İstiqlal
mücahidi
Gəncənin
sonuncu qubernatoru
Xalqımızın milli
istiqlal mübarizəsinin fəal iştirakçıları
sırasında onun da adı var. Görkəmli dövlət
xadimi Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasında və fəaliyyətində misilsiz xidmətlər
göstərib.
O, 1877-ci ildə Gəncədə
dünyaya gəlib. Böyük bir nəslin
nümayəndəsi olan Xudadat bəyin təhsilinə
valideynləri xüsusi diqqət və qayğı ilə
yanaşıblar. Atası Ələkbər
bəy Rəfibəyli onun ziyalı kimi yetişməsinə
çalışırdı. Ələkbər
bəyin həyatı, ömür yolu oğlu
üçün gözəl nümunə idi. O, Gəncə
mahalının sayılıb-seçilən
ağsaqqallarından idi. Azərbaycan
xalqının milli istiqlal hərəkatında Ələkbər
bəyin böyük xidmətləri olub, müxtəlif vəzifələrdə
çalışıb. Maarifçi və
xeyriyyəçi kimi də geniş fəaliyyət göstərib.
Gəncədə ilk teatr tamaşalarının
təşəbbüskarı olub. Publisist
kimi də fəaliyyət göstərib. İsmayıl
Qaspıralının “Tərcüman” qəzetində
vaxtaşırı yazıları çap olunub. Ələkbər bəy Azərbaycanın ilk siyasi
partiyasının - Bakıda Əhməd bəy Ağayev tərəfindən
əsası qoyulan “Difai” partiyasının Gəncə təşkilatının
rəhbərlərindən biri idi.
Xudadat bəy Rəfibəyli
ilk təhsilini Gəncə gimnaziyasında alıb. Sonra Xarkov
İmperator Universitetinin tibb fakültəsinə daxil olub.
1904-cü ildə həmin universiteti bitirib.
Xarkov Universitetinin hospital-klinikasının cərrahiyyə
şöbəsində üç il
ordinator işləyib. Xarkovda tələbə
dostları ilə azərbaycanlılardan ibarət
“Zemlyaçestvo” (“Həmyerlilər”) dərnəyini
yaradıb.
1907-ci ildə Azərbaycanın ilk ali təhsilli cərrahlarından biri kimi Gəncəyə
qayıdıb. Qubernatorun əmri ilə şəhər
xəstəxanasının direktoru vəzifəsinə təyin
edilib. 17 il Gəncə xəstəxanasının
baş həkimi və Həkimlər Cəmiyyətinin sədri
olub.
1912-1913-cü tədris ilində
Sankt-Peterburqdakı İmperator Klinik İnstitutunda 12 ixtisas
üzrə dinləyici kimi iştirak edib. Xudadat bəy
öz peşəsinin bilicisi, bacarıqlı cərrah idi.
Fəaliyyətinə görə Xudadat bəy Rəfibəyli
titulyar müşavir (1909), kollej asessoru (1910), saray
müşaviri (1912) rütbələrinə layiq
görülüb, 1909-1916-cı illərdə Gəncə
Mahal Məhkəməsində fəxri barışıq hakimi
(mirovaya sudya) işləyib. 1915-ci il
noyabrın 18-də kollej müşaviri rütbəsinə irəli
çəkilib, 1916-cı ildə 3-cü dərəcəli
Müqəddəs Stanislav ordeni ilə təltif olunub.
Xudadat bəy Rəfibəyli
1914-cü ildə Həsən bəy Ağayevlə Azərbaycanda
ilk səhiyyə-sağlamlıq cəmiyyətini - “Gəncə
tibb cəmiyyəti”ni yaradırlar. Cəmiyyətin üzvləri xeyirxah işlər
görür, imkansızlara, yoxsullara pulsuz tibbi yardım
göstərir, yoluxucu xəstəliklərin qarşısını
almağa çalışırdılar.
1917-ci ilin martında Xudadat bəy
Gəncədə yaranan Müsəlman Milli
Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin
üzvü seçilir. O, heç bir partiyanın, heç bir qrupun üzvü
deyildi. Ömrünün sonunadək bitərəf
qalır. Ancaq Azərbaycanın müqəddəratı
həll olunduğu dövrdə millətini, yurdunu dərin məhəbbətlə
sevən bu vətənpərvər insan ictimai-siyasi hadisələrdən
kənarda qala bilmir.
Fəal milli mövqeyinə
görə çar hökumətinin məxfi nəzarətində
olan Xudadat bəyin atası Ələkbər bəy də
1917-ci ilin fevral inqilabından sonra Gəncə Milli Komitəsinin
üzvü kimi daha geniş fəaliyyət göstərməyə
başlayır. 1918-ci ildə Qafqaz İslam Ordusunun
başında Gəncəyə gələn Nuru paşanı
qarşılayanlar sırasında Ələkbər bəylə
Xudadat bəy Rəfibəylilər də vardı.
Azərbaycan Xalq Cümhuriyyəti
yarandığı ilk gündən səhiyyə sahəsində
ciddi tədbirlər həyata keçirir. 1918-ci il
iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə
təşkil edilən ikinci hökumət kabinetində Xalq Səhiyyə
və Himayədarlıq Nazirliyi yaradılır. Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin ilk səhiyyə və
himayədarlıq naziri təyin olunur. 1918-ci
ilin sentyabrında yeni hökumət Bakıya
köçürüləndə bu nazirlik əsasında Xalq
Səhiyyə Nazirliyi və Himayədarlıq və Dini Etiqad
İşləri Nazirliyi təsis edilir. Həmin il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil
etdiyi ikinci hökumətdə dəyişikliklər edilir. Xudadat bəy Rəfibəyli yenə də xalq səhiyyə
naziri kimi fəaliyyət göstərməyə
başlayır. O, yeni hökumətin səhiyyə
sisteminin qurulmasında fəal rol oynayır. Xudadat
bəyin rəhbərliyi ilə Azərbaycanda yeni xəstəxanalar,
ambulatoriyalar, həkim və feldşer məntəqələri
yaradılır, dövlət hesabına pulsuz müalicəxanalar,
ekspertizalar üçün laboratoriya açılır,
yoluxucu xəstəliklərlə mübarizə genişləndirilir.
Gəncə yaxınlığındakı
Zurnabad kəndində taun əleyhinə stansiya təşkil
olunur. Görüləcək işlər
hələ çox idi. Amma 1918-ci ilin
dekabrında Xoyskinin hökuməti istefa verir və Xudadat bəy
də səhiyyə naziri vəzifəsini tərk edir.
Bu xeyirxah, ədalətli,
nüfuzlu insanı Azərbaycan hökuməti diqqətdən
kənarda qoya bilməzdi. O, 1919-cu ilin mayında Gəncə
quberniyasının qubernatoru vəzifəsinə təyin
edilir. Xudadat bəy bundan sonra da həkimlik sənətindən
uzaqlaşmır. O, günün birinci yarısında xəstələri
müalicə edir, qalan vaxtda quberniyanın işləri ilə
məşğul olurdu.
Həmin vaxtlar Gəncə
quberniyasında vəziyyət mürəkkəb idi. Xudadat bəy
Rəfibəyli quberniyanın ərazisində Andranikin
başçılıq etdiyi erməni-daşnak silahlı dəstələrinin
azərbaycanlılara qarşı törətdikləri
soyqırımların qarşısını almaq, hərc-mərcliyə,
qarətlərə son qoymaq, sabitlik yaratmaq üçün qətiyyətlə
işə başlayır. Bir il sonra
sovet hökuməti tərəfindən həbs edilən
Xudadat bəy istintaq zamanı deyir: “Quberniyanı idarə etməyə
başlayarkən məndən tələb olunmuşdu ki, əmin-amanlıq
yaradım. Görülən tədbirlər nəticəsində
quberniyadan quldur dəstələri təmizləndi və ləğv
olundu, onların bəzi başçıları ayaqları ilə
gəldilər, məhkəmə tədqiqatına və
istintaqa qədər pulla zaminə buraxıldılar. Nəticədə xeyli sakitlik yaranmağa başladı”.
Azərbaycan milli
istiqlalının beşiyi sayılan Gəncədə əmin-amanlığı
bərpa etmək qubernator üçün asan
olmamışdı. Bolşevik əlaltıları, erməni
daşnakları müstəqil dövlətimizin məhvinə
çalışırdılar. Yerli
satqınlar da cümhuriyyətimizə zərbə vurmaq istəyirdilər.
Gəncənin qubernatoru əhali arasında təbliğat
aparır, təxribatların qarşısını
alırdı.
1919-cu ildə Ələkbər
bəy Rəfibəyli dünyasını dəyişdi. Onun vəfatı
Azərbaycanda kədərlə qarşılandı. Məhəmməd
Əmin Rəsulzadə, Nəsib bəy Usubbəyli, Həsən
bəy Ağayev, Firidun bəy Köçərli, Məmməd
Səid Ordubadi və Əhməd Cavadın mətbuatda
başsağlıqları dərc olundu. Ələkbər
bəy canından çox sevdiyi Azərbaycanın ağır
günlərini görmədi.
1920-ci il aprelin
27-dən 28-nə keçən gecə bolşeviklər Azərbaycanı
işğal etdilər. Aprelin 29-da
Qırmızı ordu hissələri Gəncəyə
doğru irəlilədi. Qırmızı
ordu əsgərlərinə şəhərdə kütləvi
qırğınlar törətməyə bəhanə verməmək
üçün Xudadat bəy aprelin 30-da tutduğu vəzifədən
istefaya getdi. Gəncənin sonuncu qubernatoru bir yerdə
çalışdığı insanlara müraciət etdi:
“Bir ilə yaxın Gəncə qubernatoru vəzifəsini icra
edərkən əmin oldum ki, həm quberniya idarəsinin və
qubernator dəftərxanasının qulluqçuları, həm
də mənə tabe olan polis idarəsinin qulluqçuları
onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə
yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq
yaratmaq işində mənə kömək etmək
üçün var qüvvələrini əsirgəməmişlər.
Ona görə də qubernator vəzifəsini tərk
edərkən adlarını saydığım idarələrin
qulluqçularına çəkdikləri zəhmətə və
qeyrətlə işlədiklərinə görə səmimi
minnətdarlıq etməyi özümə mənəvi borc
bilirəm və ümidvaram ki, onlar Azərbaycan
Respublikasının tərəqqisi və çiçəklənməsi
naminə öz vəzifələrini indən belə də
vicdanla və səylə yerinə yetirəcəklər.
Qubernator Rəfibəyov”.
Xudadat bəy şəhərdə
qalıb həkimlik fəaliyyətini davam etdirmək fikrində
idi. Lakin Qırmızı ordu hissələrinin gəlişi
ilə şəhərdəki ermənilər fəallaşdılar.
Onlar azərbaycanlıların və milli ordu hissələrinin
yeni hökumətə qarşı təxribata
hazırlaşdığını, bu işin başında
Xudadat bəy Rəfibəylinin dayandığını, onun
general-qubernator olanda da bolşevik tərəfdarlarına
qarşı sərt tədbirlər həyata keçirdiyini,
erməni qırğınında iştirak etdiyi barədə
yanlış məlumatlar yaymağa başladılar. Bu xəbərlər Xudadat bəyin həbsini istəyən
Gəncədəki Qırmızı ordu
komandanlığı üçün bəhanə oldu.
1920-ci il mayın 12-də bolşeviklər
Xudadat bəyi həbs etdilər. Onun silahlı əsgərlərin
nəzarəti altında Bakıya aparılacağı xəbərini
eşidən gəncəlilər dəmiryol stansiyasına
toplaşdılar. Xudadat bəy üç
nəfər silahlı əsgərin müşayiəti ilə
gəlirdi. Həmişəki kimi
vüqarlı idi. Qürurla
addımlayırdı. Bir nəfər Xudadat bəyə
onu azad etməkdə gəncəlilərə kömək
üçün Şəmkirdən 500 nəfər silahlı
süvari dəstə gəldiyini dedi. Xudadat bəy təmkinlə
cavab verdi: “Qan tökməyin, bu bizim nəslin
üstündə ləkə kimi qalar. Mən
bütün həyatımı vicdanla yaşamışam və
heç bir günahım yoxdur. Məni
heç nədə təqsirləndirə bilməzlər”.
Mühafizəçilərə
ermənilərin silahlı dəstələri də
qoşuldu. Gəncəlilərin isə qarşısını
kəsib saxladılar. Qatar Bakıya
yollandı.
1920-ci il mayın
ortalarından Gəncədə vəziyyətin kəskinləşməsinin,
üsyanın başlamasının səbəblərindən
biri də Xudadat bəyin həbs edilməsi ilə
bağlı idi.
Xudadat bəy bir neçə maddə ilə mühakimə olunurdu. Əsas ittiham ermənilərin yazdığı danoslara əsaslanırdı. Onun həbsi üçün uzun müddət çalışan erməni daşnakları öz istəklərinə uyğun hərəkət edirdilər. Xudadat bəy Rəfibəylinin istintaqını bolşevik cildinə girmiş daşnak müstəntiqi M.Səfikyan aparırdı. Xudadat bəy müstəntiqə belə bir ifadə verdi: “Mənim erməniləri qətlə yetirməyim haqqında ittiham ermənilərin özlərinin uydurmasıdır. Mən nə Qaçaq Məmmədqasıma, nə də Sarı Ələkbərə ermənilərin qətl edilməsi barədə göstəriş verməmişəm. Mən Gəncədə yaşayan ermənilərlə bir neçə dəfə görüşüb, onları qanunlara riayət etməyə çağırmışam. Lakin ermənilər hər dəfə mənim tələblərimə riayət etməyiblər və Gəncədə ermənilər yaşayan məhəllədə insanları silahlandırıblar. Mənim həbs edilməyim də onların istəyi ilə həyata keçirilib”. Səfikyanın cəhdlərinə baxmayaraq, Xudadat bəy verdiyi ifadələrdən imtina etmədi. O dedi: “Barəmdə irəli sürülmüş ittihamda özümü təqsirkar hesab etmirəm. Mənə imkan verilsəydi, mövcud olan sənədləri üzə çıxarıb heç bir günahım olmadığını sübut edərdim”.
Ancaq ona son sözü demək fürsəti belə verilmədi. İyunun 1-də Xudadat bəyi tələsik və gizli Nargin adasına apardılar, orada güllələdilər.
Azərbaycanın qeyrətli oğlu Xudadat bəy Rəfibəyli 43 yaşında qətlə yetrildi. Həyat yoldaşı Cəvahir xanım, üç övladı - 11 yaşlı Kamil bəy, 9 yaşlı Rəşid bəy və 7 yaşlı Nigar xanım həyatın sərt sınaqları ilə üz-üzə qaldılar. Xudadat bəydən sonra başları çox bəlalar çəkdi. Ancaq istiqlal mücahidinin adına layiq ömür sürdülər. Rəfibəylilərin bir çoxu kimi Kamil bəylə Rəşid bəy də doğma Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Kamil bəy Türkiyədə, Rəşid bəy Rusiyada yaşadı. Biri həkim, digəri geoloq oldu. Nigar Rəfibəyli isə xalq şairi kimi tanındı.
Azərbaycan Respublikası Prokurorluğunun 1990-cı il 2 iyul tarixli qərarı ilə Xudadat bəy Rəfibəylinin işində cinayət tərkibi olmadığına görə xitam verildi və bəraət qazandı.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan Dillər
Universitetinin müəllimi
Azərbaycan.- 2017.- 19 fevral.- S. 8.