Qətl gecəsi

 

...O gecə “Qarabağ şikəstəsi” susmuşdu. Əvəzində mərmi səsi, güllə vıyıltısı eşidilirdi. Adamlar o dəhşətli gecədə yolun-izin səmtini itirmişdilər. Dağlara, meşələrə sarı üz tutmuşdular. Ən dəhşətlisi bu idi ki, hər kəs doğma evində, ocağında əsir, girov götürülmək qorxusu ilə üz-üzə qalmışdı. Adamlar vahimə və təlaş içərisində təhlükəsiz sığınacaq axtarırdılar.

Bu yerlərin Mixaylosu - Tofiq Hüseynov dinc əhaliyə kömək üçün bütün gücünü sərf edirdi. O gecə Xocalıda uşaqların, qocaların, anaların harayı ərşə qalxmışdı. Bu boyda fəryada, haraya hay verən tapılmırdı. Ümidsiz, çarəsiz adamlar o şaxtalı, sazaqlı gecədə səmti bəlli olmayan yollardan keçirdilər...

Xocalıda o qətl gecəsi Bakı ilə əlaqə telefonları susmuşdu. Adamların fəryadı eşidilmirdi. Zülmət gecənin sükutunu anaların harayı, şəhid balasının doyumsuz naləsi pozurdu. Düşmən o qədər azğınlaşmışdı ki, xəstələrə, qocalara, anaların qucağındakı körpələrə belə mərhəmət göstərmirdi. Qəddarlıq son həddə çatmışdı. Xocalının qətliam gecəsində amansız düşmən heç nəyə güzəşt etmirdi. Və bu qətl gecəsinin əks-sədası o qədər də uzaqlara gedib çatmırdı...

O dəhşətli qətl gecəsindən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ölçüyə-biçiyə sığmayan cinayətlər törədildi. Erməni silahlı dəstələri Xocalı adlı bir şəhəri yerlə yeksan etdilər, əsl soyqırımı törətdilər. Sovet ordusunun 366-cı motoatıcı alayı erməni silahlılarına havadarlıq edirdi. O qətl gecəsində 613 Xocalı sakini öldürüldü. İlkin məlumatlara görə, 1275 nəfər əsir götürülüb. Dəhşətə bax, İlahi! Adamlar doğma ocağında, yurdunda, yuvasında əsir götürülür, itkin düşürya taleyi bəlli olmur... Bu gecənin dəhşəti həm də ondadır ki, ən qatı cinayətlərə ədalət məhkəməsi qurulmadı. Cəlladlar bu gün də cəzasız qalır...

O dəhşətli qətl gecəsinin aydın sabahı açılmadı. Anaların fəryadı, şəhid balasının harayı, qocaların ah-naləsi Xocalıdan üzü bəri - paytaxta qədər yayılmadı. Faciə ilə üzləşən adamlar Bakıdan kömək umur, heç olmasa müvəqqəti sığınacaq istəyirdilər. Amma Bakı ilə bütün əlaqələr, hətta telefon rabitəsi pozulmuşdu.

O gecənin şahidləri - Xocalıdan gələn nümayəndələrlə mətbuat işçiləri də görüşmək istəyir, təfsilatı öyrənməyə cəhd edirdilər. O dövrdə Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Elman Məmmədovla məhv olmuş şəhərin prokuroru Atakişi Atakişiyev prezident iqamətgahının geniş dəhlizində dərdlərini deməyə səlahiyyətli adam axtarırdılar. Ayaz Mütəllibovdan kömək olmayanda sovetlərin Azərbaycandakı canişini Viktor Polyaniçkonun qəbuluna üz tuturdular. Elman müəllimi o görkəmdə, o təlatümdə görməmişdik. Yumruğunu düyünləyib, dodağını gəmirirdi. Az qala bağıra-bağıra o gecənin dəhşətlərindən, faciəsindən danışırdı: “İtkilərimizin sayı-hesabı yox idi. Dağ yollarında bir balaca cığır, yol axtarırdıq ki, adamları təhlükəsiz tərəfə çatdıraq. Öz doğma evlərində günahsız adamları əsir götürürdülər. Dərdimizi deməyə yer tapa bilmirdik”.

Elman müəllim dəhşətləri sadaladıqca hirsindən, hikkəsindən hönkür-hönkür ağlamaq istəyirdi. Həmin söhbətdə Azərbaycan Televiziyasının çəkiliş qrupu da iştirak edirdi. Mərkəzi Komitənin katibi V.Polyaniçko Xocalıdan gələn nümayəndələri son dərəcə soyuqqanlılıqla qəbul edirdi. Ona xatırladanda ki, bu faciəni 366-cı motoatıcı alayın silahlıları törədib, heç halını da pozmadı. Cavabı da bu oldu ki, hər şey yaxşı olacaq. Amma nəyin yaxşı olacağını heç kəs anlaya bilmirdi. Bircə onu bilirdik ki, bu boyda itkilərin əvəzi geri qayıtmayacaq. Bunları bildiyinə görə Elman müəllim prezident iqamətgahının geniş dəhlizinə sığmırdı. Elə bil günahkar axtarışına çıxmışdı. Amma yenə gəlib sovet canişini ilə üz-üzə dayanmışdı...

O böyük dərdin, faciənin ağrısını, əzablarını yaşayan Elman Məmmədov həmin gün kömək üçün adam axtarırdı. Əlacsız qalıb mətbuat işçilərinə üz tuturdu: - Bari siz kömək edin, - deyirdi. Amma bizim deyəcəklərimiz sərt senzuranın süzgəcindən keçirdi. Bunu Elman müəllim də bilirdi, biz də. Həmin gün heç bir müqavimət Elman müəllimi susdurmurdu. Sən demə, böyük dərdi, ağır faciəni pıçıltı ilə, astadan söyləmək olmur. Deyirdi ki, körpə uşaqların çoxu yolda-izdə soyuqdan, şaxtadan dondu. Taqətsiz qocalar bir tərəfə çıxa bilmədi. Yüzlərlə körpə uşağı yaralamışdılar. Onların doyumsuz fəryadı, naləsi hələ də eşidilməkdədir. O qətl gecəsinin ağrılarını heçunutdurmurdu...

Elman müəllimin həyəcanla, təlatümlə dediklərini bir ucdan lentə köçürürdük. Heç olmasa tarix üçün, yaddaş üçün. Bir də dərdin böyüklüyünü nəsillərə çatdırmaq üçün... Xalq şairi Məmməd Araz demişkən, Xocalının ağrıları, bəlaları, bir gecənin faciəsi yazıya sığmaz. Yazıya sığmayan o faciədən düz 25 il ötür. Xocalı faciəsinin nə qədər dünyadan gizlətmək istəsələr də, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişdi. Xocalı faciəsinə hüquqi, siyasi qiymət verildi. Şəhid olanların şərəfinə Xocalı harayı adlı abidə ucaldıldı. Xocalı faciəsinin sərhəddi daha geniş meridianlarda tanınmağa başladı. Hazırda Xocalı soyqırımına dünyada hüquqi qiymət verilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Xocalını tam səviyyədə qətliam kimi PakistanSudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, BosniyaHersoqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.

O hadisədən 15 il sonra Elman Məmmədovla yenidən görüşdük. Lider TeleviziyasınınMövqeproqramında müsahibim oldu. Elman müəllim yenə o böyük dərddən - Xocalı faciəsindən təlatümlə danışırdı. Deyirdi ki, ulu öndər Heydər Əliyevin qayıdışından sonra təkcə bizim yox, bütün məcburi köçkünlərin, qaçqınların, yurdundan, yuvasından didərgin düşənlərin vəziyyəti kökündən dəyişdi. Adamlar çadır şəhərciklərində yaşamaqdan bezmişdilər. Ulu öndərin sərəncamı ilə yeni binalar tikildi. Xocalı faciəsindən əziyyət çəkən ailələrin çoxu yeni binalara köçürüldü. Artıq adamlar hiss edirdi ki, dərdlərini, ehtiyaclarını deməyə mötəbər bir ünvan var. Bütün bunlar xocalılılarda yaşamaq cəhdini artırır, ümidlərini dirçəldirdi. Doğrudur, Xocalı dərdini maddi ehtiyaclarla bərpa etmək mümkün deyil. Bizim məhv olmuş şəhər boyda böyük dərdimiz var. Bu dərdi təkcə özümüz yox, bizdən sonra gələn nəsillər daşıyacaq. Xocalı adlı bir şəhəri yer üzündən silsələr , bu ad ürəklərimizdə daim yaşayacaq...

Xocalı soyqırımının şərəfinə altı ölkədə doqquz abidə ucaldılıb. Amma o qətl gecəsinin harayını, səsini abidələr susdurmur. Hər il qan yaddaşımız təzələndikcə Xocalıda şəhid olanların harayını, fəryadını eşidirik. Nə qədər ki, bu faciəni törədən qatı cinayətkarlar cəzasız qalıb, deməli, hələ az görmüşük. O gün yetişəcək ki, dünyada ədalət məhkəməsi qurulacaq. Məhv olmuş şəhərin - Xocalının günahsız dərdlərinə əlac axtarılacaq. Cinayətkarlar cəzasını alacaq...

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.10.