Azərbaycan
və Türkiyə kənd təsərrüfatı sahəsində
əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 23-də Türkiyə
Respublikasının qida, kənd təsərrüfatı və
heyvandarlıq naziri Faruk Çelikin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nazir
Faruk Çelik Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın və Baş nazir Binəli
Yıldırımın salamlarını dövlətimizin
başçısına çatdırdı. Türkiyəli
nazir Prezident İlham Əliyevin tövsiyəsi ilə
İslam Əməkdaşlıq Təşkilatının
Əmək Mərkəzinin Bakıda yaradılmasına və
uğurla fəaliyyət göstərməsinə görə
dövlətimizin başçısına minnətdarlığını
bildirdi. Faruk Çelik hazırda Türkiyənin Qida, Kənd
Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Azərbaycanın
Kənd Təsərrüfatı Nazirliyi arasında sıx əməkdaşlığın
yaradıldığını dedi.
Prezident İlham Əliyev Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla
bu yaxınlarda telefon danışığını və Baş
nazir Binəli Yıldırımla Münxendə
görüşünü məmnunluqla xatırladı. Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin bu gün Bakıda keçirilən növbəti
toplantısının önəmini qeyd edən dövlətimizin
başçısı Türkiyə Respublikasının
energetika və təbii sərvətlər naziri Berat Albayrakla
səmərəli görüşün olduğunu
vurğuladı.
Görüşdə ölkələrimizin
kənd təsərrüfatı nazirlikləri arasında əlaqələrin
yaxşı potensiala malik olduğu bildirildi, əməkdaşlığımızın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş
nazir Binəli Yıldırımın salamlarına görə
minnətdarlığını bildirdi, onun da
salamlarını Türkiyənin Prezidentinə və Baş
nazirinə çatdırmağı xahiş etdi.
Azərbaycan.-
2017.- 24 fevral.- S.1.