“Hələ də gözüm yolda, qulağım səsdədir”
Xocalı soyqırımında Elmira
Allahverdiyevanın oğlu, əri,
qardaşları, atası və anası - 25-dən çox əzizi şəhid olub,
itkin düşüb
...Məleykə nənə ömrünü yeddi-səkkiz il bundan əvvəl Bakıda Xocalı həsrəti ilə başa vurdu. Həyatının son dəqiqələrində elə bil qarıya qəflətən güc gəlmişdi. Kövrək, yanıqlı bir səslə bayatı çəkdi:
Xoruz ban verəndə gəl,
Yaram qan verəndə gəl,
Sağlığımda gəlmədin,
Barı can verəndə gəl...
Görəsən, kimi çağırır, kimi səsləyirdi Məleykə nənə? Xocalı soyqırımında şəhid olmuş gənc oğlu Ziyadxanı, itkin düşmüş ömür-gün yoldaşı Saleh kişini, oğlu Novruzu, nəvəsi Mahiri, daha kimləri, kimləri?..
Bunları Məleykə nənənin Goranboy rayonu ərazisində qaçqın və məcburi köçkünlər üçün salınmış Aşağı Ağcakənd qəsəbəsində yaşayan gəlini Elmira Allahverdiyeva danışır. Deyir ki, göz-göz bulaqları var idi Xocalının. Sonralar həyətlərə su çəkilsə də, evi yaxında olanlar çay, xörək üçün suyu bulaqdan gətirirdilər:
- Qızım Nuriyyə bulaqdan gələndə ermənilər ona atəş açmışdılar. Uşaq yaralanmasa da, bərk qorxmuşdu. Bundan sonra tez-tez diksinir, qəflətən ağlayır, qorxulu yuxular görürdü. Həyat yoldaşımın əmisi oğlu Eldəniz həkim məsləhət gördü ki, Nuriyyəni tezliklə başqa bir yerə aparaq. Çünki burada o, ciddi xəstələnə bilərdi. Artıq 1992-ci ilin əvvəli idi və Xocalıda vəziyyət gündən-günə pisləşirdi.
Yanvarın 19-da Novruz ailə üzvlər
ini çətinliklə vertolyota mindirir. Beləliklə, Elmira 14 yaşlı qızı Nuriyyə və 12 yaşlı oğlu Elgizlə Ağdama gəlir, oradan isə həyat yoldaşının Ucar rayonunda yaşayan xalasıgilə gedir.
Ailənin böyük oğlu Mahir anası ilə getməyə etiraz edərək Xocalıda atası və babası ilə qalır. Bu zaman Novruz gecə-gündüz ön mövqedə idi. Orta məktəbin onuncu sinfində oxuyan Mahir atasından heç də geri qalmırdı.
Elmira xanım danışdıqca doğmalarını elə bu gün itirmiş insan təsiri bağışlayır. Onun səsindəki hüznün, kədərin qədəri yoxdur:
- Vaxtından tez böyümüşdü Mahirim. Məktəbdə onların hərbi təlim müəllimi sonralar Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli ada layiq görülmüş Tofiq Hüseynov idi. Uşaqlara necə dərs keçmişdisə, hərəsi balaca bir qəhrəmana çevrilmişdi. Oğlum hər gün atasının avtomatını sökür, təzədən yığır, yağlayırdı. Balam döyüşə hazırlaşırdı, onu gedər-gəlməzə aparan bir döyüşə...
Xocalıdakı soyqırımı haqqında dəhşətli xəbəri eşidən Elmira Ağdama gəlir və burada sağ tapdığı hər Xocalı sakinindən əzizlərini soraqlayır. Onun qayınatasını, ərini və oğlunu “gördüm” deyən olmur... Onlar üçü də Xocalıdan birlikdə çıxıblarmış.
25 ildir hələ də gözü yolda, qulağı səsdə yaşayan Elmira üçün onların bir məzarı, bir başdaşı da böyük təsəlli olardı. “Vay o gündən ki, əziz, doğma adamının haqqında illərlə heç bir məlumat əldə edə bilməyəsən” - deyir və xeyli susandan sonra yenidən danışır:
-
Yuxuda tez-tez
Xocalını, evimi, ailəmi,
bağ-bağçamı görürəm. Həyat yoldaşım ixtisasca aqronom idi. Bağımızda çoxlu ağac calaq etmişdi. Alma, armud, fındıq ağaçlarının sayına
qədər yadımdadır...
Keçən ay Gəncəyə qızımgilə getmişdim.
Məni görən kimi Nuriyyənin uşaqlıq
xatirələri yenidən
canlandı. Bu dəfə də ondan indiyə qədər demədiyi yeni bir söz
eşitdim. Demə, üç
uşağımın hərəsi
həyətimizdəki üç
gilas ağacının
birinə yiyələnibmiş.
Elmira xanım Aşağı
Ağcakənddə də
oğlu Elgiz və gəlini Elnarə ilə əl-ələ verib yaxşı bağ-bağat
salıb. Hər
il bol
məhsul götürür.
Amma istər həyətindəki
ağaclardan dərdiyi,
istərsə də bazardan aldığı hər meyvədə Xocalıdakı bağının
barının ətrini,
dadını axtarır.
Gözləri dolduqca qadın baxışlarını yerə
dikir. Əllərini bir-birinə sıxır.
Sanki bununla toxtamaq,
hisslərini cilovlamaq istəyir. Sakitləşib
yenidən sözünə
davam edir:
- Tez-tez atam evini də
yuxuda görürəm.
Görürəm ki, atamın
da, qardaşlarımın
da evlərinin qapısından qıfıl
asılıb. Bilirsinizmi, qız
ailə qurandan, ana, hətta nənə olandan sonra da ata
yurdunu əvəzsiz bir məkan kimi sevir. Atasını, qardaşını özünə arxa, dayaq sayır. Xocalı soyqırımında
mənim güvəndiyim
dağlar uçdu, kimləri, kimləri itirdim...
Xocalı soyqırımı
Elmira xanımın əlindən
atası Zəkaranı,
anası Şuranı,
qardaşları Əkbər
və Talehi, qardaşının birinin
yeddi yaşlı Sevinc balasını, digər qardaşının
iki yaş yarımlıq körpəsi
Samiri, bacısı Zərifəni, onun ailəsini... alıb.
Tapdıqları cəsədləri Ağcabədidə
dəfn ediblər. Bu rayonda əvvəlcədən
bir sıra qohumları yaşayır.
Elmira nəvələri Şəbnəm və Əminəni götürüb
tez-tez Ağcabədiyə
əziz, müqəddəs
məzarları ziyarət
etməyə gedir.
Bir gün doğmalarının
ruhunun dolaşdığı
Xocalı torpağına
qovuşmaq üçün
isə ömürdən
vəfa diləyir.
Flora SADIQLI,
Azərbaycan.-
2017.- 22 fevral.- S.8.