“Ərimi, oğlumu, iki
qardaşımı itirdim...”
Fitat Məmmədovanın
ailəsinin taleyi faciə ilə yanaşı qəhrəmanlığı
əks etdirir
...Həyat yoldaşı, bir övladı, iki qardaşı və bir qardaşı oğlu Xocalıda faciəli şəkildə şəhid olub. Anası isə əsirlikdə ağır əzablara dözüb. İçində qaysaq bağlayan bu dəhşətli yara Xocalı sakini Fitat Məmmədovanı hər an sızladır. Faciənin baş verdiyi gecədən illər ötdükcə həmin sızıntı daha da sərtləşir. Tək bir təsəllisi və istəyi var. Torpaqlarımız tez bir zamanda geri qaytarılsın. Çünki doğmalarının qanı o torpağa tökülüb, həyatının sonuna bircə gün də qalsa, öz torpağına qayıtmaq, orada ölmək istəyir. Heç bir şey, heç bir yer Xocalını əvəz edə bilməz, deyir. Oraya qayıtsaq, şəhidlərimizin ruhu şad olar, heç olmasa yetimlərimiz öz torpağımızın üstündə yaşayarlar deyə, özünü ovundurur...
“Qardaşımın alnından vurdular”
Fitat Məmmədova 1960-cı ildə Xocalı şəhərində anadan olub. Orada böyüyüb. Ailədə 8 övlad - 6 qardaş, 2 bacı olublar. Ailə faciədən sonra uzun müddət Naftalanda məskunlaşıb, hazırda isə Goranboy rayonunda Xocalı qaçqınları üçün tikilib istifadəyə verilmiş binada yaşayırlar. Fitat xanım Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsində çalışır.
Onunla elə evində həmsöhbət olduq. Xocalı soyqırımının dəhşəti sanki Fitat xanımın üzündə əks olunub. O gecəki faciə barədə hər kəlməsini titrəyişlə, acı göz yaşları ilə aram-aram nəql etdi:
- Həmin gecə Ağdamda xəstəxanadaydım. Yurdumuz Qara qaya deyilən yerdə idi. Faciə zamanı anam bir gecə girov qalıb. O qayıdıb gələndə dedi ki, uşaqların hamısını öldürüblər. Çıxanda ikisinin meyitini asfaltın üstündə görüb. Qardaşımın birini meşədə öldürüblər. Təpənin arxasında gizlənibmişlər. Qardaşım anama deyib ki, mən çıxıb onların başını qatacam, siz keçin. Çıxan kimi alnından atıblar. Anam həmin vaxt oturub yanında qalmışdı. Bu vaxt o biri qardaşım gəlib çıxıb. Anama deyib ki, dur gedək, indi gəlib bizi də vuracaqlar, sonra hansı yolla olur-olsun gəlib qardaşımın meyitini götürəcəm. Anam deyib ki, yox, oğlumu qoyub heç bir yerə gedə bilmərəm. Onun üstündəki silahı götürüb gizlədib ki, ermənilər gəlib onun hərbçi olduğunu görməsinlər. Xocalıdan çıxanda anamgilə əl qumbarası vermişdilər ki, əsir düşsəniz özünüz partladın. Yazıq anam onu qoynuna qoyubmuş, qardaşım nə qədər eləyib, anam gəlməyib, qolundan tutub çəkəndə anam dağdan yumalanıb. Həmin əl qumbarası anamın sinə sümüyünü qırıb. Uzun müddət bunun əziyyətini çəkdi. İndi anamın 87 yaşı var, amma hər gün onun əzabını çəkir. Elə orada da bunları mühasirəyə alıb əsir götürürlər...
“Ərimin ürəyini diri-diri
çıxartdılar”
Anam deyir ki, bizdən də qabaq nə qədər adam gətirmişdilər saxlanıldığımız yerə. Anamgili oraya gətirəndə görüblər ki, yoldaşım Rasim də buradadır. Yoldaşımgil başqa qrupla hərəkət edirmişlər. O qrupdan yalnız Valeh adında oğlan sağ çıxa bildi. O deyir ki, yoldaşımı orada ağır işgəncə ilə öldürüblər. Diri-diri, bağırda-bağırda ürəyini çıxarıblar. Vasif adlı qardaşımı da orda öldürüblər. Valeh azad olunandan bir sutka sonra anam gəldi. Dedik, ana nə gördün, uşaqlardan nə xəbər. Anam danışa bilmədi. Bir həftə anam paltarı qanlı gəzdi, əynindən çıxara bilmədik. Dedi ki, balamın qanı üstümə tökülüb, qucağımda keçinib, mən onu çıxarda bilmərəm. Sonra dedi ki, oğlumun meyiti bilirəm haradadır, özüm gedəcəm onu gətirməyə. O, bunun üçün dəfələrlə Naftalandan Ağdama gedib-gəlir. Axırı bir gün Ağdamda görüb ki, bir qrup adam gedir meyit gətirməyə, deyiblər ki, Tamaşa xala, sən getmə, biz bilirik Vasifin nəşi haradadı, özümüz gətirəcəyik. Bir neçə gündən sonra zülmlə onun cəsədini tapıb gətirmişdilər. Meyitə baxırdın, elə bil ki, ölməyib, yatıb. Anam onun meyitini həmərsin kolunun altına qoyubmuş, dağın döşündə, şaxta, ayaz tutan yer imiş. Qardaşım onu Allaha əmanət etmişdi ki, burada qalsın, gəlib aparacam. Belə bir el sözü var: Əmanət edəndə meyit olduğu kimi qalır. Qardaşımın meyiti torpağa tapşırılandan sonra anam onun paltarını əynindən çıxardı.
“Qəbirləri də girov
qaldı”
Fitat xanımın o biri qardaşının meyitini martın 2-si gətiriblər, ayın 3-də isə dəfn ediblər. Amma həyat yoldaşı Rasimin meyiti martın 19-u gətirilib. Bir gün sonra Ağdam rayonunda torpağa tapşırılıb:
- Onları dəfn elədik, amma qəbirləri də girov qaldı. Hər gün Naftalandan Ağdama avtobusla gedib onların qəbrini ziyarət edirdim. Ağdamda yoldaşımın qardaşıgil yaşayırdı. Ona görə onu orada dəfn elədilər. Onlar Xocalıda pərən-pərən düşdükləri kimi, qəbirləri də pərən-pərən düşdü. Ağdamı da işğal etdilər. Qəbirləri bir yerdə olsaydı, heç olmasa ildönümlərində gedib ürəyimizi boşaldardıq... Həmin il elə bil hava da çönmüşdü, yer-göy qan ağlayırdı. Halbuki, əvvəlki illərdə biz həmin fəsildə bostan əkərdik.
Qardaşım Vasif əsirlikdə olanda anama deyib ki, ana, bizi buraxmayacaqlar, gözünün qarşısında bizi öldürsələr də dillənmə, ağlama, səs salma, ətimizi kəsib versələr də ye. Yoxsa bizim gözümüzün qabağında sənə işgəncə verəcəklər ki, bu da bizim ürəyimizi partladacaq. Vasif balalarını anama əmanət edib getdi. Anam indi də onun sözlərini xatırlayır, çox əziyyət çəkir. Vasifin balaları gələndə bilmir neyləsin, axı Vasif onları anama tapşırıb...
Əsirlikdə ermənilər yoldaşımdan soruşublar ki, alazan atanlar kimlər olub. Qardaşımla yoldaşım deyib ki, qadınları buraxın getsinlər, biz deyərik. Belə də ediblər, bir qrupu buraxırlar. Anam da həmin qrupla gəlmişdi. Yoldaşımgil deyiblər ki, alazan atan bizik. Ona görə də onları çox işgəncə ilə öldürüblər. Meyitləri gələndə yoldaşımın corabının altı ayaqqabı altı kimiydi. Piyada, ayağıyalın nə qədər getmişdisə, ayağının altı daşlaşmışdı. Özüm adyalın altından onun əllərini çıxardım, əlinin içindən güllə ilə atmışdılar, üstdən parçalayıb çıxmışdı. Əllərinin üstündə cığır açan qan qurumuşdu. Şalvarının ayaqları bükülü idi, açdım, nə qədər palçıq, toz-torpaq töküldü.
“2 yaşlı oğlum zəhərli
bombadan şəhid oldu”
Fitat xanım dedi ki, onlar o dəhşətli gecədən əvvəl, dörd il boyunca qorxu, vəlvələ içində yaşayıblar. “Ermənilər dörd bir tərəfdən Xocalını mühasirəyə almışdılar. Gecələr güllələri nə təhər yağdırırdılarsa, hərə bir tərəfə qaçırdı. Dörd il bax belə yaşamışıq. Bir gecə bizi raketlə necə bombardman etdilərsə, neçə gün kənddən barıt iyi gəldi. Zəhərlənənlər, ölənlər var idi. Həmin vaxt mənim iki yaşlı oğlum da zəhərlənib öldü. Yoldaşım şəhid olandan sonra min bir zillətlə bir qızım dünyaya gəldi. Dedilər ki, adını nə qoyacaqsan, dedim onun adı özündə gəlib həyata. Qızın adını Nişanə qoydum” - deyə, dərindən köks ötürdü. Bir az ara verdikdən sonra sözünə davam etdi:
- Qardaşım oğlunun 17 yaşı vardı. O, öz pulu ilə əsgər forması alıb geyinmişdi. Ona dedik ki, ay bala, sən məktəblisən, geyinmə onu. Nə qədər elədik, xeyri olmadı. Atası Xocalıda yox idi, Rusiyada işləyirdi. Oğlu atasının əvəzinə torpağı qorumaq istəyirdi. Axırı mümkün olmadı, dedik ki, döyüş, amma formanı geyinmə. Yenə xeyri olmadı. Bax, əynindəki o formaya görə ermənilər onu əsgər bilib güllələmişdilər. Meyitinə baxanda bədənində düz 17 güllə yarası gördük.
Anam deyir ki, əsir düşəndə içəridə Nənəş adlı dayısı qızı da vardı, onun da bütün ailəsini qırmışdılar. Evində dörd başıpapaqlıdan biri sağ qayıtmadı.
“Hər dəfə fevral ayı gələndə qanımız quruyur. Qəbirləri belə yoxdur ki, gedib ziyarət edək” - deyə, Fitat xanım dərindən nəfəs aldı. Halı pisləşdiyindən söhbətimizi dayandırmalı olduq...
Elgün
MƏNSİMOV,
Azərbaycan.-
2017.- 25 fevral.- S.8.