“3 övladımı, yoldaşımı, anamı,
bacımı və qardaşımı 25 ildir
axtarıram”
Elxan Hüseynov Xocalı
soyqırımında ən böyük
müsibətləri yaşayıb
...Evə tərəf qaçdım, ailə üzvlərimi götürüb çayın kənarındakı körpüyə, köhnə dəyirman deyilən yerə gəldim. Camaat ora yığışmışdı, gözləyirdilər ki, bombardmanın axırı necə olacaq... Ailə üzvlərimi orada qoyub posta getdim. Qayıdıb gələndə gördüm ki, ailə üzvlərim yoxdur.
Qarşıda xeyli adamın girov götürüldüyünü görürdük. Çığır- bağır, hay-həşir ətrafı bürümüşdü. Orada öldürülənlər də çox idi, ətrafda xeyli cəsəd vardı. Sağ qalanların yarısını “Qaz-53” markalı maşına, yarısını da BTR-lərin üzərinə yığırdılar. Hamısını girov götürdülər.
Ailəmizdən bir mən, bir də atam sağ qalıb. Yeddi nəfərimiz Xocalıdan çıxmayıb. Bu günə qədər onlardan xəbər yoxdur...
“Yeddi ailə üzvümüzdən ikisi sağ qalıb. Hələ bacımla qardaşımı demirəm”. Bu sözləri ürək ağrısı ilə deyən Elxan Hüseynovdur. O, Xocalı soyqırımından 25 il keçməsinə baxmayaraq, hələ də ailə üzvlərinin sorağındadır. Bəlkə, onlardan bir iz, bir nişanə olar deyə...
1959-cu ildə Xocalıda doğulub, orada məktəbə gedib, yurd qurub, işləyib. Ailəsi ilə birgə Xocalıya qəlbən bağlı olub, onun müdafiəsi istiqamətində də əlindən gələni edib. Lakin...
- Xocalıda rabitə qovşağında işləyirdim. Hər zaman öz məsuliyyətimi hiss edərək iş başında olmuşam. Hadisə baş verən gecə də işdə idik. Axşam saatlarında, hava qaralanda hiss elədik ki, artıq tanklar, BTR-lər meşənin ətəyinə yaxınlaşırlar. Bir az keçmişdi ki, güclü atışma başladı. Ermənilər gülləni yağış kimi yağdırırdılar. Gördüm ki, başqa çıxış yolu yoxdur, evə tərəf qaçdım, ailə üzvlərimi götürüb çayın kənarındakı körpüyə, köhnə dəyirman deyilən yerə gəldim. Camaat ora yığışmışdı, gözləyirdilər ki, bombardmanın axırı necə olacaq... Ailə üzvlərimi orada qoyub posta getdim, çünki Xocalı batalyonunun üzvü idim. Qayıdıb gələndə gördüm ki, ailə üzvlərim yoxdur. Dedilər ki, meşəyə tərəf gediblər.
Xocalıdan iki yol ayrılırdı, biri Ağdama, Gülablı tərəfə, o birisi isə Əsgəranın yanı ilə Ağdam istiqamətinə. Düşündüm ki, ailəm uşaqlıdır, yəqin ki, Əsgəran tərəfə gedərlər. Həmin istiqamətdə qaçmağa davam etdim. Dayım oğlu Cavid də mənimlə idi. Yol boyu axtara-axtara getdik, ailə üzvlərimdən heç birini tapmadıq. Hava işıqlaşırdı. Artrıq Əsgəran istiqamətindəki keçidə çatmışdıq, baxdıq ki, mühasirədəyik. Ermənilər dörd bir tərəfimizi tutublar. Dərədə, kolluqların arasında gizlənmişdik. Qarşıda xeyli adamın girov götürüldüyünü görürdük. Çığır-bağır, hay-həşir ətrafı bürümüşdü. Orada öldürülənlər də çox idi, ətrafda xeyli cəsəd vardı. Sağ qalanların yarısını “Qaz-53” markalı maşına, yarısını da BTR-lərin üzərinə yığırdılar. Hamısını girov götürdülər. Bu an ermənilərdən biri üst tərəfdən məni gördü, qərara gəldim ki, mövqe tutub atəş açam. Qarın içi ilə yumalana-yumalana aşağı düşdük, qarşıda balaca bir təpə vardı. Orada dayanıb istədim ki, avtomatı atış vəziyyətinə gətirim. Baxdım ki, güllə darağı silahın üzərində yoxdur, dərədən yumalananda düşüb itib. Sən demə, arxamızca düşən erməni həmin güllə darağını tapıb, o tərəf-bu tərəfinə baxdıqdan sonra qayıdıb gedib. Bunu görən bir nəfər sonradan mənə demişdi. Düz hava qaralana kimi orada gözlədik. Üç nəfər idik. Arada çığırırdılar ki, çıxın, çıxmasanız, camaatı qıracağıq. Gözlədik gecə düşdü, kolluqların arası ilə sürünə-sürünə birtəhər Ağdama gəldik.
Elxan Hüseynov deyir ki, növbəti günlərdə girovları Ağdama, Xalq Cəbhəsinin qərargahına gətirirdilər. O da öz ailə üzvlərini axtarmaq üçün hər gün qərargaha gedir, amma yenə də onlardan heç bir xəbər ala bilmir. Nə öldükləri bilinir, nə qaldıqları...
Danışığa bir az fasilə verdikdən sonra E.Hüseynov mühasirədə qaldıqları həmin gecəni yenidən xatırlayır. “Hər an gözləyirdik ki, bizi tutacaqlar, yaxud öldürəcəklər. Kolluqda gizlənmişdik. O qədər keyləşmişdik ki, yanımızdakı arxda suyun hansı istiqamətə axdığını bilmirdik. Su axan tərəfə getməliydik ki, gəlib Ağdama çıxaq. Axırı dedim ki, suya bir çöp atın. Beləcə, çöp gedən istiqamətdə hərəkət etdik. Beləliklə, bu yolla Ağdama gəlib çıxa bildik” - deyə, köksünü ötürdü. Sonra davam etdi:
- Xalamgil Ağdamın Qiyaslı kəndində olurdular. Ona görə əvvəlcə bu kəndə getdim. Hamamda özümə baxanda qorxdum. Üzüm-gözüm qan içində idi. Daş, tikan bədənimi cırıq-cırıq etmişdi. Səhər yenə qərargaha qayıtdım. Ailə üzvlərimdən hələ də bir nişanə yox idi. Üç övladım, yoldaşım, anam, qardaşım və bacım sanki yox olmuşdular. Düz dörd il sərasər bütün sərhəd zonalarını axtarmışam. Amma onları gördüm deyən olmadı.
Atam həmin vaxt Yevlaxda olduğundan ailəmizdən bir mən, bir də atam sağ qalıb. Yeddi nəfərimiz Xocalıdan çıxmayıb. Bu günə qədər onlardan bir xəbər yoxdur. Həmin qanlı gecədə qohumlarımdan da itkilər olub. Dayımı güllələyiblər, bacım oğlundan da heç bir xəbər yoxdur. Bacımın qayınının 3 oğlunu girov götürüblər. Onların da öldükləri, qaldıqları bilinmir. Yalnız girov götürüldükləri məlumdur. Bacımın özünü isə meşədə öldürmüşdülər...
Elgün MƏNSİMOV,
Azərbaycan.-
2017.- 22 fevral.- S.8.