Ümummilli etimad
ünvanı
Mehriban
Əliyevaya göstərilən yüksək etimad həm də
Azərbaycan xalqının sosial sifarişidir
Zamandan, məkandan və siyasi şəraitdən asılı olmayaraq, bütün dövrlərdə cəmiyyətin mütərəqqi ruhda inkişafı sağlam əqidəli, xalqa, dövlətə layiqli xidməti həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlı olmuşdur. Belə insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilmiş, üzərlərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndirmiş, xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanmışlar.
Bütün dövrlərin belə parlaq simaları üçün səciyyəvi olan ən mühüm kefiyyətlərdən biri də milli-mənəvi və bəşəri dəyərlərin inkişafına layiqli töhfələr verməklə yanaşı, qlobal miqyasda insanlığın nicatına xidmət edən mühüm ictimai təşəbbüslərlə çıxış etmələri olmuşdur. İndi böyük qürur duyğusu ilə deyə bilirik ki, narahat dünyamızda nəcib və ali məqsədlər, bəşəri ideyalar naminə çalışan, insan amilini daim uca tutan xoşməramlı insanlar sırasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı xüsusi çəkilir.
Azərbaycanın birinci xanımının indiyədək çoxşaxəli fəaliyyətinin nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədərdir: O, əzmkar fəaliyyəti ilə milli-mənəvi dəyərlərin, qeyri-maddi irsin dünya miqyasında təbliği ilə yanaşı, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə almışdır.
Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il sentyabrın 26-da ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə çoxşaxəli fəaliyyəti ilə milyonların sevgisini qazanmış layiqli bir şəxsiyyətin təyin olunması ölkənin müasir dövlət idarəetməsi sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.
Azərbaycanın birinci xanımının bu strateji posta ən layiqli namizəd olduğunu cəmiyyətdə mütləq çoxluq etiraf edir, dövlət başçısının təyinatını ölkənin hazırkı və gələcək inkişaf perspektivləri baxımından vacib sayır. İstər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Milli Məclisin deputatı olaraq Mehriban xanım Əliyeva ötən müddətdə insan amilini hər zaman uca tutmuş, cəmiyyətdə vətənpərvərlik, humanizm, xeyirxahlıq kimi dəyərlərin möhkəm əsaslarla intişar tapmasına çalışmışdır.
Mehriban xanım Əliyeva görkəmli siyasi xadimdir, yüksək təşkilatçı, bacarıqlı idarəçidir, ulu öndər Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçilərindəndir! Ən əsası isə böyük vətənpərvər və qadın hərəkatının lideridir!
Ölkənin birinci xanımı istər ictimai, istərsə də siyasi fəaliyyətində daim ulu öndərin amallarını yaşadır və təbliğ edir. Bu amallara tapınan UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva son illərdəki əzmkar fəaliyyəti ilə məhz belə bir ucalığa yüksəlmiş, cəmiyyətdə böyük nüfuz, ən əsası isə insanların sonsuz məhəbbətini, etimadını qazanmışdır.
Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ilk günlərdən həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt milli genefondun qorunması, saf duyğuların ictimai şüurda möhkəmlənməsi olmuşdur.
2004-cü ildən Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi fond zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Mehriban xanım ümummilli liderin ideallarını yaşadaraq fəaliyyəti dövründə elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılması, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması - xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, dərin ictimai rəğbət qazanmışdır.
Ulu öndərin adı ilə bağlı fondun cəmiyyətdə layiqli yer tutmasını, Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik fəlsəfəsini davam etdirməsini ən ali məqsədlərdən biri kimi müəyyənləşdirmiş ölkənin birinci xanımının mövqeyi bundan ibarətdir ki, hər bir insanı, hər bir təşkilatı təmtəraqlı sözlər, tərif və parlaq epitetlər yox, gördüyü işlər, əldə edilən nəticələr xarakterizə etməlidir. Hər bir insanın həyatda öz yaşam fəlsəfəsinin olduğunu deyən Mehriban Əliyevanın fikrincə, heç də vacib deyil ki, kimsə bu fəlsəfəni sözlərlə izah etsin. Bu həyat fəlsəfəsi istər-istəməz onun hərəkətlərində, əməllərində özünü büruzə verəcəkdir. Mehriban xanım hesab edir ki, xoş əməllərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür!
Azərbaycanın birinci xanımının nəcibliyə, insanpərvərliyə və humanizmə əsaslanan zəngin fəaliyyəti ilk gündən ictimai həyatın bütün sahələrində milli-mənəvi və intellektual tərəqqini təmin etməyə yönəlmişdir. Onun rəhbərlik etdiyi qurumun uğurlarını təmin edən başlıca amillərdən biri də ictimai dəstəyə ehtiyac duyan sahələri dəqiqliklə müəyyənləşdirərək dövlət səviyyəsində gerçəkləşdirilən layihələrə əlavə təkan verməsi olmuşdur. Fond bu mənada, həm də cəmiyyətin ən müxtəlif təbəqələrini milli məqsəd və ideallar uğrunda səfərbər edən, ümumi səyləri bir nöqtədə birləşdirən əlahiddə statuslu mərkəzə çevrilmişdir.
Heydər Əliyev Fondunun bu və digər sahələrdəki fəaliyyəti son 13 ildə daim böyük marağa səbəb olmaqla layiqincə qiymətləndirilmişdir. Fondun prezidentinin hələ 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi nəcib, xeyirxah, humanist missiyaya beynəlxalq səviyyədə verilən ali qiymətdir. Azərbaycanın birinci xanımı 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatına, habelə Dünya Səhiyyə Təşkilatının İnsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına, “Əsrlərin xeyriyyəçiləri”Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2010-cu ildə Fransanın Şərəf Legionu ordeninə və UNESCO-nun “Qızıl Mosart” medalına layiq görülmüşdür. 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalı ilə təltif olunan Mehriban xanım Əliyevaya 2012-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı verilmişdir. Fondun prezidenti humanitar sahədəki fəaliyyətinə görə, “Birlik ulduzları” mükafatına təqdim olunmuşdur. Azərbaycanın birinci xanımının 2009-cu ildə dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla “Heydər Əliyev mükafatı”na, 2015-ci ildə isə “Heydər Əliyev ordeni”nə layiq görülməsi onun çoxşaxəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Mehriban xanım Əliyevanın ölkə hüdudlarını çoxdan adlamış fəaliyyəti bu gün həm də qlobal miqyasda savadsızlığın aradan qaldırılmasına, multikulturalizm ideyalarının təbliğinə, fərqli sivilizasiyaların dialoquna xidmət edir. Son illər Bakıda kimisə qlobal beynəlxalq tədbirlərin keçirilməsi xəbərləri ilə təəccübləndirmək olmur. Mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin başlıca səbəbi respublikamızın dünya miqyasındakı nüfuzu, hörmətidir. Bunun nəticəsi olaraq respublikamızın son illərdə təşkilatçılıq etdiyi beynəlxalq tədbirlərin sırası ildən-ilə genişlənir: Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşü, Krans Montana Forumu, Münxen Konfransı, Ümumdünya Davos Forumu,
III Qlobal Bakı Forumu, BMT-nin Silizasiyalar Alyansının 7-ci Qlobal Forumu...
Bu və
digər beynəlxalq tədbirlərin Bakıda
keçirilməsində Azərbaycan
Prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan xarici diplomatik fəaliyyəti ilə yanaşı, Mehriban Əliyevanın xidmətləri
də müstəsnadır. Xüsusi
vurğulamaq lazımdır
ki, Azərbaycanın birinci xanımının
“Bakı-2015” I Avropa Oyunlarının
yüksək səviyyədə
təşkili və keçirilməsindəki misilsiz
rolu, ölkəmizin müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü
işlər, habelə
multikulturalizm ənənələrinin
qorunub saxlanmasına verdiyi töhfə və davamlı xeyriyyəçilik fəaliyyəti
dünya ictimaiyyəti
tərəfindən daim
izlənilir və rəğbətlə qarşılanır.
İlk Avropa Oyunlarının Təşkilat Komitəsinə
uğurla rəhbərlik
etmiş Heydər Əliyev Fondunun prezidenti bu möhtəşəm
tədbirin yüksək
səviyyədə hazırlanmasını
və başa çatdırılmasını təmin etmişdir. Yüksək
komanda işinə, Vətən, torpaq, yurd sevgisinə görə Azərbaycanın
birinci xanımının
I Avropa Oyunlarından sonra - 2015-ci il iyunun 29-da ölkə başçısı tərəfindən
“Heydər Əliyev ordeni” ilə təltif olunması da bu əzmkar
fəaliyyətə verilən
adekvat qiymətdir.
Mehriban Əliyeva ölkənin nüfuzlu siyasi xadimidir, Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan 700
min üzvə malik Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Həmçinin son üç çağırışda
onun Milli Məclisin deputatı kimi uğurlu fəaliyyəti seçiciləri
tərəfindən daim
məmnunluqla qarşılanır.
O, deputat kimi böyük işlər görür, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin
həlli istiqamətində
ciddi addımlar atır. Seçicilərlə hər zaman
təmasdadır. Əsas fəaliyyəti
onların problemlərinin
həlli ilə bağlıdır.
2007, 2009 2013 və
2016-cı illərdə amnistiya
təşəbbüsü ilə çıxış
edən Mehriban Əliyevanın insan hüquq və azadlıqlarına necə
həssaslıqla yanaşdığı
bir daha təsdiqini tapıb. Azərbaycanın parlamentarizm tarixində ilk
dəfə olaraq məhz Milli Məclisin deputatı tərəfindən irəli
sürülmüş və
geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi
və siyasi məzmun kəsb etmişdir. Mehriban xanımın təşəbbüsü
əsasında gerçəkləşmiş
amnistiya aktlarını
cəmiyyət ürəkdən
dəstəkləmiş və
təqdir etmişdir.
Azərbaycanın birinci xanımının çoxşaxəli
fəaliyyətində təhsil
və məktəb, tərbiyə və şəfqət kimi əsas istiqamətlər mühüm yer tutur! Ona görə ki,
ölkənin, insanların
gələcəyi məktəb
adlanan məbədgahda
ərsəyə gəlir.
Son 13 ildə Heydər Əliyev Fondunun xətti ilə bu sahədə
gerçəkləşdirilən layihələr əslində,
hərtərəfli perspektiv
quruculuğun ön səngəridir. Birinci xanımın
təşəbbüsü və dəstəyi ilə tikilən, yenidən qurulan təhsil ocaqlarının
sayı yüzlərlədir.
Heydər Əliyev
Fondunun və onun rəhbərinin indiyədək bütün
fəaliyyətini ifadə
etmək istəsək,
bunu deməliyik: cəmiyyətə qayğı
göstərmək və
gələcəyimizi qurmaq!
Xarici siyasət, mədəniyyət
və idman sahəsindəki tədbirlər,
səfərlər, səhiyyə,
elm, təhsil və məktəb quruculuğu layihələri bu niyyətə yönəlib.
Ölkəni sevirsənsə,
onun gələcəyi
naminə işlə,
quruculuğa töhfə
ver - Mehriban xanım kimi...
Birinci xanımın
beynəlxalq fəaliyyətindəki
daha xoş gələcək konsepsiyası
yüksək dəyərləndirilməlidir!
Azərbaycanın dünyaya
açılması bir
neçə mənada
anlaşıla bilər:
maarifçilik, dövləti
tanıtmaq, iş adamlarını və investisiyaları cəlb etmək kimi və nəhayət, özümüzün dünyanı
daha yaxşı mənimsəmək şansımız
kimi. Mehriban xanım bu prosesləri tam müfəssəl
görür, öyrənir,
ən əsası isə düzgün yol müəyyənləşdirir.
Azərbaycanda xeyriyyə işinin tarixi qədimdir, insanlara yardım edən vəqflər ölkəmizdə qədimlərdən mövcud olub. Mehriban xanım bu tarixi ənənəyə, sözün həqiqi mənasında, yeni həyat verib! Bu çoxəsrlik məramı hazırda yüksək səviyyədə gerçəkləşdirir! Ahıllara, qocalara, kimsəsizlərə, əlillərə baş çəkmək özü misilsiz bir şəfqətdir. Bu gün xeyriyyəçiliyə gənclərimiz, cavan oğlan və qızlarımız can atırlar, uçaq evlərini himayəyə götürürlər... Bu kimi fəaliyyət məhz bir şərəfli nümunəyə əsaslanır: Mehriban xanımın təmənnasız, fədakar mərhəmətinə! Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən xeyriyyəçilik missiyası yalnız məmləkətimiz miqyasında ən mükəmməl örnək deyil. Bu həm də dünya miqyasında ən layiqli humanizm nümunələridir.
Azərbaycanın birinci xanımı ölkədə qadın hərəkatına inamla liderlik edir. Son illər Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi bəşəri ideyalar üstünlük təşkil etmişdir. Şərqin və Qərbin sülh və şəfqət elçisi olan Mehriban xanım Əliyeva sadəcə, fəaliyyətində nəyə isə sual qoymaqla kifayətlənmir: O, özünün artıq beynəlxalq miqyas almış geniş və çoxcəhətli işi ilə həm də bu suallara cavab verir, sivilizasiyalar arasında qarşılıqlı anlaşma yaradılması istiqamətində ciddi əməli addımlar atır. Mehriban xanım Əliyeva dünyanın 10-a yaxın ölkəsinin birinci xanımlarının və planetin 60-dan çox ölkəsindən gəlmiş lider qadınların iştirakı ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq konfransın təşəbbüsçüsü və təşkilatçısı olmuşdur.
Əsl insan üçün ən dəyərli xəzinə çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. İndiyədək Mehriban xanım Əliyeva bütün vaxtını, enerjisini insanların rifahına, ali bəşəri dəyərlərin təbliğinə sərf edib. Şübhəsiz, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsi Mehriban xanım Əliyevaya dövlət idarəçiliyində ölkənin hər bir vətəndaşına daha layiqli xidmət göstərmək, xalqın maraq və mənafeyini lazımınca təmsil etmək imkanı verir. Bugünə qədər humanist və insanpərvər fəaliyyəti ilə cəmiyyətin ümid və pənah yerinə çevrilmiş Mehriban xanım Əliyeva yeni vəzifəsində də ölkə Prezidentinin və xalqın etimadını doğruldacaq. Azərbaycanın Birinci vitse-prezidentinin Təhlükəsizlik Şurasının son iclasında dediyi kimi: “Hörmətli cənab Prezident, hörmətli Təhlükəsizlik Şurasının üzvləri, sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
İradə
ƏLİYEVA,
Azərbaycan.-
2017.- 25 fevral.- S.1, 6.