Əzablı yollarla...

 

Azərbaycan xalqı Novruz çərşənbələrini, Novruz bayramını qeyd etməyə hazırlaşdığı bir ərəfədə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər bütün Xocalı əhalisinin isti ocağını söndürdü. Bu sönmüş ocaqlardan birininsahibi hazırda Xəzər rayonu Şüvəlan qəsəbəsində sovet dönəmindən qalma “Cəsur” pioner düşərgəsində məskunlaşan məcburi köçkün, II qrup əlil Tofiq Süleymanovonun ailə üzvləridir. Tofiq o vaxt 20 yaşında idi, ermənilərin həmin gecə törətdikləri qətliamları, öz başına gələnləri yada saldıqca haldan-hala düşürdü

Tofiq Süleymanov Xocalı faciəsi zamanı əlil olub. Deyir ki, fevralın 25-i günü axşam şər qarışandan sonra ermənilər Xankəndidə yerləşən sovetlərə məxsus hərbi hissənin qoşunları ilə birlikdə Xocalını mühasirəyə almışdılar. “Tankların və özüyeriyən hərbi texnikanın işığını söndürmüşdülər, amma bütün maşın və mexanizmlər işlək vəziyyətdə idi. Saat 9, bəlkə də 9.30 olardı, aeroportun yuxarı tərəfindən, Mehdikəndin üstündəki yüksəklikdən Xocalıya doğru fişəng atıldı, aləm işıqlandı. Bu məqamda tanklar Xocalıya doğru hərəkət etdi. Hərbçilər dinc əhaliyə atəş aça-aça şəhərə doğru irəlilədikcə yanğınlar çoxalır, insanların həyəcanlı çığırışları daha gur eşidilirdi. Bu zaman bizim ailə - qoca anam, özünümüdafiə dəstəsinin üzvü döyüşçü qardaşım və mən qonşularla birlikdə şəhərin yaxınlığındakı mal fermasına tərəf getdik ki, orada gizlənək. Yaxınlaşanda fermadan kişi səsi, qadın harayı, uşaq çığırtıları eşidildi: “Kömək edin, bizi öldürürlər!” Onlar fermada işləyən bir ailənin üzvləri idi.

Vəziyyəti belə görəndə ağsaqqalların məsləhəti ilə camaatı gətirib poçt binasının yaxınlığındakı məktəbin zirzəmisinə yığdılar. Heç bir saat çəkmədi, xəbər gəldi ki, şəhərin yarıdan çoxu erməni silahlılarının əlindədir, küçələrdə ölən və yaralananlar anbaan çoxalır”. Tofiqin qəhər boğa-boğaGörün vəziyyət nə yerdə idi ki, şəhərin küçələrindən gələn vay-şivən səsindən zirzəmidə ürəyi gedən olurdu, qadınlar, uşaqlar göz yaşları içərisində həyəcandan tir-tir əsirdilər” deməsi söhbətimizə bir anlıq fasilə verdi...…

“Erməni silahlılarının əlinə keçməmək üçün azı 200 nəfərədək Ağdam istiqamətinə, Kətik meşəsinə tərəf üz tutdu. Qarqar çayına çatanda camaat iki qrupa bölündü: bir qrup Əsgəran istiqamətindən Ağdamın Şelli kəndinə, bizim dəstə isə ağsaqqal, rəhmətlik Zeynal kişinin və Şahmarın təklifi ilə Kətik yüksəkliyindən aşmaqla Ağdamın Gülablı kəndinə getməli idik. Qarqar çayını keçəndə qardaşım Rafiq anamı kürəyinə alır, çayı keçərkən ayağı sürüşür, qarlı-şaxtalı gecədə hər ikisini çaydan birtəhər çıxarır. Qoca anam tamam suyun içində, donmuş vəziyyətdə idi. İki qardaş növbə ilə anamı dalımıza alıb yol gedirdik. Kətik yüksəkliyini aşanda ermənilər camaatın qabağını kəsib gülləbaran etdilər. Hamı pərən-pərən düşdü. Camaat evindən götürdüyü sənədləri, pul və qızıl-zinət əşyaları olan kiçik çamadanları, bağlamaları atıb qaçırdı. Hətta az sonra yorulduqlarından, üzüldüklərindən paltolarını çıxarıb yol kənarına atanlar da var idi. Biz anamızı kürəyimizdə gətirdiyimizdən qabaqda gedənlərdən geri qalırdıq, odur ki, irəlidə nə baş verdiyini aydın görürdük. Bir də baxdım ki, qabaqda gedən böyük bir dəstənin qarşısını ermənilər kəsiblər. Dəstənin bir hissəsi erməniləri basıb keçdi, qalanları - təxminən 100 nəfərə kimi adamı ermənilər əsir götürərək yaxınlıqdakı mal fermasına apardılar. Bir azdan həmin adamların çığırtısından, vay-şivənindən qulaq tutulurdu. Biz gizləndiyimiz yerdə həm donurduq, həm də yarımcan anama görə çalışırdıq ki, hərəkətdə olaq, tezliklə mənzil başına çataq. Sakitlik yaranan kimi yolumuza davam edirdik. Üç-dörd saat yol gedəndən sonra gördük meşədə xeyli aralıda 8-9 nəfər oturub, Azərbaycan dilində qabaqda olan dəstəni səsləyirlər: “Burdan yol var, gəlin bura!” Qabaqdakı dəstə onlara tərəf getdi, çatar-çatmaz ermənilər Kalaşnikov avtomatı ilə hamısını güllələyib öldürdülər, sonra da başladılar onların ciblərini axtarmağa, ağızlarını açıb qızıl dişlərinin olub-olmamasını yoxlamağa. Onların başı ölənlərin üst-başını axtarmağa qarışanda biz sürünə-sürünə gedib yaxınlıqdakı təpəni aşmaq istədik. Bu an həmin ermənilər bizi fasiləsiz gülləyə tutdular. Bir də baxdıq ki, yanımızda olan qonşumuz Sona xanımın həyat yoldaşı Maliki qan aparır, güllə qarın nahiyəsini tamam dağıtmışdı. Nə qədər sarğı-filan elədik, mümkün olmadı. Həyat yoldaşı Sona xanımın, bacısı Həcər xanımın və üç azyaşlı övladının gözlərinə baxa-baxa Malik öldü. Həmin vaxt anam da şaxtadan donmuşdu. İki meyiti paltoma büküb bir kolun dibində, qarın altında dəfn etdik ki, gəlib sonra apararıq.

Meşədə səmtimizi itirmişdik, hara gedirdik, erməniyə rast gəlirdik. Beləliklə, o qarlı-şaxtalı havada 6-cı günün gecəsi meşə ilə gəlib bir erməni kəndinə çıxdıq. Onlar elə bildilər ki, biz silahlıyıq, başladılar avtomatlardan bizə tərəf atəş açmağa, bu zaman qaçıb yaxınlıqdakı çökəklikdə qarın içində gizləndik. Heç on-on beş dəqiqə keçməmiş gördük siqnal verə-verə kəndə təcili yardım maşını gəldi. Səs-küydən hiss olunurdu ki, maşın meyit gətirib. Qadınlar qışqırırdılar, ağlaşırdılar. Onların başı təcili yardım maşınına qarışanda imkan tapıb oradan da aralana bildik, xeyli gəldikdən sonra hamımız taqətdən düşmüşdük, uçurumun başında dayandıq. Bir yerə cəm olanda gördük ki, mənim qardaşımla qonşumuz Həcər xalanın böyük oğlu yoxdur. Məlum oldu ki, bayaqkı meyit gətirilən kənddə ermənilər bizi gülləbaran edəndə onlar ayrı düşüblər. Bu dəfə 9 nəfər başladıq onları axtarmağa, səhərə yaxın gəlib çıxdıq Naxçıvanik kəndinin yaxınlığına. Dan üzü təzəcə ağarırdı, gördüm bir lafet erməni gəlir Naxçıvanikə. Bütün günü qarın içində gizlənib qaldıq. Axşam şər qarışanda istədik yolumuza davam edək, lakin oturduğumuz yerdən tərpənə bilmədik, hamımız buz bağlamışdıq. Çətinliklə də olsa dura bildik. Hərəkətdə olmaq bizə sərfəli idi, həm canımız qızır, həm də ümidlə yol gedirdik ki, indi harasa çatacağıq. Beləliklə, gəlib çıxdıq Qarqar çayının kənarına. Çayı keçib bir az gedəndən sonra Əsgəranın yanından qalxdıq Boz dağa, oradan da Topxanaya girdik, gecənin qaranlığında Vəngə tərəf istiqamət götürdük. Çatanda gördük ki, hər tərəf əli avtomatlı erməni saqqallıları ilə doludur. Heç yerə çıxa bilmədik. Meşədə qaldığımız 11-ci günün gecəsi məcbur olub qayıtdıq geriyə - gəldiyimiz tərəfə. Səhər açılana yaxın gördük üzüm plantasiyasındayıq. Orada qarın içində gizlənib gecənin düşməsini gözlədik. Yorulmuşduq, aclıqdan və susuzluqdan üzülmüşdük, ayaqlarımızı don vurmuşdu. Qonşumuz Həcər xalaya dedim ki, mən sürünə-sürünə gedirəm qarşı tərəfə, əgər azərbaycanlılara rast gəlsəm, deyəcəyəm ki, gəlsinlər sizi buradan götürsünlər, əgər gəlməsəm, bilin ki, ermənilərə əsir düşmüşəm. Təxminən 400-450 metr yavaş-yavaş sürünə-sürünə getdim, qəbiristanlığa rast gəldim, qəbirlərin başdaşlarından bildim ki, müsəlman qəbiristanlığıdır. Hava tamam işıqlananda baxdım ki, iki nəfər hərbçi qəbiristanlığa yaxın yolun qırağında tankla dayanıb. Səsim çıxmırdı ki, onları çağırım, sürünə-sürünə yola sarı getdim, bir az qalmış iniltimə mənə tərəf çöndülər, dərhal yaxınlaşdılar. Bildirdim ki, Xocalı qırğını günü erməninin əlindən qaçanıq, neçə gündür ac-susuz qalmışıq meşədə, ölən öldü, yoldaşlarımdan 7-8 nəfəri salamatdır, ayaqlarını don atıb, yeriyə bilmirlər, yerlərini nişan verdim. Komandir Ala Yaqubun tapşırığı ilə könüllülər gedib Həcər xalanı və digər qonşularımı gətirdilər, təcili yardım maşınları ilə Ağdamın mərkəzi xəstəxanasına apardılar. Dava-dərmandan sonra vertolyotla Bakıya, Musa Nağıyev adına xəstəxanaya götürdülər. İki ay orada yatandan sonra yoldaşlarımdan kiminin ayağını, kiminin də barmağını kəsdilər, ömürlük böyrək çatışmazlığına və digər xəstəliklərə tutulanlar da oldu. Xeyli müddətdən sonra məni Mərdəkandakı “Günəşli” sanatoriyasına göndərdilər, üç il dövlətin hesabına müalicə olundum, sonra tədricən ayağa qalxa bildim”.

Müsahibim danışdıqca arabir gözləri dolurdu, amma kişi qüruru hər şeyə üstün gəlirdi, əminliklə bildirirdi ki, o dəhşətli gecədə erməni vandallarının dinc əhaliyə qarşı törətdiyi soyqırımını nəinki xocalılılar, bütün Azərbaycan xalqı heç vaxt unutmayacaq. Təəssüf doğuran odur ki, bu soyqırımını sübut edən kifayət qədər fakt və sənədlər olmasına baxmayaraq, dünyada mövcud olan ikili standartlar üzündən Xocalı qırğınını törədən şəxslər hələ də öz layiqli cəzalarını almayıblar.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.9.