“Bakı Mühəndislik
Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi
Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 21 fevral
tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. “Bakı Mühəndislik
Universiteti” (bundan sonra - universitet) publik hüquqi şəxs Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli
Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tabeliyində yaradılmışdır.
1.2. Universitet ali təhsilin
bütün səviyyələri üzrə mühəndis
kadrlarının hazırlığını, ali,
orta ixtisas və əlavə təhsil proqramlarını həyata
keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar
aparan publik hüquqi şəxsdir.
1.3. Universitet öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının
Mülki Məcəlləsini, “Təhsil haqqında” və
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikasının digər qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan
Respublikası təhsil nazirinin əmr və sərəncamlarını
və bu nizamnaməni rəhbər tutur.
1.4. Universitetin müstəqil
balansı, əmlakı, xəzinə və bank hesabları,
üzərində Azərbaycan Respublikası Təhsil
Nazirliyinin və öz adı həkk olunmuş
möhürü, ştampları və blankları vardır.
1.5. Universitetin fəaliyyətinə
lisenziya “Təhsil haqqında” və “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq verilir.
1.6. Universitet “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.
1.7. Universitetin təhsilin
inkişafı və təkmilləşdirilməsi məqsədi
ilə digər təhsil müəssisələri ilə sazişlər
bağlamaq, birliklər (assosiasiyalar) yaratmaq və onlara daxil
olmaq hüququ vardır.
1.8. Universitetin strukturuna filialları,
nümayəndəlikləri, fakültələri,
kafedraları, şöbələri, kitabxanaları, elmi tədqiqat
və sınaq laboratoriyaları, doktorantura və əlavə
təhsil bölmələri, qeydiyyat ofisləri, tədris-təcrübə
təsərrüfatları, idman bazaları, studiyaları,
konsert zalları, sərgi salonları, iaşə müəssisələri
və digər bölmələr daxil edilir. Universitetin
strukturunda onun profilinə uyğun istehsal, klinika, elmi tədqiqat,
yaradıcılıq müəssisəsi və təşkilatları
yaradıla bilər.
1.9. Universitet Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə, “Təhsil
haqqında” və “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının qanunlarına və
bu nizamnaməyə uyğun olaraq, təsərrüfat cəmiyyətləri,
nümayəndəliklər, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin razılığı əsasında filiallar yaratmaq
hüququna malikdir. Universitetin filialları öz
funksiyalarını müstəqil həyata keçirirlər.
Nümayəndəlik və filialların rəhbərlərini
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırmaqla universitetin rektoru vəzifəyə təyin
və vəzifədən azad edir.
1.10. Universitetdə təhsil dövlət
sifarişli və (və ya) ödənişli əsaslarla həyata
keçirilir.
1.11. Universitet bu nizamnaməyə
uyğun olaraq aşağıdakı vəzifələri yerinə
yetirir:
1.11.1. hər bir
şəxsin intellektual, mədəni və mənəvi
inkişafı, təhsilalma tələblərinin ödənilməsi;
1.11.2. təlim-tərbiyə prosesinin
yüksək səviyyədə təşkil edilməsi;
1.11.3. elmi
araşdırmaların aparılması;
1.11.4. yüksəkixtisaslı
elmi-pedaqoji, elmi kadrların hazırlanması;
1.11.5. əlavə
təhsilin təmin edilməsi;
1.11.6. beynəlxalq
fəaliyyətin və xarici əlaqələrin təmin edilməsi.
1.12. Bu nizamnamənin 1.11-ci bəndində
göstərilən vəzifələri yerinə yetirmək üçün
universitet:
1.12.1. dövlət
təhsil standartlarına və ayrı-ayrı pillələr
və ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil
proqramlarına uyğun tədris sənədlərini və tədris
prosesinin təşkilinə aid digər sənədləri
hazırlayır;
1.12.2. tədris
prosesini təşkil edir və onun monitorinqini həyata
keçirir;
1.12.3. təlim
prosesində innovativ texnologiyalardan və yeni təlim
üsullarından istifadə edir;
1.12.4. elmi,
ixtisaslaşdırılmış və dissertasiya
şuralarının işini təşkil edir;
1.12.5. profilinə
uyğun elmi tədqiqat işlərini həyata keçirir və
elmi-metodik sənədlər hazırlayır;
1.12.6. elmi-praktik konfranslar, seminarlar,
simpoziumlar, olimpiadalar, müsabiqələr, sərgilər və
s. təşkil edir və həyata keçirir;
1.12.7. elmi əlaqələr
yaradır, təhsil və elmi-texniki əməkdaşlıq
haqqında saziş və müqavilələr bağlayır,
təhsillə bağlı layihələrdə, o cümlədən
beynəlxalq layihələrdə iştirak edir;
1.12.8. beynəlxalq
və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi
ilə bağlı müasir informasiya və elmi-metodik məlumat
bazasını, universitetin xüsusi veb-portalını, qlobal
kompüter şəbəkəsi (internet) üçün
informasiya resurslarını yaradır;
1.12.9. elmi əsərlər,
tədris və tədris-metodik resursları hazırlayır və
nəşr edir;
1.12.10. tələbələrə
və işçi heyətinə idman, sağlamlıq,
iaşə və məişət xidmətləri təşkil
edir və göstərir;
1.12.11. maliyyə-təsərrüfat
fəaliyyətini həyata keçirir;
1.12.12. maddi-texniki və tədris
bazasının möhkəmləndirilməsi və genişləndirilməsi
istiqamətində işlər görür;
1.12.13. müəllim-tələbə
mübadiləsi və onların xaricdə təcrübə
keçmələri üçün beynəlxalq əlaqələr
yaradır.
1.13. Universitetdə mütəxəssis
və elmi-pedaqoji kadr hazırlığı orta ixtisas təhsili
pilləsindən və ali təhsilin
bakalavriat, magistratura və doktorantura səviyyələrindən
ibarətdir.
1.14. Universitetdə
aşağıdakı təhsilalma formaları müəyyən
edilir:
1.14.1. əyani;
1.14.2. qiyabi;
1.14.3. distant (məsafədən).
1.15. Universitetdə tədris orta
ixtisas təhsili pilləsi və ali təhsilin
ayrı-ayrı səviyyələri üzrə təhsilin məzmununu
və mənimsəmə qaydalarını müəyyən
edən və Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təsdiq edilən təhsil
proqramları (kurikulumları) üzrə həyata
keçirilir.
2. Universitetə tələbə
qəbulu
2.1. Universitetə orta ixtisas təhsili
pilləsinə ümumi orta təhsilli və tam orta təhsilli
şəxslər, ali təhsilin bakalavr səviyyəsinə
tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər,
magistratura səviyyəsinə isə bakalavr səviyyəsini
bitirən şəxslər, ixtisasın sərbəst
seçimi əsasında, müsabiqə yolu ilə qəbul
olunurlar.
2.2. Universitetə tələbə qəbulu
biliyin qiymətləndirilməsi üzrə keçirilən
imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə
əsasən, Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzi tərəfindən həyata
keçirilir.
2.3. Universitetin bakalavriat, magistratura və
doktorantura səviyyələrinə əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin qəbulu
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr əsasında,
habelə universitetlə əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs arasında bağlanılan müqaviləyə
uyğun olaraq ödənişli əsaslarla həyata
keçirilir.
2.4. Universitetə tələbə qəbulu
planı müvafiq dövlət, həmçinin
ayrı-ayrı müəssisə və təşkilatların
sifarişinə uyğun olaraq, universitetin imkanları nəzərə
alınmaqla, universitetin və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təklifləri əsasında Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir.
3. Universitetin tədris
fəaliyyəti
3.1. Universitetdə tədris dili - Azərbaycan
dilidir. Təlim universitetin imkanları nəzərə
alınmaqla, xarici dillərdə də aparılır.
3.2. Universitet aşağıdakı
təhsil proqramlarını (kurikulumları) həyata
keçirir:
3.2.1. orta ixtisas təhsili;
3.2.2. ali təhsil:
3.2.2.1. bakalavriat;
3.2.2.2. magistratura;
3.2.2.3. doktorantura.
3.2.3. əlavə
təhsil.
3.3. Universitet Azərbaycan
Respublikası Təhsil Nazirliyinin razılığı ilə
xarici dövlətlərin ali təhsil
müəssisələri ilə bağlanılmış ikitərəfli
və çoxtərəfli müqavilələrə uyğun
olaraq, beynəlxalq təhsil proqramlarını həyata
keçirə bilər.
3.4. Orta ixtisas və ali
təhsil proqramlarına və onların həyata keçirilməsinə
qoyulan ümumi tələblər Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müvafiq təhsil pillələri üzrə təsdiq edilən
dövlət təhsil standartları və proqramları (bundan
sonra - dövlət təhsil standartı) ilə müəyyən
edilir.
3.5. Universitetdə təhsilalanların
fəaliyyətini stimullaşdırmaq məqsədi ilə təqaüdlər
(o cümlədən adlı təqaüdlər) və
yardımlar verilir.
3.6. Təhsilalanların bir təhsil
proqramından digərinə və ya universitetdən digər ali təhsil müəssisəsinə
köçürülməsi, xaric edilməsi, onlara akademik məzuniyyət
verilməsi və universitetə bərpa olunması
qaydasını Azərbaycan Respublikasının Təhsil
Nazirliyi müəyyən edir.
3.7. Orta ixtisas təhsili pilləsini və
ali təhsilin bakalavriat və magistratura təhsil
proqramlarını başa vurmuş və yekun dövlət
attestasiyasından keçmiş tələbələrə
universiteti bitirməsi barədə diplom verilir. Həmin
diploma əlavədə təhsilalanlar tərəfindən mənimsənilmiş
fənlər, onların kreditlə həcmi və qiymətlər
göstərilir. Universitetin bakalavriat və
magistratura səviyyələrinin məzunlarına Avropa
Komissiyası, Avropa Şurası və UNESCO/CEPES-in nümunəsinə
uyğun hazırlanmış və forması Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmiş diploma əlavə həmin şəxslərin arzusu
ilə verilir. Müxtəlif səbəblərdən
təhsilin hər hansı pilləsini və səviyyəsini
başa vurmayan təhsilalanlara Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilmiş qaydada arayış verilir.
4. Elmi fəaliyyət
4.1. Universitet tədris prosesi ilə
elmi fəaliyyətin vəhdətini təmin edən elmi fəaliyyət
subyekti olmaqla, fakültələr, kafedralar, elmi kitabxanalar,
laboratoriyalar, mərkəzlər, elmi tədqiqat institutları
və digər elmi strukturların bazasında elmin müxtəlif
sahələri və istiqamətləri üzrə fundamental,
nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar
aparır, yüksəkixtisaslı elmi və elmi-pedaqoji
kadrların hazırlanmasını həyata keçirir.
4.2. Universitetin elm sahəsində fəaliyyəti
onun profilinə uyğun elmin müvafiq sahələrinin
inkişafına, elmi tədqiqatların nəticələrinin
tədris prosesinə tətbiqinə yönəldilir.
4.3. Universitet aparılan elmi tədqiqat
işlərinin nəticələrinin istehsalata və tədris
prosesinə (mühazirə, məşğələ, seminar,
laboratoriya dərslərinə, kurs layihələrinə, kurs
və buraxılış işlərinə, magistr
dissertasiyalarına) tətbiq olunmasını və
monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər
şəklində dərc olunmaqla və elmi forumlarda məruzə
edilməklə yayılmasını təşkil edir.
4.4. Universitetdə aparılan elmi tədqiqat
fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi
olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri,
qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və
digər qanuni mənbələr hesabına həyata
keçirilir.
4.5. Təhsilin inkişaf problemləri
ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri
daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin
təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə,
tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin
yeni texnologiyalarının və digər istiqamətlər
üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə
yönəldilir.
4.6. Elmi fəaliyyət professor-müəllim
heyətinin işinin tərkib hissəsidir.
4.7. Universitetdə aparılan elmi tədqiqat
işlərinin nəticələri professor-müəllim heyətinin
vəzifələrə seçkisi və təyin olunması
zamanı nəzərə alınır.
5. Universitetin idarə
olunması
5.1. Elmi Şura, Himayəçilər
Şurası, rektor, Büdcə Komitəsi və Audit Komitəsi
universitetin idarəetmə orqanlarıdır.
5.2. Universitetin ali idarəetmə orqanı
universitetin Elmi Şurasıdır (bundan sonra - Elmi Şura). Elmi Şuranın yaradılması, səlahiyyətləri
və fəaliyyətinin təşkili qaydası Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Ali təhsil
müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”
və bu nizamnamə ilə müəyyən edilir.
5.3. Elmi Şuranın tərkibi “Ali təhsil
müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə
uyğun olaraq, Elmi Şuranın tərkibinə tutduğu vəzifəyə
görə daxil olanlardan və seçki yolu ilə seçilən
üzvlərdən formalaşdırılır. Elmi
Şuranın tərkibinə tutduqları vəzifəyə
görə universitetin rektoru (Elmi Şuranın sədri), tədris
işləri üzrə prorektor (Elmi Şura sədrinin
müavini), digər prorektorlar, universitetin filiallarının,
elmi tədqiqat institutlarının və nəzdindəki
kolleclərin direktorları, dekanlar, ali təhsil müəssisəsinin
elmi katibi, Həmkarlar İttifaqı Komitələrinin (əməkdaşların
və tələbələrin), Tələbə-Elmi Cəmiyyətinin
və Tələbə Gənclər Təşkilatının
sədrləri daxil edilirlər.
5.4. Elmi Şuranın səlahiyyətlərinə
universitetin elm və tədris fəaliyyətindən irəli
gələn məsələlərə baxmaq, universitetin
nizamnaməsində dəyişikliklər barədə təkliflər
vermək, universitetin daxili strukturunu (fakültə, kafedra,
şöbə və digər struktur bölmələri)
müəyyən etmək, struktur bölmələrinin
yaradılması, ləğvi və yenidən təşkili
barədə təkliflər vermək, onların əsasnamələrini
təsdiq etmək, tələbə qəbulu planının
layihəsini hazırlamaq, elmi adlara təqdim etmək,
universitetin fəxri professoru (doktoru) adını vermək, təhsilalanların
geyim formasını müəyyən etmək, təhsilalanlara
məqsədli təqaüdlər vermək, müəyyən
etdiyi meyarlara uyğun gələn tələbələr
üçün stimullaşdırma tədbirləri tətbiq
etmək, ödənişli əsaslarla təhsil alanları təhsil
haqqının ödənilməsindən tam və ya qismən
azad etmək, təhsil haqqının ödənilməsində
onlar üçün güzəştlər müəyyən
etmək və tələbələrinin xarici ölkələrdə
təhsilini maliyyələşdirmək haqqında qərar qəbul
etmək və “Ali təhsil müəssisəsinin Elmi
Şurası haqqında Əsasnamə” ilə müəyyən
edilmiş digər məsələlər aiddir.
5.5. Elmi Şuranın iclası onun
üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.
Elmi Şuranın qərarları Elmi
Şuranın iclasında iştirak edən üzvlərin sadə
səs çoxluğu ilə qəbul edilir. Elmi Şuranın qərarları universitetin rektoru tərəfindən
təsdiq olunduqdan sonra qüvvəyə minir. Universitetin rektoru Elmi Şuranın qərarını
təsdiq etmədikdə həmin məsələ Elmi
Şuranın iclasına təkrar çıxarılarsa, məsələ
üzrə qərar Elmi Şuranın iclasında iştirak edən
üzvlərin üçdə iki səs çoxluğu ilə
qəbul olunur. Bu halda universitetin rektoru həmin
qərarı təsdiq etməlidir.
5.6. Universitetin strateji inkişaf məsələləri
üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət
göstərən Himayəçilər Şurasıdır.
5.7. Himayəçilər
Şurasının tərkibi azı 3 nəfər olmaqla, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq
edilir. Himayəçilər Şurasının
səlahiyyətləri, yaradılması və fəaliyyətinin
təşkili qaydası Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təsdiq edilən əsasnamə
və bu nizamnamə ilə müəyyən edilir.
5.8. Universitetin Himayəçilər
Şurasının (bundan sonra - Himayəçilər
Şurası) səlahiyyətlərinə universitetin strateji
inkişaf proqramının, illik büdcəsinin və onun
icrasının təsdiq edilməsi, universitetin Audit Komitəsinin
üzvlərinin seçilməsi, universitetin fəaliyyət
istiqamətlərinə nəzarət, universitetin elm-təhsil-innovasiya
mərkəzi kimi inkişaf etməsinə, fundamental və tətbiqi
elmi layihələrin həyata keçirilməsinə, zəruri
infrastrukturun yaradılmasına, beynəlxalq əlaqələrin
qurulmasına, maliyyə vəsaitinin və sair
investisiyaların cəlb edilməsinə, məzunların
işlə təmin olunmasına dəstək göstərilməsi
aiddir.
5.9. Universitetin cari fəaliyyətinə
rəhbərliyi universitetin rektoru (bundan sonra - rektor) həyata
keçirir. Rektorun fəaliyyətinin təşkili
qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
təsdiq edilən əsasnamə və bu nizamnamə ilə
müəyyən edilir. Rektor əvəzçiliklə
təyin oluna bilməz. Rektor Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilir. Rektor beş il müddətinə təyin edilir və
eyni şəxs iki dəfədən artıq rektor vəzifəsinə
təyin edilə bilməz. Rektor olmadıqda,
universitetin fəaliyyətinə rəhbərliyi Azərbaycan
Respublikası təhsil nazirinin müəyyən etdiyi prorektor
həyata keçirir.
5.10. Universitetdə təhsilverənlərin
və təhsilalanların sayından asılı olaraq, prorektorların
sayı azı 4 nəfər müəyyən edilir.
Prorektorlar universitetin təqdimatı əsasında Azərbaycan
Respublikasının təhsil naziri tərəfindən beş il müddətinə təyin olunurlar. Eyni şəxs iki dəfədən artıq prorektor
təyin edilə bilməz.
5.11. Rektor:
5.11.1. universitetin
elm, tədris, kadr və beynəlxalq əlaqələr məsələləri
üzrə cari fəaliyyətinə rəhbərlik edir və
bu fəaliyyət üçün şəxsən məsuliyyət
daşıyır;
5.11.2. universiteti
dövlət orqanları və təşkilatları ilə,
yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil
edir;
5.11.3. universitetdə
inzibati funksiyaları həyata keçirir;
5.11.4. Universitetin adından Büdcə
Komitəsinin razılığı əsasında
mülki-hüquqi əqdlər, habelə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin razılığı ilə
xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdlər (xüsusi əhəmiyyətli əqdlər),
habelə universitetə aidiyyəti olan şəxslərlə
əqdlər (əqdin dəyəri aktivlərin 5 faiz və
daha çox hissəsini təşkil etdikdə) bagalayır,
etibarnamələr verir, banklarda və digər kredit təsisatlarında
hesablar açır;
5.11.5. universitetin
işçiləri, struktur bölmələri və təhsilalanları
üçün icrası məcburi olan əmr və sərəncamlar
verir;
5.11.6. Elmi Şuranın qərarlarını
təsdiq edir, Elmi Şuranın və Himayəçilər
Şurasının qərarlarını həyata keçirir;
5.11.7. Büdcə Komitəsinin rəyi
əsasında, Elmi Şuranın müəyyən etdiyi
universitetin daxili strukturunu və ştat cədvəlini Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırmaqla təsdiq edir;
5.11.8. Elmi Şuranın
qarşısında elm və tədris məsələlərinə
dair, Himayəçilər Şurasının
qarşısında universitetin cari fəaliyyətinə dair
hesabat verir;
5.11.9. işçilərlə
əmək müqavilələri bağlayır,
işçilərin peşəkar inkişafını təşkil
edir;
5.11.10. işçilərin
vəzifə təlimatlarını təsdiq edir;
5.11.11. universitetin
daxili intizam qaydalarını təsdiq edir;
5.11.12. universitetin
cari fəaliyyəti ilə bağlı, habelə digər idarəetmə
orqanlarının səlahiyyətlərinə aid edilməyən
digər məsələləri həll edir.
5.12. universitetin
maliyyə-təsərrüfat fəaliyyəti üzrə idarəetmə
orqanı Universitetin Büdcə Komitəsidir (bundan sonra -
Büdcə Komitəsi). Büdcə Komitəsinin
səlahiyyətləri, yaradılması və fəaliyyətinin
təşkili qaydası Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təsdiq edilən əsasnamə
və bu nizamnamə ilə müəyyən edilir.
5.13. Büdcə Komitəsinin səlahiyyətlərinə
aşağıdakılar aiddir:
5.13.1. universitetin
illik büdcəsinin layihəsinin hazırlanması;
5.13.2. universitetin
büdcə, maliyyə-təsərrüfat sahəsinə aid
məsələlər barədə Elmi Şuraya, rektora və
Himayəçilər Şurasına tövsiyələr
verilməsi, səlahiyyətlərinə uyğun olaraq maliyyə-təsərrüfat
məsələlərinə razılıq verilməsi;
5.13.3. universitetin
daxili strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə,
həmçinin onlarda dəyişikliklər edilməsinə
razılıq verilməsi;
5.13.4. universitetin
uzunmüddətli maliyyə və investisiya siyasəti ilə
bağlı maliyyə planlarının hazırlanması;
5.13.5. universitetin əmlakının
və maliyyə vəsaitlərinin idarə olunması;
5.13.6. universitetin
işçilərinin əməkhaqqı və mükafat məbləğlərinin
müəyyənləşdirilməsi, ödənişli təhsil
alanların təhsil haqqı və ondan azadolmalar barədə
təklif verilməsi;
5.13.7. universitetin maddi vəsaitlərinin
uçotunun təşkili, onlardan istifadəyə nəzarət,
Himayəçilər Şurasına, statistika, maliyyə və
vergi orqanlarına təqdim olunacaq hesabatların
hazırlanması, universitetin balansında olan dövlət əmlakına
münasibətdə səlahiyyətlərinin “Dövlət əmlakının
qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə müəyyən edilmiş qaydada həyata
keçirilməsi.
5.14. Büdcə Komitəsi 3 üzvdən
az, 5 üzvdən çox olmayan tərkibdə
təşkil edilir. Universitetin bu sahəyə
cavabdeh prorektoru eyni zamanda Büdcə Komitəsinin sədridir.
Büdcə Komitəsinin üzvləri həmin prorektorun təqdimatı
əsasında Azərbaycan Respublikasının təhsil naziri
tərəfindən beş il müddətinə
təyin olunurlar. Eyni şəxslər iki dəfədən
artıq Büdcə Komitəsinin üzvü təyin edilə
bilməzlər. Büdcə Komitəsinin
üzvləri öz vəzifələrini ödənişli əsaslarla
həyata keçirirlər.
5.15. Audit Komitəsi təhsil müəssisəsinin
daxilində tədris, elm, kadr, maliyyə-təsərrüfat,
beynəlxalq əlaqələr və digər məsələlərə
dair nəzarət funksiyalarını həyata keçirən
və birbaşa Himayəçilər Şurasına tabe olan
qurumdur. Audit Komitəsinin səlahiyyətləri,
yaradılması və fəaliyyətinin təşkili
qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
təsdiq edilən əsasnamə və bu nizamnamə ilə
müəyyən edilir.
5.16. Audit Komitəsi 3 üzvdən az, 5 üzvdən çox olmayan tərkibdə
təşkil edilir. Audit Komitəsinin üzvləri universitetin
heç bir idarəetmə orqanında təmsil olunmayan şəxslər
sırasından Himayəçilər Şurasının
üzvlərinin sadə səs çoxluğu ilə beş il müddətinə seçilirlər.
Eyni şəxslər iki dəfədən
artıq Audit Komitəsinin üzvü təyin edilə bilməzlər.
Audit Komitəsinin üzvləri öz vəzifələrini
ödənişli əsaslarla həyata keçirirlər.
5.17. Audit Komitəsi üzvlərinin
səlahiyyətlərinin icrası ilə bağlı
universitetin fəaliyyətinin elm, tədris, kadr, maliyyə-təsərrüfat
və digər sahəsinə aid sənəd və məlumat
tələb etmək hüququ vardır.
5.18. Audit Komitəsi öz fəaliyyəti
haqqında Himayəçilər Şurasına yarımillik və
illik hesabatlar təqdim edir.
5.19. Fakültə universitetin tədris,
elmi və inzibati bölməsi olub, eyni sahə və istiqamət
daxilində bir və ya bir-birinə yaxın olan ixtisaslar
üzrə bakalavr və magistr hazırlığını,
müvafiq sahə üzrə əlavə təhsili həyata
keçirir, eləcə də elmi tədqiqat və tərbiyə
işlərinə rəhbərlik edir. Universitetin
fakültələrinə ümumi rəhbərliyi Fakültə
Elmi Şurası həyata keçirir. Fakültə
Elmi Şurasının səlahiyyətləri,
yaradılması və fəaliyyətinin təşkili
qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
təsdiq edilən əsasnamə ilə müəyyən
edilir.
5.20. Kafedra universitetin (fakültənin)
əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir
neçə yaxın fənlər üzrə tədris,
metodik, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili
həyata keçirir. Kafedranın səlahiyyətləri,
yaradılması və fəaliyyətinin təşkili
qaydası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
təsdiq edilən əsasnamə ilə müəyyən
edilir.
5.21. Universitetdə elmi-pedaqoji
(professor-müəllim heyəti, elmi işçilər),
mühəndis-texnik, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi
və digər heyətlər üzrə vəzifələr nəzərdə
tutulur. Bu vəzifələrə təyinolunma
rektor tərəfindən həyata keçirilir.
6. Təhsilalanların,
təhsilverənlərin və digər işçilərin
hüquq və vəzifələri
Təhsilalanların, təhsilverənlərin,
universitetin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat,
mühəndis-texniki, istehsal, tədris-köməkçi və
digər heyətinin hüquq və vəzifələri Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, Azərbaycan
Respublikasının Əmək Məcəlləsi, “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanunu, bu nizamnamə,
universitetin daxili intizam qaydaları, universitetlə əmək
münasibəti olan şəxslərə münasibətdə
eyni zamanda əmək müqavilələri ilə tənzimlənir.
7. Universitetin
nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat
fəaliyyəti
7.1. Universitetin nizamnamə fondu
1.000.000 (bir milyon) manatdır.
7.2. Universitetin əmlakı nizamnamə
fondundan, ona dövlət və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən
verilmiş digər əmlakdan, habelə dövlət büdcəsindən
ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə
uyğun olaraq gördüyü işlərdən, göstərdiyi
xidmətlərdən əldə etdiyi daxilolmalardan, ianələrdən,
qrantlardan və bu nizamnamə ilə müəyyən
edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən
ibarətdir.
7.3. Universitet ona verilmiş əmlakdan
yalnız bu nizamnamə ilə müəyyən olunmuş məqsədlərə
uyğun istifadə edir.
7.4. Dövlət universitetin öhdəlikləri
üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə
bağlı zərər üçün universitetə verdiyi
əmlakın dəyəri həddində risk
daşıyır.
7.5. Universitet mülkiyyətində və
istifadəsində olan əmlakın saxlanılması,
qorunması və ondan səmərəli istifadə edilməsi
üçün məsuliyyət daşıyır.
7.6. Universitet bu nizamnaməyə əsasən
göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq
və digər xidmətlər) nəticəsində
daşınar və daşınmaz əmlak, o cümlədən
bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri əldə
edə bilər.
7.7. Universitetin və onun balansında
olan əmlakın özəlləşdirilməsinə yol
verilmir.
7.8. Universitetin əldə etdiyi əmlak
onun mülkiyyətinə daxil edilir.
7.9. Universitet “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, ödənişli təhsil
xidmətləri göstərmək, ianələr və
könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait
və digər əmlak universitetə ayrılan vəsaitlərin
miqdarına təsir göstərmir və bu nizamnaməyə
uyğun olaraq sərbəst istifadə edilir.
7.10. Universitetin əldə etdiyi mənfəət
yalnız təhsilin inkişafına, təhsilalanların və
təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.
Universitet ödənişli təhsildən və
digər mənbələrdən əldə olunan vəsaitlərin
xərclənməsi istiqamətlərini və işçilərin
maddi həvəsləndirilməsinə ayırmaların
xüsusi çəkisini sərbəst müəyyən edir,
təhsilverənlərə və təhsilalanlara maddi
yardımlar göstərir.
7.11. Universitetin maliyyələşdirilməsi
təhsilin hər səviyyəsi üzrə müəyyən
edilmiş maliyyə normativlərinə əsasən həyata
keçirilir. Bu normativlər hər bir təhsilalana
düşən məsrəf məbləği nəzərə
alınmaqla müəyyən edilir.
7.12. Universitet aşağıdakı
mənbələrdən maliyyələşdirilir:
7.12.1. dövlət
vəsaitləri hesabına;
7.12.2. ödənişli
təhsildən əldə olunan nağdsız vəsaitlər
hesabına;
7.12.3. “Qrant haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq universitetə verilən
qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və
yardımlar hesabına;
7.12.4. müsabiqə
əsasında dövlət tərəfindən ayrılan elmi
tədqiqat qrantları hesabına;
7.12.5. universitetin
təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və bu
nizamnaməyə uyğun olaraq digər xidmətlərdən əldə
etdiyi vəsaitlər hesabına;
7.12.6. universitetin
mülkiyyətində olan fiziki və mənəvi cəhətdən
köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin
və təhsil məqsədləri üçün
yararsız halda olan digər əmlakın satışından
əldə edilən vəsaitlər hesabına;
7.12.7. “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq əldə edilən
digər vəsaitlər hesabına.
7.13. Universitet mənfəət əldə
etmək məqsədi güdmür.
7.14. Universitet xalis aktivlərinin dəyərinin
25 faizindən artıq məbləğdə olan əqdləri
(xüsusi əhəmiyyətli əqd), habelə Universitetə
aidiyyəti olan şəxslərlə əqdləri (əqdin
dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini
təşkil etdikdə) Azərbaycan Respublikası Təhsil
Nazirliyinin razılığı ilə bağlaya bilər. Universitet xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) bağlanılması barədə məlumatı və
universitetin illik maliyyə hesabatını universitetin internet səhifəsində
yerləşdirməyə borcludur.
8. Universitetin fəaliyyəti
barədə ictimaiyyətin məlumatlandırılması
qaydası
8.1. Universitet öz fəaliyyəti
haqqında məlumat hazırlayır və həmin məlumatı
mütəmadi olaraq kütləvi informasiya vasitələrində
aşağıdakılar göstərilməklə dərc
etdirir:
8.1.1. universitetin məqsədi
və fəaliyyət istiqamətləri;
8.1.2. universitetin
hüquqi ünvanı, iş rejimi, rəsmi internet saytı,
telefon nömrələri və elektron ünvanları;
8.1.3. universitetdə
mövcud olan ixtisasların adları.
8.2. Bu nizamnamənin 8.1-ci bəndində
nəzərdə tutulmuş məlumatlar eyni zamanda universitetin
rəsmi internet saytında, yerləşdiyi ərazi üzrə
ictimai yerlərdə və ya inzibati binasının
qarşısında yerləşdirilmiş məlumat lövhələrində
göstərilir.
8.3. Vətəndaşlar
yazılı və ya şifahi formada universitetə müraciət
edərək, onun fəaliyyəti haqqında məlumat əldə
edə bilərlər.
9. Təhsil sahəsində
beynəlxalq əlaqələr
9.1. Universitet orta ixtisas təhsili və
ali təhsil sahəsində beynəlxalq əməkdaşlığı
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr əsasında
həyata keçirir. Universitetdə tədris
prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında
təşkil edilir. Kredit sistemi üzrə
tədrisin təşkili qaydası Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilir.
9.2. Universitet “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa və özünün fəaliyyət
xüsusiyyətlərinə uyğun olaraq, xarici ölkələrin
elm və təhsil müəssisələri, təşkilatları,
beynəlxalq qurumlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq
haqqında ikitərəfli və çoxtərəfli
müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət
göstərən qeyri-kommersiya qurumlarına (ittifaqlar, birliklər,
assosiasiyalar və s.) daxil ola bilər.
9.3. Universitetin “Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, beynəlxalq
səviyyəli birgə elm və təhsil layihələrini
hazırlamaq, elmi-praktik konfranslar, simpoziumlar keçirmək, tələbələrin,
magistrlərin, doktorantların, müəllimlərin və
elmi işçilərin mübadiləsi, iddia sənədi,
patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi
ilə müstəqil məşğul olmaq hüququ
vardır.
9.4. Universitetin öz fəaliyyətinin
keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini
genişləndirmək məqsədi ilə “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa və bu
nizamnaməyə uyğun olaraq, xarici tərəfdaşlarla
birlikdə ölkə daxilində və xarici dövlətlərdə
müştərək struktur bölmələri (mərkəzlər,
laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır.
10. Universitetin
yenidən təşkili və ləğvi
10.1. Universitetin yenidən təşkili
və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən
həyata keçirilir.
10.2. Universitet ləğv
edildikdə onun əmlakına Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq sərəncam verilir.
Azərbaycan.-
2017.- 23 fevral.- S.4.