Dünya artıq Xocalı faciəsini bəşəriyyətə qarşı soyqırımı kimi qəbul edir

 

Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası hədəflərinə doğru inamla davam edir

 

Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Hər il Azərbaycan Prezidenti Administrasiyası tərəfindən tədbirlər proqramı təsdiqlənir və icra edilir. Həmçinin Azərbaycanın yeni müstəqillik tarixinə qanla yazılmış Xocalı faciəsi hər zaman ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən ürək ağrısı ilə xatırlanır. Faciənin hər ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, aksiyalar keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Nüfuzlu qəzetlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziyaradioda verilişlər yayımlanır.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlərdə Heydər Əliyev Fondunun müstəsna rolu var. Məhz bu fondun dəstəyi ilə Xocalı faciəsinin ildönümü hər il dünyanın müxtəlif yerlərində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti sayəsində, əvvəlki dövrlərdən fərqli olaraq, indi beynəlxalq ictimaiyyət erməni qəsbkarlarının insanlığa sığmayan cinayətləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyirlər.

 

Beynəlxalq səviyyədə böyük dəstək

 

Azərbaycanın fəal gəncləri də bu məsələdə öz məsuliyyətlərini dərindən dərk edir, malik olduqları imkanlar çərçivəsində fəal vətəndaşlıq mövqeyi ortaya qoyurlar. 2004-cü ildə Azərbaycan gənclərinin təşəbbüsü ilə İslam Konfransı Təşkilatının (İKT) 35 üzv ölkəsindən olan gənclər təşkilatlarının iştirakı ilə təsis edilən İslam Konfransı Gənclər Forumu (İKGF) bu vəzifələrin həyata keçirilməsində beynəlxalq status daşımaqla ən mühüm platformalardan biridir.

İKGF İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi seçilməsi qurumun işinin canlandırılması ilə yanaşı, Azərbaycan həqiqətlərinin məhz gənclərimiz tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılması işinə mühüm təkan verdi, forumun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsində həmin il mayın 17-də İstanbulda İKGF və ISESCO-nun təşkilatçılığı ilə keçirilmiş iclasda Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası dəstəkləndi və 26 fevral - Xocalı Soyqırımı Gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. İKT üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampala (Uqanda) konfransında isə “Xocalıya ədalət!” təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.

2009-cu ilin mayında İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçirilən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə “Xocalıya ədalət!” kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırdılar.

İki il sonra İKT Parlamentlər İttifaqı (Pİ) “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edib. Əbu-Dabidə qəbul olunan bəyannamədə Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırıldı. Qətnamənin 3-cü bəndində qeyd edilib ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırılırlar. İKT Pİ Şurası Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib və bu rəy qətnamədə öz əksini tapıb.

2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına (2011-ci ildə İKT-yə üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı dəyişdirilərək İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb) üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyada keçirilən 7-ci sessiyasında “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı qəbul edilən qətnaməyə İKGF-nin təşəbbüsü ilə xüsusi bənd əlavə edilib. Xocalı faciəsinə həsr edilən bənddə qeyd olunur ki, konfrans üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir.

 

Strateji məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsidir

 

Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi-siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən bu soyqırımına görə rəsmi üzr istənilməsi, belə hadisələrin bir daha törədilməyəcəyinə təminat, vurulmuş maddi-mənəvi ziyana görə kompensasiyanın ödənilməsi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əsas məqsədləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması da qarşıya qoyulan əsas hədəflərdir. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, bu cinayətin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.

Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Bu çərçivədə təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnikya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlib.

Kampaniya bir çox ölkədə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.

 

Xocalı soyqırımını rəsmən tanıyanların sayı artır

 

Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyib: “Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli aparır. Son illərdə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının üzü ifşa olunurdünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır”.

2008-ci ildən bu vaxtadək onlarla ölkədə keçirilən “Xocalıya ədalət!” kampaniyası qarşıya qoyduğu məqsədə çatmaq yolunda mühüm uğurlara imza atıb. Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət erməni quldur birləşmələri tərəfindən Azərbaycan xalqının başına gətirilən bu soyqırımına münasibətini ortaya qoyur. Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İƏT Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. 15 ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bunlar Meksika, Kolumbiya, Peru, Pakistan, BosniyaHerseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Şotlandiyadır. Eyni zamanda ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı durmadan artmaqdadır. Hazırda belə ştatların sayı 21-dir: Massaçusets, Texas, Nyu Cersi, Meyn, Nyu Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Qərbi Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, ArizonaAydaho ştatları. Corciya ştatının Nümayəndələr Palatasının 1594 saylı qətnaməsində Amerika qanunvericiləri tərəfindən qəbul olunan sənədlərdə ilk dəfə olaraq Xocalıda törədilən qırğına görə Ermənistan prezidenti Serj Sarkisyanın adı qeyd olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı faciəsinin beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi, erməni yalanlarının ifşası istiqamətində olduqca uğurlu layihələrdəndir. Bu cür tanınmalar isə cinayəti törədənlərə cəzasızlığın çox sürə bilməyəcəyi və gec-tez ədalətin zəfər qazanacağı barədə siyasi müraciətin ünvanlanması üçün vacibdirgöründüyü kimi, “Xocalıya ədalət!” kampaniyası hədəflərinə doğru inamla davam edir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.1.