Ziyalılığı ona böyük nüfuz qazandırıb
Elm
xadimləri
Alimliyi, ziyalılığı, xeyirxahlığı və saymaqla qurtarmayan bir çox nəcib xüsusiyyətləri ona böyük hörmət və nüfuz qazandırmışdır. Kimya elmləri doktoru, professor İsmayıl Əliyev mənalı bir ömür sürmüş, cəmiyyətimizə, xalqımıza şərəflə xidmət etmiş və indi də xidmət etməkdədir. Tanınmış alim həm də yaxşı pedaqoq və məharətli natiqdir, elmi diskussiyalarda çox prinsipialdır. Onun haqqında bir alim-pedaqoq və şəxsiyyət kimi düşünəndə hər kəsin qəlbi işıqlanır, belə bir insanın varlığına sevinirsən.
İsmayıl Əhmədəli oğlu Əliyev 1947-ci il fevral ayının 27-də indiki Ermənistanın Zəngəzur mahalının Nüvədi kəndində müəllim ailəsində dünyaya göz açmışdır. 1954-1961-ci illərdə Nüvədi kənd yeddiillik məktəbində oxumuş, 1961-1965-ci illərdə “Qırmızı Sərhəd” kolxozunda işləyərək orta təhsilini axşam növbəli kəndli gənclər məktəbində davam etdirmişdir. 1965-ci ildə məktəbi qızıl medalla başa vurmuşdur. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU) Kimya fakültəsinə ixtisas fənnindən əla qiymət alaraq qəbul olunmuş və 1970-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərində elmi-tədqiqat işinə həvəs göstərmiş və Üzvi-kimya kafedrasının baş müəllimi Yusif Sultanovun rəhbərliyi ilə “p-Halogentiofenolların törəmələrinin sintezi” sahəsində elmi tədqiqat işi aparmış, elmi konfranslarda çıxış etmiş, 2 tezisi çap edilmişdir. Ali təhsilini bitirdikdən sonra gənc mütəxəssis kimi universitetin Üzvi-kimya kafedrasında işə götürülmüş, 3 ay baş laborant vəzifəsində işlədikdən sonra müsabiqə yolu ilə həmin kafedranın əyani aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra yenə təyinatla universitetdə laborant saxlanılmış, axşam və qiyabi şöbədə metodist, 1979-cu ildən başlayaraq isə Üzvi-kimya kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifəsinə qədər elmi-pedaqoji fəaliyyət yolu keçmişdir.
1976-cı ilin may ayında BDU-nun İxtisaslaşmış Elmi Şurasında akademik Əli Quliyevin rəhbərliyi ilə “İkivalentli kükürdün aromatik törəmələrində elektron effektlərinin tədqiqi” mövzusunda namizədlik, 1990-cı ilin dekabr ayında İrkutsk Dövlət Universiteti və Şərqi Sibir Elmlər Akademiyasının birgə İxtisaslaşmış Elmi Şurasında “Arentiolların, onların törəmələrinin və analoqlarının kimyası və fiziki kimyası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-ci ildən “Üzvi-kimya” ixtisası üzrə kafedranın professorudur.
2000-ci ilin iyulundan 2006-cı ilin mayınadək BDU-nun magistratura, aspirantura və doktorantura şöbəsinin müdiri, 31 may 2006-cı ildən 2011-ci il mayın 20-dək elmi işlər üzrə prorektoru vəzifəsində işləmiş, öz ərizəsi ilə Üzvi-kimya kafedrasının professoru vəzifəsinə keçirilmişdir. 2011-ci ilin avqust ayında yeni yaradılmış Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasına müdir seçilmişdir. 2014-cü ilin iyun ayından BDU rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunmuşdur.
İ.Əliyevin elmi potensialının yüksək olmasını hamı etiraf edir. Onun güclü alim məntiqi tədqiqatlarında həmişə öz əksini tapır. İsmayıl müəllim elmi axtarışları sayəsində tərkibində oksigen, kükürd, selen, azot saxlayan 500-dən artıq üzvi birləşmə sintez edilmiş, müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə (İQ, UB, NMR H1, C13, O17, S33, NKR Cl35, Br79, rentgen flüoressens spektroskopiya, elekrokimyəvi oksidləşmə və s.) müfəssəl tədqiq olunaraq maraqlı və əhəmiyyətli elmi nəticələr almışdır. Bu maddələrin 300-dən çoxu ilk dəfə onun tərəfindən sintez olunmuşdur. Professor İ.Əliyevin bu sahədə apardığı tədqiqat işləri üzvi-kimyada “kompas” rolunu oynayır və əvvəlcədən istənilən xassəli və keyfiyyətli maddələri sintez etməyə istiqamət verir. O, üçlü alkilarilsulfidlərin yeni alınma üsullarını müəyyən etmişdir. Kükürd üzvi birləşmələrin elektrofil bromlaşma, asilləşmə, nitrolaşma reaksiyaları öyrənilmişdir. İlk dəfə olaraq alkiltioarilketoksimlərə Trofimov reaksiyası əsasında asetilenin, vinilhalogenidlərin və 1,2-halogenalkanların təsiri öyrənilərək əvvəllər ədəbiyyatda məlum olmayan müxtəlif vəziyyətlərdə əvəzolunmuş alkiltioarilpirrollar və onların N-vinil törəmələri sintez olunaraq geniş tədqiq olunmuşdur. Tərkibində kükürd saxlayan yeni pirrollar analitik reaktiv kimi perspektivlidir. Sintez edilmiş bəzi ariltioorqanil kükürd üzvi birləşmələrin tətbiq sahələri müəyyənləşdirilmişdir. Aparılmış tədqiqatların bəzi nəticələri müxtəlif monoqrafiyalara daxil edilmiş və qismən tədris prosesində istifadə edilir.
O, 1994-cü ilin
mart ayından beş ay Türkiyə
Respublikasının Marmara Universitetində
(İstanbul ş.) TUBITAK-DOPROK
(NATO) proqramı üzrə
çalışmışdır. BDU-da professor qalmaqla,
1996-cı ilin fevralından
1997-ci ilin aprelinədək
Bakı Asiya Universitetində əvəzçiliklə
dekan vəzifəsində
işləmişdir. Bakı
Dövlət Universiteti
ilə Türkiyə Respublikasının 100-cü Yıl
Universiteti (Van şəhəri)
arasında bağlanan
“Eğitim və kültür alanlarındakı
iş birliyi - Dayanışma protokolu”na əsasən
(21.05.1993) 1997-ci ilin mayından
2000-ci ilin iyulunadək
Eğitim fakültəsində
prof. dr. vəzifəsində
çalışmış, köməyini dost Türkiyə
Respublikası üçün
əsirgəməmişdir. O, həmçinin Türkiyə
Respublikasının Marmara Universiteti,
İrkutsk Dövlət
Universiteti və İrkutsk Üzvi-Kimya İnstitutu, Timiryazev adına Moskva
Kənd Təsərrüfatı
EA, Moskva Dövlət
Universiteti, Ukrayna EA-nın Üzvi-Kimya İnstitutu, eləcə də Portuqaliyanın və s. dövlətlərin
alimləri ilə əməkdaşlıq edir.
Professor İsmayıl
Əliyev 235 elmi əsərin müəllifidir. Əsərləri ABŞ-ın, Danimarkanın, keçmiş SSRİ-nin,
Türkiyənin və
Azərbaycan Respublikasının
mötəbər jurnallarında
nəşr olunmuşdur.
O, 70-ə yaxın elmi
məruzə ilə beynəlxalq, keçmiş
ittifaq və respublika elmi simpozium və konfranslarında çıxış
etmişdir, 3 dərsliyin,
5 dərs vəsaitinin,
1 metodik göstərişin,
3 dərs proqramının,
9 patentin və 2 müəlliflik şəhadətnaməsinin
müəllifidir. Dövri
mətbuatda - “Azərbaycan”,
“Respublika”, “Yeni Azərbaycan” və s. qəzetlərdə dövlətçiliyimizə
həsr olunmuş
60-dan çox
məqaləsi dərc
edilmişdir. İ.Əliyevin rəhbərliyi ilə
2 fəlsəfə doktoru,
5 magisrtant hazırlanmışdır.
Dissertasiyaların opponenti və
rəyçisi olmuşdur.
Dünya alimləri professor İsmayıl
Əliyevin elmi tədqiqatlarını müntəzəm
olaraq maraqla izləyir və yüksək qiymətləndirirlər. Dünya prizmasından
onun Azərbaycan elminin inkişafında yeri müəyyənləşdirilərək
SCI Thomson Reytersdə ona
olan istinadların sayı bu günə
kimi 200-dən çoxdur.
Kimya fakültəsinin tələbələri
üçün Azərbaycan
dilində ilk dəfə
yazılmış “Üzvi
boyaqlar” (I hissə, Bakı 2005, II hissə, Bakı, 2011), “Hetepotsiklik birləşmələr kimyası”
(Bakı, 2016, 504 s.) dərsliklərinin,
“Üzvi boyalar kimyasından praktikum” (Bakı, 2003, 60 s.), “Üzvi-kimya”
(Ümumtəhsil məktəblərinin
təbiət elmlərinə
istiqamətlənmiş sinifləri
və kimya təmayüllü liseyləri
üçün. Bakı, 2015, 415 s.) dərs
vəsaitlərinin, “Üzvi-kimyadan
test üsulu ilə özünü yoxlama sualları” (Doymuş və doymamış karbohidrogenlər. I hissə) metodik göstərişin (Bakı,
1995, 28 s.), “Kimyadan 500 məsələ”
(həlli ilə)
8-11-ci siniflər üçün
vəsaitin (Çaşıoğlu,
2010, 366 s.) həmmüəllifidir. Bir çox elmi monoqrafiyaların, kitabların,
metodik göstərişlərin
və dərs proqramlarının elmi redaktoru və rəyçisi olmuşdur.
Professor İ.Əliyev respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Yasamal rayonu Ağsaqqallar Şurası sədrinin müavinidir. Bakı Dövlət Universiteti Elmi Şurasının, “Bakı Universitetinin xəbərləri”, “Journal of Qafqaz University chemistry and biology an İnternational journal” jurnallarının redaksiya heyətinin, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Şurasının üzvüdür. 2006-cı ildən Yeni Azərbaycan Partiyası Z.Xəlilov 23 (YAP BDU) ərazi ilk partiya təşkilatının sədri, YAP Yasamal rayon təşkilatının idarə heyətinin və siyasi şurasının üzvü seçilmişdir.
O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. “Qabaqcıl təhsil işçisi” döş nişanına, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının (AzərKİVİHİ) “Qızıl qələm” media mükafatı laureatı diplomuna, AzərKİVİHİ-nin “İlin alimi” və “Şöhrət” mükafatı laureatına layiq görülmüşdür. Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları komandanının “Fəxri fərmanı”, dəfələrlə Təhsil Nazirliyi və Bakı Dövlət Universiteti rəhbərliyinin fəxri fərmanları və təşəkkürləri ilə mükafatlandırılmışdır. Beynəlxalq Ekoenerji Akademiyasının Elmi Surasının tövsiyəsi ilə 2015-ci ildən ekologiya sahəsində akademik diplomu ilə təltif olunmuşdur.
İsmayıl müəllimin arxada qoyduğu illər mənalı bir ömürdən, bu ömrün daşıyıcısının işıqlı şəxsiyyətindən, xalqa, elmə, yüksək amallara sərf edilmiş həyatından xəbər verir. Bu gün biz İ.Əliyevin həyat və tale kitabını vərəqlədikcə onun həm nəcib bir insan, görkəmli tədqiqatçı, alim, təşkilatçı, mahir pedaqoq, həm də öz xalqını, vətənini, elini, yurdunu dərin məhəbbətlə sevən bir vətəndaş olduğunu görürük. İsmayıl müəllim hər şeydən əvvəl işıqlı bir ziyalıdır. Onun insanlara bəxş etdiyi işıq mənəvi paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyətinin bütövlüyündən irəli gəlir. Professor İsmayıl Əliyevə möhkəm cansağlığı, uğurlar arzu edirik.
Aydın
KAZIMZADƏ,
BDU-nun Elm və
innovasiyalar üzrə prorektoru,
AMEA-nın müxbir
üzvü, professor,
Abdulsəid ƏZİZOV,
BDU-nun Kimya fakültəsinin dekanı, professor
Azərbaycan.-
2017.- 25 fevral.- S.12.