Beşinci çağırış Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası
keçirilib
Fevralın 23-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.
1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr
2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi
Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək deyib ki, bu gün muxtar respublika sosial-iqtisadi inkişafının yeni dövrünü yaşayır. İqtisadiyyatın bütün sahələri kimi tikinti sektoru da sürətlə inkişaf etməkdədir. 2016-cı il ərzində 14 təhsil müəssisəsi, 4 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 29 mədəniyyət obyekti, 13 kənd mərkəzi, 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 17 inzibati bina inşa olunub, 61,5 kilometrdən artıq yeni avtomobil yolları salınıb, 3 körpü tikilib, 2 körpü isə yenidən qurulub.
Qeyd olunub ki, 2017-ci ildə Naxçıvan şəhərinin Həsən Əliyev küçəsindəki 2 nömrəli, İstiqlal küçəsindəki 79 nömrəli yaşayış binalarının, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası binasının fasadının üzlənməsi, Qaraxanbəyli kəndində 414 şagird yerlik tam orta məktəb binasının, kənd və xidmət mərkəzi binalarının tikintisi, Şərur rayonunun Ələkli kəndində 216 şagird yerlik tam orta məktəb binasının, kənd musiqi məktəbi və kənd mərkəzi binalarının yenidən qurulması, xidmət mərkəzi binasının tikintisi, Ərəbyengicə kəndində 192 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının, Qarahəsənli kəndində kənd və xidmət mərkəzi binalarının tikintisi və 216 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, Babək rayonunun Payız kəndində 252 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, kənd və xidmət mərkəzi binalarının tikintisi, Culfa rayonunun Dizə kəndində 216 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının tikintisi, Ordubad rayonunun Üstüpü kəndində 252 şagird yerlik tam orta məktəbin, kənd mərkəzi, xidmət mərkəzi və həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunda 48 mənzilli yaşayış binasının tikintisi və muxtar respublika üzrə 80,2 kilometrlik avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev deyib ki, qəbul olunmuş dövlət proqramları və həyata keçirilən sosial-iqtisadi islahatlar muxtar respublikada aqrar bölmənin inkişafında mühüm rol oynayıb. Əhalini ilboyu kənd təsərrüfatı məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar və sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi, tutumu 27 min ton olan uzunmüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 235 heyvandarlıq, 64 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq, 72 bağçılıq və üzümçülük təsərrüfatı fəaliyyət göstərir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 1835 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 1506-sı lizinq yolu ilə sahibkarlara verilib. Əkinçilikdə, xüsusilə dənli bitkilərin məhsuldarlığının yüksəldilməsində ən əsas amillərdən biri keyfiyyətli toxum materialı ilə əkin aparılmasıdır. Aqrar sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 100 min 768 ton dənli və dənli-paxlalı, 10 min 500 ton dən üçün qarğıdalı, 725 ton dən üçün günəbaxan, 83 min ton tərəvəz, 46 min ton kartof, 38 min ton bostan məhsulları, 52 min ton meyvə, 15 min 600 ton üzüm, 25766 ton ət, 81372 ton süd, 80,5 milyon ədəd yumurta, 1022 ton yun və 1403 ton bal istehsal olunub. Kənd təsərrüfatı sahəsinin dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərib, nəticədə ötən il muxtar respublika üzrə 99 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunub. Görülmüş işlərin nəticəsidir ki, 2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 429 milyon 448 min manat olub ki, bu da 2015-ci illə müqayisədə 6,1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr barədə məruzə edib.
Beşinci
çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin beşinci sessiyasında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun məruzəsi
Hörmətli deputatlar və
sessiya iştirakçıları!
Ümummilli lider Heydər
Əliyevin quruculuq strategiyasına dönmədən əməl
olunması nəticəsində ölkə, eləcə də
muxtar respublika iqtisadiyyatında dinamik inkişaf meyilləri
qorunub saxlanmışdır. Yerli xammal və ehtiyatlardan səmərəli istifadə
etməklə istehsal müəssisələrinin
yaradılması yeni iş yerlərinin açılmasına,
məşğulluq səviyyəsinin yüksəlməsinə,
əhali gəlirlərinin artmasına səbəb olmuşdur.
Blokada şəraitinin çətinliklərinə
baxmayaraq Naxçıvan Muxtar Respublikasının ərazi, ərzaq
və enerji təhlükəsizliyi təmin edilmiş, nəqliyyat-kommunikasiya
sahəsi müasirləşdirilmiş, ekoloji vəziyyət
sağlamlaşdırılmış, sosial infrastruktur layihələri
həyata keçirilmişdir.
Aparılmış təhlillərdən
aydın olur ki, sosial-iqtisadi sahədə muxtar respublikanın
inkişafını daha da sürətləndirmək
üçün imkanlar çoxdur. Lakin ötən
dövrdə bəzi mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının fəaliyyətində aşkar olunmuş
çatışmazlıqlar göstərir ki, 2017-ci ildə nəzarət
və tələbkarlıq daha da artırılmalıdır.
Cari ildə Maliyyə
Nazirliyi büdcə vəsaitindən qənaətlə, səmərəli
və məqsədyönlü şəkildə istifadə
olunmasına nəzarəti artırmalı, mal-material
alınarkən izafi xərclərə yol verilməməli, əsasən
yerli məhsullardan istifadə olunmalıdır.
Vergilər Nazirliyi və
Dövlət Gömrük Komitəsi büdcə
daxilolmaları üzrə qanunvericilikdə nəzərdə
tutulmuş qaydaların icrasını təmin etməlidirlər.
Bu gün dünyada gedən
böhrandan qorunmağın ən yaxşı yolu yerli istehsalın
inkişaf etdirilməsidir. Bu, bir tərəfdən
idxaldan asılılığı aradan qaldırırsa, digər
tərəfdən əhali məşğulluğuna əhəmiyyətli
təsir göstərir. Daxili bazarın
qorunması, ərzaq məhsullarına olan tələbatın
əsasən yerli istehsal hesabına ödənilməsi məqsədilə
İqtisadiyyat Nazirliyi tərəfindən yerli xammala əsaslanan
yeni istehsal müəssisələrinin yaradılması bundan
sonra da davam etdirilməlidir. Layihələr
seçilərkən keyfiyyət amili diqqətdə
saxlanılmalı, qabaqcıl texnologiya ilə işləyən
müəssisələrə üstünlük verilməlidir.
Nazirlik çalışıb ona nail olmalıdır ki,
sahibkarlıq subyektlərinə verilmiş kreditlər təyinatı
üzrə istifadə edilsin, istehsal müəssisələrində
məhsulun keyfiyyətinə xələl gətirmədən
onun maya dəyərinin aşağı salınması
üçün mütərəqqi üsulların tətbiqinə
diqqət artırılsın.
Yeni müəssisələr
yaradılarkən muxtar respublikanın bütün rayonları
üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq
ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının
yaradılması və inkişafı yeni istehsal müəssisəsi
yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin
həcminin artmasına müsbət təsir göstərir.
Ona görə də ailə təsərrüfatlarının
yaradılmasına üstünlük verilməlidir.
İqtisadiyyat Nazirliyi muxtar
respublikada istehsal olunan məhsulların xarici bazarlara
çıxarılması və tanıdılması məqsədilə
tədbirləri davam etdirməlidir.
Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
öz səlahiyyətləri daxilində istehsal müəssisələrində
və bazarlarda keyfiyyət amilini qorumalıdır. Uşaq
bağçaları, məktəblər, xəstəxanalar və
digər qapalı müəssisələr keyfiyyətli yerli məhsullarla
təmin edilməlidir.
Daxili bazarın kənar təsirlərdən
qorunması və tənzimlənməsi də vacib məsələlərdəndir. Daxili işlər
və gömrük orqanları muxtar respublikaya işlənmiş
avadanlıq və yararsız malların gətirilməsinin
qarşısını almalıdırlar. Nəzərə
alınmalıdır ki, bunlar iqtisadi inkişafa zərər
vurmaqla bərabər, insanların həyatı və
sağlamlığı üçün də ciddi təhlükə
yaradır.
Kənd təsərrüfatı
muxtar respublika iqtisadiyyatının əsas sahəsi kimi hər
zaman diqqət mərkəzindədir. Tapşırıq
verilmişdir ki, məhsuldarlığın
artırılmasında rayonlaşmanın çox
böyük əhəmiyyəti nəzərə alınaraq əkin
atlasları tərtib olunsun və aidiyyəti üzrə yerlərə
göndərilsin. Lakin araşdırmalar
göstərir ki, yerlərdə məhsul
istehsalçıları ilə maarifləndirmə tədbirlərinin
zəif təşkili nəticəsində atlaslardan lazımi
səviyyədə istifadə edilmir. Müasir
əkin və suvarma metodlarının təbliği, aqrotexniki
qaydalara əməl olunması, torpaqlardan təyinatı
üzrə istifadəyə nəzarət sahəsində də
çatışmazlıqlar mövcuddur. Kənd Təsərrüfatı
Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti
orqanları əkilməyən boş torpaq sahələrinin əkin
dövriyyəsinə cəlb olunmasını təmin etməli,
əkinçilikdə müasir aqrotexniki qaydaların tətbiqi,
bitkiçilik məhsullarının yerli şəraitə
uyğun əkilməsi, torpaqların münbitliyinin
artırılması ilə bağlı maarifləndirmə tədbirlərini
mövcud nümunələr əsasında təşkil etməlidirlər.
Meyvəçilik, arıçılıq kimi
tarixi ənənələrə malik sahələrdə
istehsal həcminin artırılması üçün tətbiq
olunmuş və özünü doğrultmuş mütərəqqi
üsullardan istifadəyə də nail olunmalıdır.
Əkin sahələrində
suvarmaya nəzarət gücləndirilməlidir. Müasir suvarma
metodlarına üstünlük verilməməsinin nəticəsidir
ki, Şərur rayonu üzrə 330, Babək rayonu üzrə
93, Culfa rayonu üzrə 66, Kəngərli rayonu üzrə
124, Sədərək rayonu üzrə 3 min 229,
Naxçıvan şəhəri üzrə 280 hektar,
ümumilikdə 4 min 122 hektar torpaq sahəsi
şoranlaşmış, Şərur rayonu üzrə 3 min
198, Babək rayonu üzrə 714, Ordubad rayonu üzrə 36,
Culfa rayonu üzrə 584, Kəngərli rayonu üzrə 1118,
Sədərək rayonu üzrə 112, Naxçıvan şəhəri
üzrə 420 hektar olmaqla, cəmi 6 min 182 hektar torpaq sahəsi
isə çəmənləşməyə məruz
qalmışdır. 2017-ci ildə
şoranlaşmış və ya çəmənliyə
çevrilmiş torpaq sahələrinin yenidən əkin
dövriyyəsinə qatılması üçün aid təşkilatlar
tədbirlər planı hazırlamalı və həyata
keçirilməsinə başlamalıdırlar.
Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsi də su itkisinə yol
verilməməsi üçün müasir suvarma şəbəkələrinin
qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə
qatılması istiqamətində tədbirləri davam etdirməlidir. Həmçinin
komitə tərəfindən şəhər, rayon mərkəzləri
və ətraf kəndlərdə içməli su və
kanalizasiya xətlərinin çəkilişinin icrası
zamanı keyfiyyət amilinə xüsusi diqqət yetirilməlidir.
Bu gün inkişaf etmiş
ölkələrdə kənd təsərrüfatı sahəsində
yeni innovasiyaların tətbiqinə və müasir texnikalardan
istifadəyə geniş yer verilir. Muxtar respublikada da əl
əməyini yüngülləşdirmək və məhsuldarlığı
artırmaq məqsədilə “Naxçıvan Aqrolizinq”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən
müasir kənd təsərrüfatı texnikalarının
alınaraq gətirilməsi davam etdirilməlidir.
Heyvandarlığın
inkişafına da diqqət artırılmalıdır. Dövlət
Baytarlıq Xidməti xəstəliklərə qarşı
peyvəndləmənin vaxtında aparılmasını təmin
etməli, heyvanlara qulluq və saxlanılma şəraiti ilə
bağlı əhali arasında maarifləndirmə işini
gücləndirməlidir. Məhsuldarlığı
artırmaq üçün mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması və süni mayalanma tədbirləri
davam etdirilməlidir.
Torpaqlardan düzgün və təyinatı
üzrə istifadəyə də diqqət
artırılmalı, Daxili İşlər Nazirliyi,
Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti
orqanları torpaqların zəbt olunması hallarına
qarşı tədbirləri gücləndirməlidirlər.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi kənd təsərrüfatı üçün
yararlı olmayan ərazilərdə yaşıllıq
zolaqlarının, eləcə də meyvə
bağlarının salınmasını təşkil etməli,
təbii ehtiyatlardan səmərəli istifadəyə nəzarəti
artırmalıdır.
Verilən kreditlərin daha
çox real sektora yönəldilməsi ilə bağlı
İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankın
Naxçıvan Muxtar Respublikası İdarəsi konkret tədbirləri
özündə əks etdirən təkliflər
hazırlamalıdırlar. Kreditlərə olan tələbat
və kreditin qaytarılma imkanları düzgün qiymətləndirilməli,
həmin vəsaitdən təyinatı üzrə və səmərəli
istifadəyə nəzarət olunmalıdır.
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi tikintidə keyfiyyət amilinə
xüsusi diqqət yetirməli, layihələr təhlil edilməli,
izafi xərclərin qarşısı alınmalıdır.
Son illər muxtar respublikada
tikinti materiallarının istehsalı ilə məşğul
olan bir sıra müəssisələr fəaliyyətə
başlamışdır. Ona görə də
tikinti təşkilatları inşaat materialları alarkən
birinci növbədə yerli məhsullardan istifadəyə
üstünlük verməlidirlər.
İstifadəçiləri
fasiləsiz elektrik enerjisi və təbii qazla təchiz etmək,
mövcud infrastrukturun dayanıqlığını təmin
etmək məqsədilə Dövlət Energetika Agentliyi və
“Naxçıvanqaz” İstehsalat Birliyi müvafiq tədbirlər
görməlidir.
Rabitə və Yeni
Texnologiyalar Nazirliyi, Dövlət Energetika Agentliyi yerli mütəxəssislərin
hazırlanması tədbirlərini bundan sonra da diqqət mərkəzində
saxlamalı, göstərilən xidmətlərin keyfiyyəti
artırılmalıdır.
Təhsil Nazirliyi təhsil
müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti
gücləndirməli, informasiya-kommunikasiya
texnologiyalarından səmərəli istifadəni və dərslərin
fənn kabinələrində keçirilməsini təmin etməlidir.
Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi aparılan
elmi tədqiqatların səmərəliliyinə və
istehsalatda tətbiqinə çalışmalı, gənc
elmi kadrların hazırlanması işinə diqqəti
artırmalıdır.
Ali təhsil müəssisələri
də gənclərin elmi-tədqiqat işlərinə cəlb
edilməsi səviyyəsini yüksəltməlidirlər. Müvafiq
ixtisaslar üzrə hazırlanan tədris və elmi-metodik vəsaitlərin
səviyyəsi artırılmalı, ixtisaslar üzrə təcrübi
dərslərin hami təşkilatlarda keçirilməsinə
üstünlük verilməlidir.
Muxtar respublikanın
bütün tibb müəssisələrində zəruri
maddi-texniki baza yaradıldığı üçün Səhiyyə
Nazirliyi tibbi heyətin ixtisasının
artırılmasını davam etdirməli, səhiyyə xidmətinin
səviyyəsini yüksəltməlidir.
Mədəniyyət və
Turizm Nazirliyi tabeliyində olan müəssisə və təşkilatlarda
kadrların düzgün yerləşdirilməsini və mədəni
xidmətin səviyyəsinin
yaxşılaşdırılmasını təmin etməlidir.
Gənclər və İdman
Nazirliyi muxtar respublikada olan idman qurğu və obyektlərindən,
eyni zamanda, Olimpiya-İdman komplekslərindən istifadəyə
və onların qorunub saxlanılmasına diqqəti
artırmalıdır.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi qayğıya ehtiyacı
olanların səmərəli məşğulluğu ilə
bağlı tədbirləri davam etdirməli, peşə
hazırlığını əmək bazarına
uyğunlaşdırmalıdır.
Muxtar respublikada ətraf
mühitin qorunması sahəsində tədbirlər
davamlı xarakter almışdır. Lakin təəssüf
ki, hələ də müxtəlif növ tullantıların ərazilərə
atılması hallarına rast gəlinir. Yerli
icra hakimiyyətləri abadlıq-təmizlik işlərinə
diqqəti artırmalı, əkinəyararlı boş torpaq
sahələrindən istifadə ilə bağlı tədbirlər
görməlidirlər. Bundan başqa, vətəndaşların
müraciətlərinin həlli, tikilənlərin
qorunması, nizam-intizam diqqət mərkəzində
olmalıdır.
Dövlət Statistika Komitəsi
sosial-iqtisadi inkişafla bağlı görülmüş
işlər və nəticələr haqqında tematik təhlili
materiallar hazırlayaraq kütləvi informasiya vasitələrində
dərc etdirməlidir.
Hüquq-mühafizə
orqanları maarifləndirmə və profilaktika tədbirlərinə
geniş yer verməli, ictimai asayişin və dövlət əmlakının
qorunması üçün səylərini
artırmalıdır.
Ordu, birləşmə və
hərbi hissə komandirləri döyüş
hazırlığını daim artırmalı, ehtiyatlardan və
resurslardan səmərəli istifadə olunmalıdır.
Muxtar respublikanın teleradio
və qəzetlərində tarixi-mədəni irsimiz və
milli dəyərlərimizlə bağlı maarifçilik
işi gücləndirilməlidir.
Hörmətli sessiya
iştirakçıları!
2017-ci ildə də
qarşıdakı mühüm vəzifələrin
icrasında sizə uğurlar arzulayır,
çıxışımı ölkə rəhbəri cənab
İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Bizim
siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir,
müstəqilliyimizi möhkəmləndirməkdir və
dayanıqlı inkişafa nail olmaqdır”.
Sağ olun.
Naxçıvan Muxtar
Respublikasının maliyyə naziri Səbuhi Məmmədov
Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət
büdcəsinin icrasının təsdiq edilməsi
haqqında çıxış edərək deyib ki,
Naxçıvan Muxtar Respublikasının dövlət
büdcəsinə 2016-cı ildə bütün mənbələr
hesabına 69 milyon manat proqnoza qarşı 73 milyon 605 min 636
manat vəsait daxil olub, tapşırıq 106,7 faiz icra olunub.
2016-cı ildə büdcə daxilolmalarının 86,5 faizi vergi
orqanları, 9,6 faizi gömrük orqanları tərəfindən,
3,2 faizi büdcə təşkilatlarının ödənişli
xidmətlərindən, 0,7 faizi isə digər daxilolmalar vasitəsilə
təmin edilib. Büdcə gəlirlərinin icrası mərkəzləşdirilmiş
büdcə üzrə 105,1 faiz, Naxçıvan şəhəri
üzrə 110,4 faiz, Şərur rayonu üzrə 110 faiz, Babək
rayonu üzrə 109,7 faiz, Ordubad rayonu üzrə 110 faiz, Culfa
rayonu üzrə 109,4 faiz, Şahbuz rayonu üzrə 108,6 faiz,
Kəngərli rayonu üzrə 109,4 faiz, Sədərək
rayonu üzrə 110,5 faiz olub. Naxçıvan Muxtar Respublikası
dövlət büdcəsinin xərcləri 2016-cı ildə
351 milyon 350 min manat dürüst təyinata qarşı 350
milyon 703 min 498 manat və ya 99,8 faiz icra olunub. Maliyyə
orqanları 2017-ci ilin dövlət büdcəsinin icrası
istiqamətində də bütün tədbirlər
vaxtında həyata keçirəcəkdir.
Sonra sessiyada
“Naxçıvan Muxtar Respublikasının 2016-cı il
dövlət büdcəsinin icrası haqqında”
Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib.
Ali Məclisin Sədri gündəlikdə
duran üçüncü məsələ ilə
bağlı qeyd edib ki, 2016-cı il
sentyabrın 26-da keçirilən referendumla Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilib. Həmin dəyişikliklərə
uyğun olaraq Naxçıvan Muxtar Respublikasının
Konstitusiyasında da dəyişikliklər edilməsi
üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar
Respublikasında vətəndaşların seçki
hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada
verilərək adından və mətnindən məhdudlaşdırıcı
ifadələr çıxarılıb, maddənin strukturu
Konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən
biri də gənclərin dövlət quruculuğunun
bütün təbəqələrində iştirakına
şəraitin yaradılması ilə bağlıdır.
Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci
maddələrinə edilən dəyişikliklərə əsasən
18 yaşı tamam olmuş, seçkilərdə iştirak
hüququ olan hər bir şəxs dövlət orqanlarında
təmsil oluna biləcəkdir. Təklif
olunan dəyişikliklərdə deputatların məsuliyyətinin
artırılması məsələsi də öz əksini
tapıb. Konstitusiyanın 43-cü maddəsinin
III hissəsinə təklif edilən dəyişiklik isə
texniki xarakter daşıyır.
“Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası
Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.
Bununla da beşinci
çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin beşinci sessiyası öz
işini başa çatdırıb.
Azərbaycan.-
2017.- 24 fevral.- S. 4.