“Xocalıya ədalət!” İslam
dünyasında tam dəstəklənir
İslam Əməkdaşlıq Təşkilatı Xocalı
soyqırımını kütləvi qətliam və
insanlığa qarşı cinayət kimi
tanıyan ilk beynəlxalq təşkilatdır
Zəmanəmizin ən dəhşətli cinayətlərindən olan Xocalı soyqırımı XX əsrin digər soyqırımı aktları ilə (Xolokost, Babiy Yar, Xatın və s.) müqayisə oluna bilər. Beynəlxalq qanunvericilik bu kimi cinayətləri birmənalı şəkildə soyqırımı hesab edir və onları insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi qiymətləndirir. Azərbaycan rəhbərliyi, hökuməti, Milli Məclisi, ictimaiyyəti, qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlarda və dünya dövlətlərinin parlamentlərində Xocalı qətliamına əsl soyqırımı və insanlığa qarşı hərbi cinayət kimi siyasi-hüquqi qiymət verilməsi istiqamətində qətiyyətli addımlar atmış və atmaqdadır.
XX əsrin başlanğıcından erməni daşnakları tərəfindən xalqımıza qarşı dəfələrlə soyqırımı aktları həyata keçirilmişdir (1905, 1918, 1948 və s. illərdə). Əsrin sonuna yaxın Dağlıq Qarabağı Azərbaycandan ayırmaq, Ermənistana birləşdirmək məqsədilə hərbi əməliyyatlara başlanılmış və bu zaman dinc azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə və kütləvi qətliam aktları həyata keçirilmişdir. Dinc azərbaycanlı əhalisi öz dədə-baba torpaqlarında amansız işgəncələrə məruz qalaraq qovulmuş, evləri yandırılmış, minlərlə insan, o cümlədən uşaqlar, qadınlar və qocalar qətlə yetirilmiş, girov götürülmüş, əsirliyin bütün acılarını yaşamış, itkin düşmüşlər.
Bu cinayətlərdən ən dəhşətlisi Xocalıda baş vermişdir. Doğma torpaqlarını qoruyan azərbaycanlıları qorxutmaq və onların mübarizə əzmini qırmaq məqsədilə həyata keçirilmiş hərbi əməliyyat nəticəsində kütləvi qətliam və insanlığa qarşı əsl cinayət baş vermişdir.
BMT Baş Məclisi 9 dekabr 1948-ci ildə “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 260 saylı xüsusi qətnamə ilə konvensiya qəbul etmişdir. Xocalı qətliamı bu konvesiyada soyqırımı cinayətinə verilmiş tərifə tam uyğun gəlir, yəni, öncədən planlaşdırılmış kütləvi qırğın aktı Qarabağda yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək məqsədi ilə törədilmişdir. Hətta qaçıb xilas olmaq istəyən dinc sakinləri erməni hərbçiləri təqib edərək qətlə yetirmişlər.
Azərbaycan Milli Məclisi bu cinayətin soyqırımı kimi tanıdılması və ona insanlığa qarşı hərbi cinayət kimi siyasi-hüquqi qiymət verilməsi istiqamətində ardıcıl iş aparır. MM rəhbərliyi, beynəlxalq təşkilatlarda parlamentimizi təmsil edən nümayəndə heyətləri, deputatlar Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, zaman-zaman xalqımıza qarşı həyata keçirilən soyqırımı aktlarını, o cümlədən Xocalı qətliamını beynəlxalq miqyasda tanıtmaq üçün sistemli fəaliyyət göstərirlər.
Beynəlxalq səhnədə Xocalı qətliamını məhz soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyan ilk təşkilat İslam Əməkdaşlıq Təşkilatı olub. Qeyd olunmalıdır ki, bu təşkilatda ölkəmizə dair bütün təqdim etdiyimiz qətnamə layihələrinin hər hansı düzəliş etmədən qəbul olunması bir daha təsdiq edir ki, islam aləmi problemlərimizlə yaxından tanışdır və bizi dönmədən dəstəkləyir. Bu da öz növbəsində ölkə Prezidenti tərəfindən düzgün qurulmuş xarici siyasətimizin və aparılan fəal təbliğatın nəticəsidir.
2006-cı ildə Misir Ərəb Respublikasının paytaxtı Qahirədə İƏT Parlament İttifaqının V sessiyasında çıxış edərək Azərbaycan barədə, 70 ilin qadağasına baxmayaraq xalqımızın islami dəyərlərə və əqidəsinə sadiq qaldığı haqda məlumat verdik. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət haqqında məlumat verdikdən sonra dedim: “Fevralın 26-da mənim xalqımın tarixində ən böyük faciələrdən biri baş verib. 1992-ci ilin məhz bu günündə erməni işğalçıları tərəfindən Xocalı adlı Azərbaycan şəhəri yerlə yeksan edilmiş, 613 dinc sakin, o cümlədən 63 uşaq və 106 qadın vəhşicəsinə öldürülmüşdür. 1275 sakin - qocalar, uşaqlar, qadınlar əsir aparılmış, olmazın təhqir və işgəncələrə məruz qalmışlar. 150 əsirin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günə qədər məlum deyil. Bundan başqa, Azərbaycan erməni terrorçularının və eləcə də ASALA kimi məşhur terror təşkilatının genişmiqyaslı fəaliyyəti üçün poliqona çevrilmişdir. Ermənilərin törətdikləri 30-dan artıq terror aktları nəticəsində iki mindən çox günahsız Azərbaycan vətəndaşı qətlə yetirilmiş, on minlərlə insan xəsarət almışdır.
Erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasını tələb edən BMT-nin məlum 4 qətnaməsini, beynəlxalq təşkilatların qərarlarını, o cümlədən İslam Konfransı Təşkilatı kimi çox nüfuzlu beynəlxalq təşkilatın Ermənistanın işğalçılıq siyasətini pisləyən, zəbt olunmuş torpaqlarımızın azad edilməsini tələb edən qətnamələrini qulaqardına vuran Ermənistan bu günə kimi Azərbaycan torpaqlarını işğal altında saxlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinə böyük maneələr törədir. Yeri gəlmişkən Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanı işğalçı, Dağlıq Qarabağ ermənilərini separatçı adlandıran qətnamənin qəbul edilməsini də burada xatırlatmaq istərdim.
Bununla əlaqədar Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həll edilməsi istiqamətində səylərinizi bundan sonra da əsirgəməməyə çağırırıq və hazırkı sessiyanın yekun sənədlərinə Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələrin əlavə edilməsinin vacibliyini diqqətinizə çatdırırıq.”
Sonrakı illərdə Azərbaycan nümayəndə heyəti İƏT Pİ-nin bütün konfrans və sessiyalarında (İstanbul, Qahirə, Əbu-Dabi, Kuala-Lumpur, Palembanq, Dəməşq, Bağdad, Ankara, Niamey, Tehran, Xartum, Bamako və s.) iştirak edərək çoxsaylı çıxışları zamanı daim Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı barədə ətraflı məlumat vermişlər.
2011-ci ildə isə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edilmişdir. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırılır. Bu, Milli Məclis nümayəndə heyəti tərəfindən irəli sürülmüş İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında qətnamənin şura tərəfindən təsdiqlənməsi nəticəsində baş vermişdir. Qətnamənin 3-cü bəndində qeyd edilmişdir ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırılırlar.
Qətnamədə təşkilata üzv parlamentlərə birbaşa çağırış vardır və bu, öz növbəsində, faciənin milli səviyyədə hüquqi və siyasi tanınması mərhələsini açır.
2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyası “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə Milli Məclisin nümayəndə heyətinin təşəbbüsü və təklifi ilə xüsusi bir bənd əlavə edilib. Xocalı faciəsinə həsr edilən paraqrafda qeyd edilir ki, təşkilat üzv-ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir.
Sözügedən bəndə əsasən, İƏT Parlament İttifaqı aşağıdakıları qərara almışdır:
a) Qurum, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirmiş kütləvi qətliamı soyqırımı kimi tanıyır;
b) İƏT Parlament İttifaqı üzv ölkələri faciənin 20-ci ildönümünün təsadüf etdiyi 2012-ci ildən etibarən, Xocalı qırğınına yuxarıda göstərilən şəkildə siyasi qiymət verməyə çağırır;
c) İƏT Parlament İttifaqı Xocalı qırğınını törədənlərin ədalət məhkəməsinə cəlb edilməsini tələb edir.
Xocalı faciəsi beynəlxalq təşkilatlar sırasında ilk dəfə olaraq İƏT tərəfindən soyqırımı aktı kimi tanınmışdır. Bu, Xocalı faciəsinin, ermənilərin Azərbaycan xalqına qarşı apardıqları birəsrlik soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması üçün zəmin yaradır. Həmçinin bənddə öz əksini tapmış cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi tələbi, qətliamda iştirak etmiş hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikası tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi üçün atıla biləcək addımlara hüquqi əsas yaratmışdır. Nəhayət, İƏT Parlament İttifaqı tərəfindən, üzv dövlətlərin parlamentlərinə ünvanlanmış çağırış, İƏT-ə üzv ölkələrin parlamentləri ilə Xocalı faciəsinin soyqırımı kimi tanınması məsələsinin gündəliyə çıxarılması üçün əlverişli şərait yaradır.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının 21-22 yanvar 2013-cü ildə Sudan Respublikasının Xartum şəhərində keçirilmiş sessiyasında yekun bəyannaməyə Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə aşağıdakı bəndlər əlavə edilmişdir:
1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü və 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı qəti pisləyir; bu cinayəti törədənləri cəzalandırmaq məqsədilə ədalət məhkəməsinə cəlb olunmasını tələb edir.
2. Üzv dövlətləri 26 fevral 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş soyqırımı tanımağa çağırır.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 21-22 yanvar 2013-cü ildə Sudan Respublikasının Xartum şəhərində keçirilmiş sessiyasında qəbul olunan “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” qətnamənin mətninə aşağıdakı hissə əlavə edilmişdir:
“Sessiya üzv dövlətləri 1992-ci il fevralın 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş soyqırımını tanımağa, faciənin 20-ci ildönümü olan 2012-ci ildən başlayaraq bu cinayəti törədənləri cəzalandırmaq məqsədilə ədalət məhkəməsinə cəlb olunması üçün digər mühüm tədbirləri görməyə çağırır”.
Qeyd olunmalıdır ki, İƏT Pİ-də Xocalı soyqırımın tanınmasında və müvafiq sənədlərdə əksini tapmasında “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyasının təşəbbüskarı, Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın xüsusi rolu olmuşdur.
Görülən çoxsaylı işlərin nəticəsidir ki, İƏT Pİ sonuncu Bamako sessiyasında (23-28 yanvar, 2017) Milli Məclis nümayəndə heyətinin təqdim etdiyi Xocalı soyqırımının 25 illiyinə dair xüsusi qətnamə qəbul edilmişdir.
“1992-ci il Xocalı soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair”
Qətnamə, Bamako 2017
İƏT üzv dövlətləri Parlament İttifaqının Nizamnaməsindən və İslam Əməkdaşlıq Təşkilatının Xartıyasından irəli gələn prinsip və məqsədlərindən çıxış edərək;
İslam Sammiti, İƏT Xarici İşlər Nazirlərinin iclasları, habelə İƏT Parlament İttifaqı tərəfindən indiyə kimi qəbul olunmuş Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair qətnamələri bir daha təsdiq edərək;
İƏT Pİ üzv dövlətlərinin parlamentləri tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, siyasi müstəqillik və suverenliyinin, habelə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin davamlı dəstəklənməsini bir daha vurğulayaraq;
BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazinin işğalını tənqid edən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini, beynəlxalq sərhədlərin toxunulmazlığını və torpaqların hərbi güc vasitəsilə işğalının yol verilməzliyini dəstəkləyən və Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrini bir daha xatırladaraq;
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davamlı təcavüzündən, ərazilərin qeyri-qanuni işğalı, beynəlxalq hüququn norma və prinsiplərinin, habelə BMT Təhlükəsizlik Şurasının, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrinin kobud şəkildə pozulmasından ciddi narahatlığını bildirərək;
Ermənistan Respublikasının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni və provokativ siyasətindən, xüsusilə də həmin ərazilərin fiziki, demoqrafik, iqtisadi və mədəni xarakterinin dəyişdirilməsi məqsədilə həyata keçirilən fəaliyyətdən ciddi narahatlığını vurğulayaraq;
Münaqişə ərzində Ermənistan Respublikası tərəfindən yürüdülən və gələcək pozuntular üçün münbit şərait yaradan siyasətdən, xüsusilə beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının kobud şəkildə pozuntusu, mülki vətəndaşların öldürülməsi, etnik təmizləmə, əsirlərin tutulması və saxlanılması, müharibə əsirlərinə qarşı pis rəftar, yaşayış məskənlərinin dağıdılmasından olduqca mütəəssir olaraq;
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ərzində beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının ciddi pozuntulara görə məsuliyyət daşıyanların cinayət fəaliyyətinə görə ədalət məhkəməsi qarşısında hesab vermələrinin vacibliyini vurğulayaraq, habelə bu siyasətin qurbanlarına effektiv hüquqi müdafiə və təzminatın ödənilməsinin təmin olunması, bu məsələ ilə əlaqədar milli və beynəlxalq səviyyədə praktiki addımların atılmasının vacibliyini vurğulayaraq;
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ərzində törədilmiş beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının pozuntusunun cəzasız qalmasına son qoyulmasının ədalətin təmin edilməsinə, gələcək pozuntuların qarşısının alınmasına, mülki müdafiə və sülhün bərqərar edilməsinə şərait yaradacağından əminliyini ifadə edərək;
Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının torpaqlarının qeyri-qanuni işğalının davam etməsini, beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının ciddi pozuntusunu qınayan bir sıra dövlətlər və beynəlxalq təşkilatlar qəbul etdiyi qətnamə və qərarları alqışlayaraq;
Ermənistan
Respublikasının silahlı qüvvələri tərəfindən
Azərbaycan Respublikasının Xocalı şəhərində
1992-ci ilin fevral
ayında Azərbaycanın mülki vətəndaşlarına
qarşı törədilmiş kütləvi vəhşiliyi
insanlığa qarşı cinayət və
soyqırımı kimi şiddətlə
qınayır;
İƏT Pİ üzv parlamentlərini Xocalı şəhərində və Azərbaycan Respublikasının işğal edilmiş digər ərazilərində törədilmiş cinayətin müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi tanınması üçün bütün səylərini əsirgəməməyə çağırır;
“İƏT Anım günü proqramı” çərçivəsində təşviq edilən və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində 1992-ci ilin fevral ayında törədilmiş azərbaycanlıların soyqırımı tarixi həqiqətlərinin üzə çıxarılması məqsədi daşıyan “Xocalıya ədalət!” beynəlxalq vətəndaş maarifləndirilməsi kampaniyasını alqışlayır;
Bütün İƏT üzv parlamentlərini bu kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində iştirak etməyə çağırır”.
Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayəti insanlığa qarşı cinayət və soyqırımı kimi bir daha tanıyıb və üzv parlamentləri Xocalı soyqırımını tanımağa çağırıb. Habelə Parlament İttifaqı “Xocalıya ədalət!” kampaniyasını dəstəklədiyini bir daha təsdiqləyib.
Sessiyada qəbul olunan üçüncü qətnamə “İƏT Pİ və DƏ İKGF arasında əməkdaşlıq” adlanır. İƏT Pİ və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu arasında əməkdaşlığı nəzərdə tutan qətnamə DƏ İKGF Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyasına İƏT üzv ölkələri parlamentləri səviyyəsində dəstəyin verilməsini, Xocalı qətliamının soyqırımı və insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilməsini, cinayətkarların beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsinə çağırış edilməsini nəzərdə tutur. Sənəddə cari ildə Xocalı qətliamından 25 il ötməsi xüsusi vurğulanır.
Sessiya 139 bənddən ibarət yekun Bamako Kommunikesini qəbul etməklə işini tamamladı. Bəyannamənin 3 bəndi (85, 86, 87) “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” başlığı altında birləşdirilib və 86 saylı bənd Xocalı haqqındadır:
Azərbaycan ərazilərində qədim İslam abidələrinin və mədəni irsin kütləvi məhv edilməsi ilə nəticələnən məscidlərə və müqəddəs İslam məkanlarına təcavüzü qınayır; 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə bir neçə saat ərzində Azərbaycanın Xocalı şəhərində baş vermiş 613 mülki vətəndaşın, o cümlədən 106 qadın və 63 uşağın dəhşətli qətliamını pisləyir;
Azərbaycan Respublikası hökumətinin və xalqının ölkələrinin müdafiəsinə yönəlmiş səyləri ilə tam həmrəy olaraq və onlara dəstəyimizi ifadə edərək, daimi yaşayış yerlərini məcburi tərk etmiş azərbaycanlı qaçqın və köçkünlərə humanitar köməyin göstərilməsinə, onların evlərinə qayıtmalarına yardım edilməsinə çağırırıq.
Gövhər BAXŞƏLİYEVA,
Milli Məclisin deputatı,
İƏT Parlament İttifaqında
Azərbaycan Respublikası
Milli Məclisinin
nümayəndə heyətinin rəhbəri
Azərbaycan.-
2017.- 25 fevral.- S.7.