Avtomobil yolları yeniləşir, müasirləşir
22 fevral
Avtomobil İşçilərinin Peşə Bayramı
Günüdür
“Yol həm mədəniyyətdir,
həm rahatlıqdır, həm müasirlikdir, həm də
ölkənin səviyyəsini göstərir”.
İlham ƏLİYEV
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin avtomobil yol işçiləri hər il olduğu kimi, bu il də 22 fevral gününü - öz peşə bayramlarını böyük sevinc hissi ilə qeyd edirlər. Onlar öz ənənələrinə sadiq qalaraq bu bayrama da əlidolu gəlir, ölkənin sosial-iqtisadi yüksəlişinə yeni töhfələr verirlər. Qürur doğuran odur ki, dövlət proqramlarının icrası çərçivəsində “Azəravtoyol” Azərbaycanda yol infrastrukturunun yenidən qurulmasında nümunə göstərir. Təsadüfi deyil ki, indi hamı abadlaşan yollarımızdan ağızdolusu danışır, rahatlıq və təhlükəsizlikdən razılıq edirlər. Beynəlxalq standartlara cavab verən Azərbaycan yolları əcnəbi turistlərin də ölkəmizə cəlb olunmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkənin bütün regionlarında böyük quruculuq işləri geniş vüsət almaqdadır. Xüsusən də ölkədə yol təsərrüfatı durmadan yeniləşir və müasirləşir. Bu gün həm rahatlıq, həm də təhlükəsizlik baxımından Azərbaycanın magistral yolları daha çox fərqlənir. Abadlaşan avtomobil yolları indi göz oxşayır. İftixar hissi ilə qeyd etməliyik, təkcə ötən il dövlət başçısı İlham Əliyevin imzaladığı 48 sərəncama əsasən, uzunluğu 515 kilometr olan 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi başa çatdırılmışdır. Bu avtomobil yolları təqribən 1 milyon 230 min əhalinin yaşadığı 173 yaşayış məntəqəsini birləşdirir. Bununla yanaşı, respublikanın ümumi istifadəsində olan avtomobil yollarında 14 yeni körpü və 2 piyada keçidi tikilib istifadəyə verilmişdir. Ölkənin avtomobil yollarında 9 körpü əsaslı təmir edilmişdir.
Qürur hissi ilə bildirirəm ki, keçən il yenidən qurulması başa çatdırılmış 28 kəndlərarası və qəsəbələrarası yolların əksəriyyətinin açılış mərasimində dövlət başçısı İlham Əliyevin şəxsən iştirakı avtomobil yol işçilərimizə göstərilən diqqət və qayğı, həm də böyük etimaddır. Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin, paytaxt Bakının Nizami rayonundakı Mikayıl Əliyev, Çobanzadə, Naxçıvani və Mehdi Abbasov küçələrində aparılan yenidənqurma işləri ilə tanış olmuş, öz tövsiyə və tapşırıqlarını vermişdir.
Bundan başqa, dövlət başçısı Bakının Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin, Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlqoyma mərasimində, Qarayəm-İsmayıllı avtomobil yolunun, Qəbələ rayonunda Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun, Biləsuvar rayonunun Əsgərəbad-Muğan-Çaylı avtomobil yolunun, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 23,4 kilometrlik hissəsinin, Salyanın Babazanan yaşayış massivinin şəhərin mərkəzi ilə birləşdirən Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpünün, Qusar rayonunda Qusar-İmamqulu kənd Quxuroba, Xaçmaz rayonunda Xudat-Yalama-Zuğuloba avtomobil yollarının, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin, Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun, Füzulu rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun, Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun, Bakının Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun, əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun, Binə qəsəbəsində Əli İsazadə küçəsinin, Xəzər rayonunda Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin və Ağ şəhərdə tikilən 2 kilometr uzunluğunda küçələrin açılış mərasimlərində iştirak etməklə cəmiyyətimizin yol işçilərinin qarşısında daha mühüm vəzifələr qoymuş və məsuliyyətimizi ikiqat artırmışdır.
“Azərbaycan Respublikasının Nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun təzələnməsinə daha da imkan yaratdı. Bu sərəncamdan ruhlanan yol işçiləri Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına cavab olaraq respublika əhəmiyyətli 323,5 kilometr və yerli əhəmiyyətli 413,6 kilometr avtomobil yollarını yenidən qurmuş və təmir etmişlər.
Ümumilikdə ötən il 1.0218
min ton asfalt-beton istehsal olunmuş, 56,2 min
ton bitum və 4,5 min ton mazut istifadə edilmişdir. Asfalt-beton
qarışıqlarının keyfiyyətini yüksəltmək
məqsədilə Azərbaycan Respublikası Milli Elmlər
Akademiyasının tövsiyəsinə əsasən, 84,1 ton bitum adıgeziya qatqısı və
İtaliyadan xüsusi polimer alınaraq əsasən asfalt-beton
örtüyünün üst aşınma layının
tikintisində istifadə etmişik. Azərbaycan Prezidenti
İlham Əliyevin imzaladığı sərəncamlara əsasən,
cari ildə 29 rayon və şəhər ərazisində
uzunluğu 708,8 kilometr olan 33 avtomobil yolunun, bir
körpünün tikintisi, daha bir körpünün isə bərpası
işlərinə başlamışıq. Avtomobil yol
işçiləri paytaxt Bakının Binəqədi, Nizami,
Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər,
Sabunçu, Suraxanı, Qaradağ və Səbail
rayonlarında 48 adda küçə və prospekti yenidən
qurmuş və təmir etmişlər. Onlar 4
piyada keçidini də istifadəyə vermişlər.
Bakı şəhərinin inzibati rayonları ərazisində
289,6 min kvadratmetr sahədə cari təmir
işləri keyfiyyətlə başa
çatdırılmışdır. Bununla yanaşı,
paytaxtın 513,7 min nəfər əhalisi məskunlaşmış
14 yaşayış məntəqəsini birləşdirən
uzunluğu 42,5 kilometr olan 7 qəsəbələrarası
avtomobil yolunun tikintisi və yenidən qurulması
yekunlaşmışdır.
Hazırda paytaxt
Bakının yağış-kanalizasiya sistemi diqqət mərkəzində
saxlanılır. Keçən ilin payızında yağan
yağışlar həmin dövr üçün
müşahidə edilmiş yağıntı normasından
müvafiq olaraq 9,2 və 3,7 dəfə
çox düşdüyündən Bakı şəhərinin
avtomobil yollarında, küçə və prospektlərin bir
çox yerlərində yağış sularının
yığılması müşahidə olunmuşdur. Nəticədə nəqliyyatın təhlükəsiz
hərəkətində böyük çətinliklər və
bir sıra maneələr baş vermiş, habelə
tıxaclar yaranmışdır. Yolların normal səviyyədə
saxlanılması və cari təmiri üçün
ayrılmış vəsaitdən əldə edilən qənaət
hesabına öz gücümüzlə yağış
sularının axıdılması məqsədilə
ümumilikdə son 2 il ərzində müxtəlif diametrli
uzunluğu 7.563 metr olan yağış-kanalizasiya xətlərinin
çəkilişinə nail olduq və təmir işlərini
apardıq. Bu işlər hazırda da davam
etdirilir. Bu məsələnin əhəmiyyətini
nəzərə alaraq, dövlət başçısı
ötən ilin noyabrında Bakı şəhərində
yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi
ilə əlaqədar işçi qrupunun yaradılması
haqqında sərəncam imzaladı. Prezidentin
daha bir fərmanı isə Bakı şəhərində
mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin
təmini ilə bağlı bəzi tədbirlər
haqqında oldu. Bu fərmanda əsasən
Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya,
o cümlədən yağış-kanalizasiya sistemlərinin
hazırkı vəziyyəti və şəhər təsərrüfatının
tələblərinə cavab verən səviyyəyə
çatdırılması üçün təkmilləşdirilməsi,
bəzi məhdudlaşdırma tədbirləri də daxil
olmaqla əlavə və uzunmüddətli işlərin
görülməsi nəzərdə tutulur.
“Azəravtoyol” ASC daxili
investisiya hesabına yerinə yetirilən layihələri də
ön plana çəkir. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 19 may tarixli sərəncamına
əsasən, müxtəlif yol layihələrinin maliyyələşdirilməsi
məqsədilə ölkənin dövlət büdcəsindən
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün vəsait ayrılmışdır. Bu vəsait
Bakı şəhəri və qəsəbələrdə
yerləşən Qala-Pirallahı, Zığ-Hövsan,
“Ağ şəhər”, 4-cü Qapı, Pirallahı qəsəbəsini
sahillə birləşdirən avtomobil
körpüsünün tikintisi, Həsən Əliyev
küçəsindən Ziya Bünyadov prospektinə paralel
yolun tikintisi (II mərhələ), Xocasən və Lökbatan
avtomobil yolunun 11-19-cu kilometr hissəsinin yenidən
qurulması, regionlardakı avtomobil yolları və yol
qurğularının tikintisinin davam etdirilməsinə və
s. yönəldilmişdir.
Hazırda xarici investisiya ilə
maliyyələşdirilən layihələrə diqqəti
artırırıq. Bu gün respublikanın yol infrastrukturunun
yenidən qurulması və təkmilləşdirilməsi
istiqamətində dövlət büdcəsindən əsaslı
vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq
maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb
olunan kreditlər hesabına irimiqyaslı layihələri də
həyata keçiririk.
Bakı-Ələt-Qazax-Gürcüstan
Respublikası dövlət sərhədi avtomobil yolunun (M-2),
Kürdəmir-Ucar-Yevlax hissəsinin dörd zolağa
genişləndirilməsi başa
çatdırılmışdır. Kürdəmir-Ucar-Yevlax
avtomobil yolunun yenidən qurulması layihəsi Çexiya
Respublikasının kommunikasiya bankları ilə
bağlanmış kredit sazişlərinə əsasən
yerinə yetirilmişdir.
Ələt-Astara-İran
İslam Respublikası dövlət sərhədi avtomobil
yolunda (M-3) həyata keçirilən layihələrin tikintisi
davam etdirilir.
Yenikənd-Salyan-Şorsulu, Şorsulu-Cəlilabad,
Cəlilabad-Masallı yolunda və Masallı-Astara yolunun AB və
C hissəslərində tikinti işlərinin ahəngi zəifləmək
bilmir. O da fərəh doğurur ki, artıq Ələt-Şorsulu
hissəsinin Kür çayı üzərində yeni
müasir körpünün tikintisi başa
çatdırılmışdır. Salyan şəhərində
Kür körpüsünün inşası Dünya Bankı
ilə imzalanmış əlavə maliyyələşdirmə
sazişi çərçivəsində həyata
keçirilmişdir.
Eyni zamanda,
Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun dörd zolağa
genişləndirilməsi layihəsinə, Asiya İnkişaf
Bankı ilə bağlanmış kredit sazişinə əsasən,
Gəncə regionunda dörd körpünün tikintisinə
başlamışıq. Bu körpülərdən
üçünü Ağstafa-Poylu avtomobil yolunda (R-24), bir
körpünü isə yerli əhəmiyyətli
Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda inşa edəcəyik.
Mingəçevir st-Mingəçevir-Bəhrəmtəpə
avtomobil yolunun (R-18) yenidən qurulması layihəsini də
gündəmdə saxlayırıq. Layihə Avropa Yenidənqurma
və İnkişaf Bankı (AYİB) arasında
imzalanmış borc sazişinə uyğun olaraq həyata
keçirilir. Onu da unutmaq olmaz ki, cəmiyyətimizin
əsas öhdəliklərindən biri də avtomobil
yollarında fasiləsiz və təhlükəsiz hərəkəti
təmin etməkdir. Biz bu vəzifəni
daim nəzarətdə saxlayır, qarşıya
çıxan maneələri daxili imkanlarımız
hesabına aradan qaldırırıq. Biz həmçinin
respublikanın avtomobil yollarının
yaşıllaşdırılmasını daim diqqət mərkəzində
saxlayır, maddi-texniki bazanın gücləndirilməsinə
çalışırıq.
Fərəhlidir ki, dövlət
başçısı İlham Əliyevin sərəncamına
əsasən, Cəbrayıl rayonunun işğaldan azad
edilmiş Cocuq Mərcanlı kəndinə gedən avtomobil
yolunun tikintisinə artıq start vermişik. Hazırda
burada qazma-dolma işlərini yol yatağının və yol əsasının
inşası işlərini görürük. Ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun layihə
üzrə eni 12 metr təşkil edəcək. Cocuq Mərcanlı yolunun 4 kilometr hissəsi əsaslı
şəkildə yenidən qurulacaq, 5 kilometr hissəsində
isə bərpa işləri aparılacaq. Ümumilikdə
yolun 68 min kvadratmetr sahəsinə asfalt döşənəcək.
Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi
daxil olmaqla Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli və
İmamverdili kənd sakinlərinin gediş-gəlişini
xeyli asanlaşdıracaq.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin dünən Avtomobil Yol
İşçilərinin Peşə Bayramı Günü ərəfəsində
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin bir
qrup işçisinə “Tərəqqi” medalı və “Əməkdar
mühəndis” fəxri adı verməsi ilə bağlı sərəncam
imzalaması kollektivimizdə böyük ruh yüksəkliyi
yaratmışdır. Bu diqqət və
qayğıdan qürur duyur, möhtərəm Prezidentə dərin
minnətdarlığımızı bildirir və dövlət
başçısının ətrafında sıx birləşdiyimizi
bəyan edirik.
“Yol mədəniyyət,
iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Ümummilli
lider Heydər Əliyevin bu sözlərini özünə
deviz seçən avtomobil yol işçiləri
qarşıya qoyulmuş vəzifələrin öhdəsindən
layiqincə gəlmək, ölkənin iqtisadiyyatına
yeni-yeni töhfələr vermək, Azərbaycanın yol
infrastrukturunu tamamilə təzələmək, yol təsərrüfatını
daha da inkişaf etdirmək əzmindədir. Əlbəttə, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin səriştəli rəhbərliyi
ilə avtomobil yol işçiləri respublikanın
bütün yollarını başdan-başa abadlaşdıracaq,
rahatlıq və təhlükəsizliyi tam təmin edəcək.
Saleh
MƏMMƏDOV,
“Azəravtoyol”
Açıq Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan.-
2017.- 22 fevral.- S.9.