“26 günlük işgəncə və zülmdən
öldüm... Ağdamda dirildim”
Hüseynağa Quliyev: “Ermənilər
əsirlikdə məni közdə qovurub buzla
yandırdılar, qanıma qəltan edib şikəst qoydular”
Onu 25 ildir ki, Xocalı soyqırımının ürəkparçalayan görüntülərindən, şəkillərindən tanıyırıq. O, 26 gün erməni əsirliyində yaşadığı dəhşətləri, çəkdiyi işgəncələri elə indi də xatırlayarkən sanki həmin ağrı-acıları yenidən yaşayır. Həmin dəhşətli gecədə anası, həyat yoldaşı və azyaşlı əkiz oğlanları ilə erməni vandallarına əsir düşən bu şəxs Xocalı özünümüdafiə taborunun post komandiri olmuş Hüseynağa Quliyevdir. Ömrünün çiçəklənən çağında insanlığa sığmayan cinayətin şahidinə və qurbanına çevrilən Hüseynağanın ürək dağlayan həyat hekayəti bir daha təsdiq edir ki, bugünə qədər dünya tarixində heç bir insana və millətə qarşı edilməyən işgəncələr Azərbaycan xalqının yaşlı, qoca, uşaq, qadın və cavanlarının başlarına gətirilib. Qoy dünya bir daha erməni vandalizminin şahidi olsun.
26 fevral, ömrümün 26-cı qışı və
26 günlük əsirlik həyatı taleyimə qara hərflərlə
yazılıbmış
- 1966-cı ildə Xocalıda anadan
olmuşam. Çox qəribə həyatım var.
Böyüdüyüm Xocalı şəhəri 25 il öncə fevralın 26-da, elə
ömrümün 26-cı qışında yerlə yeksan
edildi.
Ailənin tək oğlu
idim. Ərköyün böyümüşdüm. Ailə qurmuşdum və iki yaş yarımında
olan əkiz oğlanlarım vardı. Həmin
dövrdə evin bir oğlu cəbhəyə
aparılmırdı. Amma ürəyim
dözmədi, könüllü olaraq
özünümüdafiə taboruna yazıldım.
Xocalının müdafiəsində iştirak edən Tofiq
Hüseynovun rəhbərlik etdiyi könüllülərdən
ibarət taborda az bir zamanda
özümü doğrultdum və post komandiri təyin olundum.
Bütün günü postda olurdum. Evə də getmirdim. Ailəm isə
anamın yanındaydı. O zaman göstəriş
verilmişdi ki, heç kim ailəsini Xocalıdan
çıxarmasın. Həm əhali təşvişə
düşməsin, həm də heç bir
döyüşçü ailəsini qoyub gedə bilməsin.
Fevralın 25-də postda
idim. Bir də gördüm zirehli texnikaların səsi gəlir.
Ermənilər Xocalını mühasirəyə
almağa başladılar. İki-üç
saat keçmişdi ki, dəhşətli gülləbaran
başladı. Başımızı səngərdən
çıxara bilmirdik. Güllələrin
əksəriyyəti yanan güllələr idi. Xocalının yuxarı hissəsində Fərqanə
faciəsindən sonra Azərbaycana qaçıb gələn
Ahıska türklərinə yeni evlər tikmişdilər.
200-ə yaxın ev var idi. Bir
saat ərzində həmin evlərin hamısını
darmadağın etdilər. Evlər od
tutub yanırdı. İnsanlar artıq
qaçmağa başlamışdılar. Tanklara, PDM-lərə qarşı avtomat silahlarla nə
edə bilərdik? Məcbur olub geri çəkildik.
Evə çatdım ki, heç kim yoxdur.
Dedilər ailə üzvlərim camaata
qoşulub gedib. Gəlib kəndin
ayağında anamı, ailəmi tapdım. Silahım, ehtiyat güllələrim, qumbaralarım
var idi. Xəbər gəldi ki, ermənilər
əhalinin Xocalıdan çıxması üçün dəhliz
yaradıblar, oradan keçib Ağdam istiqamətinə getmək
olar. Ancaq mən bir hərbçi kimi
düşündüm ki, vəhşi,
azğınlaşmış erməni belə “ürəyiyumşaqdırsa”,
niyə əvvəlcədən xəbər vermirdi ki,
arvad-uşağı Xocalıdan çıxara bilək?! Hiss
etdim ki, tələdir. Ona görə də
meşə tərəfə üz tutduq. Həmin
gün sanki Xocalı lənətlənmişdi. Möhkəm qar da yağmışdı. Qarqar çayına çatanda uşaqları
qucağıma götürüb çayı keçdim.
İnsanlar iki hissəyə bölündülər.
Bir hissəsi erməni kəndinə doğru
getdi. Nə qədər dedim,
eşitmədilər. Bilirdim ki, ermənilər
yenə hiylə işlədirlər. Onlar
istəyirdilər ki, Xocalı faciəsinin bir nəfər də
şahidi olmasın. Ona görə də hər
kəsi öldürmək əmri verilmişdi.
Təslim olmamaq
üçün hündür qayadan özümü atdım
Bir qədər getmişdik
ki, atışma başladı. Uşaqları qoyub
ön tərəfə qaçdım. İnsanların
yarısı orada qırıldı, bir neçə adam isə özünü dağdan atdı. Ermənilər hər tərəfdə pusqu
qurmuşdular. Hansı tərəfə
gedirdiksə, qarşımıza çıxırdılar.
Artıq güllələrimiz, qumbaramız
bitirdi.
Bir qədər də irəli
getmişdik ki, ermənilər dinc əhalini mühasirəyə
aldılar. Dedilər, silahı yerə qoyun. Mən təslim olmaq istəmirdim. Çünki bilirdim ki, ələ keçsəm,
onsuz da öldürəcəklər. Həm
də hərbçi kimi təslim olsam, vətən xaini
olacaqdım. Ölmək barədə
düşünmürdüm, fikrim yalnız burdan sağ
çıxmaq idi. Ona görə də
silahı atmadım. Qarşımızda
kiçik qaya vardı. Üç erməni
önümüzdə dayanmışdı. Yanımda
dayanan Məhəmməd kişiyə dedim ki, yerindən tərpənmə,
yoxsa vuracaqlar. Amma ağsaqqal məni eşitmədi.
Çıxan kimi onu güllələdilər.
Cəsədi dağdan aşağı
yuvarlandı.
Ermənilər elə bildilər ki, kişi təkdir. Mən də
qayanın arxasından çıxıb onlardan birini vurdum, digərləri
dərhal gizləndilər. Aşağı
baxmadan qayadan tullandım. Elə bilirdim ki,
o qədər də dərin dərə olmaz. Amma yerdəki qarın çoxluğu hesabına
sağ qaldım. Özümü
üstündən atdığım qayanın böyük
hündürlüyü varmış. Bir qədər
dayandım, sonra durub meşə tərəfə irəlilədim.
Bir az getmişdim ki, yanımda nəsə
partladı və huşumu itirdim. Ayılanda
gördüm ki, üz-gözümdə qan yoxdur. Amma ayaqlarım getmir. Sən demə, hər iki
ayağımı qəlpə deşib keçib. Güc-bəla ilə birtəhər getmək istədim.
Amma ermənilər yuxarıdan məni görüb vurdular...
Ölənə qədər
döyüb yanan ocağın üstünə atdılar
Ayılanda gördüm ki, ətrafım
ermənilərdi. Məni sürüyə-sürüyə
harasa saldılar və dedilər ki, hərbçi gətirmişik.
Öncə məndən soruşdular ki, hərbçisən?
Dedim xeyr, hərbçi deyiləm, fəhlə işləyirdim,
ona görə bu paltarı geyinmişdim. İnanmadılar
və 5-6 nəfər yenidən huşumu itirənə qədər
vəhşicəsinə məni döydü. Bir də ayıldım ki, səhərdir. Donuz fermasındayam. Ailəm,
qayınatamgil də burdadır. Əynimdəki
hərbi gödəkcə yox idi. Düşündüm
ki, ermənilər çıxarıb. Amma qayınatam
dedi ki, gödəkcəmi onlar çıxarıb. Sən demə, ermənilər məni ölənə
qədər döyüblər və elə biliblər ki,
artıq ölmüşəm və yanan ocağın
üstünə atıb gediblər. Qayınatam
məni alovun içindən çıxarıb. Üst paltarımı dərhal soyundurublar. Əlim, ayaqlarım yanmışdı.
Səhər yenidən gəlib
məni apardılar. Sorğu-suala başladılar: “İcra
başçınız Elman Məmmədov da Xocalıda idi? Əlif Hacıyev də sizlə birlikdə idi?”
Mən də deyirdim ki, həmin adamları
tanımıram, görməmişəm, fəhlə işləyirdim,
ona görə hərbi paltar geyinmişəm. Bilirdim ki, ermənilər bu şəxsləri
axtarırlar. Çünki nə
öldürdükləri, nə də girov
götürdükləri şəxslərin arasında
onları tapa bilmişdilər.
İşgəncədən
sonra buz parçasının üzərinə qoyub bədənimi
yandırırdılar
Hər gün saatlarla mənə
işgəncə verirdilər. Günün
saatından, axşam və ya səhərdən xəbərim
olmurdu. O qədər işgəncə üsulundan istifadə
edirdilər ki, gözlərim görmürdü. Daşla, armaturla sümüklərimə elə zərbələr
vururdular ki, günlərlə özümə gələ bilmirdim.
Bayırda buzdan işgəncə
meydançası yaratmışdılar. Məni
qanıma qəltan etdikdən sonra aparıb həmin buzun
üzərinə qoyurdular. Aldığım
zərbələrin ağrısı həmin buzun
yanğısı qədər mənə acı çəkdirmirdi.
Çünki buz parçasının üzərində
bir qədər qaldıqdan sonra sanki bədənimin həmin
hissəsini kəsirdilər. Birtəhər
çevrilirdim, digər hissəm alışıb yanmağa
başlayırdı. Kənardan baxıb
gülürdülər.
Erməni qadınlar gəlib cavan və
bir az salamat olan gəncləri seçirdilər.
Həmin oğlanları aparıb
atalarının, qardaşlarının qəbirlərinin
üstündə başlarını kəsirdilər. Həyat yoldaşımın 17 yaşlı
qardaşı Orucov Cavanı da yanımızdan
götürüb apardılar. İndiyədək
ondan bir xəbər yoxdur.
Bir gün məni də bir dəstənin
içində qadınlara təhvil vermək istədilər. Amma qadının biri dedi
ki, bunu istəmirəm, bu, artıq ölüdür. Çünki çənəmi, burnumu,
qabırğamı, ayaq barmaqlarımı
sındırmışdılar. Salamat yerim
qalmamışdı.
Əsirlikdə
olan gəncləri hər gün aparıb “qurban” kəsirdilər
Qayınatam dedi ki, hərbi əsirləri
dəyişirlər, xəbər verək, səni də dəyişsinlər.
Dedim ki, bir də mənə belə söz demə. Burda öləcəyəm, ermənilərə sirr
verməyəcəyəm. Çünki
onlar hiyləgərdirlər. Qəsdən belə söz
yayırlar ki, kim hərbçi olubsa, desin
və ona işgəncə verərək hərbi sirlər
alsınlar, sonra da başını kəssinlər. Bu sözlərimdən
sonra kişi ağladı və bir də mənə
söz demədi.
Beləcə, əsirlikdə
olan gəncləri hər gün aparıb “qurban” kəsirdilər. Cavanlardan bir mən
qalmışdım, bir də Faiq. Bir
gün Faiqi bayıra çıxarıb ona 32 güllə
vurdular. Edik adlı erməni içəri
daxil olub mənə tərs-tərs baxdı. Yaxınlaşıb avtomatın lüləsini
ağzıma necə soxdusa, dilimi uddum, bütün dişlərim
qırılıb ağzıma töküldü. Qanım su yerinə axırdı. Dedi ki, çıxarın
bayıra, bunu güllələyəcəyəm. Bayıra
çıxanda gördüm ki, Faiq hələ can verir. 5-6 əlisilahlı erməni vardı. Dedim icazə
verin onun çiynini divara söykəyim, canını
tapşırsın. İcazə verdilər.
Amma yanıma bir erməni gəldi. Faiqin kürəyini divara söykəyib
yapışdım erməninin silahından. Çəkib silahı əlindən
almışdım ki, arxadan başımdan armaturla vurdular və
yenə huşumu itirdim. Bir az gec gəlsəydilər,
silahı alıb qıracaqdım hamısını.
Bu vəziyyətdə mənə nə qədər zərbə vursalar da, heç birini hiss etməmişəm. Axırda Edik deyib ki, aparın kəsin başını. İki erməni məni sürüyə-sürüyə aparıb. Yolda elə biliblər ki, ölmüşəm və qarın üstünə atıb qayıdıblar. Sonra kimsə cəsədimi götürüb girovların saxlandığı yerə gətirib.
Anam Ağdamdakı meyitxanaya gəlməsəydi, orada
öləcəkdim
Əsirlikdə keçən 26-cı gün saxlandığımız yerə kimsə gəlib məni soruşdu. Cavab verməyə halım olmadı. Bir az keçmişdi ki, həmin adamlar bir də gəldilər. Dedilər ki, Hüseynağa kimdirsə, cavab versin, onu dəyişirlər. Əlimi havaya qaldıra bilmədim. Yanımdakılar dedilər ki, burdadır. Baxdılar ki, artıq iş işdən keçib. Dedilər eybi yoxdur, təhvil verənə kimi sağ qalsın, bəsdir. Beləcə, gətirib məni dəyişdilər.
Ağdama keçəndə heç 20 metr gedə bilmədim, yıxıldım. Elə biliblər ki, artıq canımı tapşırmışam. Ona görə də aparıb Ağdamda meyitxanaya qoyublar. Üzərimə mələfə salıblar. Dayımla anam meyitxanada məni tapıblar. Dayım mələfəni qaldırıb ağlayaraq yenə üstümə çəkib. Üzümə işıq düşdüyünü hiss edirdim, amma dillənib “sağam” deyə bilmirdim. Anam qışqırır ki, balamın qarnı tərpənir, sağdı, sağdı...
Dayım əlini burnuma tutdu və gördü ki, nəfəsim gedib-gəlir. Dərhal Bakıya apardılar. Xəstəxanada dedilər ki, bir neçə gün ömrü qalıb. Çünki isti məni vurduqda başım, bədənim şişdi, gözlərim tutuldu. Amma Tanrı mənə ikinci ömür verdi. Balalarımı, həyat yoldaşımı da yaşadığım acılara görə mənə bağışladı. Ailəm də sağ-salamat dəyişdirildi.
Düz 25 il keçir o dəhşətli günlərdən. Yaşadığım işgəncələri heç bir qorxulu, dəhşətli filmlərdə belə izləməmişəm. Amma mən erməni vandalizminin qurbanı kimi o acıları hər gün çəkərək yaşayıram. Hələ də müalicə olunuram. Bircə onu bilirəm ki, ermənilər həyata keçirdikləri soyqırımı aktının şahidi olmasın deyə Xocalını yerlə yeksan etdilər. Amma Azərbaycanın igid oğullarına işgəncələr versələr də, sındıra bilmədilər. Bircə arzum var ki, tökülən qanlar yerdə qalmasın. İçimdə bir inam hissi var ki, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin prinsipial siyasəti məni bu arzuma çatdıracaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.- 14 fevral.- S.7.