Şəhidlər millətin fəxri, qürur
mənbəyidir
Azərbaycan Ordusu istənilən an torpaqlarımızı düşməndən
azad etmək iqtidarındadır
Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ötən ilin aprelində düşmənə sarsıdıcı zərbə vurmağa imkan verdi. Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş başlıca vəzifəni yerinə yetirdi. Erməni silahlı qüvvələri cəbhəboyu ərazilərdə, kəndlərdə təxribatları artıraraq mülki əhalini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tuturdu. Əhali arasında itkilərin qarşısının alınması üçün erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələrin endirilməsi, düşmənin hərbi birləşmələrinin bizim kəndlərdən daha uzaq yerə çəkilməyə məcbur edilməsi ilkin mərhələ üçün başlıca hədəf idi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunan, döyüş ruhu yüksək Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu sübuta yetirdi. Ötən il aprelin əvvəllərində cəbhə bölgəsində yaşanan məlum hadisədən sonra rəsmi Bakının danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi sonsuz və mənasız uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə torpaqlarını azad etmək, ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmindədir.
Azərbaycan dövləti danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Silahlı Qüvvələrimiz aprelin əvvəllərində son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirdi. Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması insanlarımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı.
Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər bu gün düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Ötən il dekabrın 12-də cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatının Azərbaycan Ordusu tərəfindən atəşlə məhv edilməsi də bunu bir daha sübuta yetirdi. Azərbaycan tərəfi bununla göstərdi ki, istənilən düşmən təxribatının qarşısı dərhal alınacaq və vurulan zərbə öldürücü olacaq!
Ötən il dekabrın 29-da isə Azərbaycanın müzəffər əsgərləri çoxlu sayda erməni diversant qrupunu zərərsizləşdirərək onu böyük itkilər verməklə geri çəkilməyə məcbur etdilər. Düşmənin təxribatçı hərəkətlərinin qarşısını alarkən Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanov son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş və şəhidlik zirvəsinə ucalmışdır. Ermənistanın irticaçı rəhbərliyi əsgər Çingiz Qurbanovun nəşinin Azərbaycana gətirilməsinə hər cür əngəl yaratmaq istəyirdi. Əsgərimizin nəşinin vətənə gətirilməsi də məhz dövlət başçısının qətiyyəti nəticəsində baş tutdu. Çingiz Qurbanovun nəşinin geri qaytarılması, beynəlxalq təşkilatların bu barədə məlumatlandırılması dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilib. Bu məsələ ölkə rəhbərinin daim diqqətində olub. Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi həm də əsgərimizə ölkə Prezidentinin yüksək qiymət verməsinin sübutudur. Ermənistan bu məsələdə növbəti dəfə Azərbaycana uduzdu.
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin təmin edilməsinə daim çalışır. Ölkə başçısı fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşü zamanı bildirib: “Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir.
Mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi. Bir aydan çox idi Çingizin nəşini qaytarmaq istəmirdi. Azərbaycan dövləti çox böyük səylər göstərdi. Eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmadı. Biz birgə səylərlə Çingizin nəşinin vətənə qaytarılmasına nail olduq. Bakıda təntənəli vida mərasimi keçirildi. Bundan sonra Çingiz doğulduğu Qusar rayonuna aparıldı və orada təntənəli mərasimlə torpağa tapşırıldı. Fürsətdən istifadə edərək Qusar rayonunun bütün sakinlərinə öz hörmətimi bir daha ifadə etmək istəyirəm. Qusarlılar Çingiz kimi qəhrəman övladı Azərbaycana bəxş etmişlər.
Dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi. Çünki keçən ilin aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat törətməyə cəhd etmişlər. Ancaq bu təxribat nəticəsində özləri peşman olmuşlar. Azərbaycan Ordusu onlara elə zərbə vurmuşdur ki, bu günə qədər də özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar poqonlarını, vəzifələrini itirdilər. Ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü və bu, bu gün də davam edir. Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. İndi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar”.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov ölkə başçısı ilə görüşündə vurğulayıb ki, bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə Sizin tərəfinizdən verilən qiymətdir. Şəhidin atası bildirib ki, Ali Baş Komandanın əmri olarsa, o da əlinə silah götürərək vətənimizi düşməndən azad etməyə hazırdır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Dövlət başçısı Ç.Qurbanovun ailəsinin sosial təminatının gücləndirilməsi, o cümlədən Bakı şəhərində üçotaqlı mənzil ayrılması və həmin mənzildə təmir işlərinin həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına göstəriş verib. Bundan başqa, Milli Qəhrəmanın ailəsinə Qusar rayonunda ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı da tədbirlər görülür.
Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında istənilən an torpaqlarımızı düşməndən azad etmək iqtidarındadır! Azərbaycana bütün sahələrdə uduzan və təxribatçı hərəkətlərlə uğursuz spekulyasiyalar edən Ermənistana növbəti zərbə isə daha sarsıdıcı olacaq!
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.- 22 fevral.- S.7.