Ən qəddar cəza, ən ağır işgəncələr
Xocalıda törədildi
“Meşədə üç nəfərlə rastlaşdım. Biri ayaqyalın idi, ikisi isə halsız. Onları da götürüb birtəhər Xocalıdan çıxa bildim. Qalanları da bizlə gəlsəydi, çıxara bilərdik. Heydən düşmüşdülər. Həm də camaat şokda idi. Hara baxırdın meyit görürdün.
Çox dəhşətli bir mənzərə idi. İnsanların çoxu aclıqdan, susuzluqdan, yaxud soyuqdan donaraq ölmüşdü. Uçurumdan düşənlər də vardı. Erməni isə qırdığını qırmışdı. Onlar əsasən Xocalıdan qonşu rayonlara tərəf çıxışları tutmuşdular. Ona görə Xocalıda kütləvi qırğın çox oldu”. Bunları danışan Xocalı batalyonunun kəşfiyyatçısı 60 yaşlı Ramiz Nəsirovdur. O, hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb.
“Silah ancaq məndə
idi”
Bu qəsəbəyə gedib çıxmağımız elə də asan olmadı. Güclü qar yağdığından yollar buz bağlamışdı. Sürücünün ehtiyatlılığı və sayıqlığı sayəsində sağ-salamat mənzilə yetişdik. Burada Xocalıdan olan ailələrdən birinin evində qonaq olduq. Ramiz Nəsirov da sorağımızı eşidib oraya gəlmişdi. İsti sobaının kənarında, qaynar çaydan içə-içə Xocalı soyqırımının şahidlərindən olan Ramiz dayını söhbətə çəkdik:
- O ərəfədə ermənilər hər axşam atırdılar, artıq güllə səslərinə vərdiş etmişdik. Fevralın 25-i hay-haray qopdu, camaat pərən-pərən düşdü, ermənilər artıq şəhərə doluşmuşdular. Yoldaşımı da götürüb evdən çıxdım. Amma həmin vaxt uşaqlar Şuşada idi, anamgilin yanında. Qayınatam isə insult idi, tərpənə bilmirdi, onu heç cür çıxara bilmədik. Qonşuları çağırdım, bir yerdə çıxdıq. Kəndin içi ilə irəliləyirdik. Silah da ancaq məndə idi. Cəmi 10-15 nəfər olardıq. Çayı keçəndən sonra uşaqlara dedim ki, mən sizi irəli aparacam, atışma olsa, tərpənməyin, onları geri çəkdirəcəm, bircə yoldaşımdan muğayat olun. Bir xeyli irəliləmişdik. Dedim, dayanın camaat dincəlsin. Baxanda gördüm ki, yoldaşım aralarında yoxdur. Soruşdum, hanı, heç kim bilmədi. Yenidən kəndə qayıtdım. Kəndə girəndə işıqlar söndü. Səhərə yaxın idi. Elə evə yaxınlaşmışdım ki, yuxarıdan məni pulemyot atəşinə tutdular. Bu vaxt qaçmağa yer olmadığından özümü suya atdım. Suyun içi ilə meşəyə doğru irəliləməyə başladım. Uzaqlaşdıqdan sonra camaatı axtardım.
“Nə bacarırsınız qaçın, atsalar da, dayanmayın”
Bu zaman iki qrupla rastlaşdım. Ermənilər onları mühasirəyə
almaq istəyirdilər,
“sən ordan gəl, mən burdan” - deyə çığıraraq erməniləri
panikaya saldım.
Bu yolla insanları
mühasirədən çıxardım.
Amma getdikcə hava qaralırdı, artıq camaat heydən düşmüşdü, hərəkət
edə bilmirdilər.
Mən kəşfiyyatçı olduğumdan
sağ qalmağın
yollarını bilirdim.
Bir nəfərlə gəldim
düz erməni kəndinin girəcəyinə.
İkimizin bir şineli
vardı. Hərəmiz bir qoluna girərək
qucaqlaşıb yatdıq.
Oyananda ayağa qalxa bilmirdim. Ayaqlarım donmuşdu. Gücümü toplayıb
yola düzələndən
sonra təxminən bir kilometr boyu
ayaqlarımı hiss etmədim.
Artıq
iki gün idi ki, meşədə
qalırdıq.
Yolda üç nəfər tapdıq. Biri ayaqyalın idi.
İkisi
də halsız.
Onları da götürdük.
Hava işıqlaşırdı. Baxdım ki, üç postun arasından keçməliyik. Elə oldu
ki, ermənilər isinmək üçün
təpədən aşağı
endilər. Qazın turbasını
deşmişdilər, oradan
alov çıxırdı.
Dedim ki, nə bacarırsınız
qaçın, atsalar da dayanmayın. Bilmirəm, bizi gördülər, ya yox, bu
yolla qaçıb oradan çıxa bildik. Özümlə dörd nəfəri
Ağdama gətirib çıxardım. Birinin isə
meşədə dizi qırılmışdı. Dedi öldür məni gedə bilmərəm. Yalvar-yapış etdim, xeyri olmadı. Qaldı orada. Digərləri
də bizlə gəlsəydi, Xocalıdan
sağ çıxa bilərdilər. Amma heydən düşmüşdülər.
Aclığa, susuzluğa dözmürdülər.
Həm də şokda idilər, hara baxırdılar meyit görürdülər...
Yoldaşımdan da bir xəbər çıxmadı...
“Qohumlarımdan
çoxu Xocalıda şəhid oldu...”
Meşədə qaldıqları iki gün ərzində Ramiz kişi və onunla birgə olanlar itburnunun yarpağı ilə qidalanıblar. Dediyinə görə, aclıq və soyuq hava dəhşətli faciəni daha da şiddətli edirdi. Ramiz dayı bütün Xocalı sakinlərini doğmaları kimi qəbul edir. Faciədə öz qohumlarını da itirib:
- Xocalı sakinlərinin hər biri mənə doğmadır. Orada öldürülən, işgəncələrə məruz qalan, aclıqdan və soyuqdan donaraq ölənlərin hər biri mənim qardaşım, bacım, atam, anamdır. Bununla belə, dayım oğlu, xalam oğlu, onların övladları Xocalıdan sağ çıxmadı. Qohumlardan çoxu orada şəhid oldu. Hansını deyim...
Xocalı faciəsi ərəfəsində Ramiz Nəsirovun 35 yaşı vardı. Batalyonda qoca ləqəbi ilə tanınırdı. Dediyinə görə, Xocalı faciəsindən əvvəl çox əməliyyatlarda olub, hətta ermənilər qocanın başına pul da qoyubmuşlar. Amma o, Qarabağda böyüdüyü üçün oranın bütün yollarına, cığırlarına bələd olub. Ona görə də, ermənilər Ramiz kişini heç bir vasitə ilə ələ keçirə bilməyiblər. Sonralar kəşfiyyat xidmətlərinə görə Ramiz Nəsirova 1996-cı ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı da təqdim edilib. O vaxt ağlına da gəlmirdi ki, nə vaxtsa xidmətlərinə görə ona medal verərlər, heç bunun üçün çalışmayıb da.
Tənha qalmışdıq
Ramiz Nəsirov Xankəndidə doğulub boya-başa çatıb. Əvvəllər bir müddət Rusiyada yaşayıb, sonra Şuşaya qayıdıb. Xocalıda vəziyyət pisləşəndə isə oraya gəlib. O, Xocalının üstünü qara buludlar alanda ona heç bir köməyin göndərilmədiyini də təəccüblə qarşılayıb:
- Nə məsələ idisə, o zaman Xocalıya heç bir kömək göstərilmədi. Şuşa tərəfdən bir top mərmisi belə atılmadı. Kimin tapşırığıydı, kimin əmriydi, bilinmədi. Mərkəzdən də deyirdilər ki, şayiə yaymayın. Bizə dəstək verilsəydi, erməniyə qalib gələrdik. Hesab edin ki, əlisilahlı zabitlər əliyalın piyadalara qarşı idi.
Mənə görə, bu dəhşəti görüb ayaqda qalanların hər biri qəhrəmandır. Xocalılılar həm postda durublar, həm qırılıblar, həm də olmazın əzablarını çəkiblər. Heç kinolarda da bu cür dəhşətlər, cəzalar görmək mümkün deyil. Mən özüm ağla gəlməyən cəza növlərini, işgəncələri məhz Xocalıda görmüşəm...
Elgün MƏNSİMOV,
Azərbaycan.-
2017.- 26 fevral.- S.5.