Azərbaycanın enerji siyasətinə dünyada böyük maraq var

 

Münxen Təhlükəsizlik Konfransının və digər mötəbər təşkilatların tədbirlərində Prezident İlham Əliyevin şərhləri həmişə maraqla qarşılanır

 

Münxen Təhlükəsizlik Konfransı son onilliklər ərzində dünyanın siyasi liderlərinin bir araya gəlməsi ilə baş tutan əsas təhlükəsizlik siyasəti tədbirlərindən biridir. 1962-ci ildə NATO üzvü olan dövlətlərin məşvərət məclisi kimi yaradılan bu platforma hazırda beynəlxalq foruma çevrilibonun tədbirlərində dövlət rəsmiləri ilə yanaşı, görkəmli diplomatlar, adamları, siyasi və hərbi xadimlər iştirak edərək beynəlxalq səviyyəli aktual problemləri müzakirə edirlər.

 

Enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz

 

Vaxtilə ancaq hərbi təhlükəsizlik məsələlərinə həsr olunan konfransın gündəliyinə SSRİ-nin süqutundan sonra iqtisadi problemlər də salınmağa başlandı. Ona görə bu gün Münxen Təhlükəsizlik Konfransında siyasi-hərbi, o cümlədən iqtisadi sahələri əhatə edən təhlükəsizlik məsələləri, gələcəkdə baş verməsi ehtimal olunan problemlərdən çıxış yolları geniş müzakirə olunur. Bu forum əksər ölkələrdə böyük maraqla izlənən mötəbər beynəlxalq tədbirə çevrilib.

Bu il fevralın 17-dən 19-dək keçirilən 53-cü Münxen Təhlükəsizlik Konfransının da mövzuları beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar və onların həlli yolları idi. 500-dən çox nümayəndənin - dövlət və hökumət başçılarının, tanınmış siyasətçilərin, adamlarının və elm xadimlərinin iştirak etdiyi budəfəki tədbirdə gündəliklə bağlı və gələcək çağırışlara dair müzakirələr aparıldı.

Xatırladaq ki, enerji təhlükəsizliyi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə olunan məsələlərin sırasına 2013-cü ildən salınıb. Bu da onu göstərir ki, enerji təhlükəsizliyi bu gün Avropanı narahat edən ən aktual problemlərdən biridir. Bu dəfə də enerji resurslarından istifadə, ətraf mühitin qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi Münxendə diqqət mərkəzində olan məsələlərdən biri oldu. Xüsusilə, Avropanın enerji təhlükəsizliyi məsələsi diqqət mərkəzində idi.

Bu mənada Prezident İlham Əliyevin iştirak etdiyi 53-cü Münxen Təhlükəsizlik Konfransı ölkəmiz üçün aktual məqamlarla yadda qaldı. Belə ki, konfrans çərçivəsində ölkə başçısının keçirdiyi görüşlər, o cümlədən iştirak etdiyi “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda keçirilən “dəyirmi masa” Azərbaycanın enerji təhlükəsizliyi məsələsində oynadığı mühüm rolu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin bu “dəyirmi masada iştirakı isə tədbirin təşkilatçıları və auditoriyası tərəfindən yüksək rəğbətlə qarşılandı. Təsadüfi deyil ki, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger və “Offshore Northern Seasfondunun prezidentibaş icraçı direktoru Leif Yohan Sevland “dəyirmi masa”nın əvvəlində Azərbaycan Prezidentinin tədbirdəki çıxışının və enerji təhlükəsizliyi ilə bağlı fikirlərinin vacib olduğunu xüsusi qeyd etdilər.

Münxen Təhlükəsizlik Konfransı kimi belə qlobal əhəmiyyətə malik olan bir tədbirdə iştirak etmək məndə həmişə məmnunluq doğurur. Əlbəttə, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. İndi isə irimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaq” - deyən Prezident İlham Əliyev “dəyirmi masada çıxışında Azərbaycanın enerji təhlükəsizliyində oynadığı roldan, təbii qazın istehlakçılara çatdırılması üçün nəql marşrutlarının şaxələndirilməsi istiqamətində görülən işlərdən danışdı, bu istiqamətdə qarşıda duran vəzifələri bir daha diqqətə çatdırdı.

 

Avropada ən böyük infrastruktur layihəsi

 

Azərbaycanın enerji təhlükəsizliyində oynadığı mühüm rol malik olduğu karbohidrogen ehtiyatlarla yanaşı, həm də neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahibliyindən irəli gəlir. Prezident İlham Əliyevin ulu öndərin müəllifi olduğu neft strategiyasını uzaqgörənliklə, qətiyyətlə davam etdirməsinin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi Ərzurum qaz kəmərlərinin çəkilişinin başa çatdırılmasından sonra karbohidrogen ehtiyatların nəqli ilə bağlı bütövlükdə Xəzər hövzəsində tamamilə yeni vəziyyət yarandı. Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başladı. BTC-nin istifadəyə verilməsi ilə Azərbaycan dost və tərəfdaş ölkələrin, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdi. Bu, Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artıraraq ölkəmizin həm də etibarlı strateji tərəfdaş kimi statusunu möhkəmləndirdi. Təsadüfi deyil ki, indiyədək keçirilən bütün enerji sammitlərində Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki müstəsna rolu və imkanları dəfələrlə vurğulanıb.

Ölkəmiz enerji təhlükəsizliyi məsələsində mövcud vəziyyətlə kifayətlənməyərək neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı yeni təşəbbüslərlə çıxış edir, səslənən mütərəqqi təklifləri dəstəkləyir, xüsusən Avropa İttifaqının enerji təhlükəsizliyinə yeni töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edir. Odur ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq hazırda Azərbaycan-Aİ əlaqələrinin əsas tərkib hissələrindən biridir. “Cənub qaz dəhlizi” layihəsi hazırda edilən uğurlu əməkdaşlığın göstəricisidir. Prezident İlham Əliyev çıxışında bu layihənin ötən əsrin 90-cı illərində başlanan layihələrin davamı olduğunu bildirərək deyib: “Bu gün çoxsaylı digər ölkələr, şirkətlərlə birlikdə və Avropa Komissiyasının dəstəyi ilə biz “Cənub qaz dəhlizi” layihəsini icra edirik. Bu layihə 1990-cı illərdə icrasına başladığımız layihələrin davamıdır. Azərbaycanda böyük qaz yataqlarını aşkar edən kimi bu qazı beynəlxalq bazarlara nəql etmək üçün qərar qəbul olunub. İndi “Cənub qaz dəhlizi” məndə olan məlumata görə, Avropada ən böyük infrastruktur layihəsidir. Onun ümumi dəyəri 40 milyard dollardan çoxdur. Hazırkı mərhələdə bu layihədə 7 ölkə iştirak edir. Gələcək illərdə ən azı 3 ölkədə bu layihəyə qoşulacaq. Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir”.

TANAP və TAP boru kəmərlərinin inşası nəticəsində “Cənub qaz dəhlizi”nin işə düşməsindən sonra Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində daha yaxından iştirak edəcək. Çünki bu dəhliz Azərbaycanın təbii qazını Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə, minlərlə kilometrlik məsafəni qət etməklə Avropanın mərkəzinə çatdıracaq. Ən əsası, bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək, həm də Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.

Azərbaycanın həyata keçirdiyi enerji siyasəti həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin maraqlarına uyğundur. Azərbaycan enerji siyasətində şaxələndirməyə üstünlük verməklə enerji nəqlinin təhlükəsizliyinə nail olub, əlverişli bazar imkanlarından yararlana bilib.

“Cənub qaz dəhlizi” isə Prezident İlham Əliyevin “dəyirmi masada qeyd etdiyi kimi, ölkəmizin qürur duyduğu layihədir: Bu, ölkəmizin təşəbbüskarı olduğu həqiqətən də geniş maliyyə, infrastruktur, texniki, enerji layihəsidir və biz bununla qürur duyuruq. Əlbəttə, bu ölkələr arasında yeni əməkdaşlıq formatı regionda tamamilə yeni bir əməkdaşlıq ruhunu yaradır. Bu, birgə bağlılıq, yəqinlik, etibarlılıq və tərəfdaşlıq yaradır. Beləliklə, layihə tamamlandıqdan sonra Avropa üçün təbii qaz təchiz edən etibarlı və yeganə yeni qaz mənbəyi qismində Azərbaycanın rolu əlbəttə ki, artacaqAvropa təşkilatları ilə əlaqələrimiz güclənəcək”.

Hər bir enerji layihəsinin uğurla reallaşması Azərbaycanın mühüm siyasi-diplomatik uğurudur. Bu uğur Azərbaycanın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsi ilə yanaşı, hər bir məsələdə qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından və beynəlxalq birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən irəli gəlir. Elə buna görə də Münxen Təhlükəsizlik Konfransı və Avropanın digər bu kimi mötəbər siyasi-iqtisadi təşkilatlarında Azərbaycan Prezidenti İlham Əliyevin şərhlərinə, fikirlərinə, enerji təhlükəsizilyi ilə bağlı təhlillərinə həmişə ehtiyac duyulur.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 22 fevral.- S. 6.