Oğlumla qızımın yolunu hələ də gözləyirəm...”

 

Sinəsidağlı Hüseynovlar ailəsinin yaşadıqları müsibətlər erməni vandalizminin qanlı səhifələrindəndir

 

Şaxtalı-boranlı soyuq fevral gecəsi... Dörd aydır erməni mühasirəsində olan Xocalı sakinləri səksəkədə, vahimə içində yaşayırdılar. Hər yerdən əlaqə kəsilmişdi. Hər gecə nəsə baş verəcəyini gözləyən insanlar körpə balaları mürgüləyərkən başları üstündə qarovul çəkirdilər. Çünki yaşadıqları, gördükləri mənzərə onlara dəhşətli faciənin yaxınlaşdığını hiss etdirirdi. Neçə ay idi ki, topladıqları ərzaq ehtiyatları ilə dolanırdılar. Son ana kimi doğma ocaqlarını tərk etmədilər. Çünki bu millətdə Vətənə, torpağa bağlılıq hissi çox güclüdür. Elə, məhz bu bağlılıq xocalılılara unudulması mümkün olmayan dəhşətlər yaşatdı.

Düz 25 il ötür bu faciədən. Amma bir anlıq adamda elə təəssürat yaranır ki, o günün acılarından bu günümüzə qalan tək tarixi faktlar, statistik rəqəmlər və çəkilən görüntülərdir. Halbuki, o dəhşətli günün acısını özü ilə bu günə qədər daşıyan yüzlərlə xocalılı var aramızda. Çoxlarımızdan fərqli olaraq onlar, həm yaşadıqları dəhşəti, həm də Xocalı dərdini ürəklərində ömürlük yük tək daşımaq kimi bir taleyə məhkumdurlar.

 

25 ildir Xocalıda itirdikləri övladlarının həsrəti ilə alışıb-yanırlar

 

Ömrünün ən xoş və ən ağır gününü Xocalıda keçirmiş, hazırda isə Goranboy rayonunda məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə yaşayan Hüseynovlar ailəsi 25 il əvvəl fevralın 25-də itirdiklərinin həsrəti ilə alışıb-yanırlar. 5 uşaq valideyni olan 76 yaşlı Aleksandr Hüseynovla 70 yaşlı Diləzbər Hüseynova Xocalıda yurd yeri ilə bərabər iki can qoyub gəliblər. O müdhiş gecədə itirdikləri balalarından isə indiyə kimi xəbər-ətər yoxdur. O dəhşətli faciənin şahidi Diləzbər nənə bu güniki gül balasının yolunu gözləyir.

- Fevralın 25-dən 26-na keçən gecə başımıza gələn müsibəti anlatmaq mümkün deyil. Xocalının özünümüdafiə taborunun komandiri Tofiq Hüseynovla qonşu idik. Tofiq evə gələ bilmirdibuna görə də yoldaşı xahiş edirdi ki, 24 yaşlı qızım Rəsmiyyə onun yanında qalsın. Bizaxşam yeməyini yeyəndən sonra onlara gedirdik. Öncə onu deyim ki, Xocalı mühasirəyə alınanda biz uşaqları vertolyotla şəhərdən çıxarmışdıq. Amma qayıdıb gəldilər. Dedilər ki, sizi qoyub ayrı yerdə qala bilmərik, ölsək də bir yerdə öləcəyik...

 

Oğlumu belimə bağlayıb çayı keçdim, bədənimi buz kəsdi

 

Həmin gecə axşam saatlarında şəhər toplardan, ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlandı. Böyük oğlum silahını götürüb getdi. Biz evdə qaldıq. Gecə idi, birgördüm oğlum tənginəfəs içəri girdi. Dedi ki, nə oturmusunuz, ermənilər kəndə girib. Paltarlarımızı geyinib evdən çıxdıq. 17 yaşlı oğlum Emin tez bacısının dalınca Tofiqgilə qaçdı. Artıq hamı getmişdi. Güllələr də yağış kimi yağırdı. Qışqırdıq, çağırdıq Emindən, Rəsmiyyədən bir xəbər çıxmadı. Ağlaya-ağlaya qaçmağa başladıq. Hamamın binasının yanında adamlar vardı. Onlara tərəf getdik. Dedilər kim istəyir meşə tərəfə, kimi də istəyir beşmərtəbənin altına getsin. Biz beşmərtəbənin altına gedib bir az gözlədik. Bir qədər keçəndən sonra bizi oradan çıxardılar və məcbur olub Qarqar çayı istiqamətində irəlilədik. İnsanların qışqırığı, harayı bürümüşdü ətrafı. Çayın sahilinə çatanda gördüm yanımda bircə 14 yaşlı oğlum Elmdar var. Qalanlarını itirmişəm. Qaranlıqda hərə bir tərəfə pərən-pərən düşüb. Oğlumu belimə bağlayıb çayı keçdim, bədənimi buz kəsdi və bu halda qarla örtülü meşəyə girdim. Oğlumu belimdən düşürmək istədim. Dedim bəlkə uşaq ağırlıq verdiyi üçün hərəkət edə bilmirəm. Amma ürəyim dözmədi. İki balamı evdən çıxanda, yoldaşımla o biri uşaqları isə çayın kənarında itirmişdim. Heç olmasa balamın birini xilas etmək üçün mübarizə aparmalıydım...

Meşədə qaynımın iki uşağını tapdım. Hava işıqlaşırdı. Onları da götürdüm. Naxçıvanik yoluna çatanda “UAZ” markalı maşın yoldan ötdü. Bir neçə dəqiqə keçməmişdi ki, zirehli hərbi maşın gəlib yolun üstündə dayandı. İnsanlar yolu keçib Ağdamın Şelli kəndi istiqamətinə tərəf qaçmaq istəyəndə dəhşətli mənzərə yaşandı. Zirehli texnikadan açılan atəş insanları parça-parça edirdi.

Başqa yol yox idi. Oradan keçməli idik. Bir az ara sakitləşəndə qaynımın uşaqlarını da götürüb sürünə-sürünə yolu keçdik. Arxamızca güclü atəş açdılar. Şelli kəndi tərəfə qaçaqaçda uşaqları yenə itirdim. Gəlib Şelliyə çatdıq. Günortaya qədər yoldaşımı, uşaqları axtardım, tapmadım. 45 yaşlı qadın, yedəyimdə bir uşaq, hara gedəcəyimi bilmirdim.

...Axşamtərəfi gördüm ki, yoldaşım gəlir. Amma təkdir, o biri uşaqlar yoxdur. Dedi qorxma, uşaqlar donurdular, kənddən bir nəfər evinə apardı. Beləcə, möcüzə sayəsində Xocalıdan sağ çıxdıq. Amma Rəsmiyyə ilə Emini gördüm deyən olmadı. Bir müddətdən sonra əsirlikdən gələnlərdən soruşduq, xəbər çıxmadı. Balalarım hara getdi, necə itdi, başlarına hansı müsibət gəldi, bilmədik. Bu gün onların yolunu gözləyirəm.

 

Ayaqyalın, başıaçıq olan uşaqlar şaxtadan donub ölürdülər

 

Qarqar çayının sahilində həyat yoldaşını itirən Aleksandr Hüseynov isə yanında qalan iki balasının erməni vəhşilərinin əlinə keçməməsi üçün canını fəda etməyə hazır olduğunu dedi.

- Gecə idi. İnsanlar qarlı-şaxtalı havada meşə tərəfə üz tutmuşdu. Arxadan güllələr atılırdı. Vahimə içində qaçırdıq. Bir gördüm yoldaşım yoxdur. Yanımda iki uşaq qalıb. qədər qışqırdım, hay vermədi. Uşaqların ayaqqabıları da ayaqlarından çıxmışdı. Donurdular. Çayı keçəndən sonra isə lap müsibət oldu. Yaş paltarla qarda hərəkət etmək zülm idi. Meşədə uşaqların əlləri-ayaqları buz bağladı. Tez-tez ayaqlarını, əllərini ovuşdururdum. Xeyli qadın-uşaq donub öldü. Adamların çoxu yaralı idilər. Onlar da çox gedə bilmədilər. Məni balalarımı Allah qorudu. Əgər biz o müsibətdən sağ çıxmışıqsa, bu, möcüzə sayəsində baş verib.

Ermənilər bir adamı sağ buraxmaq istəmirdilər. Qardaşımı əsir götürmüşdülər. Bir müddətdən sonra erməni əsir ilə dəyişdilər. Amma gələndə elə gündə idi ki... Çox yaşamadı. Bircə onu dedi ki, əsirlikdə gün işığı görməyib. Yalnız dəyişdirilən gün havaya çıxıb. Bədənində işgəncədən salamat yer yox idi. Ona necə iynə vurmuşdularsa, bədənində inkişaf getmədi. Şikəst qaldı bir neçə aydan sonra rəhmətə getdi. Uşaqlarını isə meşədə yoldaşım tapmışdı. Anaları da faciənin qurbanı oldu. Həmin gecə iki balamızı 30-a yaxın qohum-əqrəbamızi itirdik.

Hüseynovlar ailəsinin başına gələnlər, sağ qalan ailə üzvlərinin yaşadığı iztirab əsl erməni xislətini, erməni vəhşiliyini sübuta yetirən tarixi sənəddir...

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 23 fevral.- S.5.