İtaliya TAP layihəsinin həyata keçirilməsinə
görə İlham Əliyevə rəsmən
minnətdarlığını bildirdi
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev İtaliyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında fəal iştirakının əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı bildirdi ki, bu, müxtəlif sahələrdə sürətlə inkişaf edən əməkdaşlığımızın daha bir göstəricisi olmaqla yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi baxımından da çox əhəmiyyətlidir. Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığa dair Bəyannamənin qəbul edildiyini deyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, hazırda siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ən yüksək səviyyədədir və ölkələrimiz arasında əlaqələrin inkişafı şaxələndirilir.
Karlo Kalenda ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə İtaliya hökuməti adından dövlətimizin başçısına minnətdarlığını çatdırdı. O, bu mühüm tədbirdə İtaliyanın bir sıra şirkətlərinin nümayəndələrinin də iştirak etdiklərini vurğuladı, ölkələrimiz arasında müxtəlif sahələrdə əhəmiyyətli layihələrin icra edildiyini bildirdi.
Qonaq İtaliyanın Baş naziri Paolo Centiloninin ötən ilin sonunda xarici işlər və beynəlxalq əməkdaşlıq naziri kimi Azərbaycana səfərini xatırlatdı.
Söhbət zamanı ölkələrimiz arasında energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olundu. Bildirildi ki, İtaliya Azərbaycandan böyük həcmdə neft və enerji məhsulları idxal edir.
Diqqətə
çatdırıldı ki, Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində Azərbaycan Prezidenti
İlham Əliyev ilə İtaliyanın
“Leonardo” şirkətinin baş
icraçı direktoru və baş meneceri Mauro Moretti arasında
keçirilən görüşün nəticəsi
olaraq, Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində
nazirlərin üçüncü
toplantısı zamanı SOCAR ilə həmin şirkət
arasında əməkdaşlığa dair
memorandum imzalanacaq.
Azərbaycan.-
2017.-24 fevral.- S.2.