“7 ayın bəyi olmuş oğlumun məzarı da yoxdur ki...”
Ömrünün ixtiyar çağında ikiqat yurd nisgili ilə günlərini sayan, hələ də övlad sorağı ilə gəzib dolaşan, itkin, əsir, girov, şəhid olduğu bilinməyən oğul yolu gözləyən Kübra İsmayılova yerlə yeksan edilən, külü göylərə sovrulan Xocalıdan sonra bir yerdə qərar tuta bilmir. Bərdədə məskunlaşsa da, Abşeron rayonunun Masazır qəsəbəsindəki qızı Səbinəni tək qoymur. Xocalısı ilə birlikdə itirdiyi oğlu Vidadisindən bir soraq ümidi ilə gəlir bura.
1934-cü ildə Laçın rayonunun Fərəc kəndində anadan olub. Ömrünün səksəninci ilini yola salanda da bir ağrı keçib ürəyindən: “Heç olmasa, növbəti ili Qarabağa, Xocalıya, Şuşaya, Laçına dönüm”.
83 yaşını Xocalıdan uzaqlarda yola salan ağsaçlı nənənin 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin əsir götürdüyü, girov apardığı xocalılıların arasında bəy libaslı oğlu Vidadi də olub. O ildən, həmin zülmət gecədən, qanla açılan səhərdən bu günə kimi “bala” - deyib haray çəkir.
1960-cı ildə Laçından Xocalıya gəlin köçüb, Lətif İsmayılovla ailə qurub. “Bir çətən külfət” sahibi olublar: 3 oğul (Tacir, Vidadi, Mikayıl) və üç qız (Fatimə, Səbinə, Gülnar) böyüdüblər. Yazda-yayda Laçın dağlarında xanım-xatınlıq edən, yaylayan Kübra nənə payız-qış aylarında Qarabağa enərdi. Sən demə, düşmən marığa yatıb, xocalılıların qəniminə çevrilməyə fürsət axtarırmış. Şuşa ilə Xankəndi arasında səddə, sipərə çevrilən qədim Xocalı müasirliyi ilə də erməni daşnaklarının yuxusunu ərşə çəkmişdi. Xocalılıların əlindən yanıqlı idilər...
25 ildir itkin oğul yolu gözləyən
ananın dərdi böyükdü
Kübra nənə əlini alnına qoyub sanki o illərə boylandı: “Hə, iki adı vardı oğlumun: sənəddə adı Vidadi idi, amma atası onu İsmayıl kimi səsləyərdi. Bunun da səbəbi 1941-1945-ci illər müharibəsi olmuşdu. Lətifin atası İsmayıl (qayınatam) müharibəyə gedib qayıtmamışdı. Ona görə də Vidadiyə atası kimi baxırdı, əzizləyəndə də “dədəm” deyirdi. 1966-cı ildə anadan olmuşdu”.
Gözləri oğul yolu gözləməkdən nurunu itirmiş Kübra nənə sanki o gecənin vahimələrini yenidən eşidirdi. Oradakı kimi hiss edirdi özünü: dördgöz olub kimisə axtarırdı. Tez-tez soruşurdu: “Ay bala, gör gəlmədi?” Amma gedənlər qayıtmadığından, onun da 25 ildir ki, övladından soraq yoxdur. Ona görə də gördüyü hər kəsdən soruşur ki, əsirlərdən, girovlardan təzə nə xəbər var? Zorla eşidiləcək bir səslə ana dərdini dilə gətirdi, amma, danışmağa çətinlik çəkirdi, dilə gələn dərdi oldu: “Kaş, elə mən də əsir düşüb onunla qalaydım, onda bilərdim, görərdim ki, balam harada qaldı”.
Qanlı paltarın
sahibi kim
idi?
O gecə ermənilər Xocalıya
girəndə Vidadi ilə qardaşı Tacir də postda
olublar. Camaat hara qaçdığını
bilməyib.
Nəvəsi Ayna Novruzova gözləri yol çəkən anaya fikrini tamamlamaqda kömək etdi. Dedi ki, 82 yaşlı babam Allahverdini evdən çıxara bilmirdilər. Ömrünü-gününü
Xocalıda keçirən
dünyagörmüş ağsaqqal
ermənilərdən heç
zaman qorxmadıqlarını
danışanda adama nağıl kimi gəlirdi: “1905-1918-ci illərdə
ermənilərin bizim
kəndlərə dəhrə-yaba,
beşatılan tüfənglə
hücum etmələrinə
baxmayaraq, qanlarına qəltan olunmalarından və qorxaraq geri qaçmalarından danışardı. Ağlına da gəlməzdi ki, özü də onların əli ilə amansızcasına qətlə
yetiriləcək və
meyiti çöllərdə,
sahibsiz, kimsəsiz qalacaq. Babamın əlimizdə qalan
yadigarı yeganə şəkilidir ki, o da torpağına sarılıb əbədi
ona qurban getdiyinin təsdiqidir.
Yerli və xarici jurnalistlər həmin şəkli dünyaya göstərdilər”.
Kübra nənə
isə xəyalından
çıxara bilmədiyi
o müdhiş gecəni
sanki yenidən yaşatdı: “Haraylarımız,
ah-nalələrimiz, sızıltılarımız
tankın, topun, avtomatın, pulemyotun... səsindən eşidilməz
olmuşdu. Kimi Əsgərana sarı,
kimi meşəyə tərəf üz tutmuşdu. Bir yaralı vardı,
yaxınlaşdım ki,
baxım görüm kimdir? Zarıya-zarıya
dedi ki, qaç, ay ana, mənə bənd olma, səni də vuracaqlar, ya da əsir
tutacaqlar. Oğlanlarımın ikisi də posta getmişdilər, xəbərimiz yox idi onlardan. Bizim hara üz tutduğumuzu
bilmirdilər, bir-birimizi
itirmişdik. Üzümlüklərlə birtəhər, Ağdamın
Şelli kəndinə
necə gəldiyimizi
Allah bilir, dillə deyiləsi, sözlə yazılası deyil”.
Ermənilər 80 nəfəri birdən girov götürdülər. Kübra nənənin
oğlanları da onların arasında olub. Kiçik oğlu Mikayıl
da əsir düşmüşdü. Əllərini bağlayıb yük
maşınının üstünə
atmışdılar. Yolda əlləri
bağlı özünü
maşından tullayıb.
5 gecə meşədə
qalıb çıxa
bilməyib. Xocalının
o müdhiş gecəsindən
canını götürüb
qaçanlar Şelliyə
yaxınlaşanda Ağdam
camaatı onları görüb haraylarına yetiblər: kimini evə, kimini xəstəxanaya qaçırıblar,
ağır yaralıları
isə Bakıya göndəriblər: “Yaralansam
da, balalarımdan ayrı dura bilmirdim. Oğlanlarım Tacirlə Vidadidən
xəbər yox idi. Tacir polis idi, Xocalının
aeroportunda Milli Qəhrəman Əlif Hacıyevin milis (polis) dəstəsində qulluq edirdi. Bir dəfə Xocalıya
köməyə gələn
iki polisimizi ermənilər vurmuşdu.
Onların meyitlərini götürmək
olmurdu. Ölümün gözünə baxa-baxa polislərin meyitlərini çıxaranda
komandiri və dostları onun bu qorxmazlığına və cəsarətinə
heyran qalmışdılar.
Dəfələrlə həyatını təhlükəyə atmışdı.
Vidadi isə Milli Orduda idi. Ermənilər onu tanıyırdılar
və hədələyirdilər”.
Ana xəyalında
Xocalının o məşəqqətli
günlərini yaşatmağa
çalışdı: “Ağdamda
məni gah xəstəxanaya, gah da dəmiryol stansiyasına aparırdılar
ki, bəlkə uşaqlardan bir xəbər tuta bilim. Axtarmadığım yer qalmadı.
Xocalıda Canan adlı
bir baytar həkimi var idi. Əsirlikdən qurtarıb gələndən
sonra danışdılar
ki, oğlum Vidadi də onların arasında olub. Ona hansı zülmün
verildiyini məndən
gizlədirdilər. Deyirdilər ki,
ermənilər onu girovluqda öldürüb.
Cananı, yoldaşı Gülayəni,
Almaranı, Rəhimi və qızlarını da Əsgərana tutub aparmışdılar”.
Ayna Novruzova fikri dağılan anaya kömək etməyə çalışdı,
onun yaddaşını
təzələdi: “Əsirlikdən
qayıdan Almara adlı qadın danışıb ki, bir erməni generalının qəbri üstündə Vidadinin başını kəsmək
üçün içəridən
çıxarıblar. Sonra güllə
səsi eşidilib.
Amma güllələnənlərin paltarları içəri
qaytarılanda, heç
birininki olmayıb.
Ana da fikirləşir
ki, bəlkə ona düzünü demirlər? Vidadinin Ülviyyə adlı
bir qız yadigarı qalıb. Streslə dünyaya gəldiyindən,
xəstə doğulub.
Yeganə şəhid balasını
həkimlər hələ
də müalicə edirlər”.
“Bəlkə heç
əzəldən yox imiş oğlum?”
Kübra nənə
deyir ki, Vidadidən aldıqları
soraq doğru çıxmadı: “Canan kişi Şükürün
oğlu Oqtayla, Əhlimanı dəfn edib orada. Mənə
dedi ki, kaş, Vidadini də görəydim. Ermənilərin bizimkilərə verdiyi işgəncələrə
dözmədi, Canan kişi də girovluqdan azad edilən kimi dünyasını dəyişdi”.
Hələ də itkin oğul
yolu gözləyən
Kübra İsmayılovanın
Xocalıda aldığı
yaralar yalnız göynəyə-göynəyə söylədikləri deyildi. Qızı Fatma
ilə həyat yoldaşı Oqtay Quliyev Qarabağ əlilidirlər. Oqtayın atası
da 40 gün girov qaldıqdan sonra buraxılıb.
Qızı Gülnarın həyat
yoldaşı isə Xocalı müsibətlərinin
ağrı-acısını ömürlük qazandığı
xəstəliyində daşıyır.
Kübra
nənənin bacısı
Ulduza İbadullayeva da şəhid anasıdır. Oğlu Əli
İbadullayev şəhid
olub. Qardaşı
Hüseyn Nurməmmədovu
həyat yoldaşı
Pakizə ilə birlikdə 1991-ci il
dekabrın 23-də Meşəlidə
ermənilər qətlə
yetiriblər. Bacısı oğlu Əli Mehralıyev ermənilərlə
atışıb və
tökülən qanların
qisasını alıb.
Ölümündən sonra “Azərbaycan
Bayrağı” ordeni ilə təltif edilib. Dayısı oğlu Novruz Novruzovun beş
nəfərlik ailəsi
(həyat yoldaşı
Adilə, polis oğlu
Allahverdi, qızları
Rübabə ilə Rahilə) məhv edilib: “Yeganə salamat qalan oğlu
Baratı da girov götürüblər.
Əl-qolunu bağlayıb “Kamaz”
maşınının üstündə
Kosalara kimi aparıblar. Orada uşaq
girovluqdan qurtarmaq üçün özünü
çaylağa atıb”.
Qırılmayan ümid
də bir təsəllidir
Bunu da ömrünün ixtiyar çağlarında itkin
oğul yolu gözləyən ana dedi. Təsəllisi odur ki, həm oğlundan bir soraq alacağına,
həm də doğma Qarabağına, dağlardakı laçınlar
yurduna, söndürülsə
də, kül altında odu daim közərdiyini təsəvvüründə canlandırdığı
ata ocağına köç karvanının
qayıdacağına inanır
və öləziməyən
ümidlə yaşayır.
Kübra
nənənin təsəllisi
odur ki, ordumuz düşmənə
layiqli cavab verməyə hazırdır.
Qarabağa, onun zirvəsi
və ata yurdu Laçına yollar açılacaq.
O yollarla Vidadisinin də yadigarı dönəcək geri.
Bu da ananın yurd nisgilli, oğul haraylı bir arzusu. Axı, cəmi
yeddi ayın bəyi olmuş Vidadinin məzarı da yoxdur ki,
nənə nəvəsi
ilə ziyarətinə
getsin...
Bütün bunlar xalqımızın Xocalı ağrılı
yaddaşından qopan
haraydır, gələcək
nəsilləri ayıq
olmağa, dostu düşməndən seçməyi
bacarmağa səsləyir.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.-
2017.- 26 fevral.- S.7.