstan, Cülyan və Kürdmaşı kəndlərində əkin üçün toxum Almaniya, Hollandiya və Rusiyadan gətirilib və 165 hektar sahədə sənaye üsulu ilə kartof əkilib. Bütün aqrotexniki əməliyyatlar mexaniki üsulla aparılıb. Sahələrin suvarılması yağışyağdıran qurğularla həyata keçirilib. Aparılan aqrotexnoloji tədbirlər nəticəsində bol məhsul əldə olunub və hər hektardan 45-50 ton kartof tədarük olunub. Cari ildə daha çox sahədə sənaye üsulu ilə kartof əkini nəzərdə tutulub. Bir faktı da qeyd edək ki, 2016-cı ildə istixanaların sayı artırılaraq 61-ə çatdırılıb.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün də əsaslı tədbirlər görülüb. 2016-cı ilin fevral-may aylarında respublikada aparılan dispanserizasiya rayonda uğurla həyata keçirilib, müvafiq komissiya və işçi qrupu yaradılaraq əhali tibbi müayinəyə cəlb edilib. Müxtəlif qruplar üzrə 69 min 308 nəfər müayinədən keçib. Onlardan 1386 nəfəri ambulator, 204 nəfəri stasionar müalicə alıb.
Rayonda əsl tolerantlıq
mühiti hökm sürür. Bu istiqamətdə keçən il çoxsaylı tədbirlər həyata
keçirilib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İsmayıllı filialı və Azərbaycan Respublikası
Prezidenti yanında Bilik Fondunun İsmayıllı Regional Bilik
evi açılıb.
Yol, elektrik, qaz, su təsərrüfatının,
rabitə, poçt və digər xidmətlərin
yaxşılaşdırılması istiqamətində əsaslı
tədbirlərin görülməsi planlaşdırılaraq
bəzilərinin icrasına başlanıb. Cari ildə
İsmayıllı-Muğanlı avtomobil yolunun yenidən
qurulması, İsmayıllı-Lahıc avtomobil yolunun qalan
hissəsində tikinti işlərinin davam etdirilməsi
qarşıda duran hədəflərdəndir. Eyni zamanda
bu il Kürdmaşı-Kəlbənd avtomobil yolunun yenidən
qurulması, şəhər ərazisində 10 küçənin
asfaltlaşdırılması, Girdiman çayı üzərində
Zərnava və Həftəsov kəndləri istiqamətində
dəmir-beton körpülərin tikintisinin aparılması da
planlaşdırılıb.
Əhalinin ekoloji cəhətdən
təmiz içməli su ilə təmin olunması
qarşıda duran vacib məsələlərdəndir. 2017-ci ildə
Quşencə, Qarakolluq və Kürdmaşı kəndlərinə
su çəkilməsi nəzərdə tutulub. Gəraybəyli,
Eyyubəyli, Xəlilli, Külüllü, Aşağı Zərnava,
Qubaxəlilli, Girk, Kəlbənd, Şəbyan, Pirəbilqasım
kəndlərinə də gələcəkdə
yaxınlıqdakı mənbələrdən su xətləri
çəkiləcək və həmin ərazilərdə
subartezian quyuları qazılacaq.
Rabitə və poçt xidmətləri
sahəsində də xeyli iş görülməsi
planlaşdırılıb. Belə ki, şəhərin
görkəminə xələl gətirən yerüstü
telefon xətlərinin yeraltı kabel sisteminə keçirilməsi
davam etdiriləcək, ATS-lərdə yeni texnologiyaların tətbiqi
genişləndiriləcək, Həftəsov-Brovdal
zonasında “Azercell” mobil operatorunun qəbuledici-ötürücü
anteninin quraşdırılması aidiyyəti təşkilatlarla
həll ediləcək.
2017-ci ildə iş adamı tərəfindən
Tircan inzibati ərazi dairəsində tikilən “Zəngəzur”
sanatoriya-müalicə müəssisəsində inşaat
işlərinin başa çatdırılması və
açılışı gözlənilir. Bundan əlavə,
cari ildə “Viktoru LTD” tərəfindən meyvə-tərəvəz
məhsullarının çeşidləmə və
qablaşdırma müəssisəsinin, İsmayıllı
şəhərində üçulduzlu beşmərtəbəli
hotelin, Kürdmaşı kəndində “Buta” şirkətinin
inşa etdirdiyi 2200 tonluq soyuducu anbarın, Diyallı kəndində
giləmeyvə istehsal edən istixananın, “Azərxalça”
MMC tərəfindən inşa ediləcək və 170 nəfərlik
iş yeri olacaq xalça fabrikinin istifadəyə verilməsi
nəzərdə tutulur. Yaxın gələcəkdə
iş adamları, sahibkar və fermerlər tərəfindən
50-dən artıq layihənin icrası
planlaşdırılıb ki, onların reallaşması ilə
bölgədə 700-dən çox yeni iş yeri yaranacaq.
Kürdmaşı kəndində isə 12,5
milyon manat dəyəri olan müasir aqroparkın
inşasına başlanacaq.
Prezident İlham Əliyevin sərəncamı
ilə İsmayıllı şəhərindəki 30 ictimai
yaşayış binasında əsaslı təmir işlərinin
aparılması üçün ayrılan 3 milyon manat vəsait
hesabına artıq kompleks abadlıq və təmir işlərinə
başlanıb. Rayon mərkəzinin girəcəyində
Girdiman dövlətinin hökmdarı Cavanşirin
adını daşıyan parkın salınması və abidəsinin
ucaldılması dövlətçilik tariximizi özündə
yaşadan böyük və monumental memarlıq kompleksi olacaq.
Parkın ərazisində Gənclər Mərkəzinin
tikilməsi və Bayraq meydanının yaradılması da
cari ildə icrası nəzərdə tutulan layihələr
sırasındadır.
Bu il rayon ərazisində aqrar sektorun inkişafına da xüsusi diqqət yetiriləcək. Belə ki, 1500 hektar sahədə fındıq bağlarının salınması, Təzəkənd, Diyallı, Qurbanəfəndi, Topçu, Qalınçaq kənd və İsmayıllı şəhəri ərazilərində 10 hektar sahədə tütün əkilməsi planlaşdırılıb. Cari ildə həmçinin kümçülərə 120 qutu baramaqurdunun paylanması nəzərdə tutulub. Yeri gəlmişkən, rayonda ötən il 11 min 500 ədəd tut tingi əkilib ki, bu da gələcəkdə baramaçılığın inkişafında əsaslı rol oynayacaq. Topçu, Qurbanəfəndi, Talıstan, Diyallı, Qalınçaq, Qubaxəlilli, Kürdmaşı, Gəraybəyli kənd və İsmayıllı şəhəri ərazilərində 50 yeni istixana təsərrüfatının yaradılması da qarşıda duran hədəflərdəndir. Bu il sənaye üsulu ilə Talıstan və Kürdmaşı kəndlərində 300 hektarda kartof əkiləcək, Quşencə, Mollaisaqlı, Kürdmaşı, Gəraybəyli kəndlərində 50 hektar sahədə yeni üzüm bağları salınacaq. Tircan kəndində isə arıçılıq məhsullarının qablaşdırılması, Lahıc qəsəbəsi və Əhən Həftəsiyab kəndlərində yeni arıçılıq təsərrüfatlarının yaradılması gözlənilir. Rayonun Qalınçaq, Topçu, Diyallı, Tircan, Quşencə kəndlərində və İsmayıllı şəhəri ərazisində 50 hektar sahədə intensiv meyvə bağlarının salınması da builki tədbirlər sırasındadır. Bunlarla yanaşı, kənd təsərrüfatında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində bir sıra fərdi layihələrin icrası təmin olunacaq.
Səhiyyə sahəsində görülən tədbirlər də davam edəcək. Əsasən vakant həkim yerlərinin ixtisaslı kadrlarla təmin olunması cari ilin prioritet istiqamətlərindəndir. Yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlərin gücləndirilməsi, vərəm, talassemiya, hepatit xəstələrinin müayinə və müalicəsinin gücləndirilməsi istiqamətində 2017-ci ildə əsaslı işlərin görülməsi nəzərdə tutulub. May ayına kimi rayonda əhalinin hərtərəfli tibbi müayinəsi aparılacaq. Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramına əsasən Təzəkənd, Talıstan, Kürdmaşı kəndlərində yeni həkim məntəqələrinin, İstisu, Qalagah, Diyallı kəndlərində isə tibb məntəqələrinin tikintisi planlaşdırılıb.
Qeydlərimizi Mirdaməd Sadıqovun sözləri ilə tamamlamaq istəyirik: “Prezident bu ili “İslam həmrəyliyi ili” elan etməklə bir daha sübut etdi ki, bizim ədalətli, səmimi və prinsipial siyasətimiz Azərbaycanı bir çox dünya ölkələrinə, eyni zamanda İslam aləminə dost və səmimi tərəfdaş edib. Azərbaycan İslam aləmində çox böyük hörmətə layiq bir ölkəyə çevrilmişdir. Bunun nəticəsidir ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək. Bu, Prezidentin dediyi kimi, idman tədbiri deyil, siyasi hadisədir. Bu oyunlar zamanı bütün dünya Azərbaycanı bir daha yaxından tanıyacaq, xalqımızın nələrə qadir olduğunu görəcək”.
Əli
SƏLİMOV,
Azərbaycan.-
2017.- 17 fevral.- S. 6.