Qəbələdəki tədris mərkəzində turizm üzrə mütəxəssislər
hazırlanır
Turizmin inkişaf etdirilməsi üçün vacib amillərdən biri mütəxəssislərin hazırlanmasıdır. Belə mütəxəssisləri hazırlayan müəssisələrdən biri də ölkəmizin böyük turizm mərkəzlərindən olan Qəbələ rayonunda fəaliyyət göstərir.
Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov:
- Bizim tədris mərkəzi Nazirlər Kabinetinin 14 oktyabr 2008-ci il tarixli qərarına əsasən yaradılıb. Mərkəzdə 47 nəfər çalışır. Onlardan 9 nəfəri istehsalat təlim ustası, 7 nəfəri müəllim, hərbi rəhbər, bədən tərbiyə rəhbəri, tərbiyəçi müəllimdir. Tədris mərkəzinin nəzdində müasir tələblərə cavab verən üçmərtəbəli tədris korpusu, ikimərtəbəli yataqxana, iclas zalı, yeməkxana, laboratoriya, şagirdlərin istehsalat təcrübəsi keçməsi üçün serviz otaqlar, avadanlıqlarla təchiz olunan emalatxana var.
Direktor daha sonra dedi ki, tədris mərkəzi ilkin mərhələdə 90 nəfər şagirddən ibarət 6 qrupla fəaliyyətə başlayıb. Hazırda isə mərkəzdə 9 qrup fəaliyyət göstərir. Bu qruplarda aşpaz, qənnadçı-şirniyyatçı, ofisiant, barmen, bufetçi, mehmanxana inzibatçısı, turizm agenti, əməliyyatçı mühasib, kompüter operatoru ixtisasları üzrə kadrlar hazırlanır. 6 qrup - aşpaz, ofisiant, barmen, bufetçi, mehmanxana inzibatçısı, turizm agenti peşələri üzrə təhsil alanlar həm ümumi orta ümumtəhsil bazası sayılan 9-cu sinifdən, həm də tam orta məktəbi bitirənlərdən ibarətdir. Bu qruplardakı şagirdlər dövlət büdcəsi hesabına təhsil alırlar. Qənnadçı-şirniyyatçı, kompüter operatoru və əməliyyatçı operator peşələri üzrə şagirdlər isə ödənişli əsaslarla oxuyurlar.
Turizm sektorunda müşahidə olunan inkişaf gənclərdə mərkəzə marağı artırıb. İndiyədək məktəbi 900 nəfərədək məzun bitirib. Hazırda burada 181 şagird təhsil alır. Keçən il mərkəzi bitirən 171 məzundan 85 nəfəri işlə təmin olunub. 40-50 nəfərdən çoxunun yaşı çatdığı üçün ordu sıralarına çağırılıb. Qayıtdıqdan sonra onlar da işlə təmin olunacaqlar.
Yeri gəlmişkən qeyd edək ki, mərkəz işəgötürən təşkilatlarla sıx əlaqə qurub. Rayonda fəaliyyət göstərən beşulduzlu hotellərdən tutmuş istirahət mərkəzlərinə kimi hamısı məktəbin sifarişçiləridir. Onlarla qurulan əlaqə kadra olan tələbatı da öyrənməyə kömək edir. Belə ki, hansı ixtisasdan neçə nəfər tələb olunduğu əvvəldən öyrənilir və Təhsil Nazirliyi qəbul planını buna uyğunlaşdırır.
Birillik
təhsil alanlar sentyabr-fevral
ayları ərzində nəzəri təlim keçirlər.
Fevralda imtahan olur. Şagirdlər öz
peşələri ilə yanaşı, ingilis
dili və informasiya
texnologiyalarından da imtahan
verirlər. Sonra isə təlimlər
başlayır. Aprel ayından etibarən
şagirdlər istehsalat təcrübəsinə
göndərilirlər. Hotellərlə bağlanan
müqavilə əsasında şagirdlər ixtisasları
üzrə işə başlayırlar. Onların işlə
təminatları bu iki
ay ərzində həll olunur.
Təcrübə bitdikdən sonra
şagirdlər iyun ayında
buraxılış imtahanı verirlər. İmtahan
komissiyasının sədri sifarişçi
təşkilatların rəhbərlərindən biri təyin edilir. Odur ki, imtahan masasından
birbaşa hotelə işə dəvət alanlar da olur.
Mərkəzin uğurları da az deyil. Təhsil Nazirliyinin dəstəyi əsasında Gənclər Fondunun hazırladığı layihədə Qəbələ Tədris Məktəbinin şagirdləri iştirak etmiş və həmin layihə çərçivəsində keçirilən sərgidə biznes layihələri üzrə ikinci yeri tutmuşlar. Qəbələli şagirdlər həmçinin respublika Kulinariya Mərkəzinin təşkil etdiyi istehsalat təlim ustası və aşpaz ixtisası üzrə yarışlarda da iştirak etmişlər. Müəllim Azər Abdulxalıqovun komandası yarışda mükafat qazanmışdır.
Ə.XASAYOĞLU,
Azərbaycan.-
2017.- 22 fevral.- S.11.