Əsl cəhənnəmi Xocalıda yaşadıq

 

Qohumlarının yarısını itirən Cəmil Məmmədov əsirlikdə yaşadığı dəhşətləri hələ də unutmur

 

Sumqayıtda pansionat adlanan ərazidə 30-dan çox Xocalı ailəsi yaşayır. Cəmil Məmmədovla görüşə getməmişdən öncə onu tanıyanlar bildirdilər ki, kişi çox kövrəkdir. Sual-cavabda ehtiyatlı olun, danışanda təzyiqi qalxır. Səbəbini soruşanda: - O, əsl cəhənnəm yaşayıb, xatırlayanda pis olur - dedilər.

Cəmil Məmmədovla pansionatda məskunlaşdığı evin qarşısında rastlaşdıq. Hündürboy, sifətindən nur tökülən bu adamla söhbət etmək o qədər də asan olmadı. Həmin günləri xatırlamağın onun üçün çətin olduğunu bildirdi. Lakin özündə bir təpər tapıb söhbətə başladı:

- Xocalının başının üstünü təhlükə hələ çox əvvəldən almışdı. Qorbaçovun Sov.İKP MK-nın baş katibi seçilməsi ilə ermənilər arasında söz-söhbət artmağa başladı. Elə bil məqsədlərinə çatmaq üçün bəhanə axtarırdılar. Onların ən çox işlətdikləri bir cümlə var: “Lənət türkə!”. Bunu əvvəllər az eşidirdiksə, həmin dövrdə ermənilərin dilində bu söz rusların tez-tez işlətdikləri söyüş kimi idi.

Yaxşı usta olan Cəmil kişi Qarabağda dilnən deyilərdi. Çox adamın evini tikmiş, böyük hörmət qazanmışdı. Şuşa, Xankəndi, Ağdərə və digər rayonlarda hamının yaxşı tanıdığı Cəmil kişi neçə erməniyə təmənnasız evtikdiyini bildirdi:

- Vallah, elə olurdu ki, kiminsə evini işləyirdik, pulu olmurdu. Heç ardınca getməzdik. Amma onlar həmişə bizi ayırıblar. Bu özünü daha çox Volski höküməti zamanı göstərdi. Açıq şəkildə türkü özlərinə düşmən bilən ermənilər silahlanırdılar. Özübunu bizim rəhbər işçilərin gözü qarşısında edirdilər.

Öyrənirik ki, ermənilər Xocalıya ilk dəfə 1988-ci ilin 18 sentyabrında hücum edirlər. Lakin kənd camaatı öz gücü hesabına onları geri oturdur. O hadisədən sonra xocalılılarla münasibət də dəyişir. Özlərinin yaltaq sifətlərini üzə çıxaran ermənilərin bir müddət Xocalı ilə heç bir işi olmur.

- Xocalı 3 hissədən ibarət idi - Cəmil dayı söhbəti davam etdirir. O taylılar, dərələyəzlilər, bir də qalabəndlilər. Fevralın əvvəllərində ermənilər gecələr tüfənglə Xocalını atəşə tutur, yanğınlar törədirdilər. Biz poçt idarəsinin qarşısına toplaşardıq. Oranın müdiri işləyən Cavid Əliyevdən mərkəzlə əlaqə saxlamasını, vəziyyətin necə olduğunu bildirməsini istərdik. Cavid məlumatları çatdırdıqdan sonra cavab bu olardı ki, tezliklə tədbir görüləcək. 25-i fevralda günortadan sonra Xocalının üç tərəfində erməni birləşmələrinin toplaşdığını gördük. Amma heç vaxt inanmazdıq ki, onlar bizə qarşı elə vəhşiliklər edər...

Göz yaşlarını saxlaya bilməyən Cəmil dayı susur (dilsiz hayqırtı ilə süzülən bu yaşlar özü ilə acı sızıntını yaşadan bir ürəyin səsi idi). Bir qədər sonra davam edir:

- Kəndin yuxarı tərəfində olan sovet əsgərləri ilə birlikdə ermənilər Xocalıya hücuma keçdilər. Gecənin qaranlığında insanların səsi hər tərəfi bürümüşdü. Bizim tərəflər soyuq olur. Həmin gecə hamı ayaqyalın, başıaçıq meşələrə qaçdı. İnsanlar hara gəldi qaçır, xilas olmaq istəyirdilər. Ermənilər onları tutan kimi ya başlarını kəsir, ya da üstlərinə od vurub yandırırdılar. Bacım, qohum - əqrəbamın çoxu soyuqda donub öldü. Nəvəmi, bacım oğlunu götürüb qaçırdım. Ərəzəmində bizi ermənilər əhatəyə aldılar.

Yüzə yaxın xocalılını əsir götürən ermənilər onları yaxınlıqdakı fermaya gətirirlər. Burada yerliləri ilə rastlaşanlar çətin vəziyyətə düşdüklərini anlayırlar.

- Onlar əvvəlcə cavanları ortaya çıxartdılar, Cəmil dayı aramla danışır: “Bir neçəsini bıçaqla vurub öldürdülər. Yerdə qalanları çölə çıxartdılar. İçəridəkilərə cavanların qohumlarını da çölə çıxmağa çağırdılar. Analar, atalar övladlarının ardınca bayıra çıxdılar. Onların oğullarını avtomatın qundağı ilə döyməyə başladılar. Kim ki valideynlərdən etiraz edirdi, ona da övladları ilə bir yerdə işgəncə verirdilər. Gözümün qarşısında qohumum olan neçə insanı qətlə yetirdilər. Ölülərin üstünə benzin töküb yandırdılar”.

Cəmil kişi deyir ki, iki gün burada qaldıqdan sonra onları yaxınlıqdakı Əsgəran rayonuna aparırlar. Qarlı havada ayaqyalın sıra ilə düzülən əsirləri rayonun mərkəzindəki evlərdən birinə gətirirlər.

- Mən oradakı ermənilərin hamısını yaxşı tanıyırdım - Cəmil dayı bildirir. - İçərisində Qaron adlı biri vardı. Əvvəllər uzun müddət yanğınsöndürmə idarəsində işləmişdi. Qəddarlığı ilə seçilən bu adam Azərbaycanın çörəyini yemişdi. Mən ona bizə niyə belə zülm edirsən, deyəndə, o qışqıraraq dedi ki, bu sözünə görə sənin qıçlarını qıracağam. O mənim ayaqlarımı armaturla vurmağa başladı. Vaxtilə bizim Xocalıda bədən tərbiyəsi müəllimi işləyən Raçik adlı digər birisi isə əlindəki bıçaqla oradakı insanların üzlərini, əllərini doğramaqda idi.

İki gün açıq havada qalan xocalılıların çoxunu don vurub öldürür. Onları yenidən geriyə fermaya gətirirlər. Orada onlara işgəncə verməkdə davam edirlər.

-Hələ gənc yaşlarımdan dişlərim töküldüyü üçün onları qızılla əvəzləmişdim. Orada bizim dişlərimizi çıxartdılar. Yerə tökülən qanı yığışdırmağı tapşırdılar. Mən qanlı torpağı cibimə yığdım.

Bir neçə gün sonra erməni əsirlərlə dəyişdirilən Cəmil dayı nəvəsi və bacısı oğlu ilə birlikdə Ağdama gətirilir. Burada müalicə alan Cəmil Məmmədov sonra öyrənir ki, yaxınlarının çoxunu itirib.

-Bu da bir taledir - Cəmil dayı əlavə edir - Bəzən biz bilmədən yaşadığımız illərin qədrini çox sonra bilirik. Yaşım 80-ni haqlayıb, amma Xocalı bizim gəncliyimizin beşiyi idi. Onun hər adddımında bizim izimiz var. Bu gün o izlər qana bələnib. Mən indiorada donan insanları, ağacların budağından asılmış qız-gəlinləri, ocaqda yandırılan körpələri unuda bilmirəm. Bəzən pis günlər yaxşıdan çox yadda qalır, deyirlər. Amma qarşılaşdığımız soyqırımı, işgəncələr bizə bu dünyada cəhənnəmi yaşatdı. Həmişə demişəm, kaş bircə onların insanlara etdiklərinin əvəzində alacaqları paylarını görəydim. Əgər desələr ki, o dünyada bu mümkündür, inanın bu anda ölməyə hazıram. Çünki günahsız insanları qətlə yetirənlərin günahını Allah özü verəcək.

 

Akif ƏLİYEV,

 

Azərbaycan. - 2017.- 26 fevral.- S.8.