Biz beş bacı atasız və qardaşsız qaldıq”

 

Hər Xocalı ailəsinin faciəsinin bir tarix olduğunu vurğulayan, soyqırımında həyat yoldaşını itirən Sevda Səlimova üç körpəsini tək böyütdü

 

O gecə Seyidi kişini heçqorxutmurdu - nə atəş, nə qan, nə ölüm. Qorxduğu bircə o idi ki, qızlarını, doğmalarının, el-obasının qız-gəlinini yağılar girov götürə bilərlər.

Xeyli əvvəl, Xocalıda vəziyyət lap kəskinləşməyə başlayanda qızı Sevda da uşaqları ilə birlikdə ata evinə yığışmışdı. Çünki Sevdagilin evi ermənilərin yaşadıqları əraziyə yaxın idi və həyətlərinin darvazası birbaşa şose yoluna açılırdı. Bəlkə buna görə ev tez-tez atəşə məruz qalırdı. Seyidi kişi isə Qaladərəsi adlanan ərazidə yaşayırdı. Bura nisbətən təhlükəsiz yer sayılırdı.

Fevralın 25-də axşam evlərdə işıqlar söndü, qaz kəsildi. Bayırda zülmət qaranlıq vardı. Soyuq insanı elə bil, qılınc kimi kəsir, ilan kimi çalırdı. Seyidi kişinin qonşusunun evində təhlükəli məqamlarda daldalanmaq üçün bir sığınacaq düzəltmişdilər. Adına datunel” deyirdilər. Həmin axşam da qonşular xeyli müddət həmin tuneldə daldalandılar. Hamı bir-birinin üzünə baxıb sükuta dalmışdı. Aranın sakitləşəcəyinə ümidlərini itirmirdilər.

Sevda Səlimova danışarkən o gecə və sonrakı günlərdə baş verənlərin ardıcıllığını itirməməyə çalışır:

- Araz bizi oradan çıxarmağa gəlmişdi. Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimov dost-doğmaca əmim oğludur. Bu şərəfli ada şəhidliyindən sonra layiq görülüb. O bizə açıq dedi ki, artıq ermənilər kəndə doluşub. Neçəsini elə mən özüm öldürmüşəm. Amma qarşısıalınmaz bir axın var kəndə. Atamın ayaqları ağrıyırdı, az qala, tutulmuşdu. Ona görə də qardaşım Tofiq xeyli məsafə boyu onu öz kürəyində apardı. Yolda atam ona bərk acıqlandı ki, sən qızlara kömək et. O, heç Xocalıdan çıxmaq istəmirdi. Həmişə deyirdi ki, niyə öz torpağımdan, evimdən hara isə getməliyəm?!  Ölsəm də, ölüm də...

Həmin gecə Tofiq Qarqar çayından bacısı Sevdanın balasının birini kürəyində, digərini qucağında keçirir. Üçüncü övladını isə çaydan Sevdanın özü çətinliklə adlada bilir. Onda Səadət 8, Zaur 5 yaşında idi, Ziyanın isə iki yaşı hələ tamam deyildi. Ziyanın üzündəki, qulağının üstündəki çapıq o müdhiş gecədə uşağa dəyən güllənin bədnam izidir.

Böyük bir dəstə çətinliklə yıxıla-qalxa irəliləyirdi. Əsasən qadınlar və uşaqlar idi. Gəlib Qaraqaya deyilən yerə çatdılar. Dəstəni görən ermənilər tülkü xislətlərini işə salaraq Azərbaycan dilində “mehriban” səslə: “Gəlin, gəlin, sizə kömək edəcəyik” - deyirdilər.

Lakin Sevdanın anası Sona xanım erməni dilini bildiyindən onların öz aralarında danışdıqlarını başa düşür və ətrafdakı insanlara deyir ki, irəliyə getmək lazım deyil.

Erməninin bu məkrinə aldanıb irəliləyənlər öldürülür. Dəstənin qalan üzvləri qarşılarına çıxmış sulu xəndəyin içinə dolur.

- Uşaqlara baxdıqca ürəyim parçalanırdı - deyə Sevda xatırlayır - Onlar ac-susuz idilər. Elə yorulmuşdular ki, buradaca dərhal yuxuya getdilər. Təsəvvür edin, qış fəsli, ətraf qar, fevralın amansız şaxtası insanın iliyinə işləyir. Sığınacaq isə sulu bir xəndək...

Hələ bu nədir ki?! O müdhiş gecənin amansız yollarında doğmalarımızın neçəsi şəhid oldu, itkin düşdü.

O gecə Sevdanın ağsaqqal atası girov götürüldü. Kişidən indiyədək heç bir xəbər-ətər yoxdur.

O gecə Sevdanın on ildir birgə xoşbəxt həyat sürdüyü ömür-gün yoldaşı, üç məsum körpəsinin atası Taleh Abbasov düşmən gülləsinə tuş gəldi.

O gecə Sevdanın yeganə qardaşı Tofiq şəhid oldu. Beləcə, beş sevimli bacısını - Svetlananı, Sevdanı, Süsəni, Sevili və Vəfanı gözüyaşlı qoydu.

Sevdanın əmisi Bahaduronun üç oğlu - Araz, Fəxrəddin və Mikayıl da həmin gecənin qurbanı oldular.

- O gecənin müsibətlərini danışmaqla qurtaran deyil - deyir Sevda xanım - Hər ailənin faciəsi bir tarixdir. Bibim oğlu Vaqif Məmmədov düşmənlə qeyri-bərabər döyüşdə canından keçdi. Səkkiz erməni meyitini yan-yana düzmüşdü. Nəhayət, əks tərəfdən atəşə tutularaq özü də məhv edilmişdi... Qayınım Vəliyyəddin Abbasovun incə musiqi duyumu vardı. Toylarda nağara çalıb camaatın zövqünü oxşayardı. Ermənilər onu girov götürəndən sonra birinci növbədə əllərini sındırmış və oda basmışdılar. Demişdilər ki, sənin bu barmaqlarından qopan Qarabağın səsidir, biz o səsi kəsəcəyik. Qayınım onlara cavab qaytarmışdı ki, Qarabağ da, onun torpağı da, səsi-avazı da bizimdir. Bundan sonra qayınımı qətlə yetirmişdilər. Vəliyəddinin arvadı Nəzakət bu faciədən xəbər tutmuşdu. Yazıq gəlinin ürəyi partladı.

Bu cür ağır itkilərin ağrı-acısına sinə gərmək üç azyaşlı uşaqla tənha qalan, ata, qardaş, ər itkisi yaşayan 30 yaşlı gənc bir qadın üçün asan olmadı. Üstəlik, kiçik bacılarının qayğısını çəkmək də onun üzərinə düşdü.

- Uşaqları dövlətin köməyi ilə böyütdüm - deyir - Artıq üçü də ailə qurub. Fatmayı kəndi yaxınlığında evtikmə kombinatının pansionatının binasında məskunlaşmışıq. Özüm və övladlarımın ailələri - hamımız burada yaşayırıq. Dövlətin bizi də tezliklə şəraiti bundan yaxşı olan evə köçürəcəyini gözləyirik.

Sevdanın qəlbinin ən dərin diləyi isə böyük ailəsini götürüb Xocalıya üz tutmaq, orada yaşamaqdır.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.5.