Dünya əsl həqiqəti bilsə də, vandallar cəzalandırılmayıblar

 

Faciələrimizin ən ağrılı-acılısı Xocalı müsibəti, soyqırımıdır. 25 il öncə qəddar, vəhşi, qonşu torpaqlarına daim göz dikmiş daşnakların törətdiyi vandalizm siyasətinin nəticəsi idi ki, Xocalı adlı qədim, ulu insan məskəni yer üzündən silindi. Bir gecənin qurbanlarına çevrilmiş xocalılıların diri-diri tonqallara atılması, sinələrinə dağ basılması, nəinki əsir və girov aparılanların, hətta qəddarcasına qətlə yetirilənlərin meyitlərinin təhqir edilməsi barədə ötən müddət ərzində fəryad qoparılsa da, dünyanı gücü yetərli olanlarının bu haqsızlığa göz yumması, ən azı, bağışlanılmaz hal kimi qiymətləndirilir.

Azərbaycanın müstəqillik tarixinin ən ağrılı və qanlı səhifələrindən biri olan Xocalı soyqırımının tanıdılması istiqamətində son vaxtlar aparılan ideoloji təbliğat, düşmən üzərinə siyasidiplomatik hücum kampaniyası, nəhayət, öz nəticəsini göstərməkdədir. İyirmi beş illik yaranın sağalması üçün - o torpaqların əsarətdən xilası naminə dövlət və xalqın birliyi ən vacib amillərdən biri olduğu təsdiqini tapmaqdadır. Dövlət başçısı cənab İlham Əliyev istər xarici ölkələrdə - beynəlxalq tədbirlərdə, istərsə də respublikanın ayrı-ayrı regionlarına səfərləri çərçivəsində keçirdiyi bütün görüşlərdə, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi barədə dəfələrlə məlumat verib, bu ədalətsizliyin hələ də davam etdirilməsindən narahatlığını ifadə edib. Azərbaycan Prezidenti həmçinin bütün istiqamətlərdə inkişafın Qarabağ probleminin həllində mühüm vasitəyə çevriləcəyini də vurğulayıb. Daim sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistanın separatçı, terroru dəstəkləyən rəhbərliyinə ciddi mesajlar verib.

Xocalı dəhşətləri dünyanın nüfuzlu mətbu orqanlarının ozamankı aparıcı mövzusuna çevrilsə də, davam etdirilən ikili siyasət nəticəsində bu gün özü qaçqın problemlərini həll etməyə qadir olmadığını gizlədə bilməyən Avropa bu faciəyə ciddi reaksiya vermədi. Parisdə çıxan “Krual 'Eveneman” jurnalı 26 fevral 1992-ci il tarixli sayında yazırdı: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər”. Vəssalam, sonra susurlar. “Sandi Tayms” qəzetindəki sətirlərə diqqət yetirək (London, 1 mart 1992-ci il): “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər...”, “Financial Times” qəzetinin 9 mart 1992-ci il tarixli sayından: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silahadam göndərir”. “Tayms” qəzetinin 4 mart 1992-ci il tarixli sayında da dəhşətli faktlar qısaca olsa da, öz əksini tapmışdır: “Cəsədlərin çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.

O günlərin acı mənzərəsinə Rusiya mətbuatı da səhifələrində yer ayırdı. “İzvestiya”nın 4 mart 1992-ci il tarixli sayında yazılıb: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü”. “İzvestiya”nın 13 mart 1992-ci il tarixli sayında dərc edilmiş bir məqalədə mayor Leonid Kravetsin fikirlərindən bir sitat: “Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.

Financial Times” qəzeti (London, 14 mart 1992-ci il): “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”. “Le Mond” qəzeti (Paris, 14 mart 1992-ci il): “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”. “Valer aktuel” jurnalı (Paris, 14 mart 1992-ci il): “Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər”.

Göründüyü kimi, o dövrdə Fransa mətbuatı Xocalı qətliamından daha çox yazırdı, nəinki digərləri. Amma məsələ bundadır ki, saxta “erməni soyqırımı”nın tanınmasını inkar etmək üstündə cəza tədbirləri də fransızların təşəbbüsü olmuşdu.

Yaxşı ki, son günlər bu uydurmaya uyanlar ayılıb, həqiqəti etiraf etməyə məcbur oldular. Bu təbliğatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” kampaniyasının çox mühüm əhəmiyyət daşıması danılmaz faktdır.

İngiltərənin “Fant men nyus” teleşirkətinin müxbiri R.Patrik o qanlı-qadalı günlərdə hadisə yerində olduğu üçün gördüklərini qısaca belə ifadə edib: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.

Bu qətliamı törədənlər öz cinayətkar əməllərini əslində gizlətmirlər. Erməni ideoloqlarından olan Zori BalayanRuhumuzun dirçəlişi” adlı kitabında 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri soyqırımı haqqında belə yazırdı: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və...itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

Livanda məskunlaşmış yazıçı-jurnalist, milliyyətcə erməni David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdiyi müsibətləri “Xaç uğrunda” kitabında belə xatırlayır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündən getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Beləcə meyitlərin üstündən keçdim”.

Xocalı soyqırımında iştirak etmiş ermənilər beynəlxalq hüquqi aktlara - Cenevrə Konvensiyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazışə, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə məhəl qoymamısdılar. Odur ki, bu cinayətdə iştirak edən vandallar cəzalandırılmalıdırlar.

Azərbaycan dövlətinin və xalqının haqq uğrunda apardığı mübarizə isə ədalətə söykənir. Bu gün dünya xalqları “Xocalıya ədalət!” kampaniyasında iştirak edir və erməni vandallarının 25 il öncə törətdiklərini lənətləyirsə, demək, zaman haqqa və ədalətə yol açır.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.11.