“Körpəm
atası şəhid olandan bir ay sonra dünyaya gəldi”
Soyqırımında yoldaşını,
qardaş və bacısını itirən
Nəzakət İsmayılova
faciə barədə
25 ildən sonra da həyəcansız danışa bilmir
Goranboy rayonu ərazisində qaçqınlar və məcburi köçkünlər
üçün salınmış
Aşağı Ağcakənd
qəsəbəsində yaşayan
Nəzakət İsmayılovanı
sakitliklə dinləmək
mümkün deyil. O, başına
gələnləri köksündən
qopan harayla, bənzərsiz bir “üslub”da nağıl edir. Sözlərini sanki bütün bəşəriyyətə ünvanlayır:
- Torpağımızda
yaşadılar, çörəyimizi
yeyib, suyumuzu içdilər, üzümüzə
gülüb “saman altından su axıtdılar”, sonra da kürəyimizə arxadan zərbə endirdilər. Onlar təbiətən gücsüz
və acizdirlər, lakin “arxalı köpək” məsələsi
var... Bəlkə də onlar və havadarları fikirləşirlər ki, öz yurdunda qaçqına, köçkünə
çevirdikləri insanların
ahı yerdə qalacaq? Özünü millət, xalq
adlandıran o vəhşi
tayfa cəzasını
almayacaq?
Nəzakətin bu çılğın harayını başa düşmək çətin
deyil. O, öz doğma yurdunda iki dəfə ev-eşiyindən didərgin
düşüb. 1988-ci ildə ermənilər onların Xankəndidəki
evini yandırıb.
Beləliklə, atası, anası,
iki qardaşı, bacısı və özü Xocalıya pənah gətiriblər.
Orada Qaladərəsi adlanan ərazidə məskunlaşıblar.
Nəzakət və bacısı
Zöhrə toxuculuq müəssisəsində işə
düzəliblər.
Xocalıda Nəzakət Vidadi İsmayılov adlı gənclə ailə həyatı qurur. Bölgədə vəziyyətin getdikcə
gərginləşməsinə baxmayaraq, Nəzakət gələcəyə ümidini
itirmir, ilk körpəsinin
dünyaya gəlişini
xoş duyğularla gözləməyə çalışır.
Lakin reallıq başqa söz deyir. Yaranmış belə gərgin
şərait onun buradan çıxmasını
tələb edir.
Beləliklə, həyat
yoldaşı Nəzakəti
sonuncu vertolyotla Xocalıdan yola salır...
Nəzakətgil Xocalıda qısa müddət yaşasalar da, onların ailəsini artıq hamı yaxşı tanıyırdı. Qardaşı İmran Milli
Ordunun sıralarında
döyüşürdü, baçısı Zöhrə
də ona qoşulmuşdu.
1991-ci ilin
fevralında Əsgərandan
Xocalıya gələn
avtobusun sərnişinlərini
xilas edəndən sonra Zöhrəyə hamı qəhrəman qız kimi hörmət
bəsləyirdi. Hadisə belə olmuşdu: Yolda ermənilər avtobusu daş-qalaq etmiş, atəş açmışdılar. Sürücü İlqar al-qana qərq olmuş və artıq maşını idarə edə bilməmişdi.
Bu zaman avtobusda
sərnişin kimi əyləşmiş Zöhrə
sükan arxasına keçmiş və ermənilərin atəşləri
altında 32 sərnişini
sağ-salamat Xocalıya
çatdırmışdı.
Zöhrənin döyüşçü qardaşına
qoşulması da bu hadisədən sonra baş vermişdi. Başqa sözlə, gənc
qızın bu hünəri onu döyüşçü olmaq
üçün sınaqdan
çıxarmışdı.
Xocalıda soyqırımı törədilən
gecə Zöhrə, valideynləri və qardaşı Zakir evdən birlikdə çıxırlar. Zöhrə ayaq saxlayıb
nə düşünürsə,
dönüb qonşunun
qapısına tərəf
gedir. Valideynləri görürlər ki, o, qonşuluqda yaşayan gənc ailənin Zaur adlı qırxgünlük
körpəsini kürəyinə
bağlayıb. Demə,
Zöhrə başa düşüb ki, təcrübəsiz
ata-ana uşağı
kol-kosdan, odun-alovun içindən salamat çıxara bilməz.
Məşəqqət dolu yollarda dəstə
çox əzab çəkir. Vəhşiləşmiş dığaların arxadan atəş açacağını duyan
Zöhrə uşağı
kürəyindən düşürüb
sinəsinə bağlayır.
Anası ona deyir ki, qızım,
körpəni öz valideynlərinə ver, burada hər cür vəhşilik baş verə bilər... Lakin Zöhrə özü
yaralanıb haldan düşənə qədər
balaca Zauru heç kəsə vermir.
Zöhrə bir döyüşçü kimi
yanılmamışdı, ermənilər
həqiqətən, arxadan
da atəş açırlar və ikinci dəfə ağır yaralanan qız yol yoldaşı
Nəsibəyə deyir
ki, mən artıq yeriyə bilmirəm, sən bacardıqca irəliyə
get.
Həmin gecə Nəzakətin başqa bir istiqamətdə irəliləyən həyat yoldaşı Vidadi girov götürülür. Onunla birlikdə əsir düşmüş və sonra azad edilmiş şahidlər danışırlar ki, ermənilər Vidadini qətlə yetiriblər. Nəzakətin qardaşı Zakirdən isə 25 ildir heç bir xəbər-ətər yoxdur...
Qardaş, bacı, yoldaş itkisi, balalarının, elinin dərdinə dözməyib dünyasını vaxtından tez dəyişən ana həsrəti Nəzakət xanımın qəlbini hər an incidir. O, bütün bunlar barədə həyəcansız danışa bilmir. Hadisələr bu gün baş veribmiş kimi bəzən hıçqırır, bəzən də göz yaşları yanağı boyu sel kimi axır. Bununla belə, başına gələnlərin hamısını danışmaq, ürəyini boşaltmaq istəyir:
- Xocalı soyqırımı baş verəndən sonra Ağdamda xəstəxana ilə məscidin arasında qalmışdım. Əzizlərimi axtarırdım. Özlərini tapmayanda, heç olmasa, cəsədlərinə sahib çıxmaq istəyirdim. Atamdan və anamdan başqa, hamısı əlimdən getdi. Şükür ki, döyüşçü qardaşım İmran da salamat qalmışdı. Qızım atası şəhid olandan bir ay sonra dünyaya gəldi, adını Ülviyyə qoydum. Ağlı kəsəndən sonra ona olub keçənləri danışdım...
İndi Ülviyyənin 25 yaşı var, artıq özü anadır, bir cüt oğul böyüdür. Amma hələ də atasının şəhid olduğuna inanmaq istəmir. Hər gün onun yolunu gözləyir...
Xocalı soyqırımından bir əsrin dörddə biri qədər vaxt keçsə də, ürəklərdə qalan, deyilməsi vacib, yazılması zəruri olan məqamlar çoxdur. Nəzakət də bu fikirdədir:
- İllər sonra anam mənə danışdı ki, Zöhrə Xocalıda evimizdən çıxarkən özü ilə qumbara da götürübmüş. Yağı əlinə keçərsə, həyatına özü son qoyacağını qət edibmiş... Mən bacımın cansız cəsədini qucaqlayanda həmin qumbaranı onun köksündə gördüm. Həmin gecə o, çox insanlara kömək etmişdi, axı, artıq təcrübəli döyüşçü idi... Kürəyində və qucağında odlu yollardan keçirdiyi qırxgünlük Zaur isə indi 25 yaşlı igiddir.
Qəhrəmanlıq dastanları yəqin ki, məhz belə yaranır...
Flora SADIQLI,
Azərbaycan.-
2017.- 26 fevral.- S.6.