Meyitlərin başları kəsilmiş, bədənləri
deşik-deşik edilmişdi
Xocalı viran edilən günün səhəri hamilə bir qadın yanında iki körpə uşağı ilə Ağdamın Şelli kəndinə gəlir. O, qətlə yetirilən həyat yoldaşını və digər qohumlarının meyitlərini tapmaq üçün Xocalıya qayıtmaq istəyirdi. Şaxta, qar-boran isə nəfəsi kəsirdi…
Aidə Allahverdiyevanı dinlədikcə adamı heyrət bürüyür. Göz önündə əsl ana və əsl həyat yoldaşı obrazı canlanır.
Aidə xanım Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1987-ci ildə Ziyadxan Allahverdiyevlə ailə həyatı quraraq Xocalıya gəlib. Üç övlad - bir qız, iki oğul anasıdır. Goranboy rayonunda Xocalı sakinləri üçün ayrılmış mənzildə yaşayır:
- Kiçik oğlum heç ata üzü görməyib. Hadisə zamanı mən Xocalıda deyildim. Oğlum müalicə olunduğu üçün Ağdamda xəstəxanada idik. Xocalı dağılmamışdan bir ay əvvəl yoldaşım gəlib bizə baş çəkdi. Sonra bir zülmlə qayıdıb Ağdamdakı daş karxanasına getdi. Deyirdi ki, orda silahı var. Götürməsə, sonra altından çıxa bilməz. O gedən, getdi. Daha əlaqə saxlaya bilmədik. Fevralın 26-da Xocalıda dəhşətli qırğınlar törədildi. Həyat yoldaşımgil Xocalıdan çıxmaq istəyərkən qardaşları, atası və anası girov düşüb. Qayınlarımdan biri həmin gecə oğlu ilə bərabər itkin düşüb. Qayınanamı 4 gündən sonra buraxıblar. Digərləri isə düz bir ay girovluqda qalıblar. Onlar elə bir vəziyyətdə gəlib çıxdılar ki, üzlərini kim görsəydi, tanımazdı. Qayınımın barmağını kəsmişdilər. Qızıl dişlərini kəlbətinlə çəkib çıxarmışdılar. Onlar gələndən sonra xeyli müddət xəstəxanada yatdılar.
Yoldaşım da o vaxt Xocalıda yanacaqdoldurma məntəqəsinə qədər gəlib. Hərbi geyimdə olub. Ayağından yaralı imiş. Görənlər deyirlər ki, orada tikili vardı, yoldaşımı onun içərisinə qoymuşdular. Amma ölüb, yaxud sağ qalıb, hələ də bilmirik. İnanmırıq ki, orada sağ adam qalsın...
“Elə olub ki, uşağa çörək tapıb verə
bilməmişik”
Aidə Allahverdiyeva bir az köks ötürdükdən sonra faciədən əvvəl Xocalıda yaşadıqları əzablı günləri xatırlayır:
- Gecə yatırdıq, deyirdik, ay Allah, bircə səhər açılaydı! Səhər açılanda da heç yerə getmirdik, deyirdik, Vətəndir, tərk etmək olmaz. Yoldaşım özünümüdafiə batalyonuna yazılmışdı, hər gün postda düşmənə qarşı döyüşürdü. Evimiz ermənilərin düz yaxınlığında idi. Asfaltın o tərəfi Noraguh, bəri tərəfində də ermənilər yaşayan kənd idi. Biz evə yığılan gecə ermənilər bizi güclü atəşə tutdular, yeni tikilən evdən heç islahat qalmadı. Bununla belə, yoldaşımgil postları tərk etmədilər. Bir dəfə atışma şiddətli olduğundan yoldaşım gecə evə gələ bilmədi. O vaxt mənim bir qızım bir oğlum vardı. Birini kürəyimə bağladım, birini də qucağımda tutub gecəylə bir neçə kilometr yol qət edərək qayınatamgilə gəldik. Yol gedərkən alazan atırdılar, biri məndən bir qədər aralı yerə girdi. Hər tərəfi toz-duman, tüstü bürüdü. Allah qorudu bizi. İki-üç gündən sonra bir də güclü atışma düşdü. İşıqlar yanmırdı. Çox zülmlər çəkirdik. Amma səhər yenə evimə qayıdırdım. Ermənidən qorxumuz yox idi. Bilmirdik ki, başımıza belə müsibətlər gələcək.
O illər ərzində Xocalıdan nə vaxtsa çıxmağı heç ağlımıza da gətirmədik. Yoldaşım deyirdi ki, bura bizim torpağımızdır, heç yerə çıxmayacam, ölsəm də yurdumda öləcəm. Elə olub ki, uşağa çörək tapıb verə bilməmişik. Gecə sabahadək yatmamışıq. Qayınanam deyir ki, Xocalıdakı sonuncu iki gecəni tamamən ac qalıblar. Heç yerdən un gəlmirdi. Yollar bağlı olduğundan, yardım edən yox idi. Deyir ki, unu nəlbəkiylə bölüşdürdük ki, uşaqlar acından ölməsinlər. Amma yenə də biz Xocalıdan çıxmırdıq. Ta bilmədik ki, axırda erməni gəlib qıracaq, torpağımızı da əlimizdən alacaq.
“Cavan gəlinlər tanınmaz hala salınmışdılar”
Gözləri dolur, masanın üzərindəki soyuyan çaydan bir qurtum içir. Özünü toparlayıb sözünü davam edir:
- Fevralın 26-da Xocalı
dağılanda mən Ağdamda Şellinin üstündə dik
təpələr vardı, ora qədər
bir zülmlə getmişdim.
Uşaqları da özümlə
aparmışdım. Gələn meyitlərə
baxırdıq. Üzlərini açırdıq ki, görək bizimkilərdən kimsə
varmı. Qayınımı, qayınımın oğlunu, qayınatamı, yoldaşımı
itirmişdim... Deyirlər ki,
adam ölüdən qorxur.
Amma həmin vaxt hamilə
ola-ola gedib meyitlərin
üzünü açıb
baxırdım. Xocalı dağılan gecəsi olan qar-qiyamət həyatı boyu
yadımdan çıxmaz. Şellinin
düzünə zülmlə gəlib
çıxmışdıq. Qar dizdən
idi. Ora gəlmişdik
ki, keçib
Xocalıya gedək. Səhər saat 5 idi. Dedilər ki,
Xocalını alıblar. Xocalıdan ilk olaraq eltim gəldi. Ağlaya-ağlaya dedi ki, anam, atam,
qayınanam, hamısı
orada qaldı. Onun əl-ayağı tanınmaz
halda idi. Böyük qızımın barmaqlarını
həmin gecə Şellidə şaxta vurdu. Allah elə bil ağlımı almışdı, deyən
olmadı ki, bu uşağı evdə qoy, özünlə aparma...
Artıq 25 il keçib, amma elə bilirsən
ki, 1-2 ay əvvəl olmuş hadisələrdir.
O dəhşətləri heç
kim yadından
çıxara bilməz.
Ağdama elə meyitlər
gətirmişdilər ki,
başları kəsilmişdi,
bədənləri deşik-deşik
idi. Cavan gəlinlər tanınmaz
hala salınmışdılar.
Girovluqdan gələn
qayınlarım dedi ki, mən gəlib
səni, o uşağı
salamat görürəmsə,
şükür edirəm.
Qardaşım itibsə də,
torpaq yolunda gedib, şəhid olub. Orada qadınların başına
olmazın oyunlar açmışdılar. Qayınanam girovluqdan gələndən
bir müddət sonra dözə bilmədi, həyatdan köçdü. Bizim
özümüz də
az dərd
çəkməmişik. İndi
şükür, dövlət
tərəfindən qayğı
ilə əhatə olunmuşuq, ev
də veriblər. Amma çox heyif ki, ölənlər qayıtmır. Xocalı işğaldan
azad olunsa, övladlarım da, özüm də ora qayıtmağa hazırıq. Təbii ki,
sağ qalaramsa, dərd məni elə günə salıb ki, bu gecədən sabaha belə ümid eləmirəm.
Hazırda oğlumun onurğasında
problem var. Əsgər də
gedə bilmir. Ona hamiləykən
ağır zillətlər
yaşamışam, dağı-dərəni
aşmışam. Şelliyə gedərkən o biri oğlumun 2 yaşı vardı, onu da özümlə aparmışdım, yıxıldı,
qolu qırıldı.
Uşağı da qoyub gedə bilmirdim. Elə bilirdim ki, gedərəm
ora, birdən məni kimsə Xocalıya aparar, balalarım bəri tərəfdə qalar.
Bununla belə, Aidə xanım deyir ki, yoldaşı öz torpağı uğrunda döyüşdü,
şəhidlik zirvəsinə
yüksəldi. Onun qəbri olmasa da övladlarına nəsihət edib ki, bu dünyadan
köçəndə baş
daşının bir tərəfində atalarının,
bir tərəfində
də onun şəklini qoysunlar...
Elgün
MƏNSİMOV,
Azərbaycan.-
2017.- 26 fevral.- S.7.