İlham Əliyev: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir”

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva: “Cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam

 

Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

AZƏRTAC xəbər verir ki, fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edərək deyib:

-Bu gün mənim Sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır.

Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda, Mehribanın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb.

2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyüknüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunubya yenidən tikilmişdir.

Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərmişdir. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilmişdir. Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz o məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və ən az müdafiə olunan vətəndaşlara imkan daxilində öz dəstəyini göstərsin.

Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev FondununMehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə olaraq sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur.

Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilmişdir. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır.

Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdüronun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynamışdır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır.

Təsadüfi deyil ki, bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban Əliyevaya həvalə edilib. Bu Oyunların Təşkilat Komitəsinin sədri də odur və hazırlıq işləri yüksək səviyyədə aparılır. Əminəm ki, biz İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirəcəyik.

Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nunISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri kimi Mehriban bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.

Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. Bu təyinat münasibətilə mən onu təbrik edirəm və ona yeni uğurlar arzulayıram.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edərək dedi:

-Hörmətli cənab Prezident.

Mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam.

Mənim fəaliyyətim haqqında dediyiniz sözlərə, verdiyiniz qiymətlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün belə bir qiymətə layiq olmaq böyük şərəfdir. Sadaladığınız hər bir uğurun, hər bir nailiyyətin arxasında Sizin köməyiniz, Sizin dəstəyiniz durur.

Ötən illər ərzində Sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağınız, insanlarla, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün bir nümunə idi. Bizim fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçikolsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.

Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimaisiyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.

Hörmətli cənab Prezident.

Hörmətli Təhlükəsizlik Şurasının üzvləri.

Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam.

Göstərdiyiniz etimada görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

 

X X X

 

İclasda Təhlükəsizlik Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin qərarını dəstəklədiklərini bildirdilər və Mehriban Əliyevaya fəaliyyətində uğurlar arzuladılar.

 

Azərbaycan.- 2017.- 22 fevral.- S.1, 2.