Həmin gecə azərbaycanlılara zülm etmək üçün sanki yarış gedirdi

 

1988-ci ildən başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi tarixində ən dəhşətli hadisə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verdi. İki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri ürəklərində çoxdan gəzdirdikləri kini-küdurəti nəhayət ki, büruzə verdilər və azərbaycanlılara qarşı bəşər tarixində misli görünməmiş soyqırımı törətdilər. Onlar keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə bir gecədə Xocalını yerlə-yeksan etdilər.

Öz miqyasına və dəhşətlərinə görə misli görünməmiş Xocalı soyqırımını törətməkdə ermənilər uzaqgörən siyasət güdürdülər. Onlar bununla azərbaycanlıların gözünü qorxutmaq, beləliklə, Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Doğrudur, törədilən faciə bütün Azərbaycan xalqına, xüsusilə Xocalı sakinlərinə sağalmaz yaralar vurdu. Lakin xalqımızın Vətən təəssübkeşliyini sındıra bilmədi. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsinə həqiqi qymət verildi və ermənilərin törətdikləri faciə olduğu kimi dünya ictimaiyyətinə çatdırıldı.

Digər rayonların sakinləri kimi xocalılılar da respublikamızın müxtəlif bölgələrinə səpələndilər. Doğrudur, o faciədən sağ çıxmış insanlar ilk əvvəl heç bir məişət şəraiti olmayan yataqxanalarda, yarımçıq tikililərdə, uşaq bağçalarında, vaqonlarda və digər yerlərdə məskunlaşdılar. Lakin sonralar Prezident İlham Əliyevin diqqət və qayğısı ilə onlar ölkənin müxtəlif bölgələrində salınmış ən müasir qəsəbələrə köçürüldülər. Həmin qəsəbələrdən biriGoranboyda yerləşir.

Qəsəbəni gəzirik. İnsanların üzündə bir nisgil var. Hamının daxilində onu didib-parçalayan bir əzablı xatirə yaşayır. Qarşımıza ilk çıxan Xocalı sakini Şakir Quliyev oldu. Söhbət zamanı dedi ki, elə bir Xocalı sakini tapmazsan ki, şəhid verməsin. 1992-ci ildə mən 11-ci sinifdə oxuyurdum. Məktəbli olmağıma baxmayaraq sinif yoldaşlarımla özünümüdafiə batalyonuna kömək göstərirdik. Yeri gələndə döyüşən azərbaycanlılara yardım da edirdik. Fevralın 25-i idi. Axşamüstü anam Sara məni yanına çağırıb dedi ki, bala, vəziyyət çox pisdir. Bəlkə sən bacı-qardaşlarını da götürüb Ağdama gedəsən?

Əvvəlcə razı olmadım. Sonra yaxınlıqda partlayan mina məni fikrimdən daşındırdı. Güllə səsləri lap yaxınlıqdan eşidilirdi. Hava çox soyuq idi. Qalın paltar geyinib, yola çıxmağa hazırlaşırdım ki, anam fikrini dəyişib, bir yerdə getməyi qərara aldı. Biz birlikdə evdən çıxıb meşəyə, ordan da Ağdama tərəf üz tutduq. Yeridikcə şaxta əl-ayağımızı, üz-gözümüzü dondururdu. Birdən qarşıdan ermənilərin atəş səsləri eşidildi. Kiçik qardaşım Şükür ağlamağa başladı. Anam onu bağrına basıb, səs çıxarmamağı tapşırdı. Güllə səsləri getdikcə yaxınlaşırdı. Onda anam dedi ki, hərəmiz bir tərəfə gedək ki, sağ qalmaq ehtimalımız olsun. Qaranlıq gecədə anam və qardaş-bacılarım pərən-pərən düşdülər. Mən tək qaldım. Birtəhər Gülablıya, oradan da Ağdama gəldim. Nə anamdan, nə də bacılarımdan, nə də 6 yaşlı qardaşımdan xəbər var. Bir gün sonra atam Qaryağdı və ayaqları soyuqdan donmuş halda olan əmim Tahir Quliyev Ağdamda məni tapdılar. Vəziyyəti gündən-günə pisləşən əmim 3 gündən sonra dünyasını dəyişdi. Anam Saradan, bacılarım Rəvanə, Nüranə və qardaşım Şükürdən bu günə kimi xəbər yoxdur.

Söhbətinin sonunda Şakir Quliyev dedi ki, 2011-ci ildə ona qəsəbədə 3 otaqlı mənzil veriblər. Dolanışığı da pis deyil. Yaradılan bütün bu şəraitə görə ölkə başçısına minnətdarlıq edən Şakir onu da əlavə etdi ki, ən böyük arzusu doğma ata-baba yurduna qayıtmaqdır. O, itkin düşmüş anasının, iki bacısının və kiçik qardaşının təsəllisini qəsəbədə ucaldılmış Xocalı abidəsini tez-tez ziyarət etməklə alır. Ancaq inanır ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində gec-tez erməni daşnakları əzəli torpaqlarımızdan qovulacaq. Bax, onda Xocalıda şəhid olanların ruhları rahatlıq tapacaq.

Xocalı faciəsinin canlı şahidlərindən biri də Qədim Sadıqovdur. Faciə zamanı onun 24 yaşı olub. Özünün dediyinə görə Xocalının özündə böyük həyət-bacaları vardı. Atası Məhəmməd kişi dişi-dırnağı ilə ikimərtəbəli ev tikdirmişdi. Həyətdə meyvə ağacı desən vardı. Bir sözlə, çox xoşbəxt həyat sürürdülər. Günlərin birində Ballıca kəndində gorüb bəyəndiyi bir azərbaycanlı qızı ilə ailə qurdular. Necə deyərlər, qara zurnanın səsi nəinki Xocalıya, eləcə ətraf kəndlərə səs saldı. Lakin ermənilərin xəyanəti onu da silaha sarılmağa məcbur etdi. Özünümüdafiə batalyonunun tərkibində döyüşə başladı.

O dəhşətli fevral gecəsini xatırlayanda Qədimin əlləri əsdi. Elə bil, hər şey dünən olmuşdu. Yaralarını təzələməmək üçün söhbətin mövzusunu başqa səmtə yönəltmək istədim. Ancaq Qədim məni eşitmirmiş kimi davam etdi:

- O faciədən sonra kimim qaldı ki?! Bütün yaxınlarım şəhid oldular. Anam Çiçək, bacım Mərzə, bacım oğlu İqbal, yeznəm Qulu, qayınanam Pərvanə, qayınatam Həsənbala. Ümumiyyətlə, ailə üzvlərimdən 20 nəfərini itirdim.

Qədim Sadıqov qəsəbədə hər bir şəraiti olan 4 otaqlı mənzillə təmin olunub. Dolanışıqları da pis deyil. Oğlu Orxan orta məktəbdə, qızı Aytac isə Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin ikinci kursunda təhsil alır. Böyük qızı Çiçək isə ailə qurub.

Söhbət zamanı Qədim Sadıqov dedi ki, mənzili alanda Prezident İlham Əliyev onun evinə gəldi. Dərd-səri, güzəranı ilə maraqlandı. Həmin günü Qədimin ailəsi həyatlarının ən xoş anları kimi xatırlayırlar.

Bu qədər diqqət qayğı göstərən ölkə başçısına minnətdarlıq ediblər. Deyiblər ki, Azərbaycan xalqı ona inanır bilirlər ki, apardığı güclü siyasət nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə düşməndən azad ediləcək bütün qaçqın məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.8.