Cocuq Mərcanlıya qayıdış xocalılılarda böyük inam yaradıb

 

Xocalı soyqırımından 25 il keçməsinə baxmayaraq, onun vurduğu yaralar hələ də ürəkləri göynədir. Hansı xocalılını dindirsən, içində gəzdirdiyi nisgili göz yaşı ilə büruzə verir. Elə bil faciə dünən baş verib. Hamı cinayətkar ermənilərin törətdiklərini insanlığa sığmayan vəhşilik adlandırır. İndi elə bir Xocalı ailəsi tapılmaz ki, həmin faciədə şəhid verməsin. Kamran Məmmədov da belələrindəndir. Faciə zamanı o da çoxlu sayda qohum-əqrəba itirib.

Kamran kişi 1940-cı ildə Xocalının Kosalar kəndində anadan olub. 1962-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olub və 1967-ci ildə oranı bitirərək zootexnik kimi əmək fəaliyyətinə başlayıb. Xocalını və xocalılıları çox yaxşı tanıyan Kamran Məmmədovla söhbət zamanı bir çox mətləblərə işıq saldı. Dedi ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Təbiəti gözəl, coğrafi mövqeyi çox əlverişli olan bu şəhər Xankəndi və Əsgəran arasında yerləşməklə, ermənilər yaşayan Badara, Ballıca, ön tərəfdən isə Qarqar çayı ilə əhatə olunmuşdu. Çox təmiz havası, ürəkləri sərinlədən bulaqları, müalicəvi suları var. Torpağı münbit olduğundan ildə iki dəfə məhsul götürmək mümkün idi. Maldarlıq, əkinçilik, arıçılıq, toxuculuq inkişaf etmişdi. Qarabağ müharibəsi başlayana kimi əhalinin güzəranı çox yaxşı idi. Ancaq biz təsəvvür edə bilməzdik ki, çörəyimizi yeyən, suyumuzu içən ermənilər illər keçəcək, xalqımıza qarşı qəddarcasına soyqırımı törədəcəklər. Əslində ötən əsrin əvvəlində Xankəndidə o qədər də erməni yaşamırdı. Ancaq illər ötdü, birgözümüzü açanda gördük ki, azərbaycanlıların sayı həddindən artıq azalıb. Kəndlərdən şəhərə gələn azərbaycanlıları pasport qeydiyyatına almırdılar, vermirdilər. Bir sözlə, Dağlıq Qarabağı erməniləşdirmə siyasəti aparılırdı. Sonda isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ uğrunda müharibəyə başlanıldı.

- Xocalı hələ qətliamdan bir neçə ay əvvəl erməni hərbi birləşmələri tərəfindən mühasirəyə alınıb, xarici aləmdən təcrid olunmuşdu. Telefon rabitəsindən, elektrik enerjisindən məhrum edilmişdi. Ümidini yalnız Allaha bağlayan insanlar şəhəri yalnız adi ov tüfəngləri və avtomatlarla silahlanmış yerli özünümüdafiə dəstələri yaratmaqla qoruyurdular. Meşəli, Cəmilli, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və digər kəndlərdən sonra 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ermənilər bəşəriyyət tarixində misli görünməyən vəhşilik törətdilər. Onlar rus ordusunun 366-cı motoatıcı alayının köməyi ilə  Xocalını yerlə yeksan etdilər.

İnsan olan kəs bu qədər qəddar olar?! O gecə ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətlər yadıma düşəndə indi həyəcanlanıram. Bunu deyən Kamran Məmmədov daha sonra faciə zamanı xocalılıların başlarına gətirilən müsibətlərdən danışdı. Dedi ki, ovaxtkı respublika rəhbərliyindən heç bir kömək gözləməyən yerli əhali özünümüdafiə dəstələri yaratmışdılar. Kosalar kənd orta məktəbində isə mərkəzi qərargah təşkil edilmişdi. Mən həmin qərargahın üzvü kimi tez-tez növbə çəkməli olurdum. Fevralın 25-də növbədə olarkən rabitə siqnalı gəldi dəstəyi götürəndə Xocalı Hava Limanından Əlif Hacıyevin səsi eşidildi. O, qışqıra-qışqıra ermənilərin Xocalını darmadağın etdiyini söylədi dedi ki, Şuşaya deyin ki, Həsənabadı vursun. Belə olsa Xocalı əhalisini Qarqar çayı istiqamətindən çıxara bilərik. qədər çalışdımsa, Şuşa ilə əlaqə yarada bilmədim. Məcbur olub Ağdamı çağırdım. Cavab verdilər ki, əhaliyə deyin ki, dözsün, 1 saata Əsgəranı alıb, köməyə gələcəyik. Ancaq Xocalıya kömək olmadı. Gecə saat 1 radələrində Əlif Hacıyevlə əlaqə yarada bildim. Onun son sözü bu oldu ki, artıq Xocalı yoxdur. Saysız-hesabsız ölən, yaralanan var. İndi Qaraqaya istiqamətinə tərəf gedirəm, aeroportu partlatdım ki, ermənilərin əlinə keçməsin. Bu məlumatı bütün müdafiə batalyonlarına çatdırdım. Təəccüblü odur ki, Bakıdan mənə acıqlı sərt şəkildə dedilər ki, Xocalıda heç bir qırğından söhbət gedə bilməz. Biz hər şeyə nəzarət edirik. Ermənilər Xocalı ətrafında manevr edirlər.

Kamran Məmmədov ömrünün 77-ci ilini yaşayır. Xocalıda törədilən vəhşilikləri yadına salanda indi kövrəlir. Deyir ki, yola saldığımız 25 ildə Xocalı həsrətilə dünyasını dəyişənlər oldu, yeni doğulub 25 yaşına qədəm qoyanlar da. Lakin bircə şey heç vaxt dəyişməyəcək ki, bu da o dəhşətli gecəni yaşayan insanların yaddaşında qalanlardır. Ancaq qisas qiyamətə qalmaz deyiblər. Vaxt gələcək xocalılıların başına gətirilən faciələrə görə ermənilər cavab verəcəklər. O gün isə çox uzaqda deyil. Bu inam bizdə Cocuq Mərcanlıya qayıdışdan sonra daha da güclənmişdir.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.11.