Cocuq Mərcanlıda ilk bayram tonqalı qalandı
Novruzun ilk - Su çərşənbəsində Cocuq Mərcanlıda 24 illik fasilədən sonra ilk bayram tonqalı qalandı.
Torpaq uğrunda
ölən varsa, Vətəndir! Bu söz çox deyilib, çox eşidilib, çox sınaqdan keçib.
Cocuq Mərcanlıya qədəm
basanda da ilk növbədə məhz bu kəlam yada
düşür. Çünki
Cocuq Mərcanlı hər bir azərbaycanlının
uğrunda can qoymağa
hazır olduğu doğma Vətən torpağının bir parçasıdır. Qoruduğun torpağı
canlandırmaq üçün
həm də onu əkib-becərməlisən,
cənnətməkana çevirmək
üçün orada
qurub-yaratmalısan. Bu da ulu Dədə
Qorquddan üzübəri
xalqımızın tapındığı
həqiqət, əməl
etdiyi xeyirxah işlərin ifadəsidir.
Cocuq Mərcanlıda neçə-neçə
illərdən sonra
ilk çərşənbə tonqalının yandırılması
böyük məna kəsb etdi. Bu tonqal
24 il əvvəl
ulu öndər Heydər Əliyev tərəfindən düşməndən
azad edilən və Prezident İlham Əliyevin sərəncamı ilə
yenidən tikilib qurulmağa başlayan Cocuq Mərcanlıda canlanan həyatın rəmzinə çevrildi.
Ötən illər boyu Cocuq Mərcanlıda yaşayan yeganə ailənin ağbirçəyi
Minarə Hakıyeva söylədi ki, bu bahar üzümüzə
xoş gəlir. Bu gün Cocuq Mərcanlı kəndinin ortasında ilk dəfə
bayram tonqalı qalandı. Böyük, uşaq - hamı
sevinir. Bizi bu arzu və niyyətlərimizə
çatdıran dövlət
başçısı İlham
Əliyevdir, onun böyük köməkçisi
və silahdaşı
Mehriban xanım Əliyevadır.
Biz bilirik
ki, bütün bunlar gərgin zəhmət və mübarizə ilə başa gəlir. Mehriban xanım,
o cümlədən Azərbaycan
qadınlarının və
uşaqlarının, onların
da sırasında sərhəd bölgələrində
yaşayan, qaçqın
və məcburi köçkün olan ailələrin böyük
himayədarıdır.
Çərşənbə tonqalı kənddə tikiləcək məktəb
binasının təməli
üçün torpaqhazırlama
işlərinin görüldüyü
yerin yaxınlığında
qalanmışdı. Bəlkə bu,
təsadüf idi, bəlkə də düşünülərək seçilmiş yer. Amma hər halda bu məkan nüansı
çox yerinə düşmüşdü. Tonqalın gələcək məktəb
qarşısında çatılması
Cocuq Mərcanlıya gələn yeni həyatın, böyük
sabahın, burada gələcək nəsillərin
böyüyəcəyinin qətiyyəti
idi.
Nəhəng tonqal ətrafa işıq saçır, nur paylayır, çatılan
ocağın özünəməxsus
“zümzümə”si sanki
aləmə səs salmaq istəyirdi: “E-hey!.. Biz olmuşuq,
biz varıq, olacağıq,
artacağıq!”
Tonqal ətrafına toplaşan insanların üzündə
sevinclə yanaşı,
bir həyəcan hissi də duyulurdu. Bunlar Cəbrayıl
Rayon İcra Hakimiyyətinin
nümayəndələri, Cocuq Mərcanlını yenidən qurub-tikməyə
gəlmiş inşaatçılar,
minaaxtaranlar, neçə
illərdir kəndi tərk etməyib burada ömür sürən ailənin üzvləri idi.
Loğman Bayramov inşaatçı dostlarının
hamısının fikrini
ifadə edərək
dedi ki, biz Cocuq Mərcanlının,
bütün Azərbaycanın
yaşadığı tarixi
günlərin iştirakçısıyıq.
Dövlət başçısının sərəncamı ilə
bu kənddə görüləcək işlərə
birinci başladığımızdan
böyük fərəh
və qürur duyuruq. İnşaatçılarımız ilk çərşənbə tonqalını yandıranlarla
da bir sıradadır.
Məktəbin təməlini qoymaq
üçün torpaq
işlərinə başlayanda
inşaatçılarımızın gözləri yaşardı.
Çoxumuz əyilib torpağı
öpdük.
Cocuq Mərcanlıda yaşayan
ailənin gəlini Xuraman xanımın da ürəyi dolu idi. Dedi ki, indiyə qədər hər dəfə dönüb yağı əli ilə xarabalığa çevrilmiş kəndə
baxanda ürəyimiz ağrıyırdı. Camaatımızın firavan, çal-çağırlı
günləri yadımıza
düşürdü. Tezliklə oba yurda qayıdacaq.
Prezidentə, Mehriban xanım
Əliyevaya, onlara dəstək verən xalqımıza, ordumuza minnətdarıq. Yaxın vaxtlarda
biz də tənhalıqdan
qurtaracağıq, qohum-qonşulu
olacağıq. Əl-ələ verib dolanacaq, yeni güzəran quracağıq.
Üzümüzə gələn növbəti
Novruzların çərşənbələrində
Cocuq Mərcanlıda çox tonqallar yandırılacaq. Hər həyətdən səs gələcək, hər bacadan tüstü çıxacaq,
hər ocaqda qazan qaynayacaq. Budəfəki Su çərşənbəsi
bax, həmin od-ocaqdan müjdə verirdi.
Suların axar, ocaqların yanar, qazanların qaynar olsun, Cocuq Mərcanlı!
Flora SADIQLI,
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.- 23 fevral.- S.1, 6.