Diplomatik nümayəndəliklərin
rəhbərləri və onların xanımları Şəkinin
tarixi məkanları ilə tanış olublar
Xarici ölkələrin Azərbaycanda
akkreditə olunmuş diplomatik nümayəndəliklərinin
rəhbərləri və onların xanımları
respublikamızın şimal-qərb bölgəsinə səfərləri
çərçivəsində fevralın 20-də Şəkidə
olublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti Administrasiyası və Xarici
İşlər Nazirliyinin təşkilatçılığı
ilə təşkil edilən səfərdə 30-dək
diplomatik nümayəndəliyin 45-ə yaxın nümayəndəsi
iştirak edib.
Səfərin əsas məqsədi
Azərbaycanın regionlarının sosial-iqtisadi
inkişafı, həmçinin bölgənin turizm
potensialı ilə yaxından tanış olmaqdır.
Qonaqlar əvvəlcə “Marxal”
müalicə-istirahət kompleksində yaradılan şəraitlə
tanış olublar. Məlumat verilib ki, Böyük Qafqaz sıra dağlarının cənub-qərb
yamaclarında, dəniz
səviyyəsindən 1080 metr
yüksəklikdə, füsunkar
ərazidə tikilən
bu kompleksin mehmanxana binasında hər biri iki
nəfərlik 172 nömrə
var. Kompleksin ərazisindəki
villa tipli 31 kottecdə
isə eyni vaxtda 168 nəfər qala bilər.
Səfər proqramına uyğun olaraq diplomatlar və onların xanımları sonra Şəki şəhərinin
qədim tarixi hissəsinə - “Yuxarı
Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun
ərazisinə gəliblər.
Diqqətə çatdırılıb
ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən
olan Şəkinin 2700
ildən artıq yaşı var. Qədim ipəkçilik və sənətkarlıq ənənələrinə
malik olan bu şəhər, həm də dünya əhəmiyyətli
nadir tarixi-memarlıq abidələri
ilə məşhurdur.
Şəkidə dövlət
qeydiyyatına alınmış
84 tarix və mədəniyyət abidəsi
var. Hər il
bu şəhərdə
beynəlxalq səviyyəli
festivallar, tədbirlər
keçirilir.
Qoruqla tanışlıq zamanı
məlumat verilib ki, burada dövlət
qeydiyyatına götürülən
25 tarixi abidə var. Ərazidə təbiət
gözəllikləri ilə
insanların yaratdıqları
qədim abidələr
vəhdət təşkil
edir, bir-birini tamamlayır. Qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Qoruğun ərazisində yerləşən
XVIII əsrə aid nadir tarixi-memarlıq
abidəsi – Şəki
xanlarının sarayı
diplomatlarda xüsusilə
böyük maraq oyadıb. Sarayla tanışlıq zamanı bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın
əsasını qoyan
Hacı Çələbi
xanın nəvəsi
Hüseyn xanın dövründə, təqribən
1761-1762-ci illərdə inşa
edilən bu sarayın dünyada bənzəri yoxdur. Abidənin tikintisində mismar və yapışqandan istifadə
olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin
bir kvadratmetrinə 5
min, pəncərə şəbəkələrin
hər kvadratmetrinə
isə 14 minədək
xırda detal və rəngli şüşə düşür.
Sarayın həyətindəki yaşı
500-ə çatan qoşa
Xan çinarları qonaqlarda böyük maraq doğurub. Diqqətə
çatdırılıb ki,
bir neçə il əvvəl
Şəki xanları
sarayının 250 illik
yubileyi böyük təntənələrlə qeyd
olunub.
Sonra diplomatlar qoruğun ərazisindəki
tarixi-memarlıq abidələri
ilə tanış
olub, “Sənətkarlar
evi”nə baş çəkib, şəkili
sənətkarların əl
işlərinə baxıblar.
Şəbəkə ustası Hüseyn
Hacımustafazadə qonaqlara
şəbəkə sənətinin
sirləri barədə
məlumat verib.
Qoruğun ərazisində yerləşən,
inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da qonaqların ürəyincə
olub. Bildirilib ki, Şərq
memarlığı üslubunda
tikilən kompleks 300-dək
otaq və zirzəmidən ibarətdir.
XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn
tacirlər əsasən
bu karvansarayda qalır, ticarətlə məşğul olurdular.
Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir.
Sonra diplomatlar və onların xanımları şəkili sənətkarların
əl işlərinin
satıldığı mağazalara
baş çəkiblər.
Səfərlə bağlı
təəssüratlarını jurnalistlərlə bölüşən
Çin Xalq Respublikasının ölkəmizdəki
səfiri Vey Cinxua,
Pakistan İslam Respublikasının
ölkəmizdəki səfiri
Said Xan Mohmand, Bolqarıstanın Azərbaycandakı
səfiri Maya Xristova və başqaları Şəkinin tarixi məkanları ilə tanışlıqdan məmnun
qaldıqlarını bildiriblər.
Azərbaycan.-
2017.- 21 fevral.- S. 5.