Sosial ədalət
İlham Əliyevin yeni islahatlar kursunun prioritetlərindəndir
20 fevral
Ümumdünya Sosial Ədalət Günüdür
Fevralın 20-si Ümumdünya
Sosial Ədalət Günü kimi qeyd olunur. Bu günü
BMT-nin Baş Məclisi dünya ictimaiyyətinin yoxsulluqla
mübarizə işində səylərini artırmaq və hər
kəs üçün iş yerləri, gender bərabərliyi
və insan hüquqlarına hörmətə nail olmaq məqsədilə
2007-ci ildə elan edib. Sosial ədalət - bu, sadəcə
etik imperativ deyil, milli sabitliyin və əsaslı rifahın əsasıdır.
Bərabər hüquqlar, həmrəylik və insan
haqlarına hörmət millətlərin və xalqların tərəqqisi
üçün vacibdir. Bu mənada bəşəriyyətin
mövcudluq salnaməsi belə bir həqiqəti aydın
şəkildə sübuta yetirir ki, hər bir cəmiyyətin,
dövlətin tərəqqisini sürətləndirən ən
mühüm amillərdən biri sosial ədalət prinsipinin
qorunmasıdır.
Heydər
Əliyevin yeni cəmiyyət modelində sosial ədalət
prinsipi
Sosial ədalət olmayan yerdə
inkişafdan, yüksəlişdən söhbət gedə
bilməz. Məhz bundan irəli gələrək ulu öndər
Heydər Əliyevin çoxillik siyasi fəaliyyətində və
zəngin nəzəri irsində sosial ədalət
anlayışı daim həlledici yer tutub. Onun sözügedən
problemə həssas münasibəti hələ Azərbaycana
rəhbərliyinin birinci dövrünə təsadüf edən
məşhur “Qoy ədalət zəfər çalsın”
çağırışında qabarıq şəkildə
əks olunurdu. Sosial ədalət prinsipi bütün dövrlərdə
Heydər Əliyevin siyasi rəhbərliyinin başlıca
leytmotivi olub, onun əsas qayəsini və məzmununu təşkil
edib.
Heydər Əliyev sosial ədalətin
pozulmasını cəmiyyətin və dövlətin üzləşdiyi
ən böyük bəla sayırdı. “Dövlət o zaman
zəifləyir ki, ədalət pozulur” sözləri də ulu
öndərin ədalət haqqında
baxışlarının geniş prizmaya malik olduğunu
sübuta yetirir. Sosial ədalət prinsipinin qorunması cəmiyyətin
harmoniyasının təmin edilməsi baxımından əhəmiyyətli
olduğu qədər də, siyasi sistemin
dayanıqlığının vacib şərtidir.
Təsadüfi deyil ki, əhalinin
sosial müdafiəsi sahəsində qanunvericilik
bazasının gücləndirilməsi istiqamətində ən
mühüm addımlardan biri də ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci
ilin 12 noyabrında qəbul olunan müstəqil Azərbaycanın
ilk Konstitusiyasında bu məsələnin təsbit
olunmasıdır. Ölkəmizin inkişafının prinsipcə
yeni mərhələyə qədəm qoymasının
göstəricisi olan Konstitusiya Azərbaycan dövlətinin hər
bir vətəndaşının rifahının yüksəldilməsi,
onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin
qayğısına qaldığını ən yüksək
səviyyədə bəyan edir. Konstitusiyanın 16-cı maddəsində
deyilir: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin
və layiqli həyat səviyyəsinin qayğısına
qalır”. Bununla da faktiki olaraq müəyyən edilir ki,
inkişaf etmiş sivil dövlətlərdə olduğu kimi,
iqtisadiyyat fərdin, şəxsin maddi, sosial, mənəvi tələbatlarının
ödənilməsinə istiqamətləndirilməlidir.
Konstitusiyaya əlavələr və
dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin
keçirilməsi haqqında Milli Məclisin 26 dekabr 2008-ci il
tarixli qərarından sonra 2009-cu il mart ayının 18-də
keçirilmiş referendumda Konstitusiyanın 15-ci maddəsinin
II hissəsinə “sosialyönümlü” sözlərinin əlavə
edilməsi, Azərbaycan dövlətinin sosial-iqtisadi
hüquqlar sahəsində həyata keçirdiyi siyasətlə
vətəndaş cəmiyyətinin yaradılmasına, bazar
iqtisadiyyatında insanın dövlət tərəfindən
sosial müdafiə olunmasına və sosial ədalət
prinsipinə xidmət etməyi öz üzərinə
götürmüş olduğunu təsdiq edir.
Konstitusiyanın 15-ci maddəsinin II hissəsində deyilir: “Azərbaycan
dövləti bazar münasibətləri əsasında
sosialyönümlü iqtisadiyyatın inkişafına şərait
yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi
münasibətlərdə inhisarçılığa və
haqsız rəqabətə yol vermir”.
Beləliklə, əhalinin sosial
müdafiəsi sahəsində qanunvericilik bazasının
güclənməsi istiqamətində ən mühüm
addımlardan biri də Konstitusiyanın müddəalarına əsasən
dövlətin insanın sosial müdafiə olunmasına və
sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə
götürməsidir.
İlham
Əliyevin idarəçilik konsepsiyası sosial ədalət
prinsipini önə çıxarır
Cəmiyyətdə sosial ədalətə
nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq
mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin,
Azərbaycan xalqının təbiətinə, ruhuna
uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə
tərəfdar olub, ədaləti müdafiə edib. Fəxrlə
deyə bilərik ki, sosial ədalətlilik prinsipi Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə
daha inkişaf etmiş formada özünü göstərir.
Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli
şəkildə xalqa pay düşməsi, Azərbaycan
dövlətinin milli sərvətlərdən əldə
etdiyi gəlirlərin insanlarımıza ədalətli şəkildə
çatdırılmasıdır. Ədalətlilik eyni zamanda
cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı
ziddiyyətlərin hansısa bir zümrəyə ziyan
vurmasının qarşısının alınması deməkdir.
Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli
bir prinsipdir.
Bütün cəmiyyətlərin
tarixi göstərir ki, ədalət prinsipi pozulduqda
qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və
anarxiyaya gətirib çıxara bilər. Ədalət
prinsipinin təmin olunması islahatlardan keçir. Daimi
islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə
insanların təbəqələşməsi fonunda müxtəlif
siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin
olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir.
Sosial ədalət dedikdə hər bir ailənin, hər bir vətəndaşın
rifahının yaxşılaşdırılması, cəmiyyətin
idarəçiliyində hər kəsin iştirakının
təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı
və bu kimi digər məsələlər nəzərdə
tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində
bunlar açıq şəkildə özünü büruzə
verir.
Müasir cəmiyyət
üçün sosial ədalət anlayışının məzmununun
daim genişlənməsi, daha şaxələnmiş
strukturlanması səciyyəvidir. Müşahidə olunan
meylin dövlətin sosial funksiyasının getdikcə
artmasında özünü göstərdiyi diqqətdən
qaçırılmamalıdır. Dövlətin daha çox
sosial təsisata çevrilməsi müasir ictimai
inkişafın başlıca meyillərindən biridir. Təsadüfi
deyil ki, Prezident İlham Əliyevin dövlət idarəçiliyi
konsepsiyası sosial ədalət prinsipinin ön planda
saxlanılmasını nəzərdə tutur. Azərbaycan
dövlətinin sosial rolunun durmadan artması, əhalinin sosial
müdafiəsinin gücləndirilməsinə yönəlmiş
layihələrin miqyaslarının genişlənməsi və
bu qəbildən olan digər hadisələr fikrimizi təsdiq
edən tutarlı dəlillər sayıla bilər. Azərbaycan
Prezidenti İlham Əliyevin “Sosial ədalət bizim
üçün xüsusi önəm daşıyır” fikri
cəmiyyətimizin həyat fəaliyyətində sosial ədalət
prinsipinin nə dərəcədə vacib rol
oynadığını sübuta yetirir.
İqtisadi
siyasətin mühüm cəhətlərindən biri
sosialyönümlülük faktorudur
Fəxrlə qeyd etmək olar ki,
dövlət başçısı tərəfindən digər
sahələrdə olduğu kimi, sosial sferada da həyata
keçirilən siyasətdə varislik, eyni zamanda novatorluq
özünü aydın şəkildə nümayiş etdirməkdədir.
Azərbaycan xalqının iradəsi əsasında İlham
Əliyevin Prezident seçilməsindən sonra dövlət
başçısının iqtisadi sferada həyata
keçirdiyi siyasətin mühüm cəhətlərindən
biri hər zaman sosialyönümlülük faktorunun ön
plana çəkilməsi olub. Bu mənada Prezident İlham
Əliyevin dövlət başçısı kimi fəaliyyətə
başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar
sırasında ölkəmizin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair tədbirlərin
xüsusi yer tutması tamamilə təbii xarakter
daşıyırdı. Digər tərəfdən, elmi-nəzəri,
iqtisadi əsaslara söykənməsi, sosial prioritetlərin
düzgün müəyyənləşdirilməsi İlham
Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi
cəhətlərini təşkil etməkdədir.
Göstərilənlər fonunda
Prezident İlham Əliyevin imzaladığı ilk fərmanlar
sırasında yer alan “Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında” və “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi
haqqında” sənədlər ölkə
iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə
yanaşı, nəticə etibarilə əhalinin sosial
müdafiəsinin getdikcə güclənməsinə xidmət
etmişdir.
Sonrakı illərdə də
dövlət başçısı tərəfindən əhalinin
etibarlı sosial müdafiəsinə xidmət edən
çoxsaylı fərman və sərəncamlar verilmiş, qəbul
olunmuş bir çox dövlət proqramlarında bu məsələ
hər zaman əsas planda yer almışdır. Buna misal olaraq
hazırda uğurla icra olunan “Azərbaycan Respublikasının
Məşğulluq Strategiyası (2006-2015-ci illər)”,
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişafı
Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”,
“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı
sisteminin islahatı Konsepsiyası” və digər vacib sənədləri
göstərmək olar. İqtisadiyyatın sahəvi və
coğrafi şaxələndirilməsi, bunların konkret
dövlət proqramları ilə təminatı Prezident
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən sosial-iqtisadi siyasətin vacib məqamlarındandır.
Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin
son illərdə sosial müdafiə, elm, təhsil, səhiyyə
və digər sahələrdə qəbul edilmiş məqsədli
dövlət proqramlarının icrasına yönəldilməsi
də bunun real təsdiqidir.
Qürurla qeyd etmək olar ki,
ötən 13 il Azərbaycanda iqtisadiyyatın dinamik
inkişafı, dövlət proqramlarının
icrasının uğurla davam etdirilməsi ilə
yanaşı, əhalinin sosial rifahının
yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin
həyata keçirilməsi ilə əlamətdardır. Həyata
keçirilən düşünülmüş sosial siyasət
əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə,
xüsusən aztəminatlı vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsinə xidmət
edir. Bu gün Azərbaycanda həyata keçirilən dövlət
siyasətinin başlıca istiqamətlərindən birini də
əhalinin sosial müdafiəsinin gücləndirilməsi təşkil
edir. Elə buna görə də neçə illərdir
geniş miqyasda həyata keçirilən sosial müdafiə
tədbirləri hətta dünya iqtisadiyyatının
böhranlı günlərində belə uğurla davam
etdirilmişdir.
Ölkəmizdə aztəminatlı
əhaliyə ünvanlı sosial yardımların verilməsindən
başlamış əlillərin, müharibə
veteranlarının, qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılmasına, yoxsulluğun
azaldılmasına qədər bütün sosial müdafiə
tədbirləri müvəffəqiyyətlə həyata
keçirilir. Azərbaycanın sürətli iqtisadi
inkişafı və büdcə gəlirlərinin davamlı
artımı sosial xərcləri də müntəzəm
artırmağa, yoxsulluğun səviyyəsini son 13 ildə dəfələrlə
aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə
imkan yaratmışdır.
Sosial
müdafiədə ünvanlılıq
İqtisadi tənəzzülə
son qoyulması fonunda ölkəmizdə diqqət yetirilən
mühüm məqamlardan biri sosial müdafiə sahəsində
ünvanlılıq prinsipinin gözlənilməsi
olmuşdur. Bunun nəticəsi olaraq ayrı-ayrı
kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə
müxtəlif qanunlar qəbul olunaraq icraya yönləndirilib,
sosial müdafiəyə daha çox ehtiyacı olanlara
dövlət tərəfindən yardımların göstərilməsi
əsas məqsədlərdən birini təşkil
etmişdir. Bu xüsusda “Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər
haqqında”, “Çernobıl qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar
haqqında” və digər qəbul edilmiş qanunların
adını çəkmək olar.
Sosial müdafiənin və əhalinin
məşğulluq səviyyəsinin yüksəldilməsinə
dair atılan növbəti addımlar, bu istiqamətdə həyata
keçirilən siyasətin elmi-nəzəri dəyərlərə
və dünyanın ən mütərəqqi təcrübəsinə
əsaslanması vətəndaşların həyat səviyyəsinin
daha da yaxşılaşdırılması ilə
müşayiət olunmuşdur. Əməkhaqlarının,
pensiya və digər sosial müavinətlərin
vaxtaşırı artırılması, yoxsulluq probleminin həlli
ilə bağlı görülən tədbirlər ölkənin
sosial müdafiə modelinin daha güclü bir hala gəlməsinə
yol açmışdır. O zaman ulu öndər müvafiq
islahatların həyata keçirilməsini də xüsusi
diqqət mərkəzində saxlayır, sözügedən
kontekstdə əhalinin sosial müdafiəsini gücləndirmək
məqsədilə zəruri tədbirlər
görürdü. 2002-ci il yanvarın 1-dən ölkəmizin
sosial siyasətində yeni bir mərhələnin
başlanğıcı qoyuldu. “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında” 15 noyabr 2001-ci
il tarixli qanunla güzəşt və imtiyazlardan istifadə edən
əhali kateqoriyasının dairəsinə yenidən
baxıldı, həmçinin kommunal və nəqliyyatdan
istifadəyə görə güzəştlər müavinətlərlə
əvəz olundu.
Bütün bunlar bazar
iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin
xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə,
enerjidaşıyıcılardan səmərəli və qənaətlə
istifadənin təmin olunmasına, sosial müdafiənin
ünvanlılığının artırılmasına xidmət
edən vacib məqamlara çevrildi və zaman bu
islahatların nə dərəcədə doğru olduğunu
sübuta yetirdi. Görülən digər tədbirlər, o
cümlədən yoxsulluğun səviyyəsinin
azaldılması üçün müvafiq proqramın təsdiqi
ulu öndərin rəhbərliyi altında həyata
keçirilən sosial siyasətin yüksək səmərəliliyi
ilə yanaşı, xalqın rifah halının yüksəldilməsi
istiqamətində real nəticələr əldə
olunması ilə yekunlaşırdı.
Prezident İlham Əliyevin rəhbərliyi
altında ümummilli liderin inkişaf strategiyasının
uğurlu davamı məşğulluq və sosial sferada da
özünü qabarıq büruzə verərək bu sahənin
tərəqqisini daha dinamik hala gətirmişdir. Ölkəmizin
malik olduğu iqtisadi potensialın daha da gücləndirilərək
onun kompleks şəkildə səmərəli
reallaşdırılması nəticəsində əməkhaqları
və pensiyaların, digər sosial müavinətlərin
mütəmadi artırılması, yeni iş yerlərinin
açılması və bunun daha çox qeyri-neft sektorunu əhatə
etməsi vətəndaşların sosial müdafiəsini
davamlı olaraq yaxşılaşdırmışdır.
Xalqımızın
sosial rifahının davamlı olaraq yaxşılaşması
təmin ediləcək
Prezident İlham Əliyevin
imzaladığı sərəncam və fərmanlarda, təsdiq
etdiyi dövlət proqramlarında çoxlu sayda yeni iş
yerlərinin açılmasına şərait
yaradılması, sosial xidmətlərin keyfiyyətinin və
ünvanlılığının mütəmadi
artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr
daim əsas planda yer alır. Digər tərəfdən,
dövlət başçısının rəhbərliyi
altında həyata keçirilən məqsədyönlü
siyasətin elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi,
bu zaman sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi
nəticə etibarilə xalqın maddi rifah halının daha
da yaxşılaşdırılmasını, eyni zamanda Azərbaycanın
daha qüdrətli bir ölkəyə çevrilməsini təmin
etməkdədir və bu, Prezident İlham Əliyevin
sosial-iqtisadi siyasətinin əsas məqsədidir.
Prezident İlham Əliyevin aztəminatlı
vətəndaşların sosial müdafiəsinin daha da
gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il
tarixdə təsdiqlədiyi “Ünvanlı dövlət sosial
yardımı haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən, artıq 11 ildən çoxdur ki, ölkəmizdə
ünvanlı dövlət sosial yardımı sistemi tətbiq
olunur. Ötən dövr ərzində ünvanlı dövlət
sosial yardımı mexanizminin təkmilləşdirilməsi məqsədilə
müvafiq qanunvericiliyə bir neçə dəfə əlavə
və dəyişikliklər edilmiş, nəticədə
ünvanlı yardımın əhatə dairəsi genişləndirilməklə
yoxsul ailələrin bu yardım növündən yararlanmaq
imkanları daha da artırılmış, bu sahədə sənədləşdirmə
qaydaları sadələşdirilmişdir. Ünvanlı
yardımın hesablanması üçün əsas
götürülən ehtiyac meyarının
yaşayış minimumuna çatdırılması istiqamətində
də müvafiq addımlar atılır və ötən
müddətdə ehtiyac meyarının həddi 30 manatdan 116
manata qaldırılmışdır ki, bu da təxminən 4 dəfə
artım deməkdir. Prezident İlham Əliyevin fərmanı
ilə vətəndaşlara ünvanlı sosial yardım
üçün elektron formada müraciət etmək
imkanı da yaradılıb.
Beləliklə, dünyada davam edən
qlobal maliyyə böhranı şəraitində də
ölkəmizdə uğurlu sosial siyasət həyata
keçirilir. Bu siyasətin prioritet istiqamətlərindən
biri də məcburi köçkün ailələrinin
yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində tədbirlərin
davam etdirilməsindən ibarətdir. Təsadüfi deyil ki,
dövlət başçısı Nazirlər Kabinetinin
2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında ölkədə həyata keçirilən
uğurlu sosial siyasətdən bəhs edərək demişdir:
“Keçən il məcburi köçkünlərin problemlərinin
həlli üçün yeni addımlar
atılmışdır, yeni qəsəbələr
salınmışdır. Bu il də bu proses davam edəcək,
yəni bu məsələ daim diqqət mərkəzindədir.
Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi
köçkünlərin vəziyyətini daha da
yaxşılaşdıraq”.
Azərbaycan Prezidenti İlham
Əliyevin məcburi köçkünlər və onlara bərabər
tutulan şəxslər üçün vahid aylıq
müavinətin müəyyən edilməsi haqqında 23
yanvar 2017-ci il tarixli fərman imzalaması da qaçqın və
məcburi köçkünlərlə bağlı
yürütdüyü siyasətin bariz ifadəsidir. Hər
şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan
Prezidentinin dövlət büdcəsindən məcburi
köçkünlərin və onlara bərabər tutulan
şəxslərin sosial müdafiəsi üçün
ayrılan vəsaitin ünvanlılığının təmin
edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi
ilə bağlı imzaladığı fərman həmin
kateqoriyadan olan ailələrin həyat səviyyəsinin
yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
Dövlət büdcəsindən
məcburi köçkünlərin və onlara bərabər
tutulan şəxslərin sosial müdafiəsi
üçün ayrılan vəsaitin
ünvanlılığının təmin edilməsi və
çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə
imzalanan fərmana əsasən, məcburi köçkünlər
və onlara bərabər tutulan şəxslər
üçün yemək xərci müavinəti, habelə
kommunal və digər xidmətlər üzrə dövlət
büdcəsindən ödənişlər əvəzinə
2017-ci il yanvarın 1-dən hər bir məcburi
köçkün və onlara bərabər tutulan şəxslər
üçün 36 manat məbləğində vahid aylıq
müavinət müəyyən edilib.
Cocuq Mərcanlı kəndinin yenidən
qurulması ilə bağlı Prezidentin imzaladığı sərəncam
bir daha dövlətimizin bu kateqoriyadan olan insanlara yüksək
qayğısının və ölkədə həyata
keçirilən sosial siyasətin təzahürü oldu. Məcburi
köçkünlərə diqqətin daha bir real təsdiqi
“Məcburi köçkünlər və onlara bərabər
tutulan şəxslər üçün vahid aylıq
müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin fərmanına dəyişikliklərin
edilməsidir. Bu, bir daha göstərir ki, sosial qayğıya
ehtiyacı olan insanların problemlərinin həlli daim
Prezidentin diqqət mərkəzindədir.
Vətəndaşların
sağlamlığına xidmət edən ekoloji layihələr
Təbii ki, Azərbaycanda sosial ədalət
prinsiplərinin qorunması təkcə aztəminatlı vətəndaşlara
göstərilən yüksək qayğı ilə
yekunlaşmır. Belə ki, insanların sağlam mühitdə
yaşaması və təbii sərvətlərdən
xalqımızın rifahının
yaxşılaşdırılması naminə səmərəli
istifadə edilməsi ölkədə aparılan sosial
islahatların mühüm tərkib hissələrindən
biridir. Son illərdə bu sahədə uğurla həyata
keçirilmiş tədbirlərdən biri neftlə
çirklənmiş ərazilərin təmizlənməsidir.
Bu işlər davamlı və geniş xarakter
daşımalıdır. Bibiheybət buxtasında neftlə
çirklənmiş ərazilərdə görülən
işlər başqa sahələrdə də tətbiq edilməlidir.
Digər prioritet istiqamət Azərbaycan
Prezidentinin təşəbbüsü ilə son illərdə
geniş vüsət almış yaşıllaşdırma tədbirləridir.
Ümumiyyətlə, bu gün Azərbaycanda
yaşıllaşdırma istiqamətində vacib addımlar
atılır. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə həyata keçirilən layihələr buna ən
gözəl nümunədir.
Vacib məsələlərdən
biri də əhalinin ekoloji cəhətdən təmiz su ilə
təminatının yaxşılaşdırılması ilə
bağlı tədbirlərdir. Ölkə
başçısının sərəncamları ilə
indiyədək xüsusən Kür və Araz
çaylarının suyundan istifadə edən
yaşayış məntəqələrinin ekoloji cəhətdən
təmiz su ilə təminatı istiqamətində xeyli iş
görülüb. Yüzlərlə kənddə modul tipli
sutəmizləyici qurğular quraşdırılıb.
Ölkəmizdə ekoloji problemlərin
aradan qaldırılması istiqamətində görülən
tədbirlər insanların sağlamlığının
möhkəmlənməsinə xidmət edir. Respublikamızda
ekoloji məsələlərə göstərilən
xüsusi diqqət və sosial-iqtisadi həyatımızda son
illər əldə olunmuş yüksək nailiyyətlər ətraf
mühitin sağlamlaşdırılmasına yönəldilmiş
tədbirlərin həyata keçirilməsində müsbət
təsirini daha səmərəli göstərəcək.
Bunun üçün isə Azərbaycan dövlətinin
güclü iradəsi var.
Göründüyü kimi, Azərbaycanın
müstəqil olduğu 26 il ərzində qazandığı
nailiyyətlər bundan əvvəl bütün tarix boyu əldə
edilən nəticələrdən daha üstündür. Bu
isə “Ən əsas vəzifə Azərbaycanı müstəqil
dövlət kimi yaşatmaqdır!” deyən ümummilli lider
Heydər Əliyevin ideyalarının uğurla reallığa
çevrilməsinin təsdiqidir. Azərbaycan xalqı əmindir
ki, Prezident İlham Əliyevin ulu öndər Heydər
Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən,
sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti
bundan sonra da davam etməklə qarşıda duran vəzifələrin
uğurla yerinə yetirilməsini, ölkəmizin
inkişafının daha da sürətlənməsini və nəticədə
xalqımızın sosial rifahının davamlı olaraq
yaxşılaşmasını təmin edəcək.
Hadi
RƏCƏBLİ,
Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri,
siyasi elmlər
doktoru, professor
Azərbaycan.
- 2017.- 19 fevral.- S. 1, 6.