Dini konfessiyaların rəhbərləri Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik ediblər

 

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik ediblər. Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Təbrikdə deyilir: Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri dövlətimizin tarixində ilk dəfə olaraq Vitse-prezidentlik səlahiyyətlərinin Sizə həvalə olunması münasibətilə dindarlarımız adından Sizi təbrik edir, yeni vəzifənizdə daim uğurlu olmanız üçün səmimi arzularımızı və xeyir-dualarımızı yetirir, Uca Yaradanın mərhəmət və qüdrət nəzərinin hər zaman üzərinizdə olmasını diləyirik.

Bizim xalqımız və dövlətimiz üçün böyük fəxarətdir ki, siyasi liderlik zirvəsinə yetişən nadidə qadınlar arasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO kimi beynəlxalq təşkilatların xoşməramlı səfiri Mehriban xanım Əliyeva var. Sizin bu zamana qədər yerinə yetirdiyiniz ictimai, siyasi və mədəni missiya tarixi fenomendir. Müqəddəs məkanların tikintisi və bərpası, müsəlman ziyarətgahları ilə yanaşı, xristian və yəhudi dini abidələrinin abadlaşdırılması sahəsində gördüyünüz işlər, milli-mənəvi dəyərlərimizin xaricdə və ölkə daxilində mütəmadi təbliğ olunması bir azərbaycanlı xanımın dünyaya bəyan etdiyi yüksək tolerantlıq mədəniyyətinin nümayişidir. Siz millətlər və dinlər arasında dialoqu, multikulturalizm prinsiplərini daim diqqət mərkəzində saxlamaqla Azərbaycanın beynəlxalq nüfuzuna yenilməz zəfər qazandırırsınız.

Böyük və nəcabətli ailə ocağının qızı, xanımı və anası olan Mehriban Əliyevanın timsalında biz Azərbaycanın bu gününün və sabahının ucalığını təmin edən möhtərəm Prezidentimiz İlham Əliyevin fədakar yardımçısını görürük. Mehriban xanım Əliyeva öz nümunəsi ilə ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Heydər Əliyevin ənənələrini qoruyaninkişaf etdirən ictimaisiyasi xadim zirvəsini xalqın könlündə fəth etmişdir.

Hörmətli Mehriban xanım, Vitse-prezident kimi fəaliyyətinizin ilk günü xalqımızın qədim bayramlarından olan Novruzun ilk Su çərşənbəsinə - Baharın oyanışına təsadüf edib. Biz bunu gəlişi mübarək olan rəmz kimi qəbul edirik. Sizin sayənizdə ölkəmizdə yeni ümidlər oyanacaq, həyatımız su kimi şəffaf və aydın olacaq, inşallah! Bu əziz gündə bir daha Sizi təbrik edir, dindarlarımızın xeyir-dualarının daim Sizinlə olmasını arzu edirik.

Uca Yaradan hər zaman yardımçınız olsun! Amin”.

Məktubu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Alban-udi dini icmasının sədri Robert Mobili imzalayıblar.

 

Azərbaycan.- 2017.- 22 fevral.- S. 5.