“Həmin gecə iki
qardaşımı, atamı və anamı itirdim...”
1988-ci ildə Ermənistandan vəhşicəsinə qovulan Sevda Kərimovanın ailəsini ermənilər 4 il sonra Xocalıda da soyqırımına məruz qoydular
Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən yurd kimi yaddaşlara yazılan Xocalı o gecə qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağıdılan ana idi - fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən kimsəsiz kimi can verirdi...
Xocalıdan olan dərdli-naləlilər arasında indiki Ermənistandan perik salınanlar da az deyil. Ah-nalələrini o gecədən dağlı sinəsində, ağlar gözlərində saxlayan və qələmə alınmayan Sevda Kərimova Ermənistanın Əzizbəyov rayonunda anadan olub. Daşnakların yürütdüyü siyasət nəticəsində 1988-ci ildə doğulduğu yurdu tərk edərək Şuşaya pənah gətirib, sonra isə oradan Xocalıya köçüblər. Ağıllarına gəlməzdi ki, Xocalıda belə dəhşətlərlə, müsibətlərlə üzləşə bilərlər. Xocalıdan aralı düşdükləri vaxtdan keçən 25 il ərzində bir an olsun belə o müsibətli günləri unuda bilməyiblər.
Danışmağa çalışsa da, bir qədər susub düşünür. 1967-ci ildə anadan olan Sevdanın atası Samran kişi 1941-1945-ci illər müharibəsinin veteranı idi. Həmişə atalarına müharibə haqqında sual verib keçdiyi döyüş yollarından eşitdiklərini sanki nağıl kimi qəbul ediblər. Amma ağıllarına gəlməyib ki, bir gün özləri də həmin dəhşətləri yaşayacaqlar. Samran kişi müharibədən sol qolundan yaralı qayıdıb. Xocalı müsibətində də veteran ağsaqqalı məhz həmin yaralı qolundan vurmuşdular.
Sevda Kərimova yaddaşında saxladıqlarını çözələyir: “...Xocalıdan çıxıb qaçmaq istəyəndə Noraguhda ikinci dəfə atamı həmin qolundan və kürəyindən vurdu ermənilər. Xocalıdan “canını qurtarıb bu günə kimi yaşayanlar”ın ürəyi dağlıdır”.
Qəlbində ata-ana və iki qardaş yarası var Sevdanın. Böyük qardaşı Feyruz Kərimov leytenant rütbəli zabit, Soltan isə polis serjantı olub. O gecə Soltan növbədə imiş. Sinəsi qoşa qardaş, ata-ana dağıyla göynəyən Sevda Kərimova o günlərə qayıdır: “Fevral ayının 25-nin gecəsinə kimi maşın qarajında qalırdıq, ev üzü görmürdük. Ermənilərin yaşadığı Noraguh kəndi ilə Xocalı üz-üzəydi. Bir gün qabaq gəlinimizlə qarajdan evə gedirdik ki, ərzaq gətirib yeməyə bir şey hazırlayaq. Bizi Noraguhdan atəşə tutdular, evə gedə bilmədik, qaldıq qarajda. Heç kimlə əlaqə saxlaya bilmirdik. Səhər birtəhər evə gəldik. Elə bil fevralın 25-i gecəsi Xocalını işığa qərq etmişdilər. Atılan fişənglərin, projektorların işığı Xocalının gecəsini gündüzə çevirmişdi. Qulaqbatıran ağlaşma-şivən, qocalı-qarılı xocalılıların fəryadı bürümüşdü bu sahibsiz şəhəri! Deyirdilər ki, ermənilər dolub şəhərə. Xocalı dik alışıb yanırdı, tonqal kimi. Yerli xocalılılar hər tərəfi, yol-yolağanı tanıyırdılar, amma biz Ermənistandan gələnlər heç yana bələd deyildik. Ona görə də qoşulduq onlara. Atamı elə evdə həmin yaralı qolundan və kürəyindən vurmuşdular. Bir ay bu hadisədən öncə anamı da evdə corab toxuduğu yerdə yaralamışdılar. Noraguhdan atılan güllə divarı deşib anamın qoluna dəymişdi. O gecə qardaşım Feyruz mənə dedi ki, sən anamı apar, mən də atamı gətirim. Onun qızını da anası götürdü”.
Bizi ağdamlılar xilas etdi
O gecə səhərə kimi meşədə yol gəldilər. Səhər açılanda Naxçivanikdə erməni yaraqlıları qabaqlarını kəsdilər. Feyruz silahlı idi, bacısı Sevdaya əmr edir ki, qaç! Qoçaq döyüşçü olduğu üçün sonradan “İgidliyə görə” medalla təltif edildi. Sevda onlardan aralanıb Balakişigilin dəstəsinə qoşulmuşdu. Ayaqlarındakı köhnə qaloş cırılıb düşdüyündən, eləcə corabdaydı. Dəstə kolların dibinə sığınmışdı. Günorta idi. Onlara yaxın kolun dibində qardaşının yoldaşı ilə uşağı əsir aparanda qorxudan səslərini çıxara bilmədilər. Göydən alov tökülürdü. Ermənilər onları aldadıb “Biz də xocalılıyıq, qorxmayın, bu yandan gəlin” deyib çağıranda dəstənin artıq Şelliyə çatmasına az qalırdı. Bir az da irəlilədilər.
Sevda qabaqda meyitləri görəndə istəyib ki, qışqırsın: anasının əmisi ailəsini burada güllə-barana tutub qırmışdılar. Bura sonuncu post idi. Onları aldadaraq aparıb orada gülləbaran etmişdilər: “Bizi də buna görə çağırırdılar. Barat adlı bir yaşlı kişi özünü öldürürdü ki, bizi aldadırlar, qayıdıb oturun kolun dibində”.
Sonra Ağdamdan kömək gəldiyi üçün ermənilər geri çəkilirlər. Sevdagilin dəstəsini köməyə gələnlər mühasirədən çətinliklə çıxarırlar. Xocalılılar qarın üstü ilə sürünə-sürünə, kolların arxasına sığına-sığına uzaqlaşırlar: “Kolun dibində oturmuşduq. Xocalının icra başçısı Elman Məmmədovun xalası Rözə də bizimlə idi. Ayaqlarım donurdu, axı yalın idi. Onun əlində bir cüt köhnə, nimdaş ayaqqabı vardı. Dedi ki, yoldaşım Qulunu yolda vurdular. Onun ayaqqabılarıdı. Gördü ki, ayaqlarım donur, ayaqqabıları mənə geyindirdi. Ağdama rəhmətlik Qulu əminin ayaqqabılarında gəldim. Ağdam camaatı üstümüzə elə töküldü ki, ömrüm boyu unuda bilmərəm. Bizi ağdamlılar xilas etdi. Bizimlə birlikdə gah xəstəxanaya gedirdilər, gah məscidə, gah da qərargaha. Hər kəs öz itkinini, əsir-girovunu, yaralısını axtarırdı. Hamının başı qarışıq idi öz dərdinə”.
Ermənilərə qan udduran qardaş
Qardaşı Soltan Xocalının müdafiəsində dayanan vaxtlarda ermənilərə qan uddurmuşdu. O, bir erməni polisini vurduğu üçün saqqallılar bunu unutmamışdılar. Ona görə də onu axtarırdılar. Soltan həmin günlər camaatın mühasirədən çıxmasına kömək edirdi. Ailəsindən aralı düşmüşdü. Bilmirdilər ki, haradadı. Kimdən soruşurdular, elə deyirdilər ki, Soltan bizim dəstəni çıxarıb geri qayıtdı ki, o birilərinə də kömək etsin.
25 ildir qardaşının getdiyi yolları görə bilməyən bacı deyir ki, dəhşətli günləri qabaqda imiş: “Fevralın 25-də vurulmuş ata-anamın və qardaşım Feyruzun meyitləri martın 21-də, Novruz bayramı günü Ağdama gətirildi. Buna dözmək olar?! Oradan isə Mingəçevirə, qohum qapısına apardıq. 3 meyiti bir evdən çıxarmaq bilirsiz necə dərddir?! Apardılar oradakı xeyir-şər yerinə. Mingəçevirdə Əli qəbiristanlığı var, əzizlərim orada dəfn edildi. Bayram günlərimiz o gündən qara boyandı: üç istəklimi basdırdım bir gündə! Buna dözdüm və dəfn edildikləri üçün sevindim”.
Ailədə iki qardaş, bir bacı olublar. Qardaşı Soltanın yoldaşı hamilə olduğu üçün Naxçıvana, atasıgilə getdiyindən faciədən uzaq idi. Buna şükür etdilər ki, nə yaxşı, özündən sonra balası dünyaya gəldi, yurdu boş qalmadı. Babasının adını daşıyan Samran bala atasını, qardaşı Soltan isə ilk və sonbeşik oğlunu görmədi. Artıq Samranın 25 yaşı var. Xocalını istəyir. Belə dərdi danışmaq çətindir. Sevda xanım yana-yana deyir ki, düz 25 ildir bu dərdi danışıram, amma elə bil təzələnir. Başımıza açılan müsibətlər sanki dünən gecə olub. Dərdli bacının təsəllisi də var: ata-anasının, qardaşı Feyruzun məzarı. Axı ziyarət edir, dərdini onlarla bölüşür. Amma Soltan qardaşının itkin dərdi onu yandırdıqca yandıracaq. Əsir və girovluqdan qurtaranlardan çox soraqlayıb. Kimsə onu orada - əsirlikdə görməyib. Şəhid olan qardaşı Feyruzun bir qızı var - Firəngül. Anasının adını qoymuşdular. O zaman 7 yaşında olub. Girov götürüləndə qorxudan, həyəcandan xəstəlik tapıb: başının tükü tamamilə tökülüb. Anası o zaman əsir düşəndə ona başa salır ki, atanın leytenant olduğunu ermənilərə demə. Desən, ona görə sənə əzab verərlər...
Qədim qəbiristanlığın qərib şəhidləri...
Soltanın yoldaşı Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayır. Dövlət onları da mənzillə təmin edib. Yeni yaşayış məhəlləsi salınıb. Xocalıda yaşayarkən Sevda Maliyyə-Kredit Texnikumunda oxuyurmuş. Vəziyyət qarışanda bilməyib ki, nə harada qaldı. Dövlət imtahanını harada və necə verə bilərdi ki? Ona görə diplomdan da məhrum olub. Özü ailə başçısıdır: bir qızı, bir oğlu var. Oğlu da Xocalıda yaşadıqlarına görə sağalmaz dərdə düşüb, daim müalicə olunur. Qızı Aysel ailəlidir, nənəsinə iki nəvə bəxş edib.
Bir təsəllisi var Sevdanın: “Cənab Prezident xalqımızla, yenilməz ordumuzla bizə həsrətini çəkdiyimiz Qarabağımızı qaytaracaq. Son günlərin hadisələri bunu bir daha təsdiqləyir. Ermənilər heç də özlərinə güvənməsinlər. Biz torpaqlarımızı azad edəcəyik. Bir nigarançılığımı da deyim. Şəhidlərimin məzarlarının üstünün götürülməsi barədə sərəncam da verilib. Onlar dəfn ediləndə vəziyyət o qədər ağır idi ki, üç şəhid məzarına bir başdaşı qoyulub. Yəni şəhidlərimizin şərəfinə layiq deyil. İşləmədiyim üçün maddi imkanım yoxdur ki, onlara övladlıq borcumu verim. İstəyim budur ki, onlar o zaman dəfn edildikləri Mingəçevirdəki Əli qəbiristanlığından çıxarılıb şəhidlər üçün salınan xiyabana köçürülsün. Bu da övlad kimi mənə bir göz dağı olmasın”...
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.-
2017.- 21 fevral.- S. 6.