Özbəkistan portalında Xocalı faciəsi ilə bağlı məqalə yerləşdirilib

 

Özbəkistanın tnews.uz portalında XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı özbək dilində geniş məqalə yerləşdirilib.

Yazıda Xocalı faciəsi haqqında ətraflı məlumat verilir, soyqırımı zamanı həlak olan, yaralanan və itkin düşən soydaşlarımız haqqında danışılır. Bildirilir ki, bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Məqalədə bildirilir ki, Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Peru, Honduras kimi dövlətlərin parlamentləri, eləcə də, ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər.

Yazıda bu hadisələrin canlı şahidlərinin ifadələri də yer alıb.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da söhbət açılır, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfdən işğal edildiyi bildirilir. Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi ilə bağlı dörd qətnamə qəbul edib. Lakin sənədlər bu günədək Ermənistan tərəfdən icra olunmayıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2017.- 22 fevral.- S. 5.