“Meyitlərin arasında sağ qalanları təkrar güllələyirdilər”

 

“Hələ 1988-ci ildən etibarən Xocalıya hücumlar başlamışdı. Ermənilər tez-tez gizli yığıncaqlar keçirməklə müzakirələr aparırdılar. Elə rəy yaradırdılar ki, guya bu işdən Azərbaycan tərəfi faydalanacaq. Azərbaycanlıları iclaslara buraxmırdılar”. Bu fikirlər 1992-ci ildə Xocalı rabitə qovşağının rəisi vəzifəsində çalışan Cavid Əliyevə məxsusdur. O, fevral ayının 26-da Xocalıda törədilən müsibətlərə şahidlik edib.

C.Əliyev bizimlə söhbətində bildirdi ki, Xəlil Rza Ulutürk 1988-ci ilin avqust ayında Xocalıya gəlmişdi. O, camaatın qarşısında çıxış edərək dedi ki, hökumət tərəfindən sizə heç bir dəstək yoxdur. Özünüz düşmən qarşısına çıxın, qoymayın elinizi dağıtsınlar. Orada camaata şəkillər göstərdi ki, siz çıxandan sonra evlərinizi bu şəkildə dağıdıb yandıracaqlar. Azərbaycanlıları köçürmək üçün bu şərəfsizliyə əl atacaqlar.

 

“Kömək gələcək deyərək bizi yubadırdılar”

 

Deyildiyi kimioldu. Elə 1988-ci ilin sentyabrın 18-də bazar günü ermənilər Xocalıya hücuma keçdilər. Həmin vaxt əhali öz ov tüfəngləri ilə onların qarşısına çıxdı. Hər iki tərəfdən xeyli sayda yaralananitki oldu. Cavid Əliyev həmin anları belə xatırlayır:

- Mərkəzi Komitədən yığışıb Xocalıya gəldilər. Camaatı yığıb Gülablıya, sanatoriyalara apardılar ki, üç gündən sonra ermənilər yenə hücum edəcək. Əhali gördü ki, Xocalını qorumaq əvəzinə, başlarının altına yastıq qoyurlar. Ona görə Xocalıya, öz ev-eşiklərinə qayıtdılar. Bizim qara günlərimiz də elə həmin vaxtdan başladı. 1988-ci ildən 1992-ci ilə qədər Xocalı özünümüdafiə batalyonu yaradıldı. Postlar quruldu, əhali növbə ilə gecələr postlarda keşik çəkməyə başladı. Xocalı hər tərəfdən erməni ilə əhatə olunmuşdu. Çıxış yolumuz yox idi. Şuşaya, yaxud Ağdama getmək üçün ermənilərin yaşadıqları yerlərdən keçməli idik. Bu zaman onlar da maşınların şüşələrini qırırdılar. Camaat özünümüdafiə üçün mal-heyvanını satıb ov tüfəngi alırdı. Bu hadisədən sonra sovet ordusunun kursantları gəlib Xocalını mühasirəyə aldılar. Onlar bütün evləri axtararaq silahları yığdılar. Camaat təkrar çalışırdı ki, ov tüfəngi əldə etsin. 1992-ci ilə kimi bax, bu cür səksəkədə, alazan raketlərinin sədaları altında yaşamışıq. Elə olurdu ki, üç tərəfdən Xocalını atəşə tuturdular. Xocalıya ən yaxın kənd olan Noraguhdan minamyotlarla atırdılar. Hər gecə avtomatpulemyotlarla atışma olurdu.

Xocalı faciəsindən 3 ay əvvəl Əsgəranla Ağdam arasındakı yüksək gərginlikli əsas elektrik xəttini topla partlatdılar. Xocalıda elektrik enerjisi kəsildi. İdarədə gecə-gündüz generator işlədirdik. Xocalıda səhiyyə, rabitə idarələri özünümüdafiə batalyonu ilə icra hakimiyyəti strukturu, polislər işləyirdi. 1992-ci il fevral ayının 25-də axşam saat 7-də məlumat daxil oldu ki, guya Mərkəzi Komitə ilə danışıqlar aparılıb, yollar açıqdır, bizə yardımlar gəlir. Amma bu da düz çıxmadı. Silahlarımız da tükənmişdi. Birqranatamyotumuz vardı. Fevralın 25-i axşam saat 6-7 radələrində gördük ki, ermənilər Xocalının ətrafını, tanklar, BMP-lərlə mühasirəyə aldılar. İcra başçısı Elman Məmmədov, Əlif Hacıyev gəlib rabitə vasitəsilə vəziyyət barədə Bakıya məlumat ötürdülər. Dəfələrlə kömək lazım olduğunu bildirirdik. Əvəzində kömək gələcəyi xəbəri ilə bizi yubadırdılar. Həmin vaxt qardaşım Ağdam tərəfdə idi. Onunla əlaqə saxladım. Dedi ki, özünüz başınızın çarəsinə baxın, burada hakimiyyət yoxdur, başlı-başınalıqdır. Kimin əlində silah var, hökumət odur.

Beləliklə, həmin axşam saat 9-10 radələrində ermənilər eyni vaxtda Xocalını gülləbaran etməyə başladılar. Sanki gecənin düşməsini gözləyirmişlər. Həmin gun hava da tutqun idi. Onlar pulemyot, tank və BMP-lərlə gülləni yaşayış yerinə yağış kimi yağdırdılar. Son anadək işləyən rabitə qovşağının rəisi o dəhşətli anları belə xatırlayır:

- İşçiləri idarədə qoyub meşəyə tərəf qaçdım ki, görüm vəziyyət necədir. Hər tərəfdən atırdılar, yollar tam tutulmuşdu. Yeganə çıxış yolu çayın içindən keçməklə körpünün altı idi. Poçta qayıdanda ətrafa saysız “snaryaddüşdüyünü gördüm. İşçilər getmişdi, generator isə işləyirdi. “Ratsiya”ların ikisinigötürüb Ağdamı da, Şuşanı da çağırdım, cavab vermədilər.

Generatoru söndürüb çıxdım. İşçim Elxan Hüseynov yanımda idi. Onu göndərdim ki, get anamgili, uşaqları, hamını yığ gətir Xocalıdan çıxardaq. Rabitəni yiyəsiz qoyub getmək mümkün deyildi. Əgər həmin vaxt rabitə sonadək işləməsəydi, bəlkə də bizi həbs edəcəkdilər ki, məlumat verməmisiniz. Elxan ailələrimizi gətirdi, arxadan çoxlu insan gəlib bizə qarışdı. Bu vaxt bir-birimizi itirdik. Yoldaşım, uşaqlarım, anamgil, bacımgil hərəsi bir tərəfə düşdü. Ağız deyəni qulaq eşitmirdi, hay-haray bir-birinə qarışmışdı. Atam, bacım, anam - hamısı orada idi. Üç övladım vardı, xoşbəxtlikdən biri xəstə olduğundan onları əvvəlcədən Ağdama aparmışdıq... Nə qədər çağırdım, hay verən olmadı. Yenidən evə qayıtdım, gördüm heç kim yoxdur.

Yolda iki nəfərlə rastlaşdım. Sonra çayı keçdik. Bir müddət keçəndə çox insanın ayaqları buna görə kəsildi. Yenə heç kimi tapmadıq. Arxamızca atırdılar, əl çəkmirdilər. Çıxdıq yalın üstünə, orada Elman Məmmədov, Əlif Hacıyev və polis işçilərini gördük. Burada mindən yuxarı adam vardı. Hansı tərəfə irəlilədiksə, gedib kolluğa dirəndik. Axırı belə qərara gəlik ki, gedək Şuşa istiqamətində çəkilən qaz kəməri boyunca irəliləyək. Yoxuşa çıxanda kimin ayağı sürüşdüsə yumalanıb dərənin dibinə düşürdü. Bu vəziyyətlə hərəkət edirdik. Səhər saat 7-nin yarısında Əsgəran-Naxçıvanik-Ağdam yolunda meşənin döşünə çatdıq. Artıq Əsgəranın içi ilə gedən adamları görürdük, onlar da bizi görürdülər. burada ermənilərin pusquda durduğunu ağlımıza da gətirmirdik. Naxçıvaniklə Əsgəran arasında bir ferma vardı, ermənilər burada pulemyot, avtomatı hazır tutub bizi gözləyirdilər. Beləliklə, həm fermadan, həm də Naxçıvanikin dikindən bizə atəş açdılar. Orada çox adamı qırdılar. Hay-həşirlə çökəkliyə endik. Təxminən, 300 nəfər idik. BTR üstümüzə gəldi, camaatı yenidən atəşə tutdular. Mən orada təpədən yumalandım. Gördüm, ürəyim bulanır, gicəllənib qaldım kolun altında. Ayılanda baxdım ki, güllələr yağış kimi səpələnir, qalxa bilmədim. Bir azdan ara sakitləşdi. Nazim adında oğlanla bir yerdə idim. Gördük ki, meyitlərin arasında gəzib, diri qalanları axtarırlar, bir tərpəniş hiss edən kimi təkrar güllələyirlər. Bir müddət keçəndən sonra çıxıb yuxarıda başqa bir kolluqda gizləndik. Sakitlik yarananda Şelliyə tərəf gəldik. Bax, bu şəkildə canımızı qurtara bildik.

 

“Təkcə bizim qonşuluqda 41 nəfər şəhid olub

 

Cavid Əliyev digər şahidlərin vasitəsilə sonradan bilib ki, ailə üzvləri başqa bir yolla Dəhrəzə tərəf gediblər. Hamısını da orada girov götürüblər. Atası isə Əsgəranın tuşunda onu axtarırmış:

- Vəli adında bir erməni meyitləri yığanda bizimkilərə deyib ki, atam Daşbulaqda iki ermənini vurub, digər erməni də onu öldürüb. Səhəri gün atamgili axtarmaq üçün geri qayıtdım. Digər Xocalı sakinləri də öz yaxınlarının meyitini axtarırdılar. Gedib Qaraqayadan o tərəfdə dayanmışdıq. Birgördük ki, vertolyot gəldi. Çingiz Mustafayev həmin anı çəkib. Camaat əliyalın yola yüyürdü. Oradan xeyli sayda meyit və yaralı götürdük. Bu vaxt yenidən bir erməni BMP-si peyda oldu, camaata atəş açmağa başladı. Vertolyot havaya qalxdı. İnsanlar meydanda qaldı. Fevralın 27-si idi. Həmin gün yenə də xeyli insan itkisi oldu. 23 gün müddətində hər gün orada oldum. Düz 23 gündən sonra atamın meyitini tapdıq. Anamla bacımı isə bir qrup girovla birgə buraxmışdılar...

Cavid Əliyev 1963-cü ildə Xocalıda anadan olub. Ömrünün əsas hissəsini orada keçirib. Dediyinə görə, hazırda xocalılılar 50-yə qədər rayonda yerləşdirilib. Bir-birlərinin xeyir-şərinə vaxtında yarıya bilmirlər. Xocalı sakinlərinin ən böyük arzusu budur ki, torpaqlar tezliklə, özü döyüş yolu ilə işğaldan azad edilsin:

- Onlar bu əməllərinin cəzasını çəkməlidirlər, yoxsa ölənlərimizin ruhu rahat olmayacaq. Atam qayınım şəhid olu. Əmim oğlunun səkkiz nəfərlik ailəsi - yoldaşı, 3 uşağı, qardaşı, bacısı tamamilə məhv edilib. Hesablayıram, təkcə bizim qonşuluqda 41 nəfər adam şəhid olub. İndi internetdə baxıram ki, Xocalıda bizim kəndi kürüyüb dərəyə töküblər, oranı aeroport ediblər. Biz isə sanatoriyalarda, yataqxanalarda, onun-bunun evində yerləşmişik. Hər dəfə bunları danışanda yaramızın qaysağı təzələnir. Biz istəyirik ki, torpaqlarımızı azad edək öz yurdumuzda yaşayaq...

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.6.