Qaladərəsindən Gülablıya gedən yolun hər addım başında xocalılıların meyiti var idi...
Zakir Bəndəliyev Xocalıya qayıdacağı günün uzaqda olmadığına inanır
...O zaman cəmi 44 yaşı
vardı. Həyat yoldaşı Bəsti ilə
birlikdə bir qız, iki oğul övladı
böyüdürdü. Evin böyük
uşağı Gülnarənin 14, Anarın 13, Ədalətin
12 yaşı vardı. Xocalıda fəaliyyət
göstərən tikiş fabrikində
çalışdığı mexanik işindən və həyətyanı
təsərrüfatından alın təri ilə
qazandığı ruzisi ilə ailəsini halallıqla
dolandırırdı. Atası Şıxverdi kişinin:
“Oğul, evə haram gətirmə, halalı da aparar. Unutma ki,
bizim ocağa haram düşmür “ kəlamı
daim qulağında sırğa idi. Ona görə də həmişə
evdən çıxanda ilk duası bu olardı: “Böyük
Allahım, ruzimi halalından bəxş et və ailəm,
doğmalarım üçün sağlam can
sağlığı ver”.
Babaları hələ XX əsrin
əvvəllərində qədim yurd yerimiz olan Dərələyəzdən
məcburiyyət qarşısında Qaladərəsinə pənah
gətirmişdilər. Dağlıq Qarabağın bu gözəl
guşəsində məskunlaşan insanlar zəhmətləri
ilə quru yerə çubuq sancıb ev-eşik qurmuşdular.
Lakin hardan biləydilər ki, on illər
keçdikdən sonra onların yaşadıqları aqibət
xələflərinə də nəsib olacaq. Necə deyərlər,
sən saydığını say, gör fələk nə
sayır...
Artıq zülmət
aşiqi olan şər öz oyununu oynamaqda idi. Dünyanın əksər
ölkəsinə səpələnmiş erməni
daşnakları yenə də qana susayır, bir zaman
soydaşlarına ərməğan olunmuş torpaqları tam
mənimsəmək, Yerevan və Dağlıq
Qarabağdakı əlaltıları vasitəsi ilə bu yerlərin
əbədi sakinləri olan azəri türklərini silah
gücünə dərbədər etmək niyyəti
güdürdülər. Vəziyyət pik həddinə
çatmışdı. Xüsusən də
hər tərəfdən ermənilərin kompakt
yaşadıqları kəndlərlə əhatə olunan
Xocalı şəhəri və onun ətraf kəndləri
üçün dözülməz vəziyyət hökm
sürməkdə idi. Halqa tam
daralmışdı.
Xocalı rayonunun Qaladərəsi kəndinin
sakini, həmin hadisələrin canlı şahidi olan Zakir Bəndəliyev
deyir:
- Son bir neçə ay ərzində
gecəmiz-gündüzümüz yox idi. Davamlı
olaraq erməni birləşmələri müxtəlif
çaplı silahlardan kəndimizi atəşə tuturdular.
Bu atışmalar xətərsiz
ötüşmürdü. Ölən və
yaralılar var idi. Ona görə də
yaşlı insanların və uşaqların müəyyən
qismi, o cümlədən mənim övladlarım da vertolyotla
kənddən çıxarılmışdı. Lakin sakinlərin böyük əksəriyyəti hələ
də kənddə qalaraq böyük Yaradana ümid
bağlayaraq yaşamlarını sürürdülər.
Bizi arxayın salan o idi ki, həmin dövrlər
demək olar, hər gecə kəndi raket atəşinə
tuturdular. Bu hal vərdiş halı
aldığı üçün bir növ, insanlar qorxu hissinə
güc gəlmişdilər.
1992-ci il fevral
ayının 25-də gecə saat 12-ni keçmişdi. Postda idim. Kəndimizin
yuxarısında olan və ermənilərin
yaşadığı Mehdi kəndi istiqamətinə zirehli
texnikanın gəlməsini müşahidə etdik. Sonra çayın əks tərəfində olan
Noraguh kəndindən bir-biri ilə fişəng vasitəsilə
əlaqə saxladılar. Bunun ardınca kənd
müxtəlif növ silahlardan atəşə tutuldu. Camaatda qorxu hissi artmağa başladı. Evə
gəlib həyat yoldaşıma və bacıma narahat
olmamalarını, bir azdan murdar ermənilərin sakitləşəcəklərini
dedim. Lakin bu gülləbaran əvvəlkilərdən
seçilirdi. Kənd yolu evimizin
önündən keçirdi. Kəndin
içərisində hündürdən səslər gəlməyə
başladı. Çıxıb vəziyyəti
öyrənmək istədim. Lakin evdəkilər
qoymadılar ki, çıxan kimi güllə dəyə bilər.
Evimiz ermənilərin yaşadığı Noraguh
kəndi ilə üzbəüz idi. Buna
baxmayaraq çıxdım. Məlum oldu
ki, artıq ermənilər kəndin baş tərəfindəki
evləri yandırmağa başlayıblar. Həmin ərazidə
isə mesxeti türklərinə fin evlərindən ibarət
qəsəbə salınmışdı. Artıq
gözləmək olmazdı. Həyətdə
zəncirdə olan iti açıb buraxaraq evdən
çıxdıq.
Zakir kişi xatirələrini
çözələyərək deyir ki, Qaladərəsinin
çıxışında uç kəndin - Qaladərəsi,
Qaçqın (Dərələyəz) və yerli
xocalılıların kompakt yaşadıqları ərazinin
yol qovşağında taxta-şalban sexi var idi. Camaat sexin zirzəmisində gizlənir ki, mərmi
düşəndə xəsarət almasınlar. Arxada qalan evlər alova büründüyündən
başqa çıxış yolu qalmamışdı. Hərəkət etmək lazım idi. Bələdçiliyi olanlar müəyyən kəşfiyyat
apardıqdan sonra meşə yolu ilə hərəkət
başlanır. Qarlı-şaxtalı
havada insanlar ayaqlarını soyunub çaydan keçib, uzun
müddət süründülər. Ermənilərin
atəş yağışı dayanmaq bilmirdi.
İnsanlar güllədən
yayınmaq üçün Kətik dağının
döşünə çıxdılar. Oradan
Şuşaya və Ermənistan ərazisinə gedən qaz kəməri
keçirdi. Borunun yanında ağır
texnikanın hərəkəti üçün yol var idi.
Meşə ilə müqayisədə daha rahat
olan bu yolla bir xeyli hərəkət etdilər. Sonradan bu yol da çaya düşür. Bu halda yenidən köç meşə yolu ilə
hərəkətini davam etdi.
Artıq səhər saat
05.10 radələrini göstərirdi. Bu zaman Kətik
dağının başında it hürür. Bunun ardınca Zakirin getdiyi insan axınına
qarşı Əsgərandan gülləbaran başlanır.
Hər kəs başını itirdiyindən
hara getməli olduğunu bilmirdi. Hərəkət
dayanmışdı. Səhərin açılmasına
az qalırdı. Belə
davam edəcəyi halda, daha çox qırğın baş
verə bilərdi. Zakir Xocalı sakini Bəxtiyara
deyir ki, dayanmağın mənası yoxdur. Getmək lazımdır. Lakin o
dayanır. Zakirgil yoluna davam edir.
Yollarının üzərində hər addımbaşı
onlardan bir müddət əvvəl getmiş xeyli qadın, kişi və uşaq meyitləri ilə
rastlaşırlar. Həmin istiqamətə
atılan atəş yağışı dayanmaq bilmirdi.
Yerlə sürünməyə
başlayırlar. Zakir bir də baxır
ki, həyat yoldaşı sürünə bilmədiyi
üçün ayaqüstə gedir. Ondan
sürünməsini istəsə də, xanımı bunun
mümkün olmadığını deyir. Beləliklə, min bir zillətlə düzəngahda
taxıl sahəsinə çatırlar. Ağdamın
Şelli kəndinin qənşərinə gəlib
çıxırlar. Dağın Şelli
tərəfində oturub dincəlirlər. Bu zaman yada düşür ki, uzun illər
topladıqları pulları tələsdiklərindən evdə
qalıb. Lakin Zakir xanımına təskinlik verir: “Təki
canımız sağ olsun, pulu işləyib qazanmaq olar,
canı yox”.
Aşağı
düşüb Şelli sakinlərinin köməyi ilə təcili
yardım maşınında Ağdama yollanırlar. Zakir kişi
deyir ki, “Çay evi”ndə bəlkə 4-5 litr çay
içdim. Yolda susayanda qarı ağzına
qoyub suyunu sovursa da udmayıb. Qorxub ki, birdən
öskürər və erməni yerlərini öyrənər.
Hava işıqlananda
camaatın yarısının olmadığı
aşkarlanır. Zakir kişi 3 qayını və
qayınanasını adamların arasında tapa bilmir. Qayınlarından biri David Haqverdiyev Xocalı
özünümüdafiə batalyonunda döyüşüb.
Zakir vəziyyəti öyrənmək
üçün qabağa gedərkən David müəyyən
məsafədə bacısını belində gətirib.
Sonra atışma düşərkən
bacısını qoyaraq geriyə düşmənlə
döyüşə atılıb və geri qayıtmayıb.
Zakir geri qayıdıb çətinliklə də
olsa, yoldaşını taparaq Ağdama çatdırıb.
Digər qayınları Şahin, Cavanşirlə
xanımı və qayınanası isə Kətik
dağının başına dırmaşıblar ki, oradan
Gülablıya aşsınlar. Anaları
yolda keçinib. Onun üstünü
paltarla örtdükdən sonra irəliləyiblər. Şahin vəziyyəti öyrənmək
üçün qabağa getsə də, geri
qayıtmayıb. Cavanşir və həyat
yoldaşını isə don vurur. Səhər
gülablılılar onları tapıb kömək göstərirlər.
Ümumilikdə isə Zakir deyir ki, ən
yaxın ətrafı sayanda 20 nəfərdən çox
doğmasını itirib.
Digər xocalılılar
kimi, Zakirin də köçkünlük həyatı
başlayır. 1992-ci ildən 2000-ci ilə qədər
Sumqayıt Boruyayma Zavodunun yataqxanasında yaşayıb və
orada işləyib. Zavodun rəhbərliyi
və kollektivi onlara qayğı ilə yanaşıblar.
Xanımını və özünü işlə
təmin ediblər. Burada əməkhaqqı
ilə yanaşı, müəssisə hesabına da onlara
maddi kömək olub.
Lakin nə qədər
qayğı ilə əhatə olunsa da, şəhər
mühiti Zakiri sıxıb. Beləliklə, 2000-ci
ildə gözəl təbiəti, safqəlbli insanları ilə
seçilən İsmayıllı rayonunun Ruşan kəndinə
gələrək burada məskunlaşıb. Deyir ki, yeni yurd yerində - İsmayıllıda da
onları yaxşı qarşılayıblar. Burada özləri heyvandarlıq təsərrüfatı
yaradıblar. Oğlanları da bu işdə
ona kömək edib. Ardından
köçkünlükdən əvvəl məşğul
olduğu arıçılığı da inkişaf etdirib.
Artıq hər 3 övladı
ailə, oğul-uşaq sahibidir. 6 nəvəsi var.
Qızı Sumqayıtda ailə həyatı qursa da, iki
oğlu İsmayıllıdan evlənib. Bir
sözlə, yerli camaatla qaynayıb-qarışıblar.
Həyatda hər şey yerini tapsa da,
sosial məişət problemləri həll olunsa da, Zakir kişi həmin müdhiş gecədə
yaşadıqlarını heç zaman unutmur. Nazilən
haqqın üzülməyəcəyinə, Ali Baş Komandan
başda olmaqla mərd oğullarımzın səyləri ilə
üçrəngli bayrağımızın yenidən
Xocalıda, Qaladərəsində ucaldılacağına
inanır.
Əli
SƏLİMOV,
Azərbaycan.- 2017.-
24 fevral.- S.7.