İmişlidə proqnozlar doğrulur
2016-cı il
pambıqçılıqda dönüş
ili oldu
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev ötən ilin sosial-iqtisadi nəticələrini geniş təhlil etmiş, cari il üçün konkret tapşırıq və tövsiyələr vermişdir.
İqtisadi inkişafda qeyri-neft sektorunun prioritet olduğunu bəyan edən dövlət başçısı demişdir: “Keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olmuşdur. Biz artıma nail ola bildik. Bu il bu artım, hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir. Kənd təsərrüfatı ilə bağlı bir neçə əsas istiqaməti qeyd etmək istərdim. Mən çox şadam ki, biz ilk növbədə Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılığı bərpa edə bilmişik. Artıq bərpa prosesi başlayıb. Biz pambıqçılığın şöhrətini qaytarırıq. Keçən il bir qədər gecikməyimizə baxmayaraq, biz yaxşı nəticələr əldə etdik... Bu il üçün bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq əkinlərini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Yəni bu, real rəqəmlərdir, bir qədər az, bir qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında qurmalıyıq”.
2016-cı ildə İmişli rayonunda əldə edilən nəticələr ümumilikdə ölkə üzrə qeyri-neft sektorunun necə dinamik inkişaf etdiyinin konkret nümunəsidir. Rayon iqtisadiyyatının əsas sahələri üzrə keçən il 553,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmət göstərilmişdir. Bunun 337,6 milyon manatlığı sənayenin, 112,5 milyon manatlığı kənd təsərrüfatının payına düşür. Böyük aqrar potensiala malik İmişlidə sənayenin inkişafına da böyük önəm verilir. Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin nəticəsi kifayət qədər uğurludur. Rayonda fəaliyyət göstərən “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq yem, Bitki yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsindəki 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz damazlıq quşçuluq” MMC, “İmişli Broyler” və “Araz” konservləşdirilmiş şirələr və konyak zavodu rayonda sənayenin inkişafına əhəmiyyətli təsir göstərir. Keçən il İmişli Şəkər zavodunda 391,8 min ton şəkər tozu istehsal edilmişdir. Bu, kifayət qədər böyük rəqəmdir və ölkənin şəkər idxalından asılılığının aradan qaldırılmasına verilən sanballı töhfədir.
Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, aqrar sektorun inkişafı ilə bağlı müəyyən etdiyi hədəflər İmişlidə konkret fəaliyyət proqramı kimi qəbul edilir, bütün qüvvələr səfərbərliyə alınaraq onun icrasını təmin etməyə yönəldilir. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu barədə belə dedi:
- Dövlət başçısının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr bizim rayonda da böyük canlanma yaratmışdır. Keçən il Sabirabadda keçirilən müşavirə pambıqçılıqda əsaslı dönüşə səbəb olmuşdur. Həmin müşavirədə geniş nitq söyləyən Prezident çox ciddi tapşırıqlar vermiş, pambıqçılığı, taxılçılığı, baramaçılığı, fındıqçılığı inkişaf etdirməyi, bu sahədəki əvvəlki şöhrəti qaytarmağı təxirəsalınmaz vəzifə kimi qarşıya qoymuşdur. Təbii ki, bu tələb lazımlı olduğu qədər də məsuliyyətli idi. Deyə bilərəm ki, imişlililər bu vəzifənin öhdəsindən gəlirlər. Keçən il 5051 hektar sahədə pambıq əkib-becərən imişlililər 10 min tondan çox məhsul istehsal etmişlər. Əldə edilən nəticə başlanğıc üçün yaxşıdır. İndi biz pambıqçılıqda yeni hədəflərə çatmaq üçün çalışırıq. Cari ildə 10 min hektar sahədə pambıq əkməyi nəzərdə tuturuq. Bunun üçün hələ keçən ilin payızından zəruri tədbirlər görülməyə başlanmış, torpaq mülkiyyətçiləri ilə pambıq zavodları arasında müqavilələr bağlanmışdır. Eyni zamanda, taxılçılığı və pambıqçılığı inkişaf etdirmək üçün əkin dövriyyəsini genişləndirməyə çalışırıq. Bu məqsədlə dövlət fondu torpaqlarından 10 min hektar sahənin ayrılması nəzərdə tutulur. Artıq kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 hektar torpaq sahəsi verilib və bu, tezliklə öz müsbət nəticəsini verəcək. Bundan əlavə, 10572 hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədilə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmışıq.
Keçən il uğurla başa vurulub. 17006 hektar sahədə taxıl əkilmiş, hər hektardan 35,5 sentner məhsul götürülmüşdür. İl ərzində 2886 ton kartof, 2637 ton tərəvəz, 856 ton qarğıdalı, 6715 ton şəkər çuğunduru istehsal olunmuşdur. Bütün fəsillərdə əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatlarının yaradılması istiqamətində də müvafiq işlər görülmüşdür. Artıq 5 hektar sahəni əhatə edən ərazidə yeni istixananın tikintisinə başlanmışdır. 2 hektarlıq başqa bir ərazidə isə müasir standartlara cavab verən istixana fəaliyyətə başlamışdır.
Əhalinin sosial ehtiyaclarının yüksək səviyyədə ödənilməsinə də qayğı və diqqət göstərilir. Rayonun yaşayış məntəqələrinə elektrik enerjisi fasiləsiz verilir. 30 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Hazırda Cahar, Gövhərli, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlil kəndlərində qaz çəkilişi davam edir. Kəndlərin su təminatını yaxşılaşdırmaq, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə 38 kənddə mobil tipli sutəmizləyicilər quraşdırılmışdır. Daha 8 kənddə belə qurğuların quraşdırılması nəzərdə tutulub. İmişli şəhərinin də içməli su təminatı yüksək səviyyədədir.
Rayonda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daim qayğı və diqqət göstərilir, onların üzləşdiyi problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli yaşayış binasında son tamamlama işləri görülür. Bu qəbildən olan ailələrin yaşayış şəraitini yaxşılaşdırmaq üçün tezliklə ikinci belə bir binanın tikintisinə başlamaq nəzərdə tutulub.
Son vaxtlar qar yağması, havaların yağmurlu keçməsi İmişli kəndlilərinin ürəyincədir. Təcrübəli əkinçilər qarı bərəkət əlaməti sayırlar. İndi rayonda yaz-tarla işlərinə hazırlıq görülür. Texnika sazlanır, şumlanmış əkin sahələri qış aratına qoyulur, suvarma arxları qaydaya salınır.
Lazım QULİYEV,
Azərbaycan.- 2017.- 22 fevral.- S.11.