“Məzarsız əzizlərimin hansına daha çox ağı deyim, hansına daha çox yas saxlayım...”
Soyqırımında oğlunu,
qardaşını və həyat yoldaşını itirən
Xalidə Həsənova onların ruhunun
dolaşdığı yerlərə tez çatmaq istəyir
...Goranboy rayonunda qaçqınlar və məcburi köçkünlər üçün salınmış məhəllədə yaşayan Xocalı sakini Xalidə Həsənova asta-asta danışır. Dağ qürurlu Azərbaycan xanımlarına, el anası olan ağbirçəklərə məxsus təmkini var. Amma danışdıqca hiss edirsən ki, ürəyindən qara qanlar axır. Niyə də belə olmasın? “Bilirsiniz, Xocalıda kimləri, nələri itirdik?” - deyib dərindən “ah” çəkir.
Bir döyüşdə qardaşını, ərini və oğlunu itirən qadın obrazlarına əvvəllər nağıllarda, rəvayətlərdə rast gələrdik. Xocalı qadınları arasında da belələri çoxdur. Onlardan biri də Xalidə Həsənovadır.
31 yaşlı qardaşı Ələddin Həsənov Xocalı soyqırımının qurbanı olub.
- Heç bir bacı belə dağ-düyün görməsin - deyir Xalidə xanım. - Ələddinin toyunun tar-qaval səsi hələ qulaqlardan getməmişdi. İlk övladının dünyaya gəlişini gözləyirdi. Mexanik işləyirdi, əlləri qızıl idi. Yağılar Ələddinlə yanaşı daha 12 cavanın əl-qolunu bağlayaraq onları əsir götürüblər. Qardaşımdan hələ də heç bir xəbər-ətər yoxdur. Böyük dərddir. Nə özü var, nə məzarı. Təsəllimiz bir yadigarı ola bilərdi, o da anası böyük sarsıntı keçirdiyindən dünyaya gəlməmiş məhv oldu...
Nənələrimiz “Dərdim bir olsa, onu çəkməyə nə var idi ki?” - deyiblər. Xalidə xanımın da Xocalı dərdləri bir deyil, beş deyil. Soyqırımı günü 20 illik ömür-gün yoldaşı Ramil Həsənovu da itirib.
- Əl-ələ verib dörd övlad böyüdürdük - deyə Xalidə xanım söhbətinə davam edir. - Üç oğlumuz, bir qızımız vardı. Topdağıtmaz ev-eşik qurmuşduq. Dörd otaq alt mərtəbədə, dörd otaq üst mərtəbədə idi. 50 sot torpağı əkib-becərirdik. 20 sotu həyətyanı sahəmiz idi. 30 sotu isə çay qırağında yerləşirdi. Həyətimin çəpərindən bir dəfəyə 10 kiloqram böyürtkən toplayırdım. Meşələrin əvəzsiz sərvəti olan göbələyi yığıb qurtara bilmirdik... Xocalıda hamının yaxşı ev-eşiyi vardı. Çoxu ikimərtəbəli idi, elə kürsülü evlərin özü də çox gözəl tikilmişdi. Ən kiçik evlər üç otaqdan ibarət idi. Düşmən gözü bunları götürə bilərdimi?
Yağı bu cənnət məkanı odlara qaladı. Kimi yurd uğrunda döyüşə-döyüşə, kimi dağlarda, meşələrdə dona-dona şəhid oldu, kimi də əsir düşərək, girov götürülərək məhv edildi.
Xalidə Həsənovanın bir oğlu da namərd gülləsinin qurbanı olub. 20 yaşı hələ tamam deyildi. Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kursunda təhsil alırdı. Məntiqlə dərs ilinin bu çağında o, Bakıda olmalı idi. Amma Mehdi adlı bu gənc auditoriyada qərar tuta bilmirdi. Nə qədər ki imkan var idi, tez-tez Xocalıya qaçıb gedirdi.
Atası üç dəfə onu vertolyota mindirib Bakıya yola salır və deyir ki, ay oğul, sən get dərslərinlə məşğul ol, biz buradayıq. Sonuncu dəfə gələndə Mehdini inadından döndərmək olmur. “Təhsil almaq həmişə mümkündür” - deyərək silaha sarılıb atası, dayısı ilə hər gün ön mövqedə torpağın, elin keşiyini çəkir.
Döyüşə-döyüşə də şəhid olub. Erməni faşistləri elə bir güllə yağışı yağdırırlarmış ki, oradan salamat sıxmaq mümkün deyilmiş.
Ananı yandıran odur ki, Mehdinin bir
nişanəsi qalmayıb. Heç məzarı
da yoxdur. Qalan təkcə Azərbaycan Memarlıq və İnşaat Universitetində
divardan boylanan və hamı tərəfindən ehtiramla
tamaşa edilən şəkildir.
- Bir döyüşdə qardaşı,
yoldaşı, balası
ölən qadının
necə faciə yaşadığını xalq
ədəbiyyatından yəqin
bilməmiş olmazsınız?
Elə hesab edin ki,
o qadın mənəm.
Bilmirəm hansına daha çox ağı deyim, hansına daha çox yas saxlayım... Heç birinin məzarı
da yoxdur ki, gedib ziyarət
edim, təsəlli tapım.
Bunları deyib Xalidə xanım sanki sözü qurtarıbmış
kimi baxışlarını
bir nöqtəyə zilləyir. Amma haçandan-haçana yenə
danışmağa başlayır:
- Xocalı gözüm önündən
getmir. Azərbaycanın çox gözəl
guşələri indi
yağı tapdağındadır,
o cümlədən də
Xocalı. Bu elə bir məkan
idi ki, gündoğan
tərəfində də,
günbatan tərəfində
də meşə vardı. Gündoğandakı meşə Şuşaya
gedib çatırdı.
Qarşı tərəfimiz isə
dağ idi, biz ona Bozdağ deyərdik. Üç çay axırdı
Xocalının qoynunda.
Hələ mən büllur gözlü buz bulaqları demirəm...
Xocalıdan pərən-pərən düşəndən
sonra Xalidə Həsənova uşaqları
ilə əvvəlcə
Naftalanda sanatoriyada məskunlaşıb. İndi artıq beş
ildir Goranboyda yaşayırlar.
Bir sirr də açdı
Xalidə xanım. Demə, Xocalı
soyqırımından sonra
əsəblərinin son dərəcə
gərginləşdiyindən intihar etmək istəyirmiş. Qızı
Nəzakət məsələdən
duyuq düşüb anasına göz qoyur, müşahidələrindən
düzgün nəticə
çıxardığına əmin olandan sonra ona qətiyyətlə
deyir:
- Sən məni - 16 yaşlı qızı kimə tapşırıb getmək
istəyirsən? Sahibsiz qalacaq
iki körpə qardaşıma?!
İndi ana etiraf edir
ki, qızının bu sözlərindən sonra elə bil yuxudan oyandı,
qərarını dəyişdi.
Bütün olub-keçənlərdən sonra
Xalidə Həsənova
üç övladını
böyüdüb araya-ərsəyə
çatdırmağa özündə
güc tapdı. İki oğul
evləndirdi, qızını
gəlin köçürdü.
İndi səkkiz nəvənin əziz nənəsidir.
Yaraları gecə-gündüz qövr
etsə də, bütün xocalılılar
kimi, Xalidə xanım da ümidini,
inamını itirmir. Yer üzündəki
bütün insanların
nəhayət, Xocalı
həqiqətlərini dərk
edəcəyinə inanır.
Bir gün Xocalıya dönəcəklərinə və
o günün çox
da uzaqda olmadığına inanır.
- Camaatımız
qoçaqdır - deyir.
- Biz yenidən tikib-quracağıq.
Evim uçurulub yandırılıbsa da, yeri ki yadımdadır...
Danışa-danışa kövrəlir. Bütün söhbət boyu
köməyinə çatan
iradəsi sanki birdən-birə onu hissləri ilə tək buraxır. Xalidə xanım əlləri ilə yanağı boyu axan göz yaşlarını
silir:
- Atamın, anamın, qayınatamın,
qayınanamın məzarı
qalıb orada. Məzarı olmayanlarımın
isə ruhu oradadır... Bu dəqiqə
Xocalıya ayaqyalın
gedərəm...
Arzun çin olsun, bacı, niyyətinə çatasan!..
Flora SADIQLI,
Azərbaycan.-
2017.- 23 fevral.- S.5.