Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq genişlənir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasinin təhsil naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə iki günlük səfər edib.

Fevralın 23-də nümayəndə heyəti Türkiyənin milli təhsil naziri İsmət Yılmaz ilə görüşüb. Tərəflər iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə dair məsələləri müzakirə ediblər. Azərbaycanın və Türkiyənin təhsil sahəsində mövcud əlaqələrinin vəziyyəti və perspektivdəki layihələr yüksək qiymətləndirilib, bu sahədə təcrübə mübadiləsi, təhsilə aid qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Məktəbində olub. Burada məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib.

Əvvəlcə ulu öndərlər Heydər Əliyevin və Mustafa kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Nazir Mikayıl Cabbarov, Türkiyənin təhsil nazirinin müavini Orxan Erdəm və Ankara Təhsil İdarəsinin müdiri Vefa Bardakcı müəllim və şagirdlər qarşısında çıxış ediblər. Ümummilli lider Heydər Əliyevin və Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün ölkələrimiz və xalqlarımız haqqında söylədikləri tarixi fikirlər, bu dahi şəxsiyyətlərin təhsilə verdikləri yüksək qiymət diqqətə çatdırılıb. Vurğulanıb ki, ulu öndərlərimizin müəyyən etdikləri azadlıq və inkişaf yolu yüksək təhsildən keçir. Vətənə və xalqa ləyaqətli xidmətin yolu yüksək davamiyyət və yaxşı təhsillə bağlıdır. Hər bir şagird məktəb illərində bu prinsipləri və ulu öndərlərimizin təhsil barədə vəsiyyətlərini özləri üçün rəhbər tutmalıdırlar.

Vurğulanıb ki, Ankaradakı Heydər Əliyev Məktəbi Türkiyənin ən qabaqcıl təhsil ocaqlarından biridir. Məktəbin müəllim heyəti yüksək peşəkarlığı və məsuliyyətli işi ilə ulu öndər Heydər Əliyevin adını həmişə uca tutur.

Sonra şagirdlərin ifalarında bədii hissə olub. Məktəbli Ahsen Elif Buludun oxuduğuQardaş Azərbaycan” şeiri hərarətli alqışlarla qarşılanıb. Ritmik gimnastikada Nazik Öykü Esensoy, solo ifada isə Ceren Eroğlu, Gamze BaşarBeyza Nermin çıxış ediblər. Məktəblilər Azərbaycan və Türkiyənin dostluğunu, qardaşlığını, bayraqlarımıza olan tükənməz sevgini əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Daha sonra Azərbaycan nümayəndə heyəti ilə Türkiyənin Xaricdəki Toplum Birliyi təşkilatının sədri Mehmet Köse arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Türkiyənin diaspor təşkilatları ilə təhsil ictimaiyyəti arasında əlaqəli fəaliyyət imkanları nəzərdən keçirilib, səmərəli fikir mübadiləsi aparılıb.

Bununla da Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 24 fevral.- S.5.