3 oğul dağını daşımaq dərdi

 

1945-ci il mayın 9-da Xocalıda dünyaya gələn Ofelya Məmmədovanın uşaqlığı Şuşada keçib. Atası Şükür Məmmədov orada yüksək vəzifə sahibi olub. Sonra isə 10 il Xankəndidə məhkəmə, 20 il isə Xocalıda kolxoz sədri vəzifələrində çalışıb. Dərdlilər danışqan olur. Amma Ofelya Məmmədova çox təmkinli və səbirli olduğunu hər kəlməsində hiss etdirirdi. Tələsmir, o gecənin müsibətlərini, ağrı-acılarını aramla danışırdı: “Qaynımın birini girov düşəndə keçmiş yoldaşı erməni o qədər döymüşdü ki, yarımcan idi. Onları girovluqdan qurtarsaq da, ömürlük şikəst qaldılar. Hazırda biri Novxanıda qalır. Ayağının biri yoxdur. Əsir apardıqları qaynıma o qədər işgəncə vermişdilər ki, daxili orqanları sıradan çıxmışdı. Xocalılılara əsirlikdə verilən işgəncələr onların əksəriyyətini ya sağalmaz dərdə salıb öldürdü, ya da ömürlük şikəstə çevirdi. Bax, dərd budur. Malı-mülkü qazanmağavar ki? Torpaqlarımızı işğaldan azad etdikdən sonra əvvəlkindən də gözəl, yaraşıqlı, müasir evlər tikiləcək, amma o gecəki müsibətin vurduğu yaralar sağalmayacaq”.

Ofelya Məmmədova Xocalının son vaxtlar sürətli inkişaf etdirilməsindən danışdı: “Elə şərait yaratmışdılar ki, sanki ev bəzəyirdilər, gəlin gəlsin. Amma ozamankı hakimiyyətdə olanlar onun müdafiəsini, qorunmasını unutmuşdular. Xocalılıların isə əlində silahı yox idi ki, quldur, daşnak ermənilərin qarşısını alsınlar. Xocalının başıpapaqlılarını ev-eşikdə tapmaq olmurdu. Bakıdan gələn 26 nəfər könüllübiröz polislərimiz bizi qoruyurdular. Komandir var idi - Aqil Quliyev. Rusiyanın Voronej şəhərindən gəlmişdi. Şəhidliyindən sonra Milli Qəhrəman adı verdilər. Xocalının işğalına bir həftə qalırdı. Xanabad deyilən yer vardı. Ermənilər həmin istiqamətdən hücum etmək istəyirdilər. Aqilin komandir olduğu qrup kəşfiyyata getmişdi. Kəşfiyyatçılarımız Xocalı Aqrar-Sənaye Birliyinin binasında qalırdılar. Yazıqlar silah-sursatlarını, ərzaqlarını öz pulları ilə alıb gətirmişdilər. Belə vətənpərvər idilər. O gün birdən hay düşdü ki, bizimkilər yaralanıb. Səs-küy Xocalını bürümüşdü. Qaçdıq həmin binaya sarı. Öyrəndik ki, Aqil yaralanıb, İlqar adlı bir kəşfiyyatçı isə şəhid olub. İlqarın meyitini Bakıya göndərmək mümkün olmadı. Göydən od-alov yağırdı. Ona görə də onu Xocalı qəbiristanlığında müvəqqəti dəfn etdik. Ölümünü komandirə bildirmədilər, o da yaralı idi. Aqilin haqqında saatlarla, günlərlə danışaram, yorulmaram. Qeyrətli igid, əsl qəhrəman idi. Könüllü gəlib xocalılıları müdafiə edirdi”.

Sovet ordusunun tankları Xocalıdan keçib Xankəndiyə gedirdi. Bunların birinin qarşısını həmin kəşfiyyat qrupu kəsir. Ağır texnikanı Xankəndiyə keçirib apara bilmirlər. O günləri yaddaşına nizamla yazan ağbirçək çalışır ki, hər anı xatırlasın: “Bizimkilər onlardan bir BTR götürdülər, nə qədər silah-sursat aldılar. Ən ağrılısı budur ki, həmin 26 nəfərdən bircə nəfəri salamat qaldı. O zaman müdafiə üçün silahların dilini öyrənmişdim. Bir qumbara saxlamışdım özümə”.

 

And içmişdim ki, erməniyə girov getmərəm”

 

“Məni əsir alsaydılar, özümü məhv edəcəkdim. Kürəkənimiz Rövşən Həsənov üçrəngli bayrağımızı çox sevirdi. Bayrağı dəfələrlə Xocalı ilə Xankəndi arasında, yolun kənarında ağacdan asırdı ki, ermənilərə göz dağı olsun. Erməni silahlıları bu bayrağı görəndə elə bil havalanır, açıb atırdılar. Rövşən birgedib o bayrağı evə gətirirdi. Yuyub təmizləyir, ütüləyir, cırıqlarını tikirdik, aparıb həmin yerdən asırdı”.

Ofelya xanım o qanlı-qadalı günlərdə qardaşı Vaqif Məmmədovu və onun övladlarını itirdiyini deyir. Qardaşının ömür-gün yoldaşı Afilə xanım dil-ədəbiyyat müəlliməsi olub. Oğlu Azər 20, Ceyhun 18, Niyaməddin isə 14 yaşında idilər. Bu ailə 3 oğul itirib Xocalıda! Əsir aparıldıqları, məhv olduqları barədə heç bir məlumat çıxmayıb: “Dərd budur ey, bala. Şəhidlik şərəfdir. Kaş döyüşlərdə şəhid olaydılar, biləydik, dəfn edəydik... Amma adamın gözləri yollarda, qulaqları səsdə qalır. İtki pis şeydi... 25 ildir. Qardaşım Oqtay əsgərlikdə Əfqanıstanda qulluq eləmişdi. Onun əsir aparıldığını görənlər olmuşdu. Girovluqdan qurtulub gələnlər sonradan danışdılar ki, guya, bir erməni qızı onu içəridən çağırtdırıb döyüşlərdə məhv edilən qardaşının qəbri üstündə başını kəsdirib. Bunu mənə bir kişi çox sonralar dedi. İndi o da yoxdur, dünyasını dəyişib. Şəhid ailəsi olan qızımın o zaman 25 yaşı vardı. Həkim idi, Bakıda yaşayırdılar. Onun da üç övladı qalıb: bir oğlan, iki qız. Atası şəhid olanda böyük oğlunun 5 yaşı vardı. İndi 30 yaşındadır. Balacasının o zaman bir yaşı olduğundan atasını xatırlamır. Onun da indi 25 yaşı var”.

Xocalıda gənclik dünyası tar-mar olan Ofelya Məmmədova yaddaşını təzələyir: “Səmərqənddən Məhsəti türkündən olan 200 ailə gəlib Xocalıda məskunlaşdılar. Az vaxtda xocalılılara qaynayıb-qarışmışdılar... Xankəndidən qovulub çıxarılan soydaşlarımız da Xocalıda yerləşdirilmişdilər. Elə bil ki, bunlar Tanrının qəzəbinə gəlmişdilər. Hamısı bir ocaq başına yığılırdı ki, yandırılıb məhv edilsinlər. Dəhşətlisi bu da deyildi. Qız-gəlin Xocalının mühasirədə qaldığı müddətdə oradan çıxarılsaydı, bu qədər itki verməzdik bəlkə də. Ana-bacılarına görə kişilər də çıxmadılar. Qorumaq isə asan deyildi. Hər tərəfdən mühasirədəydik. Ağdam istiqamətinə aparan yolda pusqu qurulduğundan camaatın xəbəri olmadı. Ananın balasını meşədən çıxara bilmədiyinin şahidiyəm. Yoldaşımla oğlum da məni itirmişdilər. Ancaq məndə avtomatla patron, birqumbara vardı. Sovet əsgərlərindən silah-sursat alanda necə sevinirdilər bizim uşaqlar! Deyirdilər ki, vəssalam, ermənilər indi çıxsınlar qabağımıza!”

 

“8 bacının bir qardaşı olan Tahirin ürəyi partladı”

 

Ofelya xanım deyir ki, ərzaq sarıdan qıtlıq yox idi: “Müharibə kinolarına çox baxardım. Elə bil ki, ürəyimə damırdı ki, həmin vəziyyəti mən də yaşayacam. Kinolarda görürdüm ki, partizanlar kəşfiyyatda olanda bir-birinin izi ilə - sırayla gedərdilər. Onda düşmən tərəf onların sayını dəqiqləşdirə bilmir axı. O ağır günlərdə heç kim bir-birinə kömək edə bilmirdi. 200 nəfər idik, meşəyə səpələnmişdik. Elə keçilməz yerlər vardı ki: sıldırım qayalıq, uçurum. Ayağın büdrədisə, sıldırım qayalarda tikə-parça olardın. Gözümün qabağında bir yaşlı kişi uçurumdan sürüşüb getdi. Qışqırtısı uzun müddət qulaqlarımda qaldı. Əlimdə bir dəmir çubuq vardı. Hər yer buz bağlamışdı. Məni qayalıqdan o dəmir parçası çıxardı desəm, inanın. Bir gəlin körpəsini apara bilmirdi: özüdonurdu, balası da. Birtəhər ki, düzənliyə çıxdıq. Gördüm milliyyətcə Məhsəti türkü olan bir polis əlindəki qumbarayla özünü partlatmaq istəyir. İki qardaşbir nəfər cavan oğlan da vardı onun yanında. Məhsəti türkünün adı Abdulla idi. Soruşdum ki, ay bala, neynirsən?! Onunla oynama, açılar əlində. Ağlar gözlərlə elə baxdı, bağrım yarıldı. Dedi ki, gəldim ki, ev yanır, yoldaşımla iki uşağım da içində. Girib onları qurtara bilmədim. Mən bundan sonra neynirəm yaşamağı? Qoymadın özümü məhv etməyə.

Bir nəfər dedi ki, bu tərəfləri tanıyıram, gəlin bu yolla gedək, yoxsa ələ keçəcəyik. Qonşuluğumuzdan olan başqa birisi əlindəki avtomatı ayağa çəkib tuşladı bizə sarı ki, qoymaram həmin yerdən getməyə. Oradan yol yoxdur! Kim bu adamın arxasınca getsə, onu özüm güllələyəcəyəm! Bax o birinci bizə yol göstərmək istəyən, nə bilim, bəlkə də erməniydi. Bizim camaatı pusqu qurulan tərəfdən apardı və əsir düşdülər, qırıldılar... Baldızımın iki oğlu da orada öldürüldü. Qayınlarım əsir alındı. Biz 25 nəfər bir yerdəydik. Qohum-əqrəbanın hamısından ayrı düşmüşdüm. Bizi yolda atəşə tutdular. Gördüm ki, bir qarapaltar bizə sarı əl edir. Elə bildim ki, bizimkilərdəndi. Dönüb yanımdakılara xəbər vermək istəyəndə Abdulla yavaşcaXala, uzandedi. Hamımız uzandıq. Bu, erməniydi, bəlkə də xaricdən gələn saqqallılardan idi, bilmədik, amma çəkməsinin izini görəndə dəli olduq: 50-60 ölçülü! Qarın üstündə izi qalmışdı. Polis sahə müvəkkilimiz Tahir 8 bacının bir qardaşıydı. Gəldi burada ürəyi partladı. Bir yanımda uzanan isə yazıq Abdullaydı, amansız və vaxtsız ölümdən bir az əvvəl qurtardığım polis idi. Başını azca qaldırmaq istəyirdi ki, təhlükənin sovuşduğunu öyrənsin. Güllə mənim alnımı siyirib bunun sinəsini parçaladı. Oradan Ağdama nə zülmlə gəldik, onu Allah bilir. Başımda şalım, ayağımda corabım var idi”.

 

“Köynəklə qaçan qızın ayaqlarından qan süzülürdü

 

Bu da müsibətlərin daha bir ağrılı “səhnə”si. Evdən gecə köynəyində qaçan qızın meşədə şaxta-ayazda, qarda keçirdiyi qorxu, həyəcan, təlaş və ayaqlarından süzülən qan... Həmsöhbətim də həmin həyəcanı 25 ildən sonra yaşatdı bizə: “Onun bu halına dözmək olar?! Ürəyim paralanırdı. Corabları çıxarıb birtəhər onun ayaqlarına geyindirdim. Onların hamısı da ailəliklə girov aparıldı. Atasının ayağı kəsildi. Laçın rayonundan idilər. Nə isə, gəldik Ağdama”.

O dəhşətli günlər arxada qalsa da, sinələri ömür boyu dağlayacaq. Aradan bir müddət keçmişdi. Sabirabadda yas yerində bir gəlinin ona diqqətlə baxdığını görən Ofelya xanım soruşub ki, qızım, haralısan? O da deyib ki, Xocalıdan: “Off! Elə bil yenidən sinəm göynədi. Sən demə, yanımda vurulan həmin o Məhsəti türkü Abdullanın yoldaşı imiş. Sanki günahkar kimi nitqim tutuldu. Deyə bilmədim ki, Abdullanı gözləmə, yanımda vurdular... Taleyə bax. Abdulla Xocalıda o gecə elə bilib ki, ana-balalar evdə dirigözlü yanıblar. Sən demə, onları ermənilər əsir götürdükdən sonra evə od vurub yandırıblar”.

Ofelya Məmmədova xocalılıların şahidi olduğuözünün də yaşadığı müsibətləri danışmaqdan yorulmurdu. Ağbirçək müsibətlərlə dolu, faciəli bir söhbətin sonluğuna nöqtə qoya bilmirdi. Ona elə gəlirdi ki, bu, onların da ömrünə qoyulan sonuncu nöqtədir. Bax belə. Həmin gün bir daha hiss etdik ki, hələ də itkilər yolu gözləyən ana-bacıların gözləri yollara dikilidir, intizar və həsrət dolu baxışlarla...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.9.