Allah məni 6 aylıq körpəmə bağışladı...”

 

Soyqırımında yaxınlarını itirən Nazilə Məmişova erməni vəhşiliyindən möcüzə nəticəsində xilas olub

 

Azərbaycan xalqının ürəyinə süngü kimi sancılan XOCALI yarası düz 25 ildir ki, qəlbimizi göynədir və hələ neçə-neçə illər ötsə də, qaysaqlanmayacaq... Elə bir xocalılı tapmaq mümkün deyil ki, o dəhşətli qətliamda əzizini, yaxınını itirməmiş olsun.

Bu soyqırımının insanlığa sığmayan bir faciə olduğunu hər kəs bilsə də, heç kəs o dəhşətli gecədə baş verənləri, həmin gün övladını, valideynlərini, qardaş-bacılarını, yaxınlarını itirən insanlar qədər anlayaanlada bilməz. Çünki onların gözlərindəki kədər, işgəncədən nitqlərində yaranmış qüsurlar, çəkdikləri ağrı-acılar, əsl erməni xislətinin, erməni vandalizminin əyani sübutudur.

O insanlardan biri də Xocalı yerlə yeksan edilənə qədər 1 saylı orta məktəbdə müəllimə işləmiş Nazilə Məmişovadır. Bu soyqırımı zamanı 30 yaşında olan Nazilə müəllimə o müdhiş gecədən möcüzə sayəsində bətnindəki 6 aylıq körpəsi ilə bərabər qurtula bilib. Ancaq yaşadığı stress, düşmən əlinə keçmək qorxusu 25 ildir canından çıxmayıb... Hələ, üstəlik, sinəsində qardaş dağı da var...

 

Bətnimdə 6 aylıq körpə ilə qarlı meşədə hərəkət etmək mənə çox çətin idi

 

- Xocalıda ziyalı ailəsində doğulmuş gənc bir xanım idim. Xoşbəxt həyat sürürdük. 1990-cı ildən sonra xoş günlər sanki bizdən üz döndərdi. Bir il sonra isə acınacaqlı günlər başladı. 1992-ci ildə artıq 2 yaşında qızımız vardı. 1 saylı orta məktəbdə müəllimə işləyirdim. Xocalı mühasirədə idi. Hər gün atəş səsləri eşidilirdi. Təhlükə olduğu üçün uşaqlar məktəbə gələ bilmirdilər. Yaşadığımız ev şəhərin yuxarı hissəsində, ermənilərə yaxın ərazidə idi. Bura təhlükəli olduğu üçün Qarqar çayına yaxın ərazidə yaşayan atamın bacısıgildə qalmağa məcbur olmuşduq. Qardaşım Şahinlə, həyat yoldaşım Zakir özünümüdafiə taborunda idilər. Şahin yenicə ailə qurmuşdu. Onun yoldaşı da öz atasıgildə qalırdı.

...Gecə saat 11:00 radələrində Xocalını atəşə tutmağa başladılar. Dedilər ki, ermənilər sovet ordusunun bölmələri ilə birləşib şəhərə hücuma keçiblər, hər tərəfdən tanklarla bizi mühasirəyə alırlar. Haray, qışqırtı səsləri hər yeri bürümüşdü. Bayırda yoldaşım Zakirin səsini eşitdim. Çölə çıxdım ki, vəziyyəti öyrənim. Zakir məndən qardaşımı soruşdu. Dedim Şahin hələ gəlməyib. Onu bir az gözlədik, sonra vəziyyət gərginləşdiyi üçün evdən çıxmalı olduq. Qarqar çayını keçib meşəyə daxil olduq. Soyuq-şaxtalı hava vardı. Həmin gün möhkəm qar yağmışdı. Elə insanların çoxunun məhv olmasına səbəbkar qar oldu. Soyuq çaydan keçən adamların əlləri-ayaqları qarda buz bağladı. Camaat dəstələrlə, necə gəldi, kor-koranə hərəkət edirdi. Bətnimdə 6 aylıq körpə ilə qarda hərəkət etmək mənə çox çətin idi. Qızımı anam götürmüşü. Birdən atışma başladı. Arxa tərəfimizdən ermənilərin açdığı atəş sanki meşəyə yağış kimi yağırdı. Kimisi yaralanır, kimisi yerindəcə həlak olurdu. İnsanların kütləvi surətdə məhv edilməsi həmin yerdə baş verdi. Atışma başlayanda yoldaşım qızımı anamdan almışdı. Həmin zaman dəhşətli səhnə vardı. İnsanın gözü elə “böyüyürki, heç ən yaxın adamını da vahimədən tanıya bilmirsən...

Arxadan gələn insanlar dedilər ki, artıq dayanmaq olmaz, getmək lazımdır. Biz dağa qalxdıqca Xocalı aşağıda qalırdı və şəhərin necə yandığı aydın görünürdü. Bütün gecəni psixoloji sarsıntı içindəydim.

 

Ömür boyu yadımdan çıxmayacaq o anı xatırlayanda şok keçirirəm

 

Atəş səsləri yüksəldikcə camaat pərən-pərən düşürdü. Yadımdan çıxmayan və ömür boyu çıxmayacaq bir anı xatırlayanda şoka düşürəm. Qızım balaca idi. Evdən çıxanda ağlamasın deyə əmziyini də götürmüşdüm. Meşədə ermənilər səsimizi eşitməsin deyə, sakit-sakit hərəkət edirdik. Birdən uşağın əmziyi ağzından düşdü. Elə bil başıma qaynar su tökdülər. Fikirləşdim ki, uşaq ağlayacaq və erməninin əlinə keçəcəyik. Aşağı əyilib əlimi qara toxundura-toxundura axtarmağa başladım. Qaranlıqda heç nə görmək olmurdu. Uşaq ağlamağa başladı. Nə edirdimsə, sakit durmurdu. Bir anlıq gözümün önünə qara xəyallar gəldi - mən heç, ölməyə hazır idim, amma ətrafımdakı camaatın ələ keçməməsi üçün balama qıymaq...

Güc-bala ilə əmziyi tapdım və uşaq sakitləşdi. Yola davam etdik. Kətik kəndinin meşəsi ilə Ağdama üz tutduq. Şelli kəndinə yaxınlaşırdıq. Yolu keçib kəndə daxil olmalı idik. Naxçıvanik tərəfdən bir avtomobilin Əsgəran tərəfə hərəkət etdiyini gördük. Gözlədik ki, maşın keçsin sonra yolu keçək. Amma camaat qaçmağa başladı. Bunu görən ermənilər insanları güllələməyə başladılar. Sanki əsərlərdə oxuduqlarımız gözümüzün önündə canlanırdı. Qan su yerinə axır, yaralıların, qadınların, uşaqların harayı ürək partladırdı. Silahsız insanlar yalnız azərbaycanlı olduqları üçün qətlə yetirilirdilər.

 

Meşədə şaxtadan donan atam Ağdamda gözlərini əbədi yumdu

 

Bir qədər gözlədikdən sonra yolu keçdik. Elə bil hər şey bir anın içində baş verdi. Sağ qalmağımı möcüzə adlandırmaq olar. Anamla birgə o dəhşətin içindən qurtulduq. Allah məni sanki bətnimdəki körpəyə bağışladı. Yoldaşım da qızımla sağ-salamat Ağdama keçmişdi. Amma bizdən bir qədər əvvəl keçdiyi üçün axtarışa başlamışdı. Birdən uzaqdan onu gördüm, şok vəziyyətində idi. Sən demə, xeyli axtardıqdan sonra bizim öldüyümüzü zənn edib. Bizi görəndə yerə yıxılıb hönkür-hönkür ağlamağa başladı...

Sağ qalmağımızın bir səbəbi də o oldu ki, bizim dəstənin önündə gedən bələdçilərimiz o yolları yaxşı tanıyırdı. Başqa insanlar meşədə azmış, günlərlə ac qalmışdılar. Aclıqdan, soyuqdan çox insan meşədə həlak olmuşdu. Atam Talış Məmişov da həmin insanlar sırasında olub. İki gün meşədə qaldıqdan sonra fevralın 27-də Ağdama gətirdilər. Amma cəmi bir gün yaşadı...

 

Qardaşımla həyat yoldaşı cəmi bircə il evlilik həyatı yaşadılar

 

Cəmi bircə il evlilik həyatı yaşayan cavan qardaşım son nəfəsinədək Xocalıda döyüşdü. Özü itkin düşdü, həyat yoldaşı güllə yarasından həlak oldu.

Şahini son dəfə görənlər dedilər ki, səhər saat 05:00-a qədər silahı yerə qoymayıb. Güllə ehtiyatı qurtardıqdan sonra məcbur olub geri çəkilib. Naxçıvanik istiqamətinə çatanda insanlara kömək edib. Amma bununla belə, ermənilər xeyli insanı girov götürüblər. Qardaşım Şahin də onların içərisində olub. Ermənilər qardaşımın başına nə oyun açıblar Allah bilir... Əsirlikdə olanların bir qismi dəyişdirildi. Amma Şahin yox idi. Bəziləri dedi ki, girovluqda olarkən ermənilər 13 nəfər boy-buxunlu, sağlam gənci seçib harasa aparıblar. Onlardan heç bir xəbər çıxmayıb. Elə bilirəm ki, Şahin də onların içərisində olub. Gözümüz hələ də yoldadır. Ölümü ilə barışa bilmirəm. Öz atasıgildə qalan həyat yoldaşı isə meşədə güllə yarası almışdı. Çoxlu qan itirdiyi üçün faciənin qurbanı oldu. Gətirib Ağdamda dəfn etdik. Taleləri belə yazılıbmış...

Ümumiyyətlə, ata yurdumdan təkcə anam sağ qaldı o gecə. Ancaq bu dərdə ürəyi dözmədi, 6 ay sonra o da dünyasını dəyişdi.

Xocalıda yerli camaatın çoxu bir-birinə qohum idi. Həlak olanların əksəriyyəti tanışım, əzizim idi. Çünki aralarında hər gün qarşılaşdığım, dərs dediyim uşaqlar da vardı...

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 25 fevral.- S.8.