Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması Rusiya mediasının diqqət mərkəzindədir

 

Rusiyanın aparıcı media orqanları Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin olunmasını geniş işıqlandırmışdır.

TASS agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunmasını onun ölkənin ictimai-siyasi və mədəni həyatında oynadığı mühüm rolla əlaqələndirmişdir. Agentlik dövlət başçısının Birinci vitse-prezidenti Təhlükəsizlik Şurasının iclasında təqdim edərkən etdiyi çıxışdan sitat gətirir: “Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır”. Prezident həmçinin qeyd etmişdir ki, Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görübbu istiqamətdə əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır.

Agentlik qeyd edir ki, 2004-cü ildən Mehriban Əliyeva ölkənin ən iri qeyri-hökumət təşkilatının - Heydər Əliyev Fondunun başçısıdır. 2015-ci ildə Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur.

TASS xəbər verir ki, ölkə lideri həmçinin öz həyat yoldaşının çoxşaxəli xeyriyyəçilik fəaliyyətini, ölkədə mədəniyyət və təhsilin inkişafı naminə həyata keçirdiyi layihələri qeyd etmişdir: “Bu çoxşaxəli və uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah insandır”.

Öz növbəsində, Birinci vitse-prezident bu vəzifəyə təyin olunmaqla öhdəsinə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk etdiyiniona göstərilən etimadı doğruldacağını bildirmişdir. O qeyd etmişdir ki, “gündəlik fəaliyyətimdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq prinsiplərini rəhbər tutaraq ölkəmizin və xalqımızın maraqlarına layiqincə xidmət etməyə çalışacağam”.

Rusiyanın digər nüfuzlu xəbər agentliyi - “RİA Novosti” də Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasına toxunmuşdur. Agentlik xəbər verir ki, dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi təqdim edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasında onun respublikanın ictimai-siyasi və mədəni  həyatında mühüm və fəal rolu ilə əlaqələndirmişdir.

İnterfaksagentliyi nəzərə çatdırır ki,  Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını onun ictimai-siyasi, mədəni və beynəlxalq işdə uğurları və səmərəli fəaliyyəti şərtləndirmişdir.

Prezident İlham Əliyev Birinci vitse-prezidenti Təhlükəsizlik Şurasının iclasında təqdim edərkən demişdir: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında mühüm və fəal rol oynayır. Ümumilikdə o, çoxşaxəli və uğurlu fəaliyyət həyata keçirir. Məhz bu amilləri nəzərə alaraq mən bu qərara gəldim və bu gün Mehriban Əliyevanın həyatında yeni dövr başlayır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli və prinsipial insandır, humanistdir. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcək”. 

Mehriban Əliyeva Azərbaycanın beynəlxalq aləmdə tanınması və ölkənin mədəniyyətinin təbliğində də çox görür. O həmçinin bir neçə iri beynəlxalq tədbirin, məsələn, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin və  2015-ci il I Avropa Oyunlarının təşkilat komitələrinin rəhbəri olmuşdur. “Bütün bu tədbirlər ən yüksək səviyyədə təşkil olunmuşdur. Mehriban Əliyevaya bu il Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının təşkili də həvalə edilmişdir. Əminəm ki, İslam Həmrəylik Oyunları da yüksək səviyyədə keçiriləcək” - deyə Prezident qeyd etmişdir.

 

Azərbaycan.- 2017.- 25 fevral.- S. 4.