“Üç
övladım gözümün
qarşısında dondu, soldu...”
İsaq Ağayarov və Sədaqət
Hüseynovanın yaşadıqları Xocalı müsibətləri
həm də sədaqətin, sevginin və
mənəvi bütövlüyün
sınağı oldu
Onlar 1980-ci ildə evlənmişdilər. Ulduzları barışmışdı, gözəl yuva qurmuş, isti ailə ocağı yandırmışdılar. Bu xoşbəxt cütlüyün üç fidan balası vardı. Nəbi 11, Sevinc 8, Raman 7 yaşında idi. Cavan ailə İsaqın valideynləri ilə birlikdə yaşayırdı.
1988-ci ildən başlayaraq bütün Xocalı sakinləri çox çətinliklər çəkdilər. İstər ərzaq sarıdan, istərsə də daim vahimə, səksəkə içində yaşamaqdan.
1992-ci ilin fevralında Xocalıda vəziyyət lap kəskinləşəndə qayınanası təkid edir ki, Sədaqət uşaqları da götürüb vertolyot meydançasının yaxınlığında yaşayan bacısıgilə getsin. Çünki fürsət düşən kimi burada vertolyota minib Xocalıdan çıxmaq, uşaqları xilas etmək şansı yarana bilərdi. O zaman İsaq gecə-gündüz postda, ön mövqedə keşik çəkirdi. Beləliklə, bir ailə üç hissəyə parçalanmışdı.
- Fevralın 25-dən 26-na keçən gecə tankların, pulemyotların təkcə atəşindən yox, səsindən, nəriltisindən də yer-göy titrəyirdi. Ev sanki bu dəqiqə uçub töküləcəkdi. İçəridə işıq yanmırdı, bayırda yer qarla örtülü idi, - Sədaqət xanım astadan, az qala pıçıltı ilə danışır.
Elə bil hıçqırığının onu boğacağından qorxur. Bir də ki, İsaq bu söhbətləri eşitməməlidir. Çünki onun əsəbləri çox gərgindir. Bu barədə eşidəndə, yaxud danışanda kişinin halı dəyişir. Ona görə də Sədaqət göz yaşını silə-silə qalxıb üstəlik ev sahibinin oturduğu otağın qapısını da möhkəm bağlayıb söhbətinə davam edir:
- İki bacı bir-birimizin üzünə baxdıq və heç nə demədən elə baxışlarımızla bir-birimizi başa düşdük. Çıxmaq lazım idi.
Beləcə iki qadın yeddi uşaqla yola çıxır. Qarqar çayına üz tuturlar. Uşaqları qucaqlarına alıb çaydan keçirirlər. Bundan sonra əlçatmaz-ünyetməz, səmti-istiqaməti bilinməyən, fəlakət və faciə dolu bir yol başlanır.
O vaxt Sədaqətin 33 yaşı vardı. Sara ondan iki yaş böyük olan bacısı idi. Xocalıda doğulub böyümüşdülər. Hansı səmtdə hansı bölgənin yerləşdiyini də yaxşı bilirdilər. O müdhiş gecədə Ağdam tərəfə yollanırlar. Lakin qaranlıq və şaxta onları necə karıxdırırsa, hava işıqlaşanda az qala Xankəndiyə çatdıqlarını görürlər. Yolu dəyişəndən sonra böyük bir dəstə ilə rastlaşıb ona qoşulurlar. Abdal Gülablıya çatmağa az qalmış ermənilərin atəşlərinə məruz qalırlar.
Öndə gedən cavan oğlanlar, kişilər işarə ilə bildirirlər ki, irəliyə gəlməyin. Bununla belə, vəhşiləşmiş erməni dığaları günahsız insanları gülləbaran edir. Bacılar uşaqların və özlərinin salamat qaldığına şükür edib ara sakitləşəndən sonra yenidən yola düzəlirlər. Onlar artıq beş gün beş gecə idi ki, ac-susuz çöllərdə, meşələrdə idilər.
Qan qarın üstü ilə şırım açaraq arx kimi axırdı. İki qadın və yeddi uşaq qanlı izlərin üstü ilə addımlayaraq irəliləyirdilər. Və bundan sonra elə olaylar baş verdi ki, onları sözlə ifadə etmək çətindir.
Uşaqlar yemək, su istəyirdilər. Tez-tez soruşurdular ki, bəs atamız hanı? Niyə gəlib bizə kömək etmir?
Bu zaman Sədaqətin həyat yoldaşı İsaq başqa bir səmtdə faciə yaşayırdı. O, evə dönəndə Sədaqət artıq uşaqları da götürüb Saragilə getmişdi. İsaq atasını qabağa salıb anasını kürəyinə götürərək odun-alovun içindən birtəhər çıxır. Var-gücünü toplayıb irəliyə gedir, anasını belindən düşürüb geriyə qayıdır, qız-gəlinə, uşaqlara irəliləməkdə kömək edir və yenidən irəli qaçıb anasını kürəyinə götürür.
25 il ötsə də, Sədaqət o günlərin hər anını ürəyinin daxili fəryadı ilə xatırlayır:
- Biz pərən-pərən düşmüşdük. Bilirdim ki, İsaqın macalı olsa, mütləq özünü bizə çatdırar. Amma uşağı necə başa salasan?.. Taqətdən düşmüş bacım birdən-birə qarın üstünə çökdü. Mən ona yalvardım ki, Sara, qalx, uşaqları bu zülmdən qurtaraq. Onu qaldırmağa çalışdım. Amma artıq gec idi... Bundan sonra təbiətin və taleyin amansız şaxtası mənim gözümün qarşısındaca ömür çiçəyimin üçünü də soldurdu. Bacımın üç ciyərparası da kol dibində donub qalmışdı. Son gücümü toplayaraq Saranın salamat qalmış böyük qızının əlindən tutub irəliləməyə çalışdım. Bundan sonra nələr olduğu yadımda deyil. Gözümü açanda özümü Ağdam hospitalında gördüm.
Daha sonra Sədaqəti M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirirlər. Orada ayaqlarını əməliyyat edirlər. Sədaqət bu əməliyyatın nədən ibarət olduğunu bilmir. Lakin əməliyyatdan bir-iki gün sonra xəstəxanada çəkiliş aparan Türkiyə jurnalistləri həkimdən xahiş edirlər ki, Sədaqətin ayaqlarını onlara göstərsin. Həkim mələfəni qaldıranda Sədaqət görür ki, don vurmuş barmaqlarını kəsiblər...
Danışdıqca Sədaqət o günləri sanki təzədən yaşayır:
- Artıq iki ay idi xəstəxanada müalicə olunurdum. Bir gün tibb bacısı gəlib dedi ki, səni dəhlizdə bir kişi gözləyir. İsaq idi, məni çox çətinliklə axtarıb tapmışdı. Ondan xahiş etdim ki, çıxıb getsin. Üzünə də baxa bilmirdim. Elə bilirdim bundan sonra bizim birgə həyatımız artıq mümkün deyil. Nə gizlədim, mənə elə gəlirdi ki, barı tükənmiş, qol-budağı kəsilmiş bir ağacam, kötüyəcən qurumuşam.
Lakin İsaq bu təklifi yaxına belə buraxmaq istəmir. Deyir ki, nə danışırsan, mən səni heç vaxt tək qoymaram! Bu müharibə elliklə hamımız üçün gəlib, tək ikimizin faciəsi deyil. Bundan sonra İsaq hər gün xəstəxanaya gəlir. Sədaqət öz dediyini, İsaq da öz dediyini təkrar edir.
Sədaqət, nəhayət, ömür-gün yoldaşının sədaqəti qarşısında ram olduğunu söyləyir:
- Xəstəxanadan təzəcə çıxmışdım. Sağ qalmış qohumlarımla bir yerdə idim. Bir də gördüm ki, qayınanam, qayınatam, bir neçə nəfər ağsaqqal və həyat yoldaşım birlikdə qaldığımız yerə gəliblər. Hamı susurdu. İsaq ağsaqqallardan üzr istəyib üzünü mənə tutdu. Dedi ki, Sədaqət, sonluğu ağlagəlməz faciə ilə bitən 12 illik ailə həyatımızı qorxunc bir yuxu kimi arxada qoyub səninlə təzədən evlənmək istəyirəm.
Beləliklə, ailənin sağ qalan üzvləri yenidən birləşərək Naftalan şəhərində sanatoriyada məskunlaşırlar. 1993-cü ildə onların bir körpəsi dünyaya göz açır. Uşağa Xocalıda itirdikləri 7 yaşlı balaca şəhid Ramanın adını verməklə ailə ruhu mələk kimi göylərə çəkilmiş üç nakam övladının iyini ondan almağa çalışır. Beləliklə, evdə bir oğul böyüməyə başlayır. Üç il sonra isə Ramanın bacı payı da dünyaya gəlir. İndi Arzu artıq gəlin köçüb. Raman da evlənib.
Hazırda ailə Goranboy rayonunun ərazisində qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş çoxmərtəbəli evlərdən ibarət məhəllədə məskunlaşıb. Sədaqət xanım və İsaq kişi nəvə arzusu ilə yaşayırlar.
Vaxt gələcək, bu kökdən yeni-yeni pöhrələr qalxacaq, budaqlar şaxələnəcək. Doğma torpağa sevgi, müqəddəs ruhlara ehtiram bu ailənin övladlarını mütləq Xocalıya aparacaq.
Orada axıdılan günahsız qanlar, törədilən soyqırımı üçün isə erməni faşistləri dünya durduqca tarix və haqq qarşısında cavabdeh olacaqlar. Etdikləri qəddarlıqlar və cinayətlər onları əsrdən-əsrə nəsil-nəsil izləyəcək. Çətin ki, belələrinin ölü doğulmuş vicdanı nə vaxtsa oyana. Amma zaman onlara öz cəzasını verəcək.
Flora SADIQLI,
Azərbaycan.-
2017.- 14 fevral.- S.7.