Aviakosmik məsələlərin həllində gənclərin
yaradıcı potensialı müzakirə edilir
Bakıda aviakosmik məsələlərin
həllində gənclərin yaradıcı potensialı
müzakirə edilir.
AZƏRTAC xəbər verir ki, müzakirələr fevralın 21-də Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-nin təşkilatçılığı ilə keçirilən “Fevral məruzələri-2017”, “Gənclərin yaradıcı potensialı aviakosmik məsələlərin həllində” II elmi-praktik gənclər konfransında aparılır.
Konfransın işində Almaniyadan, İsveçrədən, ABŞ-dan, Niderland və Rusiyadan nümayəndələr iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə MAA-nın Mülki aviasiya muzeyi ilə tanış olublar. Sonra isə MAA tələbələrinin əl işlərinin sərgiləndiyi “Aviamodelizm” dərnəyinin sərgisinə və kitabxanada təşkil olunmuş kitab sərgisinə baxış keçiriblər.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda dünya qarşısında duran vacib məsələlərdən biri də təhsil sisteminin inkişafı və yüksək təhsilli elmi kadrların yetişdirilməsidir. Azərbaycanda da bu sahənin inkişafı dövlətin qarşısında duran əsas vəzifələrindən biridir.
F.Qurbanovun sözlərinə görə, ölkədə 42 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onların sırasında MAA-nın xüsusi yeri var. 1990-cı ildə respublikanın ali təhsil müəssisələrində tələbələrin sayı 105 min nəfər olubsa, hazırda ölkədə bakalavr və magistratura pilləsində 155 min tələbə təhsil alır. İldən-ilə doktorantura sahəsində oxuyanların da sayında artım müşahidə olunur. Gənc alimlərimiz akademik institutlar səviyyəsində elmi araşdırmalarda fəal iştirak edirlər.
Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi orta məktəblərdə ibtidai təhsilə də xüsusi diqqət ayırır. Belə ki, bir çox məktəblərdə müxtəlif müsabiqələr, fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə olimpiadalar təşkil olunur. Həmçinin qeyd etmək lazımdır ki, yalnız ötən il 11 məktəblimiz beynəlxalq olimpiadalarda fizika, kimya, biologiya, riyaziyyat üzrə gümüş və bürünc medallara layiq görülüb. Təhsil Nazirliyi istedadlı məktəbliləri və tələbələri elmi-tədqiqatlara istiqamətləndirmək üçün zəruri tədbirləri həyata keçirməkdə davam edir.
Plenar iclasda dünya şöhrətli alim, MAA-da aerokosmik məsələlər üzrə məsləhətçi vəzifəsində çalışan akademik Roald Saqdeyev Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqları arasında MAA-nın xüsusi rolundan danışıb. Bildirib ki, akademiyada aparılan elmi-tədqiqatlardan, araşdırmalardan digər təhsil müəssisələri də yararlanmalıdır.
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevi hələ tələbəlik illərindən tanıdığını deyib. “MAA-nın hazırkı səviyyəyə çatmasında MAA-nın rektoru, akademik Arif Paşayevin xüsusi xidmətləri danılmazdır. Akademik Arif Paşayev bir böyük alim kimi Azərbaycan elminə mühüm töhfələr verib” - deyə R.Saqdeyev vurğulayıb.
Daha sonra Roald Saqdeyev “Aerokosmik sahənin inkişafında fundamental elmlərin rolu” mövzusunda, Almaniyanın Münxen şəhərində yerləşən Helmhols adına Tədqiqat Mərkəzinin bölmə rəhbəri, bir çox nüfuzlu beynəlxalq mükafatların, o cümlədən “Aleksandr fon Humboldt” mükafatının laureatı, professor Mesud Əfəndiyev “Ali təhsil müəssisəsinin inkişaf strategiyasında beynəlxalq əməkdaşlığın rolu” mövzusunda, ABŞ-ın Arizona ştatı Universitetinin Riyaziyyat fakültəsinin professoru İldar Qabitov “Lazer texnologiyaları, kosmik aparatlar üçün optik rabitə vasitələri” mövzusunda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı, dosent Ramin Mahmudzadə “Azərbaycanda İT-təhsilin təşəkkülü və problemləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini Anar Rüstəmov bildirib ki, bu cür konfransların keçirilməsi Azərbaycan üçün əhəmiyyətlidir. Bu beynəlxalq tədbirdə müxtəlif ölkələrdən məruzəçilər çıxış edir. Belə konfranslar gənclərin beynəlxalq səviyyədə inteqrasiyasına, həmçinin alimlərin Azərbaycana marağının artmasına səbəb olur.
Konfransın proqramına 8 bölmə üzrə mülki aviasiya və kosmik sahənin aktual problemlərinə həsr olunan 118 məruzə daxil edilib, Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə ustad dərsləri, seminarlar və “dəyirmi masa”lar nəzərdə tutulub.
Konfransa fevralın 23-də yekun vurulacaq.
Azərbaycan.- 2017.- 22 fevral.- S.10.