Ata şəhid oldu, ana girov düşdü...
5 körpə
isə hər iki valideynini itirdi
...Qala dərəsindən və
xəstəxana tərəfdən
müdafiəni yarıb
keçən ermənilərin
dinc əhaliyə necə divan tutduqlarını,
evləri necə yandırdıqlarını aydın
görmək olurdu.
Küçələrdə hansı həyətin qabağından keçirdiksə,
hansı tini burulurduqsa insan meyitinə rast gəlirdik. Yaralı iniltisindən, arvad-uşaq
fəryadından qulaq
tutulurdu. Ermənilərin
şəhəri tam tutduqlarına
əmin olandan sonra, sağ qalan döyüşçü
yoldaşlarımla evlərdə
köməksiz, haradan
çıxıb hansı
istiqamətə getməkdə
çətinlik çəkən
120 nəfərdən çox
insanı Kətik meşəsi istiqamətinə
çıxara bildik. Təəssüf ki, onların da çoxunu Ağdama yaxın istiqamətdə,
Naxçıvanik ərazisində
ermənilər pusquya
salıb qəddarcasına
qətlə yetirdilər...
Məhərrəmovlar ailəsi dədə-baba yurdları Xankəndidən
ermənilərin zülmündən
baş götürüb
əvvəl Şuşaya,
sonra da Xocalıya gəlmişdilər. Xankəndidə
1988-ci il sentyabrın 18-i, gecə saat 3-4 radələrində
ermənilər azərbaycanlılar
yaşayan evlərə
xəbərsiz benzin töküb od vururdular. Gecənin zil qaranlığında
daş-qalaq edilən mənzillərin, anbaan sayı artan yanan mülklərin alovu şəhərin hər yerindən göründükcə, məcburiyyət
qarşısında evini-eşiyini
tərk edənlərin
sayı çoxalırdı.
Bayıra çıxmaq təhlükəli
idi.
I qrup Böyük Vətən müharibəsi əlili Cəmil kişi,
həyat yoldaşı
Əhliqə ana şəhərin çox
da uzaq olmayan
başqa səmtində
yaşayan beş azyaşlı uşaq atası oğlu Vaqifdən, digər ailəli oğlu Yaqubun və qızının uşaqlarından
çox nigaran idilər. Bir azdan eyni narahatçılığı keçirən ailə üzvləri böyük
təlaş içində
ata ocağına pənah gətirdilər.
Dünyanın hər
üzünü görmüş
Cəmil kişi çox götür-qoy etdi, inana bilmirdi
ki, illərlə alman faşizmi ilə döyüşlərdə
vuruşan, uğrunda yarımcan olduğu sovet hökuməti onu köməksiz qoyacaq, atasından qalma ev-eşiyini ermənilər zorla əlindən alacaq, ümidsiz çöllərə
salacaq... Oğlanlarına,
qızlarına məsləhət
gördü ki, mənzillərin qapısını
bərk-bərk bağlayın,
onsuz da yanan-yanıb, dağılan-dağılıb,
təki arvad-uşağa
xətər gəlməsin,
gedək Şuşaya,
qohum evinə! Yəqin ki, ermənilərin bu özbaşınalığının qabağını alan tapılacaq, onda qayıdarıq... Bu ümidlə 10 nəfərdən artıq
ailə üzvü səhərə yaxın öz doğma yurdlarını tərk edib Şuşaya üz tutdu.
Bir ildən artıq qohum evində yaşayan Cəmil kişi
görəndə ki, Xankəndidə bir nəfər də azərbaycanlı qalmayıb,
hamısını döyə-döyə,
söyə-söyə zorla
evindən çıxardıblar,
mülklərinə də
haradansa gəlmiş erməni əsilli əcnəbilər yiyələnib,
əlini hər şeydən üzdü. 1989-cu ilin yayında
ailəni Şuşadan
götürüb birbaşa
Xocalıya gətirdi,
oğlanlarının və
yaxınlarının köməyi
ilə özlərinə
müəyyən şərait
yarada bildilər.
Cəmil
kişinin hazırda Sabunçu rayonu, Zabrat qəsəbəsində
yaşayan II qrup əlil oğlu Murad Məhərrəmov deyir ki, biz Xocalıya
düşəndə orada
gecə-gündüz atışma
gedirdi. Erməni vandalları camaata
göz verib-işıq
vermirdi. Mən də,
qardaşım da Xocalı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə
yaradılan könüllü
özünümüdafiə dəstəsinə yazıldıq.
Camaatı erməni silahlı dəstələrinin
hücumundan, gülləbaranından,
girov aparılmasından
güclə qoruyurduq...
Beləcə, fevralın 25-nə kimi dözdük. Həmin gün axşam postda olduğumdan gəlib evdə yorğun yatmışdım.
Bir də gördüm, anam həyəcanla məni yuxudan oyatdı: “Ay oğul, kəndin hər tərəfini ermənilər mühasirəyə
alıb...”
Hövlnak yuxudan ayılıb həyətə
çıxdım, saat
9 radələri olardı,
gördüm ermənilərə
məxsus özüyeriyən
döyüş maşınları,
eləcə də Xankəndidə yerləşən
366-cı motoatıcı alayın
bütün növdən
olan tank və digər texnikaları Xocalını üç
bir tərəfdən
mühasirəyə alıb,
yavaş-yavaş şəhərə
doğru irəliləyirlər.
Şəhərin ətraf coğrafi
relyefi elədir ki, Kətik meşəsi adlanan istiqamətə texnika yeritmək mümkün olmadığından, buradan,
çətin də olsa, Ağdama sarı çıxış
yolu var idi.
İnanılmaz görüntüdən bütün
şəhər əhalisi
vahimə içində
idi. Özünümüdafiə dəstələri əvvəlcədən müəyyənləşdirilmiş
ərazilərdəki postlara
çəkilmişdilər. Mən 12 nəfərlə Cəfər
təpəsi adlanan ərazidə idim. Təxminən saat 9-dan sonra
erməni və sovet hərbçiləri
eyni vaxtda Xocalını tanklardan, toplardan, piyadaların döyüş maşınlarından
aramsız atəşə
tutdular. Xocalı üzərinə
güllə və mərmi yağış kimi yağırdı.
Gecə saat 3-4-ə qədər düşmən qoşunlarının
qabağını saxlaya
bildik. Ancaq şəhərin başqa istiqamətindən,
məsələn, Qala
dərəsindən və
xəstəxana tərəfdən
müdafiəni yarıb
keçən ermənilərin
dinc əhaliyə necə divan tutduqlarını,
evləri necə yandırdıqlarını aydın
görmək olurdu.
Saat 4 radələrində biz də
mühasirəyə düşdük.
Erməni silahlıları
Badara istiqamətindən
Xocalıya daxil ola bildilər.
Artıq
küçə döyüşləri
gedirdi. Bu zaman çalışırdıq
ki, qocaların, qadın və uşaqların şəhərdən
çıxmasına imkan
yaradaq. Döyüşlərdə qardaşım Vaqif,
döyüşçü yoldaşlarımdan Natiq, Talış, Məhyəddin,
İsmayıl və başqaları şəhid
oldular. Ermənilər şəhəri mühasirəyə alanda
30 nəfərə yaxın
qadın, qoca və azyaşlı uşağı yaxınlıqda
bir tərəfi bağlı borunun içində gizlətdik
ki, ələ keçməsinlər. Şəhid qardaşımın
həyat yoldaşı
Bəsirə də həmin adamlarla birlikdə idi.
Mühasirəyə düşəndən sonra
o insanların taleyindən
xəbər bilmədik
və bu günədək də heç bir məlumatımız yoxdur. Küçələrdə hansı həyətin
qabağından keçirdiksə,
hansı tini burulurduqsa insan meyitinə rast gəlirdik. Yaralı iniltisindən, arvad-uşaq
fəryadından qulaq
tutulurdu. Ermənilərin
şəhəri tam tutduqlarına
əmin olandan sonra, sağ qalan döyüşçü
yoldaşlarımla evlərdə
köməksiz, haradan
çıxıb hansı
istiqamətə getməkdə
çətinlik çəkən
120 nəfərdən çox
insanı Kətik meşəsi istiqamətinə
çıxara bildik. Təəssüf ki, onların
da çoxunu Ağdama yaxın istiqamətdə, Naxçıvanik
ərazisində ermənilər
pusquya salıb qəddarcasına qətlə
yetirdilər. Burada mən
özüm də ikinci dəfə yaralandım.
Xocalı qətliamından sonra meşələrdə, dağda-dərədə,
qarlı çöllərdə
qalan azərbaycanlı
meyitlərin tapılıb
gətirilməsində Muradın
əməyi çox olub. Bir faktı xatırladaq ki, bu qanlı faciənin
19-cu günü Murad Məhərrəmov dörd
nəfərlə gizli
yollarla gedib Naxçıvanik kəndi
ətrafında qətlə
yetirilmiş günahsız
insanlardan 81 nəfərin
meyitini KaMAZ-a yığıb gətirmiş və ailələrinə təhvil
vermişdi.
Azərbaycan Prezidenti
Heydər Əliyevin sərəncamı ilə
1997-ci ildə II qrup əlil Murad Cəmil oğlu Məhərrəmov müdafiə
zamanı dinc əhalinin Xocalıdan çıxarılmasındakı xidmətləri nəzərə
alınmaqla “İgidliyə
görə” medalı
ilə təltif olunmuşdur.
Xocalı faciəsindən sonra I qrup Böyük Vətən müharibəsi
əlili, məcburi köçkün Cəmil
Məhərrəmovun ailəsi
Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki
“Qızılqum” sanatoriyasında
məskunlaşıb. Məhərrəmovlar ailəsinin digər bir üzvü iki övlad atası Yaqub Məhərrəmov da II qrup Qarabağ müharibəsi əlilidir.
Cəmil
kişinin, hər iki valideynlərini itirmiş nəvələri
Vəsilə, Natiq, Vüsalə, Səbinə
və Namiqə əmiləri Murad Məhərrəmov və
bibiləri Südabə
xanım valideynlik ediblər. Xocalıdan çıxanda bu
uşaqların böyüyünün
12 yaşı var idi. Səhhətində hələ müharibədən
qalma problemlər yaşanan Murad bu uşaqların ən kiçiyi 18 yaşına çatandan,
orta məktəbi qurtarandan sonra ailə həyatı qura bilib. Dəfələrlə bu qapıya Südabə üçün elçi
gələn olsa da, o, son anda üzünü Qarabağa,
Xocalıya tərəf
tutub: “Bəs atasız, anasız qalmış bu uşaqları hara qoyum?!” - deyə,
heç bir təkliflə, tövsiyə
ilə razılaşmayıb
və indiyədək
də taleyini o uşaqlarla bağlayıb.
Azərbaycan Prezidentinin
diqqət və qayğısı sayəsində
Məhərrəmovlar ailəsi
ötən ilin oktyabr ayında Ramana qəsəbəsində
salınmış Şuşa şəhərciyində
biri iki, digərləri isə bir otaqlı təmirli və hər cür ev əşyaları olan mənzillə təmin edilmişlər. Onların ən böyük arzusu ata və
analarının şəhid
olduqları doğma Xocalıya qayıtmaqdır.
Rəhman SALMANLI,
Azərbaycan.-
2017.- 22 fevral.- S.8.