Bir gecədə
yurdumu və valideynlərimi itirdim
Kamil SALAHOV: “Atam
ağır işgəncə
ilə qətlə yetirildi, anamın isə meyitini pul və benzinlə
ermənilərdən aldıq”
O gecə Qarabağ dağlarının
qarı insanların
al qanına boyandı.
O qan, yalnız azərbaycanlı olduqları
üçün amansızcasına
qətlə yetirilən
günahsız körpələrin,
qız-gəlinlərin, qocaların,
igid oğulların qanı idi. Bir gecədə dağıdılan,
yandırılaraq yerlə-yeksan
edilən şəhər
də bizim yurdumuz idi. Bunu necə danışasan, necə təsvir edəsən?!
Bağrımızda illərdir qövr edən XOCALI yarası 25 ildir ki, qəlbimizi
göynədir. Yenicə şəhər statusu
almış bu yaşayış məntəqəsində
körpələr amansızcasına
qətlə yetirildi, analar vəhşi erməniyə əsir düşməmək üçün
uşaqlarını öz
əlləriylə boğdular,
doğmalarının yaralı
vücudunu əlacsızlıqdan
meşələrdə qoydular.
O dəhşət gecəsi
sinəmizə çəkilən
körpə, ata-ana, bacı-qardaş dağıdır!
O müdhiş gecədən yalnız möcüzə sayəsində
sağ qurtulan şahidlərin tükürpədici
ifadələri Xocalıda
baş verən faciənin insanlığa
sığmayan dəhşətli
qətliam və soyqırımı aktı
olduğunu bir daha təsdiqləyir.
Həmin insanlardan
biri də bu gün Goranboy
rayonunun Aşağı
Ağcakənd qəsəbəsində
yaşayan Xocalı sakini, 1970-ci il
təvəllüdlü Kamil
Salahovdur.
Əsgəranda baş
verən hadisələrdən
sonra hiss edirdik ki, növbəti hədəf Xocalıdır
- 1991-ci ilin oktyabrında Xocalı ilə avtomobil yolu kəsildi və o vaxtdan etibarən şəhərlə
əlaqə yalnız
vertolyotların köməyilə
saxlanılırdı. 1992-ci il yanvarın
2-dən Xocalıda elektrik
enerjisi olmadı. Fevralın 13-də ərzaq
və yanacaq yükü ilə sonuncu hərbi vertolyot gəldi (sonuncu mülki vertolyot yanvarın 28-də
gəlmişdi)... Həmin gündən
şəhər ermənilərin
həmlələrini gözləməklə
yaşayırdı.
Əsgəranda baş verən hadisələrdən
sonra hiss edirdik ki, növbəti hədəf Xocalıdır.
22 yaşım vardı, subay idim və könüllü
özünümüdafiə taboruna yazılmışdım.
Postlarda dururduq. Ermənidən qorxumuz yox idi. Fevralın 25-i günü tankların,
zirehli texnikanın səsi eşidilməyə
başladı. Yüksəkliklərdə ocaqlar qaladılar ki, bir-birinin olduğu ərazini müəyyən edib, həmin istiqamətə güllə atmasınlar.
Şəhəri zirehli texnika ilə atəşə tutdular. Aeroportu yandırdılar və şəhər yuxarıdan-aşağıya yana-yana
gəlirdi. İki saata
qədər müdafiə
olunduq. Amma avtomatla zirehli
texnikaya qarşı döyüşmək qeyri-mümkün
idi. Döyüş sursatımız qurtardı
və məcbur olub geri çəkildik.
Əhali
də evlərdən çıxıb qaçmağa
başladı. Piyada erməni
dəstələri şəhərə
irəliləməyə başladı.
Başqa
çıxış yolu
yox idi, hər tərəfdən güllə yağışı
gəlirdi.
Meşədə güllə
yarası almayan insanların çoxu ömürlük şaxta
“yarası” aldı
Postdan tez evə yollandım. Şəhər
od tutub
yanırdı. Şəhərdə elə bir haray
səsi vardı ki, insan vahiməyə
düşürdü. Yanan kim,
yaralanıb yerdə imdad diləyən kim... Hamı qarışmışdı bir-birinə. Bir tərəfdən
güllə yağışı,
bir tərəfdən
alışıb yanan
evlərin tüstüsü
və insanların qışqırtısı adamı
şoka salırdı.
Heç
öz yaxın adamını tanıya bilmirdin. Atamla anama xəbər
göndərmişdim ki,
camaata qoşulub getsinlər, gəlib yolda onları tapacam. Amma gedib insanların
arasında valideynlərimi
tapa bilmədim. Qarqar çayını keçib
Kətik kəndinin meşəsinə daxil olduq. Hər tərəfdən meşəyə güllə
atırdılar. Bir tərəfdən
açılan güllələr,
digər tərəfdən
şaxtalı hava insanların hərəkət
etməsinə imkan vermirdi. Elə ona görə
də meşədə
güllə yarası
almayan insanların çoxu şaxta “yarası” aldı. Çaydan keçən insanlar islanmışdılar. Meşədə isə qar dizdən
idi. Qorxudan qarda gizlənən
adamların çoxunu
şaxta vurdu. Körpə,
azyaşlı uşaqlar
donaraq öldü.
Ermənilər əsir
götürdükləri yaşlı
atama bir ay dəhşətli işgəncə
veriblər
Meşə ilə yuxarı qalxdıqca təhlükə artırdı. Ermənilər yuxarıda pusqu qurmuşdular. Önümüzdə gedən dəstə ilə atışma başladı və xeyli insan həlak oldu. İstiqaməti dəyişdik. Mən Ağdamın Şelli kəndi istiqamətinə tərəf üz tutdum. Əgər bu gün sağ qalmışıqsa, buna yalnız Allahın möcüzəsi demək olar. Çünki erməni istəyirdi ki, Xocalıdan sağ adam çıxmasın. Ona görə də meşəni hər tərəfdən mühasirəyə almışdılar. Ağdamın kəndlərinə keçən avtomobil yollarının üstünə zirehli texnikalar cəlb etmişdilər. Onlar da dayanmadan atəş açırdılar. Kim yolu cəld keçdisə, canını qurtara bildi.
Ağdamın Şelli kəndinə çatanda atamla, anamı xəbər almağa başladım. Öyrəndim ki, onlar dayımgillə gəlirlərmiş. Yolda pusquya düşürlər. Anam Zərha Salahova güllə yarası alır və həlak olur. Atam Məhəmməd Salahov isə ermənilərə əsir düşür.
Bir müddət keçdikdən sonra eşitdim ki, əsirləri dəyişirlər. Gedib müraciət etdim. Mayın 28-də xəbər gəldi ki, atamı gətirirlər. Getdim, amma gələn atamın nəşi idi... Onunla birlikdə əsirlikdə olanlardan vəziyyəti öyrəndim. Dedilər ki, yazıq atam erməni vəhşilərinin işgəncələrinə dözə bilməyib. Yaşlı adama dəhşətli işgəncə verərək öldürüblər.
Mayın 31-də atamı Ağdamda dəfn etdik. Amma anamın nəşi hələ də Xocalıda idi. Dayım dedi ki, necə olur-olsun gedib ermənilərlə danışıq aparıb bacımın meyitini alacam. Nə qədər etiraz etdiksə, mümkün olmadı, çıxıb getdi. Gedib ermənilərə pul və benzin təklif edib. Onlar da anamın nəşini tapıb gətiriblər. Bir də gördük dayım anamın meyitini gətirdi. Dözülməz anlar idi. Başımı itirmişdim, nə edəcəyimi bilmirdim. Taleyimə yazılan yazı beləymiş. Anamı da atamın yanında dəfn etdik.
O gecənin dəhşətli səhnəsi bir insanın yurdunu və onu dünyaya gətirənləri əlindən aldı. Hər iki valideynini itirən Kamil çəkdiyi acıları nə danışmaqla anlada bilir, nə də içində göynəyən yaranı göstərə bilir və yəqin ki, bu ağrı-acını qəbir evinədək qəlbində daşıyacaq. Allah səbir versin, qardaş!
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.- 26 fevral.- S.5.